Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə müsahibəni təqdim edirik.

˗ Kamal müəllim, artıq yay imtahanları sona çatdı. İmtahanların nəticəsini və ümumiyyətlə, tədris ilinin sonunu necə qiymətləndirmək olar? 

– İmtahanların nəticəsi müsbət oldu və sessiya zamanı universitetin bütün əməkdaşları – müəllimlərdən başlamış tələbələrə qədər hamı çox ciddi şəkildə bu prosesə yanaşdılar. Üç dəfə mediatur keçirildi. Jurnalistlər və ictimaiyyət nümayəndələri imtahanların gedişatında bilavasitə iştirak etdilər. Onların da münasibəti müsbət oldu. Sessiya müddətində bizim əsas yeniliklərimizdən biri o oldu ki, heç bir imtahanı valideynlərin iştirakı olmadan keçirmədik. Bu o demək deyil ki, imtahanda bütün qrupun valideynləri iştirak edirlər. Bir, yaxud iki valideynin iştirakı kifayət edir. Ona görə də valideyn öz övladının imtahan prosesində hansı nəticələri göstərdiyini bilməlidir. Nəticədən əlavə, onun prosesi izləmək imkanı da olmalıdır. Bundan başqa, imtahanlarla bağlı bizim qaynar xəttimiz var idi, müraciətlər gəlirdi, biz onları operativ şəkildə həll edirdik. Kiminsə balı çatmırdı, apellyasiya vasitəsilə qiymətini qaldırmağa çalışırdı. Bütün tələbələrə müvafiq şərait yaradıldı və imtahanlar şəffaf şəkildə keçirildi. 

˗ Yeni tədris ilində ADU tələbələrini hansı yeniliklər gözləyir?

– Bilirsinizmi, bizim çox maraqlı planlarımız var. Ən vacib məsələlərdən biri, Azərbaycan Dillər Universitetində klassik dillər mərkəzinin yaradılmasıdır. Klassik dillər dedikdə, bu, filologiyanın çox böyük məsələsidir. Bu dillərə ilk növbədə latın dili, qədim yunan dili, sanksrit daxildir. Bundan başqa qədim pəhləvi dili, qədim Çin dili də var. Bu dilləri öyrənmədən, bilmədən, onlar haqqında təsəvvürə malik olmadan müasir filologiyanın sirlərinə bələd ola bilməzsən. Filologiya klassik dillərin tədrisi olmadan tam və bütöv şəkildə filologiya ola bilməz. Bu mənada universitetimizdə hələlik üç dillə klassik dillərin öyrədilməsinə başlamaq niyyətindəyik. Əsas məsələ odur ki, biz təkcə bu dilləri öyrənməyəcəyik, bu dillərin özü ilə gətirdiyi mədəniyyətləri öyrənəcəyik. Ona görə də bu dilləri tədris edən mütəxəssislərin hərtərəfli formalaşmış mütəxəssislər olmasına ehtiyac var. Müxtəlif ölkələr, onların universitetləri ilə, o ölkələrin bizdəki səfirləri ilə artıq danışıqlar aparmışıq. Hindistan, İtaliya, Rumıniya, Yunanıstan səfirləri bizə bu istiqamətdə kömək etməyə söz veriblər. Bu ölkələrin universitetlərində qeyd etdiyim dillərin mütəxəssisləri var. Mən inanıram ki, ADU masştabında ölkəmizdə ilk dəfə olaraq klassik dillər mərkəzini aça biləcəyik. Bu, Azərbaycan filologiyasına bütövlükdə çox böyük xidmət olacaqdır.

Daha hansı yeniliklər ola bilər? Əlbəttə ki, müəllimlərimiz yenə də stajartırmaya gedəcəklər. Biz stajartırmanın marşrutlarını da müəyyənləşdirmişik. Bunlar yenə də bizim xaricdəki partnyor universitetlər olacaq. Eyni zamanda, ən vacib məsələlərdən biri də budur ki, biz təkcə özümüzdən başqa yerə stajartırmaya müəllim göndərməyəcəyik. Biz başqa yerlərdən də stajartırmaya müəllimlər qəbul edəcəyik. Keçən il biz bunun əsasını, rüşeymini qoyduq. Biz Azərbaycan, ingilis, fransız dillərinin tədrisi istiqamətində xaricdən gələnləri qəbul edəcəyik. Artıq ABŞ-dan amerikalı tələbələr gəliblər, bizim universitetdə türk və Azərbaycan dillərini öyrənirlər. Bu layihə çoxdan var idi və indi də davam edir. Bir sözlə, ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir. 

