“Səhvlərimizin qrammatikası” silsiləsindən hekayə
1784-cü ilin üstünə-başına lopa-lopa axşam qarı yağmaqda idi. Kral qəsrinin yaxınlığında yerləşən ikimərtəbəli evinin birinci mərtəbəsində böyük, yarıqaranlıq və kitablarla dolu otağın bir küncündə içində çırtaçırt odunları yanan sobanın qabağında bir yumşaq kresloya oturub sümüklərinə qədər yavaş-yavaş canının qızışdığını ləzzətlə hiss edən bu qoca kişi Şəhər Universitetinin böyük möhrünün qoruyucusu qoca professor Kornelius idi və o bilirdi ki, bu gün bitənə qədər o, bu dünyadan köçüb gedəcək. Ona görə də səhər-səhər Universitetdə tələbələrilə görüş zamanı son olaraq dediyi sözləri, əslində, onun vida sözləri kimi də qəbul etmək olardı. Soyuq daş divarların arasında son dəfə tələbələrinə o bunları dedi:
– Mənim əziz tələbələrim. Biz sizinlə çox yuxusuz gecələr, narahat gündüzlər keçirdik. Sizi çox sevirəm. Yerin mərkəzinə doğru səyahət yolumda sizlər məni tək buraxmadınız. Yerin mərkəzi əzabın, iztirabın mərkəzi imiş. O bizim şəhərimizin, ulu kralımızın yuxusunda görüb Litvaniyanın paytaxtı kimi əsasını qoyduğu sevimli şəhərimizin baş meydanında yerləşib. Alma – materimizin düz önündə. İztirabla dolu bir meydan… Bu meydanda çəkilən əzab dünyanın heç bir başqa yerində çəkilməyib. Bu iztirabı, əzabın xatirəsini daima qəlbimizdə yaşatmalıyıq, onu unutmaq olmaz. Unutsaq, Yerin mərkəzi sürüşüb başqa bir məkana yerləşəcəkdir. Yerin mərkəzinin çəkdiyi əzabı, iztirabı özünüz də unutmayın, gələcəkdə başqalarının da unutmasına imkan verməyin. Bu mənim sizlərə vəsiyyətimdir…
İndi isə o, axşamın yavaş-yavaş gecəyə keçdiyi və keçə bilmədiyi, yağan qar ilə qəribə bir məşumluq gətirən vaxtında yarıyuxulu, yarıoyaq bir vəziyyətdə öz sevimli, yumşaq kreslosunda oturmuşdu, könlü rahat idi və həyatının ayrı-ayrı mənzərələri vaqeə-vaqeə gözləri önündən keçirdi. O düşünürdü. Həyatında görəsən sonradan düzəltməyə çalışmadığı, deməli, hiss eləmədiyi bir səhvi olubmu?
Səhv, yanlış… Dərindən baxanda bu nədir? Başqa paralel dünyaya getməyin yeganə yolu. Kornelius tələbələrinə də aşılamağa çalışırdı. Axı həyat təkcə bu dünyadan ibarət deyil. Gələcək nəsillər bunu nə zamansa anlayacaqlar. Hər hansı bir səhv artıq variantdır. Başqa dünyaya düşmək imkanıdır. Və “səhv”, əslində, sənin seçmək hüququndur.
Nə zamansa ona elə gəlirdi ki, bu yaşadığı dünyada həyatı boyu nə edibsə, ölümün mənasını deyil (ona isə elə gəlirdi ki, həmişə buna can atıb), əslində, həyatın mənasını axtarmağa cəhd edib, həyatı anlamağa çalışıb. O, elə bilirdi ki, yazdığı qalın traktatlar onu ölümün sirrini anlamağa yaxınlaşdırır. Bihudə düşüncələr… İlk dəfə bunu ona uzaq ölkələr keçərək Görükməz təpə adlanan dağın yanında məskən salmış sehrbazlar diyarından gələn uzun bir dəvə karvanının mirzəliyini edən Hacı Mir Həsən ağa Səyyah dedi. “Sən, böyük ustad, həqiqət axtarışındasan, bu isə həm də həyatın mənasını axtarmağın deməkdir.” – Səyyah belə dedi. Bu qədər sadə.
