Aləm dağılırdı. İsti otaqda oturub tənbəl-tənbəl bayırdakı qara, şaxtaya, çovğuna baxaraq o, belə düşünürdü: “Əlbəttə, son zamanlar mövsümlər bir-birinin içinə girib. Qışda yay, yazda qış, payızda yay… adi hala dönüb. Təmiz yay, təmiz payız, təmiz qış axtarıb tapmaq mümkün deyil. Bu gün isə maraqlı istisnadır. Fəsil qış fəslidir. Hava da əsl qış havasıdır. Çoxdandır, bu cür uyğunluq yox idi. Əsl tarazlıq günüdür. Nə isə baş verəcək”.
Elə bu tarazlıq günündə Yasin qəfildən anladı ki, uzun zamandan bəri ona rahatlıq verməyən, qeyri-müəyyən ağrısı canına, ruhuna acı və əzab gətirən o hissin adı nəymiş. İndiyənə qədər bu acıyla mübarizə aparmaq onun üçün çox ağır idi. Ona görə ağır idi ki, əvvəllər o bu hissin adını bilmirdi. Özünü qaranlıq otaqdakı kimi köməksiz hiss edirdi. İndi isə bu ad artıq məlumdur. Bu qorxulu adı öz kövrək qanadlarında pəncərənin o tərəfində küləyin atıb-tutduğu, heç cürə yerə düşüb ərimək istəməyən qar dənəsi gətirdi.
Hissin adı nifrət idi.
Birdən-birə əti ürpəşdi. İlk ağlına gələn fikir bu oldu: “Ola bilməz! Nifrət hara, mən hara?! Bir Allah bəndəsinə yaraşan hiss deyil bu”. Amma özü də get-gedə daha artıq əmin olurdu: bu elə belədi ki, belədi. Ən azından ona görə belədi ki, bu söz ona görükəndən sonra birdən-birə bütün canına, ruhuna bir rahatlıq yayıldı. O başa düşdü ki, bundan belə yaşlılıq həyatının yeni bir dönəmi başlayır. O bu sözlə, əlbəttə ki, sözün özü ilə deyil, sözün gətirdiyi anlayışla, yox, yenə də dəqiq olmadı, bu anlayışın adı olduğu hislə dostluq və dinc anlaşma şəraitində yaşamalıdır, yaşamağa məhkumdur.
Bu hissin rəngi də vardı. Gözdincəldən bir rəng idi. Rəngi ağ, yox, buna ağ demək çox azdı, ağappaq idi. Pəncərədən baxdığında uzandıqca uzanan “o tərəf”in eyzən büründüyü rəng kimi.
O heç kimi sevmir, sevə bilmir. Bu ki əsl bədbəxtlikdir. Belə yaşamaq olarmı?! Olmaz! Amma hələ harasıdır?! Allah, Allah, dəhşətlisi də elə budur- çünki səbəbi yoxdur, o ki, hamıya – təkcə insanlara, yox, hamıya, bütün canlılara nifrət edir. Bunu kim ona desəydi, inanmazdı, gülərdi. İndi isə zərrə boyda qar dənəsi onu buna inandırmışdı. Həyəcandan ürəyi hövr elədi, hətta ağlamsındı belə, istədi, özünəyazığı gəlsin, gəlmədi. Bəli, bu minvalla ağ pambığ tarlasına çevrilməkdə olan dünyanı pəncərədən seyr edə-edə son zamanlar bütün ruhuna hakim kəsilən o nifrət hissinin artıq əsl sahibi olduğunu Yasin, elə indi, nəhayət ki, birdəfəlik anladı.