˗  Universitet dərslərin başlanmasına necə hazırlaşır?

– Əlbəttə ki, problemlər var. Bu problemlər, ilk növbədə bizim kitabxanamızla bağlıdır. Kitabxanın elektron bazası artıq başa çatıb, lakin yerləşdiyi şərait bizi qane edə bilməz. Bu məsələni dəfələrlə rektorluqda və başqa müşavirələrdə  qeyd etmişik. Yayda kitabxanamızın bəzi yerlərini mütləq təmir etməliyik və onun yerinin dəyişdirilməsi ilə bağlı ciddi düşünməliyik. Teatr qarderobdan başlayan kimi, universitet də kitabxanadan başlayır. Ona görə də biz ən böyük diqqəti kitabxanamıza verməliyik. Faktiki olaraq, son vaxtlar tələbələrin kitabla ünsiyyətini yaxşılaşdırmaq, onu normal müstəviyə gətirmək üçün az iş görməmişik. Universitetin əsas binasında kitabxana yox idi və kitabxana o biri tədris binasında idi. Tələbələrimiz digər korpusa kitab üçün yol ölçürdülər. İndi onlar kitabı sifariş edirlər, kitab bura gətirilir. Bu xəttimiz davam edəcək. İkinci də odur ki, birinci kurs tələbələrimizə kitablara ödədikləri məbləği təqdim etdikləri qəbzlər müqabilində qaytarırıq. Bu proses artıq başlanıb və birinci kurs tələbələrimizə öz şəxsi kitabxanalarını formalaşdırmaq imkanı verir.

Yeni tədris ilinə tədris boyunca hazırlaşmaq lazımdır.Biz təcrübəmizin marşrutunu və coğrafiyasını genişləndirəcəyik. Bizim universitetimizin artıq daim əlaqədə olduğu qaçqın və məcburi köçkün məktəbləri var ki, tələbələrimiz orada pedaqoji təcrübə, eyni zamanda başqa rayonlarımız, şəhərlərimizdə istehsalat təcrübəsi keçirlər. Hər iki istiqamətdə əlaqələrimiz müsbət nəticələr verir. Həmin məktəblərin direktorları, müəllimləri, şagirdləri tez-tez universitetimizə gəlirlər, universitetimizin kafedra müdirləri, müəllimləri o məktəblərə gedirlər. Bu ünsiyyətin xeyri təkcə pedaqoji müstəvidə deyil, bu ünsiyyətin faydası eyni zamanda ictimai-siyasi müstəvidə də özünü göstərir. 

˗ Bir neçə gündən sonra ali məktəblərə qəbulun nəticələri açıqlanacaq. Abituriyentlər ADU-nu hansı üstünlüklərə görə seçməlidirlər?

