Postmodernizmdən danışarkən düşündüm ki, kiçik hekayələrdən də yan keçmək olmaz. Postmodernist əksər yazıçının müraciət etdiyi bu janr fikri aydın, yığcam və asan təqdim etmək baxımından əlverişlidir. Qeyd etmək lazımdır ki, Kamal Abdullanın da yaradıcılığında hekayə janrı əhəmiyyətli yer tutur. Onun xüsusilə “Parisin seçimi” hekayəsindən bəhs etmək istəyirəm. Dastan, nağıllar, rəvayət və əfsanələrin mətnləri ilə daha çox səsləşən yeni mətnlər intertekstuallıq baxımından ədəbiyyatımızda yeni təmayüllərin Kamal Abdullavari üslubunda ortaya çıxışıdır. “Parisin seçimi” hekayəsində yazıçı Homerin “İliada” eposundan götürülmüş Troya müharibəsinin yaranma mifinin motivləri üzərində yeni mətn qurmuşdur. Zevs, Poseydon, Hera, Hermes, Afina, Afrodita, Apollon, Ares kimi obrazlar bizə tanışdır. Ədəbiyyatla maraqlanan əksər kütlə üçün bu hadisələrin inkişafı və mətn aydındır.
Kamal Abdulla ilk öncə hekayəni azca dəyişməklə, eyni xətt üzrə olduğu kimi verir. Hekayədəki son mifologiyadakı sonun tamamilə ziddidir. Yunan mifologiyasında Paris almanı Helenə qovuşmaq ehtirası ilə Afroditaya verir. Burda həm də Afroditanın onun bədəninə çılpaq şəkildə son dərəcə yaxın olması və həmin an onun beyninə qadın gerçəkliyini salması ilə, Parisin fikirlərini ovlaması da diqqət mərkəzinə çəkilməlidir. Paris Heleni seçir və almanı Afroditaya verir. Paris, əslində, qadın gözəlliyini seçir. Ancaq Kamal Abdulla hekayəsində, görünür, bu qərarında Parisi qınayır.
– Dinlə məni, Paris. Yaxşı dinlə və yaxşı düşün. Sən bizim aramızdan seçib ən gözələ çatacaq bu almanı mənə versən, mən səni… mən səni, bəli, dünyanın ən gözəl qadınına qovuşduraram.
Deyən Afroditanın yerinə:
– Əgər almanı mənə versən, – Hera təmkinlə və yavaş-yavaş danışmağa başladı, – əgər ən gözəl ilahə kimi sən Paris məni seçmiş olsan, o zaman mən Hera səni bütün Asiyaya hökmran edərəm – deyən Heranı seçir.
Bu priyomla Kamal Abdulla tarix boyu baş verən kişi-qadın münasibətlərinə yeni baxış gətirir və almanı Afroditaya yox, ona güc vəd edən Heraya verdirir. Bu minvalla Parisi daha ağıllı qərar verməyə sürükləyir. Bu hekayədə Paris hakimiyyət varsa, hər şey var konsepsiyası ilə çıxış edir. “Yarımçıq əlyazma”da yazıçı, Boğazca Fatmanın oyuncağına çevrilən oğuz ərlərini saldığı vəziyyətdən fərqli bir konsepsiya ilə çıxış edir.
Kamal Abdullanın yaradıcı refleksiyasında semiozis çalarının, struktur-semiotik qavrayış modellərinin təzahür sistemi də son dərəcə maraqlıdır. Bu, ədibin istər hekayələrində, istərsə də romanlarında xüsusi məqam çaları kontekstində təqdim olunub.
“Yarımçıq əlyazma” romanında maraqlı bir hissə var: “Özünə ləqəb götürmüşdü Xətai. Yazdığı şeirlərin sonunda öz-özünə xitab edib ləqəbini bəyan edərdi. Şahın özü bu şeirləri dinlədikcə dinlər, usanıb yorulmazdı və Lələni xoşnud edən həm də bu idi ki, Şahın quşu qonmuşdu Xızıra, Şah ona isinişmişdi. Hərdən şətrənc oynardılar. Sadağa olduğumun yaxşı şətrənc oynamağı vardı. Heç uduzmaq bilməzdi. Xızır şətrənc qayda-qanununa təzə-təzə vaqif olurdu. Görünüşcə bu iki şəxs bir-birinə nə tövr oxşardılarsa, xasiyyətcə tam bunun əksi idi. Şah nə qədər kəskin, cəsarətli heç kimin günahından keçməyən, hamı ətrafına öz şahlıq və mürşidlik mərtəbəsindən baxan bir sahibəzzaman bir şəxsi-müqəddəs idisə və özü də buna sonsuz inanırdısa. Xətai bir o qədər həlim, xoşxasiyyət, sülhməramlı insan idi”.
