İsa Həbibbəyliyə ithaf edilir

…O biri gözdən uzaq, “qara dəlikdən” çox-çox uzaqlardakı dünya hardansa sıyrılıb çıxır və yavaş-yavaş canlanmağa, ona yaxınlaşmağa başlayır. Nəhayət, özünün bütün cizgiləri ilə bərqərar olub gözə görükür. “Qara dəliyin” bir az əvvəl donmuş kölgə kimi görünən sakinləri hərəkətə gəlir, bir-birini eşitməyə, duymağa başlayır, bütün əvvəlki donuqluqlarından sıyrılıb çıxırlar. Onlar yaşamağa başlayırlar. Onların yaddaşı işə düşür. Onlara “daşa dön!” əmrini verən və indi də “canlan!” deyən o gözəgörünməz xilqətin eşqi ilə yaşamağa başlayırlar. Öz adi, alınlarına əvvəlcədən yazılmış və böyük zamanın konkret əsrinə, ilinə, gününə pərçim olmuş həyatlarına ağır-ağır, amma şövqlə davam edirlər. Və bu zaman  görürlər ki, onlara könül azadlığını bəxş edən şair hər şeydən usanmış kimidir.

Füzuli, həqiqətən də, hər şeydən yorulmuş, yaşamağı ilə yaşamamağı arasında heç bir fərq görməyən, danışmaqdan çox susan, fikrinin hara uçub getdiyini bəzən  özü də bilməyən bir Allah bəndəsidir. Onun ən böyük arzusu rahatlıqdır. Bu ona bütün ağrılarının, əzablarının, yorğunluğunun xilas yeri kimi görünür. Beynindəki burulğanlardan, qəlbindəki təlatümdən çıxıb qaçmaq, rahatlıq tapmaq – bütün zamanların, xüsusən də, İntibah dövrünün bütün şairlərinə xas olan, onlarla bir doğulan və onlarla bir ölməyən əbədi şair arzusu. Elə buna görə də o usanmadan xatırlayır…

Ona elə gəlir ki, içində tamam başqa bir adam yaşayır. Bu başqa adam ona həm yaddır, həm də tanış. Ürəkdən istəyir ki, bu yad və tanış adamı başa düşsün, dərk eləsin, bilsin görsün, bu məxluqun məsləki, qayəsi nədir?! Hərdən ona öz qəlbini açmaq, duyduqlarını onunla bölüşmək, dərdinə şərik etmək və dərdinə şərik olmaq istəyir.

İçində gizlənmiş o adam isə ünsiyyətə girməyə tələsmir, açılsa da, gec-gec ona açılır. Füzuli bu ünsiyyətin alınması üçün, davam etməsi üçün əlindən gələni edir, qəlbini ilham adlı amansız bir cəllada gecəbəgecə təslim edir, o qəribə məxluqun yanına getmək üçün hər gecə təzədən özünə yol açır. Hər gecə bu yolla gedir, təsəlli kimi qəbul etdiyi, kimlərinsə dediyi “var sübh” sözləri var olarkən və sabah yenidən açılarkən o, yenə də gecə gəldiyi yerə qayıdır, axtardığını tapmayanda ruhdan düşür, səbr kasası aşıb-daşır, amma ki, bu zaman yenə də hər şeyə və hamıya nifrət eləmir. Çünki o, həmişə hamını sevməyə hazırdır. Və hamını sevərkən o öz böyük sənətini yaradır. İçindəki o qəribə məxluq üçün yaradır. Onu nəyəsə inandırmağa, onunla mübahisə etməyə, keçmiş günlərdən söhbət açıb özünü ona sevdirməyə çalışır. “Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə…” deyir. Füzuli xatırlayır…

Bu gözəgörünməz məxluqun da adı, çox qəribə idi ki, Füzuli idi. Çünki hər şeirinin sonunda şair məhz ona müraciət edir, məhz onunla mübahisə edir, onu anlamağa və özünü ona anlatmağa çalışırdı. Başqa bir Füzuliyə.

Füzuli Füzuliyə müraciət edirdi. Onu bu gen aləmdə ondan yaxşı duyan biri var idimi?! Yox idi.

Ey Füzuli, kimə suzi-dilimi şərh qılım

Yox mənim kimi yanan atəşi-hicran içrə.

Kim kimə müraciət edir?! Kim kimə ürəyini açmağa çalışır?! Və kim kimi axtarır?! Ürək yanğısını kimə “şərh qılmaq” istirlər?!

Füzulinin də öz Füzulisi var imiş…

İçində hamıdan gizlənən və bu şairin ondan nə istədiyini başa düşə bilməyən, bəlkə də başa düşmək istəməyən öz qəribə məxluqu.