– Bu gün ADU gənclər üçün çox maraqlı və faydalı imkanlar aça bilir. Bizim universiteti bitirən tələbələrin çox geniş perspektivləri var. Məndən bir dəfə soruşdular ki, sizin universiteti bitirən məzunlar harada işləyə bilər, hansı vəzifəyə kimi ucala bilər? Cavab belə oldu: baş nazirə qədər. Çünki Azərbaycanın bugünkü Baş naziri bizim universitetin məzunu və uzun illər burada müəllim, kafedra müdiri kimi çalışmış şəxsdir. Bundan əlavə, bizim çoxlu sayda səfirlərimiz var – “Məzunlar Assosiasiyası”nın üzvləri olan və xarici ölkələrdə çalışan səfirlərimiz. Xarici İşlər Nazirliyində çalışan məzunlarımız var. Azərbaycanın istənilən infrastrukturunda işləyən məzunlarımız var ki, onlar bu gün də universitetlə əlaqələrini kəsməyiblər.Ona görə də biz tələbələrə güclü elmi və mənəvi bünövrə vermək istəyirik. Bu, təkcə ingilis, alman, fransız dillərinin praktik bünövrəsi deyil.Bu, həmin dillərin arxasında duran mədəniyyətin, tarixin, ədəbiyyatın, psixologiyanın da öyrənilməsi deməkdir.Mənə elə gəlir ki, bu istiqamətdə bir gənc bizim universiteti seçərsə, onun dünyaya baxışı, Azərbaycanın dünya kontekstindəki təsəvvürü daha da möhkəmlənəcək. O, öz peşə fəaliyyətini bizim paytaxtımızda, müxtəlif kəndlərimiz, rayonlarımız, şəhərlərimizdə müəllim kimi, eyni zamanda idarə və təşkilatlarda mütəxəssis kimi həmən mədəniyyətlərin, dillərin, ədəbiyyatların daşıyıcısı olan peşəkar kimi davam etdirə biləcək. Əlbəttə ki, gəncləri daha sonra magistratura, doktorantura, xarici ölkələrdə müxtəlif təhsil formaları, müxtəlif layihələrdə iştirak gözləyir. Universitetimizdə müxtəlif xarici ölkələrin dil və mədəniyyət mərkəzləri var. Gəncləri o mərkəzlərlə yaxından təmas gözləyir. Azərbaycan Dillər Universiteti dünya ilə təmasın, dünyaya baxışın böyük bir vasitəsidir. Eyni zamanda bu universitet öz qapılarını yalnız burada təhsil alan tələbələr üçün deyil, həmçinin Azərbaycanın hər bir vətəndaşı üçün açır. Bizim müxtəlif qurumlarımız var ki, həmin tədris etdiyimiz fənləri vətəndaşlar üçün ödənişli və ya başqa formalarda həyata keçirə bilir. 

˗  Ötən il Azərbaycan Dillər Universitetinə qəbul faizi yüksək olmuşdu. Bu il üçün gözləntiniz necədir?

– Ötən il, əlbəttə, qəbul yüksək faizlə olmuşdu. Bizim universitetə qəbul olunan tələbələr orta balına görə ölkə universitetləri arasında birinci yerdə oldu. Bu il də ümidimiz elədir ki, qəbul planımız kifayət qədər dolğun olacaq və əlbəttə, qəbulun nəticələri bizim müəllimlərimizin, işçilərimizin əmək rejiminə təsir etməyəcəkdir. Ümid edirik ki, bu il qismən də olsa, qəbul planını dolduracağıq. Söhbət ondan gedir ki, universitetimizin beynəlxalq imici, müxtəlif ölkələrdə olan mədəniyyət mərkəzlərimiz, məsələn, Serbiya Prezidentinin universitetimizə gəlməsi və şəxsən serb dili və mədəniyyəti mərkəzini açması universitetin prestijindən xəbər verir. Burada fəaliyyət göstərən 20-ə yaxın dil və mədəniyyət mərkəzlərinin işi, həmin mərkəzlərə rəsmi şəxslərin gəlməsi, öz hörmət və ehtiramlarını bildirməsi artıq Dillər Universitetinin nüfuzundan xəbər verir. Bu istiqamətdə işlərimiz, yəqin ki, bir az da genişlənəcəkdir. Güman edirəm ki, bundan sonra da yeni mədəniyyət mərkəzləri açacağıq.

˗ Keçmiş dekan Vüsalə Ağabəyli universitetin adını mətbuatda yenə hallandırır.Belə iddialar irəli sürür ki, siz haqsız və ədalətsiz olaraq Vüsalə Ağabəylini işdən çıxarmısınız.Bu haqda nə deyə bilərsiniz? 

