Bir dəfə Zərdüşt yol ilə gedirdi. Qarşısına bir uzun saqqal kişi çıxır. Bu kişi uzaq bir kənddən gəlirmiş. O kəndin belə bir adəti var idi. Yol ilə gedərkən rast gəldikləri adama, əgər o adam tanış adam olmazsa, hörmət və ehtiram bildirmək üçün qarşısında diz çökər, torpaq öpər, alınlarını yerə sürtər, ta ki, o adam özü irəli gəlib yerə çökmüş bu kəndlini çiyinlərindən yapışıb ayaq üstə durquzmayanacan bu halətdə qalmaqlarına davam edərdilər. Bu dəfə də belə olur. Qarşısında yerə sərilmiş bu adamı diqqətlə süzdükdən sonra Zərdüşt ona belə bir sual verir:
–Sənin tanımaza-bilməzə mənə göstərdiyin buehtiram məni riqqətə gətirdi. Ölüm Allahın kimdir,sən onu tanıyırsan?
–Tanımaz olmurmuyam?! Ölüm Allahımla mən hər ötən ildə bir dəfə görüşürəm. O gün mənim bütün yaşadığım illərin eyni günüdür. Zərdüşt kəndlinin bu cavabını bəyənir və yenə soruşur:
–Bəs Həyat Allahını necə, onu da tanıyırsan?
–Yox, onu tanımıram.
–Kəndli səmimiyyətlə etiraf edir.
–Ona görə tanımıram ki, doğum günüm mənim yadımda deyil. Zərdüşt görür ki, kəndli onun suallarına ağıllı cavablar verir, söhbəti davam etmək qərarına gəlir, ona sərildiyi yerdən ayağa durmağa kömək edir, hər ikisi yoldan çıxır və boz daşlar arasında bir balaca otluqda otururlar. Ətrafa həzin bir axşam düşürmüş. Günün yorğunluğu yavaş-yavaş ətrafda nə vardısa hər şeyin canından çıxırmış. Yolboyu bitən ağaclar, kollar, koslar, yol kənarındakı daşlar, kəsəklər süst bir halda imişlər, hər biri dərindən nəfəs alıb verirmiş, elə bil, dincəlirmiş. Cır-cıramalar səslərini başlarına atmışdılar, hərdən bir qəfildən susurdular, onlar susan kimi yaxından-uzaqdan cır quş səsləri idi, girirdi bu sükutun içinə, bəzənisə çox-çox uzaqlardan, başı ağaran dağlar tərəfdən qartal qıyı yuxarıdan aşağı yorğun-yorğun elə o dağlardan enən bu yolun düz ortasına qədər gəlib çatırdı.
–Sən dedin ki, ölüm Allahınla ildə bir dəfə eyni gündə görüşürsünüz. Sən o günü necə tanıyırsan?–Zərdüşt kəndlidən soruşur.
–Mən o günü indi tanımıram, mən o günü ölən zaman tanıyacağam.–Kəndli Zərdüştə bu dəfə dəbelə cavab verir.
–O zaman sən ölüm Allahının üzünü belə görməmisən?!
–Yox, görməmişəm. Mənə ondan danış. Zərdüşt baxıb görür ki, kəndli həqiqi bir maraqla onun söhbətini gözləyir, yol gəlməkdən yorulmuş ayaqlarını ovuşdura-ovuşdura ona belə cavab verir:
–Bu söhbət indinin söhbəti deyil. Bizdən çox-çoxqədim zamanların söhbətidir. O zamanlar allahlar yer üzünə tez-tez gəlib gedərdilər. Bizim babalarımızla onların sıx ünsiyyətləri olardı. İndi daha belədeyil. İndi allahlar bir-biri ilə cəng edirlər. Həyat allahının və Ölüm allahının bir-birini görməyə gözləri yoxdur. Amma vaxt var idi, dost idilər…
–Bir neçə il bundan əvvəl bizim kəndə qərib birisi gəlmiş idi. O da belə deyirdi.
–O qəribin adı nə idi?
–Zərdüşt maraq edərək soruşdu.
–Əsl adını heç kim bilmədi. Hamı onu Ərmən çağırırdı. Zərdüşt bunu eşidib fikrə getdi.