Şair olan bəndə öz-özünə kənardan baxarkən öz-özünü tanıya bilirdimi?! Xatırlayırdısa, bilirdi. Xatırlamaq çətin olanda baxıb gördüyü o qəribə məxluq ona ancaq tanış gəlirdi. Bəlkə də o bu qəribə məxluqu yuxularında görmüşdü?! Yaşıl dumana bürünmüş bir adanın – “qara dəliyin” gözəgörünməz sahibinin simasında?!

İkiləşmə isə davam edir və özünün ən yüksək dərəcəsinə çatır:

Qəmzə tiğin çəkdi ol məh,

                                olma qafil, ey könül

Kim müqərrərdir bu gün ölmək sənə,

                                          şivən mənə.

Könül ölməyə məhkumdursa, şivən o könül sahibinin üz tutduğu məxluqa qalır. Sən öz ölüm “büsatını” özün görə bilirsən. Bundan böyük bir xoşbəxtlik ola bilərmi?!

Bu ikiləşmə həm də gözəgörünməyən daxili mübarizənin nəticəsi kimidir. Dünya ilə, ətrafın ilə, tanıdığın, bildiyin nə varsa, onunla mübarizədən sonra sən qələmi götürüb yaza bilirsən: “Ey Füzuli!” Və bunu yazanda sən xatırlayırsan. Ancaq özündən özünə müraciət xatırlama prosesinin mayasında dura bilər. Füzuli isə hər şeirində özü ilə didişir, özü ilə düşmən olur, barışır, özünə nifrət edir, özünü sevir, özü ilə mübahisə edir, özünə sübut edir, özünü qınayır, özünə acıyır, özünü mühakimə edir, özünə qəsd edir, özünü bağışlayır. Bütün bunlarla bir yerdə Füzuli xatırlayır…

“Ey Füzuli” xitabı xatırlamağın ilk addımıdır. İkiləşmə Füzulidə olan qədər heç bir qəzəl ustasında olmayıb. Adı çəkmək, özünə xitab eləmək janrın tələbi kimi başqa qəzəl yazanlarda, hətta ustadlarda belə  estetik-bədii müstəvidə qaldı. Füzulidə isə bu, həm də şəxsi müstəvi oldu. Döyüş meydanına çevrildi. “Pəhləvanlar, badpalər səyridəndə dörd yana” başqa yerdə deyil, atlarını burada səyridirdilər.

Amma onun da ikiləşməsi birləşməyə, həsrətlə ümid edilən birləşməyə gətirmədi. Onun da ümidləri puç oldu. Öz içindəki o qəribə məxluqa nə qədər üz tutub haray çəkmək olar?! Nə qədər ümid eləmək olar ki, nəhayət, səsini eşidəcəklər?! Çifayda! Eşitmirlər. Füzuli içindəki o qəribə məxluqla bacarmadı. Bacarmadığına görə də özündən sonra onu birdəfəlik sevib geri qayıda bilməyənlər üçün nəhəng bir “qara dəlik” yadigar qoydu. Hamı onu sevənləri ora yığdı. Əsrlərlə davam edən möhtəşəm bir büsat qurdu.

Amma ümid eləmə böyüklüyünə söz ola bilməzdi…

Füzuli başdan-başa ümiddir. Başdan-başa ümid və başdan-başa bütün ümidlərin daşa dəyəcəyinə məhkum olmanın labüdlüyünü anlayan və bununla barışmayan mübarizə ruhudur.

Onun böyüklüyü başa düşdüyü və qəbul etdiyi bu labüdlüyün bağlı qapısına vurduğu gücsüz zərbələrdədir. Hər vurduğu zərbə ilə onun yaddaşında nə isə baş verir.  Füzuli xatırlayır. Bəzən bu xatırlamalar adda-budda şəkildə olsa da, Füzuli xatırlayır…

Onun böyüklüyü “Sizif zəhmətinin” böyüklüyüdür. Heç kimə və hamıdan əvvəl onun özünə lazım olmayan “vüsal” adlı dünya “malının” aydından aydın görünməyi və yalnız ona görünməyidir.

Bir Allah bəndəsi özü özünə müraciət edirsə, deməli, bu dünyada daha heç bir ümidi, pənah aparacağı yeri qalmayıb. Sən özün özünün son umacaq, son sığınacaq nöqtənsən. Səndən o yana heç nə yoxdur. Yazmağa başlayanda üzünü bütün dünyaya tutursansa və yazdığının sonunda bu dünya kiçilib-kiçilib yalnız təkcə səndə məhdudlaşırsa, deməli, hər şeyin axırıdır.

Füzuli göstərdi ki, bu, həm də hər şeyin əvvəlidir!

Onun hər gecə ölən ümidi sübh yenə dirilirdi və hər şey təzədən! Və hər sübh onun üçün “bir təsəlli” kimi yenidən açılanda o bilirdimi ki, bu gecə də, bu qəzəlin sonunda da gəlib çıxacağı o son nöqtə yenə də özü olacaq?! Yenə də həsrətlə bir təsəlli kimi sübhü gözləyəcək?! “Bir təsəllidir sənə ol söz ki, derlər var sübh”.