– Məni tanıyanlar da, ola bilər, tanımayanlar da bilirlər və bilməlidirlər ki, mən heç zaman haqsız və ədalətsiz  qərarlar çıxarmıram. Bütün  qərarların əsasında ölkənin təhsillə bağlı normativ qanunları və universitetdaxili iş rejimi durur. Ona görə də haqsız və ədalətsiz olaraq kimisə işdən çıxarmaqdan söhbət gedə bilməz. Adını çəkdiyiniz o şəxs  vəzifədən çıxarılıb, işdən çıxarılmayıb. Bu, başqa-başqa məsələlərdir.Dekan kimi o, məni qane etmirdi. Mən rektoram və bu dekanı dəyişməyi iki il bundan qabaq etməliydim və eləyə də bilərdim. Çünki mən əlbəttə, öz seçdiyim, xasiyyətinə, işgüzarlığına, peşəkarlığına bələd olduğum insanlarla işləməli idim. Mən bu dekanlara bir müddət baxdım, iş üsullarına bələd oldum, bəziləri ilə işimi davam etdirmək istədim, bəziləri ilə davam etdirmək istəmədim. Nəyə görə istəmədim, onun da öz səbəbləri var. Heç kimə haqsızlıq, ədalətsizlik edilməyib.Söhbət işdən çıxmaqdan getmir. Həmin şəxs bu gün də bizdə 0.5 ştatlı müəllimdir. Əgər imkan olarsa, istəyərsə, tam ştata da keçə bilər.Qarşısında heç bir süni əngəl görməyəcək. Bu yaxınlarda onunla bağlı dosent adının vəsatətini Ali Attestasiya Komissiyası qarşısında şəxsən mən qaldırmışam və o, dosent adını alıb. Əgər burada şəxsiqərəzlikdən söhbət getsəydi, mən onun sənədlərini göndərməkdən imtina edərdim və yaxud hər hansı bir bəhanə ilə göndərməzdim. Əslində, o, dekan seçiləndə dosent olmalıydı, indi dosent olur. Bunu özü ciddi pozuntudur.Mətləbə qayıdaq. İnsanları bu gün çaşdırmaq istəyirlər.Söhbət ondan gedir ki, işdən çıxmaqla, vəzifədən çıxmaq eyni şey deyil. Sadəcə, anlamaq lazımdır: rektor bu dekanla işləmək istəmir. “Nəyə görə?” sualını versəniz, deyərəm ki, bu mənim haqqımdır və o adam mənim etimadımı itirib! Lazım bildiyim şəkildə peşəkarlığını nümayiş etdirə bilmədiyinə görə, iş rejiminə doğru-dürüst əməl etmədiyinə görə, tələbələrlə, müəllimlərlə qeyri-obyektiv münasibətinə görə vəzifəsindən azad olunub. Ona töhmət veriləndən sonra özünü Elmi Şurada, universitet daxilində son dərəcə etikadan kənar aparıb.Elmi Şura üzvlərinin yanında, hamının qarşısında elan edib ki, burada müdafiə olunan işlərin 80 faizi pulla müdafiə olunub, mən belə müdafiə edənlərdən deyiləm. Bu nə deməkdir? Bu, bütün Müdafiə Şurasını ciddi şəkildə təhqir etmək deməkdir.Və əlbəttə, müdafiə şurasının üzvlərinin hamısı mənə müraciət etdi ki, bizi bu böhtandan, bu şərdən xilas edin, bu adama qarşı tədbir görün. Ondan başqa onun işdən çıxarılmağının başqa səbəbləri də var. Tədris işləri üzrə prorektorun, Həmkarlar İttifaqı Komitəsinin, Müdafiə Şurasının bütün üzvlərinin, Universitet ağsaqqallarının konkret  olaraq təqdimatları var. Nəhayət, Münaqişə Komissiyasında qərara gəliblər ki, bu adamın işdən çıxarılması son dərəcə vacib və qanunauyğun bir haldır. Bu adam dekan kimi işləyə bilməz. Bu sayılanlardan bircəciyi kifayət idi ki, bu adam dərhal vəzifəsindən azad ediləydi. 

˗  Bu gün ADU-da ona qarşı hansısa təzyiq və haqsızlıq varmı? 

– Bayaq dediyim kimi, ona qarşı haqsızlıq, təzyiq bu gün olsaydı, onun sənədləri Ali Attestasiya Komissiyasına getməzdi, hər hansı bir məsələ ilə bağlı müraciətinə baxılmazdı. Halbuki, həmin müraciətlərin hamısı imzalanıb. Mən rəsmi şəkildə deyirəm: Bu adama qarşı heç bir təzyiq, haqsızlıq yoxdur. Əgər onun təhqir etdiyi, ləyaqətini alçaltdığı adamlar bu gün ona qarşı münasibətlərini adekvat qururlarsa, onun günahı artıq məndə deyil. 