…Ərmən hələ uzaqdan bu kəndi görüb seçmişdi. Dörd tərəfi böyüklü-kiçikli quru dağlar, elə bil, döyüşə hazır əsgərlər idi. Bir böyründən suyu çoxdan sovulmuş çayın enli beşiyi qalmışdı; bəlkə də nə vaxtsa suyu yenə gələcəkdi, sağ böyründən isə tikanlı bir çöl başlayırdı. Kənd evlərinin çəpəri başdan-başa bu çölün tikəni idi. İndi Ərmən tikanlı çöl ilə addım-addım bu kəndə yaxınlaşdıqca seçiminin doğru olduğuna bir daha inandı. Kəndin adamları qəribə adamlar idilər. Qarşısına çıxan hər bir kəndli onun önündə dərhal diz çöküb alnını torpağa sürtürdü. “İtaətkar camaatdır”.
–Ərmən belə düşündü.
–”Bu adamları həqiqətlə sirdaş eləmək çətin olmayacaq”. Onu qarşılayan kəndlilərlə bir yerdə kəndin ortasındakı qollu-budaqlı ağacın altına yetişəndə artıq kəndin kişili-qadınlı ayağı yer tutan kimi vardısa, hamısı burada cəm olmuşdu. Adamlar onu araya aldılar, başladılar böyük maraq və ehtiramla onu dörd tərəfdən seyr etməyə, bəziləri də qaçışaraq tamaşaya gəlmiş tumançaq balaca uşaqlara böyük bir sevinc içində nə isə qışqıra-qışqıra əllərilə onu göstərirdilər. Nəhayət, camaatın içindən qırmızısaqqal, uzun və ağappaq libasa bürünmüş bir ortaboylusu çıxıb irəli gəldi, Ərmənin qarşısında durdu.Bu, kəndin cadugəri idi. Ərmənlə cadugər bir müddət bir-birinə baxa-baxa qaldılar. Sonra Ərmən sağ qolunu çırmayıb cadugərə nəsə göstərdi. Cadugər diqqət və ehtiramla Ərmənin qoluna baxdı. Bu zaman camaat da sakit oldu, hər tərəfi sükut bürüdü. Bu sükutun içində qırmızısaqqal cadugər hər iki əlini açaraq Ərmənə sarıuzatdı və uca səslə onu salamladı:
–Xoş gəlmisən, Ərmən! Kənd adamlarının ürəyindən qopan şadyanalıq və sevinc sədaları ağacın altından sıyrılaraq asimana qədər baş alıb getdi… Zərdüşt fikirdən ayrılaraq yanında bardaş qurub mərifətlə oturmuş bu kəndlidən soruşur:
–O Ərmən dediyin ölüm Allahının özü idi, deyilmi?
–Bəli, kəndli cavab verir.
–Ərmən ölüm Allahının özü idi ki, vardı. Amma biz bunu sonradan bildik. Zərdüşt yenə fikrə gedir. Düşünür: “Deməli, yenə gedib-gəlirlər… Unutmayıblar. Əgər bu kəndlinin dedikləri doğrudursa, bu gəlişin çox böyük mənası olmalıdır”..Bu minvalla Ərmən o kənddə bir müddət qalıb yaşayır. Kəndin kürəyini verib daldalandığı balaca dağın döşündəki bir mağaraya sığınır, hərdən də cadugərin yaşadığı komada qalır. Kəndin camaatı Ərməni tanıyandan sonra qorxu-hürkünü birdəfəlik unudur. Hər şeyin, hətta ölümün belə gözünə dikbaxmağa başlayır. Yavaş-yavaş Ərmənin sorağı yaxın və uzaq ətrafa yayılır. Ərmən bu kəndə yerləşəndən sonra onunla təmas edən adamlar ona böyük ehtiram göstərirlər. Hətta cadugərin özü belə onun qarşısında əmrə müntəzir dayanır. Bir gün bu cadugərin yanına göz işlədikcə uzanıb gedən sıralı dağların o tərəfindəki uzaq kənddən bir adam gəlir.
–Mən sənin sorağınla kənd-kənd, oba-oba gəzirəm.
–Bu gəlmə adam cadugərə deyir.
–Mənim dərdimin çarəsini ancaq sən çözə bilərsən.
–Sən kimsən və nə dərdin sahibisən? Cadugər Gəlmədən soruşur. Gəlmə cadugərə belə cavab verir:
–Mən öz oğlumu axtarıram. O, günlərin bir günü yoxa çıxdı. Nə qədər axtardıq, onu tapa bilmədik. Bu yaxınlarda isə eşitdim ki, sizin kənddə bir yeni adam peyda olubdur. Mən onu görmək istəyirəm. Bəlkə… Cadugər çönüb otağın dibində, Gəlmənin gözündən qıraq bir küncdə bardaş qurub əyləşmiş Ərmənə baxır, Ərmən başını yerə dikir. Bir müddət heçbiri dinmir.