Asif Hacılı bu barədə yazır: “Yarımçıq əlyazma”da aparıcı semantik xətlərdən olan Şah İsmayılla bağlı fabula qətiyyən ənənəvi hadisəvi intriqa deyil. “Hökmdar – şair” konflikti qədər geniş ənənəsi olan ikili oppozisiyanın bu əsərdə təqdim olunmuş variantına struktur-semiotik meyarlarla yanaşsaq, əsərdəki olduqca maraqlı və mənalı bir təfsirlə qarşılaşarıq. – Şah İsmayılın həm türk tarixindəki rolunda, həm siyasətində, həm yaradıcılığında aşkarlanan ikilik, romanda strukturalizmin əsaslarından biri olan təhtəlşüur məntiqi əməliyyat – mediasiya ilə həll olunur”.
Tarix, yaxud insanların maraqlarını nümayiş etdirən bir sıra məsələlərin dekonstruksiyasını əsas prinsip kimi yerinə yetirən postmodernizmin tələblərindən biri kimi, ironiya, parodiya, intertekstuallıq, ikili kodlama, pastiş də əsas meyarlardandır.
Folklordan, mifdən, magiyadan, dindən yaradıcı istifadə və bilənlərin əksini elan etmək bəzən isə bilinəni parodiya etmək, məlum olanı ironiya ilə sorğulamaq postmodernistlərin yaratdığı mətnləri bir-birindən əsaslı surətdə fərqləndirir.
Kamal Abdulla yaradıcılığını dərk etmək üçün geniş intellektual savad tələb olunur. Maddi-mənəvi, zahiri-batini kodları, folkloru bilmək oxucuda peşəkar təhlillər etmək gücü yaradır.
“Sirri-zəmanə” hekayəsində yazıçı elmlə batini məqamları vəhdət şəklində inkişaf etdirir. Müəllif fikrini qəhrəmandan çox kodlara yönəldib. Oxucuya informasiyanı ötürən qəhrəman yox, hekayənin dil qurğusudur, hekayədə qəhrəmanı yox, mahiyyət qavranılmağa çalışılır. “Mətnə daxil olan oxucu kodları obrazlarla açır; obrazın özünün də bəzən özünə məlum olmayan kodunu açmağa çalışır”.
“Folkloristlərə aid olan postmodernizmin digər elementi də elm, iqtisadiyyat, psixoanaliz və bənzər kimi modernist mədəniyyətin görünən universal və izahlı bəyanatlarının rədd edilməsidir (Lyotard )”. Bunun əvəzində, postmodernlik təcili və yerli tətbiqlərin qəlibləşmiş hekayələrini, yəni folkloristlərin daima diqqətini cəlb edən hekayələri, materialları vurğulayır.
Qərb ölkələrində yaranan postmodernizmin Şərq variantının ən gözəl nümunələrini yaradan Kamal Abdulla yaradıcılığını bu aspektdən – özünəməxsusluq nöqteyi-nəzərindən öyrənmək lazımdır.
Akademik İsa Həbibbəyli qeyd edir: “Bütövlükdə Azərbaycan postmodernizmi Qərbin eyniadlı ədəbi cərəyanının tam bənzəri deyildir. Azərbaycan postmodernizmi bu ədəbi cərəyanın ümumi cəhətləri ilə yanaşı, milli xüsusiyyətləri ilə təzahür edir”.