˗  Vüsalə Ağabəylinin dekanlıqdan kənarlaşdırılmasının səbəbi nə oldu? 

– Səbəb – verilən tapşırıqlara doğru, düzgün əməl etməməsi, konkret olaraq, tədrisin əsas bel sütunlarından sayıla bilən açıq dərs sistemi ideyasını ləkələməsi, yuxarıda sadalanan müraciət və təqdimatlar, nəhayət, rektorun etimadını itirməsi! Açıq dərs keçirilərkən dekan 80 saatlıq dərsdə 10 dəqiqə oturub, onun haqqında məlumat verə bilməz. Eyni zamanda, həmin məlumatı açıq dərsi keçən müəllimin iştirakı olmadan da ortaya qoya bilməz. Bu halın ikisi də baş vermişdi və həmin müəllim də şikayət etmişdi. İndi isə hər yerdə vurğulanır ki, o, mənim dostumun qızıdır. Bəli dostumun qızıdır, burada olan hamının dostunun qızıdır. Hamı onu dostunun qızı hesab edir. Bizim görkəmli filoloqumuz, siyasətçimiz, tərcüməçimiz professor Çərkəz Qurbanlının qızıdır. Amma bunun məsələyə dəxli yoxdur. Söhbət açıq dərs ideyasının dağıdılmasından gedir. Açıq dərs ideyasını bu cür dağıtmaq olmaz. Deyilir ki, bu dərs ingilis dilində olmalıydı. Xeyr, jurnalistika dərsi ingilis dilində deyil, Azərbaycan dilində olmalıdır. Hansı dildə olmasını rektor, Elmi Şuranın qərarı müəyyənləşdirir. İngilis dilində olması üçün əvvəlcə müvafiq bazanı hazırlamaq lazımdır. Bunlar mürəkkəb məsələlərdir. Amma dekan yenə də bu səbəbdən işdən uzaqlaşdırılmadı, o, sadəcə, töhmət aldı. Bir müddət dekan kimi fəaliyyətini davam etdirdi. Lakin onun tərəfindən atılan böhtanlar, hədyan sözlər, onillərlə universitetdə çalışan, onun özünə dərs deyən şəxsləri ittiham etməsi, onlara qarşı haqsız iradlar və tələblər irəli sürməsi insanların səbr kasasını doldurdu, bütün bunlara işə davamiyyətsizliyi də əlavə olundu və nəhayət, dekanlıqdan çıxarılma əmri imzalandı.
 
Yenə deyirəm, əmri imzalayan mənəm, amma bu gün o təqdimatı verən adamlar nədənsə yada düşmür. Mən o əmri imzlamasaydım, gərək məni məhkəməyə verərdilər ki, bizim yazdığımız müraciət niyə imzalanmayıb. Deyə bilərlər ki, onları mən öyrədirəm. Mən nə qədər adamı öyrədə bilərəm? Bu qədər adamı öyrətmək olar?! Bütün Elmi Şura üzvləri ciddi alimlərdir. Bu xanımın özü niyə əvvəlcədən bu haqsızlıqlara, əgər onlar vardısa, susurdu? Onu da mən susdururdum? Mənim yanıma gəlib tənqid və təkliflə çıxış etməsinə nə zaman etiraz etdim? Bilirsiniz, bunlar gülməli məsələlərdir. Mən artıq buna bir komediya obyekti kimi baxıram. Qaldırılan iddialar öz ciddiliyini çoxdan itirib. Kimsə deyir ki, mən ictimai debata çıxmalıyam. Mən niyə debata çıxmalıyam? Mən öz fikirlərimi bir neçə ay bundan qabaq demişəm, dediklərim universitet saytında olduğu kimi yerləşdirilib. Həmin xanımın tənqidi iddialarına, təkliflərinə haqlı iradları da olduğu kimi bizim saytda yerləşdiriblər. Bizim universitetin saytında  həmin məsələlər, bütün sənədlər – işdən çıxarılma aktı, işdən çıxarılmanın təqdimatları öz əksini tapıb. İstəyən kəs sayta daxil olub baxa bilər. Mən hər dəfə buna cavab verməliyəm? Xeyr. Cavab bir dəfə verilir. Mən heç kimlə müzakirə açmaq niyyətində deyiləm. Mən bura rektor təyin olunmuşam və rektor kimi kiminlə işləmək istədiyimi özüm seçirəm. O cümlədən, dekanla. Bu dekanla mən işləmək istəmirəm. Məni onunla işləməyə məcbur edəcəklər? Mən onun iş üsulunu, iş prinsipini, işə münasibətini bəyənmirəm. O, mənim etimadımı itirib. Mən əgər ona qarşı hər hansı bir şəxsiqərəzlik mövqeyi tutsaydım, onu müəllimlik fəaliyyətindən də dərhal azad edərdim. O zaman məni məhkəməyə verə bilərdi. İndi məni məhkəməyə verib ki, onu dekanlıqdan çıxarmışam. Absurd və gülməli iddiadır. Bəli, onunla işləmək istəmirəm. 