–Sən məndən nə etməyimi istəyirsən?
–Nəhayət, Cadugər dərd əlindən özünə yer tapmayan, üzündən-gözündən, üstündən-başından acı bir yorğunluq tökülən Gəlmədən soruşur. Gəlmə ah çəkib belə cavab verir:
–Sənin möcüzələrinin tərifi dağları aşıb biz tərəflərə çoxdan yetişibdir. Mənə kömək etsən sən edəcəksən. Oğlumun yerini lütf eylə, mənə söylə. Bunlar üzbəüz dayanıb söhbət etdiklərindən yana Gəlmə Ərmənin üzünü hələ görmür. Söhbətin bu yerində Ərmən otağın dibindən, oturduğu yerdən qalxıb irəli, üzü işığa çıxır və Gəlmə bu zaman Ərməni görür. Görməyilə də yerindəcə qupquru quruyub qalır, dili ağzındaca topuq çalır. Nəhayət, birtəhər edib özünə gəlir və iztirablı səslə Ərmənəbelə deyir:
–Oğul, bəs sən nə üçün belə etdin? Yoxsa məndən bir yamanlıqmı gördün? Niyə ilim-ilim itdin, hara yox oldun, gecəmin-gündüzümün yiyəsi? Ətrafdakılar hamı maraq göstərib bunların ətrafına yığışır. Hətta Cadugər özü belə Gəlmənin bu cür söhbətinə mat-məəttəl qalır. Ərmən əvvəl-əvvəl çaşqın kimi görünür, amma tez özünü ələ ala bilir. Ərmən Gəlməyə belə deyir:
–Sən kimsən və məndən nə istəyirsən?.. Zərdüşt kişinin söhbətinə maraq ilə qulaq asır. Bu yerə çatanda artıq ona məsələnin canı tamamən aydın olur. Dodağının ucu ilə gülümsünüb kişinin dediklərini artıq özü davam edir:
–Gəlmə onu öz doğma oğlu bilir. Əslində, sizin Ərmən dediyiniz şəxs o gəlmə kişinin oğlunun qiyafəsində imiş. Bədbəxt adam Ərməni görcək oğlunu tapdığını zənn edir.
–Sən bunları haradan bilirsən?
–Zərdüştün həmsöhbətinin təəccübdən gözləri böyüyür. Zərdüşt ona məhəl qoymadan davam edir:
–Sonra Ərmən Gəlməyə belə deyir:
–Mən sənin oğlun deyiləm.
–Bəs sən kimsən, a bala?
–Gəlmə sidq-ürəklə təəccüb edir.
–Mən öz doğma oğlumu tanımaz olurmuyam? Bu nə cür danışıqdır sən danışırsan? Bunları deyə-deyə Gəlmə üzündə acizanə yalvarış ətrafındakı adamlara baxıb yaşlı gözlərilə onlardan imdad istəyir. Amma ətrafda heç kim cəsarət edib bir kəlmə danışa bilmir. Hətta Cadugər belə çaşqınlıq içərisində susub qalır.
–Mənim kim olduğum sənə, bax, bundan bəllidir.
–Ərmən ağ köynəyinin sağ qolunu çırmayır və bu zaman dirsəyindən yuxarıda qoluna basılmış işarəti Gəlməyə göstərir. Bu tanış işarəti görən kimi Cadugər bu dəfə üzüqoylu olub Ərmənin qarşısında yerə sərilir və tərpənməz qalır. Yenə bir müddətdən sonra Ərmən Cadugərin beyninə “Qalx ayağa!” əmrini göndərir, bundan sonra Cadugər yavaş-yavaş,əlini yerə dayaq verib qalxır ayağa, amma yenə birmüddət maddım-maddım baxaraq Ərməndən gözünü çəkə bilmir.
–Bəs sən bunları haradan bilmisən? Sən ki orada yox idin?!
–Zərdüştün həmsöhbəti yenə də ondan böyük bir maraq içində soruşur.