Bütün qeyd olunan meyarlar postmodern əsərlərin oxşar, amma əslində, oxşamayan zoğunu haşiyələndirir. Azərbaycan ədəbiyyatında yaranan əsərlər Qərb ədəbi cərəyanının tələb trayektoriyasından irəliləsə də, özünəməxsusluğu ilə seçilir. Forma eyni olsa da, çağırışım, mahiyyət, millilik aspektindən bir çox fərqliliklər mövcuddur. Dərk olunan, alınan, mühitə, ədəbiyyata sintez şəklində təlqin olunan janrın tələbi onun fiziki bədənidir, ruhsallığı isə o bədənə üfürülən klassik Azərbaycan baxışı, folkloru, motivləri, süjet və obrazlar sistemidir.
Akademik İsa Həbibbəylinin də vurğuladığı kimi, “Postmodernizmə münasibətin fərqli olmasından asılı olmayaraq, bu, artıq faktdır. Bu işdə, yəni postmodernizmin ədəbi cərəyan kimi formalaşmasında Kamal Abdullanın “baniyi-kar” olması da inkaredilməz həqiqətdir. Bununla belə, Azərbaycan postmodernizmi Avropa postmodernizm cərəyanının eynisi olmadığı kimi, fərqli yaradıcılıq xüsusiyyətlərinə malik olan “ədəbiyyat monarxı” Umberto Eko ilə Kamal Abdullanın əsərləri də yalnız üslub, yanaşma tərzi etibarilə oxşar, bənzər yazıçılar ola bilərlər. Umberto Ekonun yaradıcılığında müasir dövrün postmodernist dərki və təqdimi üstünlük təşkil edirsə, Kamal Abdullanın əsərlərindəki mifologiya və tarixi baxışın aparıcılığı həmin fərqli xüsusiyyətləri aydın şəkildə əks etdirir. Fikrimizcə, Umberto Eko kimi böyük bir yazıçı da Kamal Abdullanın yaradıcılığına, sadəcə, onun postmodernist yazıçı olmasına görə deyil, fərdi özünəməxsusluğa malik fərqli yazıçı olduğu üçün xüsusi diqqət yetirmiş və yüksək qiymət vermişdir”.
Postmodernizmin iki güclü silahı olaraq gördüyümüz folklor və magik realizm çağdaş postmodern romanın yaranmasında əhəmiyyətli rola malikdir. Azərbaycan ədəbiyyatında bu aspektdən yazılan ən gözəl romanlardan biri Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanıdır. Dərin ezoterik bilgiyə sahib olmayanların bu romanı müəllifin təqdim etməyindəki mətləbi qavramağı çətindir. Roman bir çox qatlara sahibdir. Folklor, utopiya, magik realizm, postmodernizm, klassika kimi bir çox xəttin paralelliyindən yaranan Azərbaycansayağı postmodernist əsər. O əsər ki, hansı dilə tərcümə olunmasından asılı olmayaraq öz milli genetik kodlarını elan edir. Burada Azərbaycan dini fəlsəfi fikri, janr daxilində janr kimi məsələlər diqqətə çəkilib.
Salidə Şərifova “Azərbaycan postmodern romanı” əsərində sadaladığı fikirlərini əsaslandırmaq üçün belə bir sitatdan istifadə edir: Postmodernistlər tarixdən ibrət almaq deyil, tarixin özünü oyun materialına çevirmək məqsədi güdür. Volfqanq Velş özünün “Bizim postmodernist modern” (1987) əsərində qeyd etdiyi kimi, “postmodernizm plüralizmin əleyhinə olan hər şeyə qarşı yönəlib. O, monizm, unifikasiya, totalitarizm, utopiya və despotizmlərin gizli formaları ilə vidalaşır, əvəzində müxtəliflik və paradiqmaların rəqabətinə keçir”.
Yaxud
“Bütöv qapalı dünyanın yaradılması fonunda postmodernistlərin mifoloji və ya simvolik üsullara meyil etmələri qanunauyğun olaraq ona gətirib çıxarır ki, dünyanın xaotik başlanğıcına və mənzərəsinə işarə edən postmodern romanda antiutopiyaya böyük maraq müşahidə olunur”.