˗ Sonuncu dəfə həm maaşı tutulub, həm töhmət alıb. Bunu necə izah edə bilərsiniz? 

– Bəli, ona yenə töhmət verilib, çünki bir ay boyunca işə gəlməyib. Onun işə gəlməməyini təsdiq edən sənədlər, aktlaşdırmalar var. Söhbət ondan gedir ki, bizim universitetdə çoxdan həyata keçirilməli olan proses, təəssüf ki, bu gün həyata keçirilir. Bu proses ondan ibarətdir ki, işçilər işdə davamiyyətlərini kartı sistemə daxil etməklə sübut etməlidir. Birincisi, bu, ümumi universitet camiəsinin təhlükəsizliyi baxımından tətbiq olunur. İkincisi, məsuliyyətin artırılmasıdır. Çox səhv və yanlış, qorxulu və təhlükəli bir məqam var. Bu gün bəzi müəllimlər elə hesab edir ki, universitetdə dərsini keçib evinə (bəziləri də yalandan kitabxanaya deyir) getməlidir. Bu, yanlış və hətta gülməli düşüncədir. Təhsildən xəbəri olmayan adamların iddiasıdır. Müəllim işə gəlirsə, onun dərsdən əlavə konsultasiyaları olmalıdır, bundan başqa universitetdə həyata keçiriləsi ictimai-siyasi fəaliyyət var. Müəllimin borcu dərs keçmək və həmin müddətdən sonra yenidən kafedraya qayıtmaqdır. Yəni, iş günü ancaq dərslə məhdudlaşmır. Bu bəhanələri biz yaxşı bilirik. İş qrafikini mən yox, Azərbaycan Respublikasının Nazirlər Kabineti təyin edir. Əgər iradları varsa, oraya müraciət etsinlər. Mən hökumətin, dövlətin mənim qarşımda qoyduğu tələbi yerinə yetirirəm. Konkret təhsil haqqında sənədlər var. Həmin sənədlərə əsasən, işdə olmayan şəxslər haqqında konkret cəza tədbiri görülməlidir. İşə gəlməyənin cəzası maliyyə cəzasıdır, onun maaşının tutulmasıdır. Bəs rektorun münasibəti? Rektor da bu halda töhmət verməlidir. 

Əslində, bir gün işə gəlməyəni işdən çıxarmaq lazımdır. Mən isə qanunu pozmuşam, bir ay işə gəlməyənə töhmət vermişəm. Gələn səfər qanunu pozmayacağam, bəri başdan deyirəm. Töhmət və maaşdan tutulma başqa-başqa müstəvilərdədir. Mən işçinin davamiyyətsizliyinə görə iki dəfə məhz eyni töhməti verə bilmərəm. Onun maaşından tutulması isə avtomatik olan şeydir. Bu, cəza tədbiri deyil. Sən nə qədər işə gəlmisənsə, yalnız həmin günlərin pulunu alacaqsan. Bununla bağlı müqaviləyə imza atmısan. Eyni zamanda, mənim rektor kimi buna münasibətim olmalıdır. O münasibət də töhmətlə bağlıdır. Elmi Şuranın qərarı var. Üç günə qədər işə gəlməyənə xəbərdarlıq edirik, üç gündən çox işə gəlməyənə töhmət elan olunur. Bu adam bir ayda bir gün işə gəlməklə həmin bir günün maaşını alıb. Çünki kartı bir gün sistemə daxil edib. Kartının işləmədiyini iddia edir. Bu məsələni də araşdırıb, nəticəni olduğu kimi özünə bildirəcəklər. Kartının işləmədiyinə inanmıram. Ola bilər ki, inandırsın. Bu isə artıq əlaqədar şöbələrin işidir. Bunun Elmi Şuranın qərarı olduğunu deyəndə bir hüquqşünas mənim özümə töhmət verilməli olduğunu söylədi. Çünki hökumətin qanunu var. Bir gün işə gəlməyəni işdən çıxarmaq lazımdır. Bir ay işə gəlməyəni mən saxlamışamsa, deməli, mən özüm qanun pozuntusuna yol vermişəm. 