Korneliusun əsas elmi uğuru, bütün dünya elmi dairələrində qəbul edilən nailiyyəti Yer üzünün mərkəzinin harda olmasının dəqiq tapılması idi. Orta əsrlərdən yavaş-yavaş sıyrılıb çıxan dünya elmi üçün bu çox cəsarətli bir axtarış idi. Bu mərkəzin harda yerləşməsilə bağlı məşhur dünya alimləri tərəfindən irəli sürülən çoxlu təkliflər vardı. Hamı mərkəzi öz ölkəsində, öz şəhərində görmək istəyirdi. Elmi təkliflər bir-birindən sübutlü, bir-birindən dəlilli idi.
Mübahisələrə bəzən krallar, imperatorlar da qatılırdı. Onlar öz məmləkət və şəhərlərinin namizədliyini təmsil etdikləri dövlətin bütün imkanları və gücü ilə dəstəkləməyə çalışırdılar. Kornelius yaxşı xatırlayır, Habsburqlar sülaləsinin vəliəhdi Vilhelm Sadədil xüsusilə canfəşanlıq edirdi və hətta bu məsələ ilə bağlı ondan az ehtiras nümayiş etdirməyən Osmanlı sultanına təhdid dolu məktub da yazmışdı. Bunun cavabında Sultan 4-cü Əhməd onunla görüşə Venanın qala divarları altına uzaq əcdadının durduğu yerə qədər gələcəyini bəyan elədi. Özü də bunu təmtəraqlı bir şəkildə rəsmi hərbi libasını geyinərək Vilhelm Sadədilin səfirini Topqapı sarayına çağırıb bildirdi. Prussiya kayzeri məcbur oldu ki, məsələyə qarışaraq onları soyuqqanlı olmağa, məsələni elmi müstəvidən kənara çıxarmamağa səsləsin. Ehtiraslar bundan sonra sanki səngidi.
Hələ elmi və elmətrafı rəqiblər… İspan inkvizisiyası Korneliusu hədələməklə kifayətlənmədi. Gizli sövdələşmələrə qədər irəlilədi, amma Kornelius əzmində möhkəm idi. Papa kilsədən kənar elan olunmasını istisna etmədiyini ona eyhamla çatdırmaq istəyirdi. Amma Savoyya kardinalı bunu Korneliusa xeyli yekəxana bir tərzdə bildirdi. Yenə alınmadı. Elmi dairələrdə getdikcə daha çox adam onun meyarını əsas kimi götürməyin tərəfdarına çevrilirdi. Başqa meyarlar mürəkkəb və qəliz meyarlar idi. Bəziləri isə gülməli idi. Onların elmə heç bir dəxli yox idi. Korneliusun dodaqlarına təbəssüm qondu. Milan kilsəsinin “İnadcıl rahiblər” adlı ruhani birliyi tərəfindən gələn təklif, əlbəttə, gülməli idi. Xoruzun sabah tezdən banlayandan sonra hansı tərəfə gedəcəyinin Yerin mərkəzinə nə dəxli ola bilərdı?!
Korneliusun isə irəli sürdüyü meyar çox sadə və nəinki mantiyalı elm adamları, hətta geniş əhali üçün anlaşıqlı idi. İnsanın nəfəs alması qədər sadə. Kornelius bu meyarı yavaş-yavaş həm xristian, həm müsəlman, həm də buddist alimlərin beyninə yeridib onların təqdirini qazandı. İlk əvvəl ona nail oldu ki, meyar onun adı ilə adlandı: Kornelius meyarı. Bu, o dövrün elm aləmində çox böyük nailiyyət idi. İndiyə qədər və güman ki, bundan sonra da əbədiyyətə qədər dünyanın mərkəzinin müəyyənləşdirilməsi meyarı dünyanın bütün elm mərkəzlərində, universitet və kilsə kafedralarında Kornelius meyarı adlandırılacaq. Kornelius oturduğu rahat yerində ləzzətlə qurcuxdu, asudə-asudə dərindən köks ötürdü.