Doğrudur, bu, müəyyən mənada belədir ancaq “Sehrbazlar dərəsi” əsərində klassik utopiya mövcuddur. Doğrudur, dünya ədəbiyyatında hökm sürən siberpunk və ya postmodern utopiyadan (“Qaranlığın sol əli”, “Dişi Adam”, “Ekotopiya”, “Triton” – N.İ.) fərqli bir təqdimat olan “Sehrbazlar dərəsi”ndəki cəmiyyət Azərbaycan ədəbiyyatının milli folklor kimliyinin əsas predmeti kimi yenilikdir. Kamal Abdulla burada postmodern rüşeymlərlə dolu əsər yaratmaq arzusi ilə, magik realizm, utopiya, folklor kimi motivləri yerləşdirir və buradakı qurğunu labirintvari bir ustalıqla qurur: “Bu bir qayda idi: birisinin gətirdiyi qazancdan hamıya pay düşərdi. Geri dönən sehrbaz qazandığını o biri sehrbazlarla bölüşməsə idi, olmazdı, yemə-içmələri bunların bir idi, dərd-sərləri bir idi, gəzib-dolaşmaları, bir-biri ilə danışıb-demələri, susub-durmaları bir idi”.
Gələk folklordan istifadə məsələsinə, folklor anlayışı, ilk olaraq 1846-cı ildə Uilyam Toms tərəfindən istifadə edilmişdir. Sözün mənası “Xalq bilgisi” (məlumatı – N.İ.) deməkdir. “Folk” sözü xalq, “lore” isə məlumat deməkdir (Dundes).
Bu istiqamətilə folklor, ümumiyyətlə xalqa dair məlumatlara yönələn bir sahədir və sərhədləri çox genişdir. Magik realizm isə ilk olaraq 1923-cü ildə, alman Franz Roh tərəfindən istifadə edilir. Magik realizm “gerçək” dünya anlayışına söykənməz. Əksinə, fərqli dünyaların, kosmosun birlikdəliyinə söykənər. Müasir ağlın qəbul edə bilməyəcəyi, dünyalar əsas tema kimi magik realizmi yaradır. Magik realizm sehrin, cinlərin, pərilərin, qarabasmaların, səbəbsiz hadisələrin baş verdiyi dünyalar çoxluğudur. Onda, rasional dünya ilə irrasional dünyaların iç-içə olduğu diqqətə çapar.
Kamal Abdullada da bu dünya və kosmos vəhdəti konsepsiyası mövcuddur. O, bəşər tarixinin ən qədim dövrünü müəyyən edir və onu “Meşə”, “Mağara”, “Xaos” dövrü, sonrakı “klassik dövrü isə yeni, “Kosmos” dövrü adlandırır.
“Kitabi-Dədə Qorqud” mətninin immanent təhlili, başqa sözlə, digər, daha dərindəki, daha gizli, tarixəqədərki, kosmoloji qatına aparan yol, istəsək də, istəməsək də mifoloji yanaşmalardan, müəyyən özünəməxsus struktur-semantik və semiotik prinsiplərin tətbiqindən, Mağara mədəniyyətindən, makrokosm hadisələri ilə mikrokosm hadisələri arasındakı izomorfizmin üzə çıxarılmasından, ilkin dixatomiyalardan (xüsusilə Kosmos-Xaos qarşıdurmasının bədii mətndəki təzahüründən) keçib gedir”.
Folklorla yanaşı, sehrdən yaradıcı istifadə, oxucunu hadisələrin, əslində, qeyd olunduğundan fərqli olduğuna inandıran əsərlər ədəbiyyatda Kamal Abdulla üslubunu yaratdı. Bu yenilikdir. Bu başqalarına oxşamır. Burada elm və yazıçı təxəyyülü birləşib. Dərin ədəbiyyatşünaslıq bilgisi, dil qanunlarını mükəmməl mənimsəmək əsas rol oynayıb.