Həşərat, həşərat… Bir belə həşərat?! Niyə hamı bu qədər uzaq, bu qədər yad, bu qədər soyuq və mənasızdır?! Niyə o, elə bil, başqa planetdən gəlib, bu adamlarla heç bir mənəvi bağlılıq hiss eləmir, varsa da üzülmüş sap kimidir bu bağlılıq?! Gözünün qabağında kiminsə canı çıxa, acımaz! Niyə, nə üçün onun ürəyi beləcə daşa dönüb, hətta o özü özü üçün bu qədərinə tanınmaz olub?! Necə gəldi, necə çıxdı belə bir hala, necə oldu ki, bu boyda kin, nifrət çanağına döndü – o bunu xatırlamır.
Amma yox. Xatırlamır, ancaq bilir. Artıq bilir. İllərlə içində boğub zərrə-zərrə, qarış-qarış gizlinə qovduğu ən xırda anlaşılmazlıqlar, umu-küsülər, narazılıqlar bulaqlar kimi nəhəng bir daşdan sızıb-sızıb bir böyük dənizə – nifrət dənizinə çevrilibmiş. Solmazmı? Solmaz! Əlbəttə ki, elə bircə bu yaşılgöz “sona” bütün qadınlara və qadınlığa nifrət etməyin tək bir səbəbi ola bilər.
Yarım saat əvvəl Solmaz ona zəng eləmişdi:
– Canım-gözüm, başımın tacı, necəsən? Bu soyuqda neynirsən? Evin istidimi? Yeməyin varmı? Tənbəllik eləmə, gəlirsən, dur gəl bizə. Anam düşbərə bişirib…Yox, yox, nə deyirəm mən, gözümün işığı, sən bu havada evdən eşiyə çıxma, istəyirsən, mən sənin yanına gəlim? – Solmaz dil töküb yarızarafat, yarıgerçək az qala yalvarırdı.
Yasin susurdu.
Solmaz həmişəki kimi əl cəkmədi:
– Niyə susursan? Danış da, canım-gözüm, mənimlə. Darıxmışam e, səninçün. Sən… darıxmısan sən də? Nolar, demə də, hər şeydən zindeyi-zəhləm gedir, bu gün bu sözü demə… Gəlim?
Nəhayət, Yasin bütün bu suallara bircə kəlmə ilə cavab verdi: “Yox!”
Yasin cavab verib telefonun dəstəyini yerə qoydu. Belə hallarda həmişə dalbadal zəng eləyən Solmazdan bu dəfə səs çıxmadı. Otağı yenə də ölü bir sükut bürüdü. Qulaqlar cingildədi.
Bu sükutda rəisi Həmidağa müəllim gəlib yadına düşmədimi, düşdü. Son zamanlar Solmazla olan hər söhbətdən, hər görüşdən sonra gecə vaxtı ulduzlu göydə ay yada düşən kimi Yasin də bu kişini yadına salırdı. Gəmilərin təmiri idarəsində Həmidağa müəllim hörmət və izzət sahibi idi. Yasin bir dəfə gecə vaxtı Solmazı öz evlərinin yanında onun maşınından düşən yerdə görəndən sonra Həmidağa müəllimin üzünə baxa bilmirdi, iyrənirdi. Elə bil, kişinin ona borcu vardı, ya da söz verib əməl eləməmişdi…
Üçü də bir idarədə işləyirdi. Bəlkə təsadüfən bu hadisə baş vermişdi?! Burda ayıb axtarmağın bir mənası vardımı?!Bəlkə heç kimin heç bir günahı yox idi?! Bəlkə yox, yəqin ki, bu elə belə idi. Yasin məntiqlə bunu başa düşürdü. Solmazın ona münasibətinə də inanırdı. Amma yenə də əlində deyildi. Unuda bilmədiyi bir şey vardı. O zaman tində daldalanan Yasin acı-acı baxıb görmüşdü ki, Solmaz Həmidağa müəllimin maşınından, “elə bil ki”, gizlənə-gizlənə çıxır. Tələsik də gedib sağa-sola baxmadan həyətlərinə girmişdi. Şübhəliydimi, bəlkə də. Hər halda Yasinə bu, belə görünmüşdü.