Nəhayət, dünyanın mərkəzi bir çox uzaq ölkələrdə, lap elə dəvə karvanı ilə bura qədər gələnlərin ölkəsində çox adama adı bəlli olmayan onun kiçik ölkəsində müəyyənləşdi! Bunu bütün dünya alimləri, onlara baxıb bütün ölkə hökmdarları qəbul etdilər. Onun kəhrəba kimi zərif ölkəsinin baş meydanı dünyanın mərkəzi seçildi. Hacı Mir Həsən ağa Səyyah deyirdi ki, sizin ölkənin kiçik adı hələ də axıra qədər tələffüz olunmayıb, sizin əhali bu sözün yarısını, bəlkə də yarısından çoxunu ürəklərində saxlayıblar.
… Qar hələ də lopa-lopa yağır. Qar Yer üzündə ancaq onun şəhərinə belə yağır. Qar onun damı yastı evinin üstünü artıq tamam örtüb. Qar artıq damdan keçib otağın içinə yağır. Qar artıq onun ruhuna yağır. Adının üstünə yağır.
Bu adamın yadına düşür ki, onun əsl adı Kornelius deyil, onun əsl adı Hacı Mir Həsən ağa Səyyahdır. Bu bir şərqli adıdır. Adı xatırlayandan sonra gerisi asandır. Yadına düşür ki, o sərgərdan kimi dünya ölkələrinin birindən o birinə gedir, öz ölkəsinə dönməyin yolunu axtarır, axtarır, tapa bilmir. Bütün bunlar vaqeə-vaqeə onun işığını itirməyə başlamış gözləri önündən keçir.
O da yadına düşür ki, arzuladığı kimi məmləkətinə qayıdıb sehrbazlar dərəsinə geri dönmədi. Bunu ona keçib getdiyi şəhərlərdən birində qoca bir rəmmal tövsiyə etmişdi. O bu tövsiyəyə əməl etmədi. Elə bu balaca kəhrəba ölkəsində karvandan ayrılıb qaldığı üçün Karvanbaşı ona qəzəb edib qəpiksiz buraxdı. Sonrakı mənzərə-vaqeə onu göstərir ki, Kornelius adlı bir ustad onu özünə şəyird götürür. Ustada çox ölkələr gəzən və şərqi tanıyan birisi lazımdır. Ustadın həyat məramı – Yer kürəsinin mərkəzini axtarıb tapmaqdır!! Çox oxumaq çox görmək deyilmiş…
Ustad ehtirasla can atdığı arzusuna bu dünyada yetişmir. Dünyanın mərkəzinin bu şəhərdə olmasını hələ hamı qəbul etməyib. Korneliusun meyarı hamı üçün keçərli deyil. Amma o hər şeyi hazırlayıb bu dünyadan köçür. Ölərkən onun Həsən Səyyaha vəsiyyəti bu olur. O deyir:
– Bu işin son nöqtəsini sən qoymalısan. Sənin inamın, məntiqin bunu etmənə yardımçı olacaq. Amma sən mənim adımı götürməlisən. Mən sən olmalıyam ki, sən zamanı gələndə və Yerin mərkəzini tapanda bunu həm də mən tapmış olum.
Səyyah ustadın vəsiyyətinə əməl edir. Gecəni gündüzünə qatır və Yerin mərkəzini tapır. Bütün dünyaya sübut edir ki, Kornelius meyarına görə yerin mərkəzi bu şəhərdə, bu meydandadir. Hamı qəbul edir ki, Yerin mərkəzini o, Kornelius tapıb. Korneliusun gözündən yanağına bir damla yaş axır.