Kamal Abdullanın əsərlərindəki mövzu, janr müxtəlifliyi, istifadə olunan süfetlər, ənənə və modernlik parellelliyi, simvolistika təsadüfün məhsulu deyil. Burada var olan hər şey, əslində, şüurludur. Dərin mütaliənin elmlə yanaşı parapsixoloji biliyin təzahürüdür:
“Özləri də yaşayışlarını, inam-əqidələrini, söz-söhbətlərini, münasibətlərini eynən çarx kimi, çevrə kimi qurarlar. Hər şeyi yumru bir şeyə bənzədərlər, yerişləri, oturuşları da dairəyə oxşar, nəinki ev-eşikləri, hətta bütün dünya, bütün səltənəti-kainat onlar üçün beləcənə dairə, çevrə, çarxdır. Yolu mənim həmvətənlərim heç vədə düzünə getməzlər. Eləcə dairə cıza-cıza gedərlər. Evlərini dairəvi tikərlər, düzünə olan, bucağı olan hər şey onlar üçün qəbuledilməzdir. Ox atan zaman ox hökmən atıldığı yerə qayıtmalıdı, öz hədəfinə dəydikdən sonra da belə olur, çün Böyük Dairənin öz cazibəsi vardır, əgər ox qayıtmırsa, deməli, bu dünyanı bürüyən boşluqda bir deşik tapıb başqa bir dünyaya uçub gedib. Hər hansı bir yazı yazılarsa, o da hökmən dairə kimi öz əvvəlinə can atmalıdır, bizim yazıları əvvəldən axıradək oxuyan zaman hasil olan məna axırdan əvvələ oxunuşda da eyni olur. Çərxi-fələk ölkəsindən çıxıb başqa bir məmləkətə getmək isə heç mümkün deyil. Kim bunu etməyə çalışıbsa alınmayıb, gedib-gedib yenə dövrə vurub hərəkətə başladığı nöqtəyə gəlib çıxıbdır. Ta əyyami-qədimdən bu günədək bunu etmək, yəni qulluğuna ərz edim, Çərxi-fələk adlı məmləkətdən çıxmaq və başqa ölkələrə səfər etmək bu vaxtacan ancaq bir adama qismət olubdur. O adam sənin önündədir, cənabi möhtərəm”.
Mətndən başqa heç bir şeylə bağlı qalmayan, heç bir şeyə və kimsəyə qarşı məsuliyyət hiss etməyən izahlar vardır. Bu izahlar xəttvari zamanın bir yerində irəliləməzlər; sanki dairəvi zaman və məkan və hadisələr bu izahların üzərinə əlavə edilmişdir. Faktiki, mistik və simulatik bütün məlumatlar; yaşanan zaman, tarix, mifologiya və xəyal iç-içə girər. Sanki romanların fantastikalarını, bütün zaman və məkanlarda dolanan, orbitindən atılmış sirli bir zehin qurmaqdadır. Sirr, postmodern romanların ən əhəmiyyətli elementlərindən biridir. Sirr, ağıl həqiqətinin ruhi həqiqətlə görüşüb vəhdət təşkil edərək və bütünlüyü işarə etməsi baxımından, əhəmiyyətli bir ənənəvi və bilinçaltısal izdir deyilə bilər. Lakin bu mətnlərdəki xəyali dil, bir bütünlüyü işarə etməz; hətta insanı, öz içində davamlı parçalayaraq görünməz və bilinməz hala gətirər
Çevrə anlayışı bir çox magikal tarix kitablarında əsas rituallardandır. Çox vaxt çevrə neqativ enerji və məxluqları uzaqlaşdırmaq üçün edilir. Ancaq “Sehrbazlar dərəsi”də bu ritualla bağlı maraqlı məqamlar var: “O təpənin altından, yolun o biri üzündən aşağı bir dərə açılır, adına Sehrbazlar dərəsi deyərlər. Cəmi dünyanın sehrbazları bu gün yığışıblardı o dərəyə… Çevrə düzəldiblərdi. Adına öz aralarında Qaranlıq çevrə deyirlər. Dünyamıza qaranlığı çəkib gətirmək üçün var gücləri ilə çalışırlar. Çevrə qapansa, bu işi bəlkə də görə biləcəklər. İndilik bu qaranlıq çevrənin bir kiçik həlqəsi çatmır”.
Çevrə qavramı postmodern mətnlərdə magiya elementlərinin tətbiqi aspektindən son dərəcə maraqlıdır. Bu taktiklaların birbaşa postmodern nəsrin tələbi aspektindən yaranan yeni tipli ədəbi nəsrdə istifadə metodları son dərəcə əhəmiyyətlidir. “Beklenen Dolunay” postmodern romanında mənim də geniş şəkildə istifadə etdiyim diqqətçəkilən məqamlar Azərbaycan ədəbiyyatında başladılan, var olan ənənənin postmodern davamıdır.