˗  Müəllim və tələbələrin hadisəyə münasibəti necədir? 

– Müəllim və tələbələrin bu hadisəyə münasibəti son dərəcə obyektivdir. Bu gün həmin dekanlığın fəaliyyəti yoluna düşüb. Ora son dərəcə hörmətli, ləyaqətli bir şəxs rəhbərlik edir. Bu, professor Şahin Xəlillidir. Fakültənin işlərində qarışıqlıq, sahmansızlıq var idi. Mən bunu görüb o vaxtlar da deyirdim, amma hər şey olduğu kimi qalırdı. Bütün bunlar artıq aradan götürülüb və elə güman edirəm ki, fakültə də, Elmi Şura üzvləri də,  tələbələr də son dərəcədə razıdırlar. Bilirsiniz, heç bir dəfə də heç bir tələbə mənim yanıma gəlmədi ki, bizim dekanı niyə çıxardınız? Hətta mən həmin fakültənin tələbələri ilə görüşdüm, məsələni onlarla danışdım, hamısı axırda əl çaldı. Mən sizə başqa bir faktı deyim. ADU-da Tərcümə fakültəsinin dekanını başqa yerə keçirmək istəyirdik. Tələbələr mənimlə görüşdülər, buna razı olmadıqlarını dedilər. Mən onların sözünü dinlədim. Həmin xanım bu gün də həmin fakültədə dekan kimi fəaliyyətini davam etdirir. Dekana olan sevgi budur. Bu biri dekan isə çoxdan yaddan çıxıb. O, indi özünü müxtəlif gülməli və acı məqamlarla yada salmaq istəyir. Hər adam özünü bir cür yada salır. 

˗ Siz Vüsalə Ağabəyli ilə niyə işləmək istəmirsiniz? 

– Onun iş prinsipi ilə mənim iş prinsipim üst-üstə düşmür. Mən iş, işgüzarlıq, elm, insanlıq barəsində tamamilə başqa təsəvvürlərə malikəm. Bu gün ADU-nun mənəvi elmi iqlimi yüksək səviyyədədir. Yəni, hər halda əvvəlkindən yüksək səviyyədədir.  İki il bundan qabaq tələbələrin müxtəlif iddiaları var idi, tələbələr üsyan edirdilər. Mən bura gələndə tələbələr universitetin qabağında durmuşdular, onların qarşısına çıxmağa universitetdən bir adam cəsarət etmirdi. Hazırki Təhsil naziri Ceyhun Bayramov özü gəldi, həmin tələbələrlə söhbət etdi. Bu gün həmin tələbələr auditoriyalarda, dərs otaqlarında, kitabxanalarda və universitetin dil və mədəniyyət mərkəzlərindədirlər. Universitet o tələbələri mənəvi dayaq nöqtəsi kimi ətrafına yığıb. Siz görərdiniz, məzun günündə tələbələr burada necə oxuyurdular, şənlənirdilər, universitetdən ayrılmaq istəmirdilər. 

˗  Oxuculara sözünüz… 

– Oxuculara arzu edərdim ki, həqiqəti axıra qədər öyrənib sonra qərar versinlər.  Hər adamın öz baxış bucağı (ciddi, ya da qeyri-ciddi) ola bilər, həqiqət isə birdir.

525-ci qəzet