O gecədən sonra təkcə Həmidağa müəllimdən deyil, bütün o yaşda olan, Həmidağa müəllim isə onlardan xeyli yaşlı idi, və vəzifəcə ondan imkanlı adamların hamısından acığı gəlməyə başladı. İçini qurd gəmirirdi. Əzabının həddi-hüdudu yox idi. Bu əzabı çəkməməyin yolu yox idimi, əlbəttə, var idi.Amma o bu yolu özü üçün tam qapamışdı. Bunun ən asan yolu məsələni açıb Solmazdan soruşmaq idi. O isə bilərəkdən bunu Solmazdan soruşmurdu. Sadəcə, içindəki iniltili, üzücü səsi dinləyirdi. O səs mişar kimi kəsirdi. Mişar səsi bir müddətdən sonra onun qulağında yavaş-yavaş doğma bir musiqi səsinə döndü. Yasinə bu zaman elə gəldi ki, o,əzab çəkməyin özündən zövq almağa başlayıb.
Daha kimlər var? Çox adam var. Qohumlar var, qonşular var, yaxınlar, uzaqlar, tanışlar, bilişlər… var. Hamıdan ona mənfi energiya gəlir, hamıdan. Hər kəs, elə bil, öz ruhunun ən çirkli, ən ağır yerini onun üçün saxlayır, ona ötürür. O isə… O da cavabsız qoymur bütün bunları. O da elə-belə nifrət etmir dörd ətrafına. Onun cavabı onun nifrəti idi. Sən demə, bütün bu zəhlə getmələrin, acıq gəlmələrin hamısının onun indiyənədək tanımadığı bir ümumiləşmiş adı var – nifrət!
Yox, nifrət yox, NİFRƏT!!
Yasini qorxudan məsələ tək bu deyildi. Adamlar, yaxşı, bu, aydındır. Bunu hardasa anlamaq olar. İtlərin, pışıklərin bəs nə günahı?! Onlara da axı nifrət edirdi. Quşlar, istər səs salsın, istər uçsun, istər budaqda otursun, onu ancaq əsəbiləşdirirdi. Toyuq-cücə səsi onu özündən çıxarmaqla məşğul idi. Hələ it hürüşü, pişik miyoltusu lap dəli edirdi.
Yasin oturduğu yerdəncə pəncərədən o tərəfdə lopa-lopa yağan qara baxıb düşündü: “Bəlkə mən, həqiqətən, dəli oluram, axı bu, deyəsən adi əsəb pozuntusuna oxşamır…”
Beynindən “pişik miyoltusu” sözləri keçmişdi ki, sükut pozuldu, oturduğu yerdəcə Yasinin qulağına bayırdan səs gəldi. Uşaq səsinə oxşadı. Kim idisə ağlayırdı. Özü də elə-belə ağlamırdı, zar-zar ağlayırdı. Əvvəlcə fikir vermədi. “Ölsün, kimdisə ölür, ölsün. Ruhum da inciməz. Mən zalım adamam…”
Səs isə kəsilmir, getdikcə güclənirdi. Yasin hiss elədi ki, onsuz da yorğun əsəbləri yenə də gərildi və o, daha yerində otura bilməyəcək. Nəhayət, dözməyib ayağa qalxdı, pəncərəyə yaxınlaşdı. Diqqətini cəmləyib pəncərədən bayıra baxdı, nəsə seçməyə, səsi “axtarıb tapmağa” çalışdı.
Qar bütün ətrafı ağappaq, yupyumşaq örtüklə örtmüşdü. Dünyanı kiminsə gözündən gizlətmək istəyirdi. Təkcə onun yaşadığı evin qarşısındakı min ilin qoca qarağacı idi, qarı yaxın buraxmırdı. Onun nəhəng gövdəsi, ayrı-ayrı qalın budaqları qışın bu qış vaxtı öz ağac rəngini hələ də qoruyub saxlamışdı. Bu nəhəng ağacın ancaq üst budaqları orda-burda çətir kimi qarla örtülüydü.