Dünya ilə savaşa çıxanların, Möhtəşəm Mahiyyəti dərk etmək uğrunda mübarizə aparanların, onun sirrini əlindən almaq istəyənlərin hamısı əvvəl-axır böyük məğlubiyyətlərini anlayıb özləri özündə sığınacaq axtardılar.

O böyük məhəbbətin o sakit adama cavabı nə oldu?!

Və bu məhəbbətin adı nə idi?! Və bu məhəbbətin məkanı hara idi?!

Öz səltənətinin – “qara dəliyin” düz içində oturub fikrə dalmış Füzuli ürəyi əsə-əsə əsl vətənini xatırlayırdı:

Edəmən tərk, Füzuli, səri-kuyin yarın

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim…

Füzulini başdan-başa məhəbbət aşiqi, “şəbi-hicran” tərənnümçüsü kimi qələmə verənlər təmiz gecə ulduzlu asimana baxıb oradakı ulduzların sayını dəqiq saymaq istəyənlər qədər sadəlövhdürlər.

Füzuli başdan-başa “Mən kiməm?” sualıdır.

Mən kiməm? Bir bikəsü biçarəvü bixaniman…

Bu sualı o özünə nahaqdan vermir. Bu beytin içindəki konkret cavaba görə də vermir:

Taleyim aşüftə, iqbalım nigun, bəxtim yaman…

Cavab, əlbəttə ki, bu deyil. Cavab, əslində, onun bütün yaradıcılığıdır. Xatırladıqları və xatırlamadıqlarıdır. O, sanki bu sualın içində gizlənib. Elə gizlənib ki, hamının gözündən qaçıb, şairi yaxşı tanıyan heç kim bu adamı xatırlamır və indi artıq o özü özünü xatırlamaqdadır…

Və o xatırlayır:

Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə…

Və yaxud:

Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb,

Oldu əhvalım xərab, ol ruzigarım qalmadı.

Və yaxud:

Tutuşdu qəm oduna şad gördüyün könlüm,

Müqəyyəd oldu ol azad gördüyün könlüm…

Yenə də adda-budda qığılcımlar… Keçən günlər və indiki günlər. Yenə də bunların müqayisəsi. Yenə də müqayisə “indinin” xeyrinə deyil:

Ey məh, mənimlə dostlarımı düşmən eylədin,

Düşmən həm eyləməz bu işi kim, sən eylədin…

Füzuli unuda bilmir və Füzuli xatırlayır:

Sənin mehrü-vəfa göstərdiyin

                                 əğyarə çox gördüm

Qələtdir kim, səni bimehr oxurlar,

                                        bivəfa derlər…

Füzuli “qara dəlik” adlanan o dəhşətli məkanda belə onu unuda bilmir.

Səni tərk etməzəm çün mən,

                        məni sən dəxi tərk etmə.

Füzuli “hadisələrin üfüqünün” kandarında bardaş qurub əyləşib və Füzuli yenə də xatırlayır:

Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?!

İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?!

Və elə o dəqiqə də, amma başqa bir qəzəlində öz sualına özü cavab verir:

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,

Bu fəzilət daxili-əhli kamal eylər məni.

Bir az əvvəl ölməyə dəyərdi. İndi yaşamağa dəyər. Və yaşamaq üçün bütün İndiyə ünvanlanan dərindən dərin bir vida ahı çəkib yeni güc ilə ayağa durmaq istəyən O, özünü burada, bu “qara dəliyin” içində deyil, “hadisələrin üfüqündə” deyil, dünyanın o başında, hamının unutduğu yaşıl bir adada görür.

Amma “görmək” hələ “olmaq” demək deyil. Bu ada da onun üçün yavaş-yavaş “qara dəliyə” çevriləcək. Burada da onu sənətinin kölgələri rahat qoymayacaq. O buradan da istədiyi məkana qayıda bilməyəcək. Və o, nəhayət, başa düşəcək ki, həyatın mənası nədir. Bu, sevmək deyil, bu, hicran deyil, bu, heç vüsal da deyil. Həyatın əsl mənası xatırlamaqdır. Və o xatırlamağa başlayacaq. Əsiri-möhnəti olduğu doğma Bağdadı, onun çirkli və isti küçələrini, doğulduğu anı, tifilliyini, könül azadlığını, dünyanın qəmini “dili-ehmalına” salmağı arzuladığı gecələri, daha nələri, daha nələri…

Füzuli heç zaman usanmır.

Füzuli xatırlayır…

http://edebiyyatqazeti.az/news/proza/4475-fuzuli-xatirlayir-ey-fuzuli