… Sabah tezdən böyüklü – kiçikli minnətdar şəhər əhalisi, onları bütün dünyada məşhur edə bilmiş, Yerin mərkəzinin məhz bu şəhərdə, bu şəhərin baş meydanında olduğunu bütün dünyaya sübut etmiş Universitet möhürünün qoruyucusu qoca professor Korneliusu son mənzilinə aparmağa – basdırmağa gəlir. Evdən bir adam çıxıb yağan qar ləpələrinin arasıyla qəribə bir yerişlə, dövrə vura-vura uzaqlaşır və gözdən itir. Bu, Səyyahdır.
…Kornelius isə tərpənməz bir halda hələ də öz kreslosunda oturub. Bir damla göz yaşının axıb gəldiyi yerdə, gözünün ölü dibində belə bir uzaq mənzərə canlanır və onun nəfəssiz bədənini qaldırıb kilsəyə aparmağa gələnlərin gözünə bunlar görükür…
– Meyar! Meyar!! – Kornelius əllərini hiddətlə silkələyə-silkələyə az qala bağırır. – Meyar yoxdur. Başa düşürsən, dürüst meyar tapılmır!
– Var meyar! – O, qəlbi əzab dolu ağrıdan qovrula-qovrula deyir. – Dünyanın mərkəzi ən böyük əzabın çəkildiyi yer olmalıdır. Dünyanın ən əzablı, iztirablı nöqtəsi isə burdadır, bu şəhərdə, bu meydandadır. Sənin mənə danışdığın əhvalatdadı, sənin atanla vidalaşmağındadı. Budur meyar! Dünyanın heç bir başqa nöqtəsində bu boyda əzabı heç kim çəkməmişdir.
… Açıq gözlərin dibində vaqeə vaqeəni əvəzləyir. Qalib düşmən şəhər müdafiəçilərinin cəsədini şəhərin baş meydanında yerdən yanbayan düzüb. Bu müdafiəçilərin ölüsündən də intiqam almaq ehtirası onların ağlını başlarından çıxarıb. Bütün şəhər əhli əsgərlərin əhatəsində bir-bir bu cəsədlərin yanı ilə dairə vuraraq gəzdirilir. Öldürülənlərin yaxınları və əzizləri ancaq bu cür üzə çıxmalıdır. Cəsəd sahibi könüllü üzə çıxmırsa onu üz-gözündən də tanımaq olar. Ana öz övladının cəsədinin yanından etinasız keçə bilməz. Ağlamalı-sısqamalıdır.
Qaliblərin diqqətli baxışları anaların, ataların üzünə, gözünə zillənib. Övladının cəsədini tanıyıb üz-gözü dəyişənlər bir kənara sürütdənib elə yerindəcə məhv edilir. Kornelius sonralar sübut etdi ki, sonuncu belə müsibət Romada İmperator Kommodun vaxtında olmuşdu. O öz düşməni olan senatorları edam edərkən onların ölümünə ağlayanları, üz-gözlərində hətta təəssüfə bənzər bir ifadə olanları vəhşicəsinə öldürtdürürdü. İmperatordan intiqam ala bilən heç kim sağ qalmamalıdır.
…Balaca Kornelius belə bir uzun cərgədə vəhşi əsgərlərin süngüləri altında anasının yanı ilə addımlayır. O heç cür anlamır ki, nə üçün onlar yerə uzanmış və açıq gözlərini onlara dikmiş atasının yanından bu cür biganə və ləngimədən keçib gedirlər. Kornelius gözlərini atasının cəsədindən ayırıb anasına nəsə demək istəyir, ana bunu hiss edib uşağın üzünə baxmadan onun əlini bərk-bərk, sümükləri şaqqıldayana qədər sıxır, Korneliusun barmaqları bir-birinə sürtülüb əzilir, ağrıyır, o, anasının qorxusundan cınqırını da çıxarmır. Gözünün yanı ilə Kornelius baxıb görür ki, atasının onun arxasınca baxan gözləri gülür, ağaran dişlərinə təbəssüm qonub. Bu zaman Kornelius hiss edir ki, onun da gözləri niyəsə gülür, yanaqlarına isə səssiz göz yaşları süzülür.
Şərh yoxdur