Postmodernistlərin dildən istifadə yöntəmləri də maraqlı bir problem kimi son dərəcə aktualdır. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında, “Xaron, mərhəmətli Xaron”, “Dəvə yağışı”, “Çəngəl çiçəyi”, “Gülü qah-qah xanımın nağılı” və s. kimi hekayələrdə istifadə etdiyi dillə xüsusi şəkildə davranmaq cəhdləri və bunun uğurlu əksi imkan verir ki, artıq yazıçının formalaşdırdığı üslubunu digərlərindən seçib ayırasan. Kamal Abdullanın əsərlərindəki danışan, əsəri nağıl edən usta priyomlarla bir çox dəfə dəyişdirilir. Kollektiv nağıl etmə yolu ilə hadisələr təhlil olunur. Ancaq bu elə ustalıqla həyata keçirilir ki, oxucunu narahat etmir. Xüsusilə “Yarımçıq əlyazma”da mövcud olan keçidlər bəzən o qədər böyüyür ki, nağıl edənlər, sanki bir-birinin sərhədlərinə yaxınlaşırlar. Kamal Abdullanın əsərlərində nağıl edənlərin səsi eşidilir, sadəcə, bu imkan verir ki, onları ayırasan. Və təbii ki, nağıl edənin istifadə etdiyi dil imkanları… “Postmodernizmin dil baxımından kollektivliyi müdafiə edən istiqaməti isə -postmodern dövrün təbii bir təzahürü olaraq – yenə mədəniyyətlə əlaqəli şəkildə görünürlük qazanır. Şəxsləndirmədən uzaq, dəbdən düşmüş, bəzən xeyli, bəzən də elitist dil istifadələri, əslində, içində olduğumuz postmodern çağın insan tiplərinin əks olunmalarıdır.
Postmodernistlərə görə, rasionalitədən uzaq, qurğunun ön plana çəkildiyi, hipergerçəkliyin müdafiə olunduğu virtual bir kainat içərisində artıq nə fərd, nə də fayda mərkəzdədir. Mütləq olan dilin özüdür. Ontik (var olan – N.İ.) bir problem olaraq dil, mətnin qabaqcıl olan mövqeyinə daşınsa da, istinada söykənən və oxucunun təcrübəsinə görə dəyişən bir quruluş ərz etməsiylə əsla həllə qovuşdurula bilməz. Hər oxuma fərqli mənalar ortaya çıxarar. Bu baxımdan baxıldığında postmodern izahlar “açıq əsər” (struktur) olaraq sonsuz dəfə oxumağa uyğun, şəxsi lakin şəxsləndirmədən uzaq mahiyyətdədir. Xüsusilə dil baxımındakı oyunlarla vurğulanan aspektdən çox, mənalılıq təmin edilir”.
Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycan nəsrində yaranan postmodernizmin əsas köçürücülərindən və bu istiqamətdə əhəmiyyətli əsərlər yaradan Kamal Abdullanın yaradıcılığı Avropa postmodernizmi ilə qarşılıqla şəkildə inkişaf aspektindən son dərəcə zəngin, aktual, operativ və çoxşaxəlidir. Postmodernist ədəbiyyatın istər təmayül, istərsə birbaşa özünügöstərmə şəkilləri və üsulları ilə, bütöv halda oxucuya təqdim olunan hekayə və əsasən bu istiqamətdə tədqiqata cəlb etdiyimiz romanlarında yazıçının yaratdığı dil oyunları, xalqın yaddaşından – folklordan məntiqli istifadə imkanları, folklor magik realizm vəhdəti, kosmopolitanlıq və milliliyin sintezi, intertekstuallıq, ikili kodlama, dekonstruktiv priyomlar və s. Müstəqillik dövrü Azərbaycan postmodern bədii nəsrinin inkişafında ən əsas, ən aparıcı meyar kimi diqqəti cəlb edir. Qərbdən daxil olan təmayüllərin nəsrə şüurlu tətbiqi Kamal Abdulla yaradıcılığının əhəmiyyətini artırır.
Şərh yoxdur