– Sənə mən bu barədə heç bir şey deməyəcəyəm.– Zərdüşt yavaş səslə, amma qətiyyətlə cavab verir. –Davam edim, yoxsa… Ərmən görür ki, ətrafdakı adamlar Cadugərin onun qarşısında bu cür diz çökdüyünü görəndən sonra ona qorxu içində baxmağa başladılar. Bu zaman Ərmən başa düşür ki, bu kənddə o artıq qala bilməyəcək… Zərdüşt nəfəsini dərir. Düşüncələri yenə onu uzaqlara aparır. Son dəfə Ərməni gördüyü günü xatırlayır. Payız idi. Zərdüşt yorulmuş bir halətdə böyük bir qarağacın altında əyləşib çiynini ağacın gövdəsinə söykəmişdi. Bu qarağac yaşıllığı isti yaydan qalmış canlı budaqlarını çətir edib Zərdüştün üstünə tutaraq onu leysan kimi yağan yağışdan qorumaq istəyirdi. Gözlərini yumub ləzzətlə dincini alan Zərdüşt birdən gözünü açıb yanında peyda olmuş ağsaçlı, bığı-saqqalı ağappaq, amma xeyli cavan çöhrəli biradam görür. Bir xeylaq Zərdüşt diqqətlə bu adama,bu adam da Zərdüştə baxa-baxa qalırlar.
–Sən ömrün boyu məni axtara-axtara qalmısan,bilirsən?!
–Nəhayət, cavan çöhrəli, ağ saqqallı buadam Zərdüştdən gözünü çəkib Qarağacın yarpaqlarından ağır-ağır süzülən qara və ikicanlı yağış damlalarına ötəri nəzər yetirib dillənir. Zərdüşt bir daha bu adamı diqqətlə süzür. Onun səsindəki qəribə bir ahəng Zərdüştü xeyli həyəcana gətirir. Boğazına nədənsə qəhər dolur. Hətta az qalır gözündən yaş dagəlsin. Bu zaman leysan kimi yağan yağış birdən kəsir. Yağış kəsən kimi Zərdüşt yanında oturan cavan çöhrəli bu adamın kim olduğunu anlayır. O adam Zərdüştə bir daha bunları deyir:
–Həmişə məni axtarmısan, amma onu tapmısan.Sən adamlarda mənə qarşı kin, nifrət yaratmısan. Mən … Sənə bu barədə danışmaq belə istəmirəm… Mən, əslində, səni cəzaya düçar etməliyəm, amma niyə bunu etmirəm, özüm də bilmirəm. Hanı, hardadır sənin havadarın, xeyirxahın? Bax, mən burdayam. Mən səni, nəhayət ki, bu Qarağacın altına salıb təkliyinin canını ovcumun içində sıxdım. Bəs o haradadır və o niyə səni təkliyinin içinə buraxdı? Mən axı səni çoxdan, lap çoxdan ovlayıram, bunu o da bilir. Hanı o, Zərdüşt, sən mənə deyə bilərmisən, hanı o?.. Sən kionu bu qədərinə sevirsən… Amma hanı o?.. Zərdüşt bir cavab tapa bilmir ki, Ərmənə verə. Özündən ixtiyarsız gözləri yaşla dolur və Zərdüşt başlayır ağlamağa. Səssiz-səmirsiz bir xeyli gözlərindən yaş axır üzünə, üzündən də saqqalına töküldükcə tökülür. Əlinin dalı ilə gözlərini bərk-bərk siləndən sonra bir də baxır görür ki, Ərmən artıq yanında yoxdur. Qarağacın altında Zərdüşt beləcənə bir xeyli vaxt tək-tənha oturub dərin fikirlər aləmindən ayrıla bilmir…
–O bir daha gəlməyəcək… –Zərdüşt üzünü çöndərib son dərəcə böyük maraqla ona qulaq kəsilən kəndliyə birdən xüsusi bir diqqət ilə baxır. –Səndən bir şey soruşmaq istəyirəm.
Sonra da kəndlidən cavab gözləmədən sualını verir:
– Oğlunu itirmiş o kişi oğlunu tapdımı?
– Bəli. Ərmən yoxa çıxan kimi əziz oğlum o dəqiqə yanımdaca peyda oldu. – Deməli, o kişi sən idin… – Zərdüşt bu dəfə sual vermir, elə bil xəyal içində öz dediyini təsdiq eləyir.
– Mən idim… – Kəndli cavab verir.
Daha bunlardan heç biri o birisinin sükutunu pozmur. Arabir uzaq, boz və quru dağlar tərəfdən heysiz, zor-güc bura gəlib çatan qartal qıyına, hərdən də onlara qarışan cırcırama səslərinə qulaq verə-verə hər ikisi bir xeyli zaman kirimişcə yol kənarında üz- bəüz, diz-dizə oturmaqlarına davam edirlər.
Şərh yoxdur