Yasin gözlərini qıyıb uşaq ağlamasının hardan gəldiyini axtara-axtara gözü Qarağacın hündür budaqlarının birində büzüşüb oturmuş və ehtiyatla ora-bura boylanan qara bir pişik balasına sataşdı. Uşaq səsini bu pişik balası çıxarırdı. Pışıklər adətən miyoldar, bu isə əsl uşaq səsi ilə ağlayırdı. “Ay səni görüm, təpəsi üstə yerə gələsən, sənin orda nə işin vardı ki, indi də belə yalvarırsan?!”
Ağaca bəlkə də sərçə dalınca çıxıb bir-birinə möhkəmcə sarmaşmış qol-budaqların əyri-üyrü dolambacları arasında geriyə yolunu azmış bu balaca pişik balası hərdən budağın üstündən aşağı tullanmaq istəyir, ehtiyatla bütün bədəni ilə üzü aşağı gərilir, öz aləmində nəyisə ölçüb-biçir, amma tullanmırdı, məsafə böyük idi deyin, geri çəkilirdi. Yenə başlayırdı zarımağa.
Yasin pəncərədən çəkilib yerinə oturdu. “Təklik. Ancaq təklik. Hər şeyin dərmanı təklikdir. Heç kimi görmək istəmirəm. Hamıdan zəhləm gedir. İşdən də, nəhayət, çıxmaq vaxtıdır. Bəsdir, səhər-axşam bunların simasız simalarına baxdım. Adamın ürəyi bulanır.”
Əti ürpəşdi, elə bildi, əlində qurbağa tutub saxlayıb. Bir anlıq irəlidə, yaxın bir zamanda heç kimi görmək məcburiyyətində qalmayacağı o gözəl günlərini xəyalında canlandırmağa çalışdı…
“Nə kişi kimi kişidirlər, nə arvad kimi arvad. Elə bil, dünyanın axırıdır, elə bil, hamı son gününü yaşayır. Bunların toy məclisləri, bunların yas məclisləri… Bunların yolda dəli kimi maşın sürməkləri, bunların bir-birilə anqıra-anqıra danışmaqları… Bunların pışikləri də körpə uşaq kimi ağlayıb sısqayır, bunların adamları da işləri düşəndə ilan dili çıxarır, amma işləri düşməyəndə yanından elə keçir ki, elə bil, Şah Abbasın nəvəsidi. Babaları Babəkdi, Şah İsmayıldı, Koroğludu. Öz babalarını unudublar, ya da öz babaları kökündən olmayıb. Əməlləri göz qabağında. Hər biri ürəyində o birini söyür, hər biri o birinə paxıllıq edir. Naşükürlük, mərdiməzarlıq alınlarına yazılıb. Burunlarının ucundan o tərəfi görmürlər. Ən qədim tarix bunlarındır, ən qədim dil bunlarındır. Adamın əti tökülür. Dəyər adına bir dəyər yaradıblarsa o da dilləridir. Başqa şey deyil. Bu dilin də ən gözəl, ən əxlaqlı sözü “ayıb” sözüdür. Bunlara tanış olmayan, amma çox yaraşan “ayıb” sözü. Belə də dərd olar?!”
Ürəyində özü-özü ilə danışa-danışa Yasin bir də gördü ki, həyətdə, qarağacın altında durub, özü də soyuqdan tir-tir titrəyir.Pışık balası, doğrudan da, çox hündür bir budaqda azıb qalmışdı. Geri də qayıda bilmirdi, aşağı da tullana bilmirdi. Özü də bu pişik balası qara deyildi, üçrəng idi. Sarı, ağ, qara rəngləri vardı.
“Deyirlər, üçrəng pişik xoşbəxtlik gətirir. İndi biz bunu görərik.” – Yasin düşündü.
Qarağaca qalxmaq üçün uşaqlıqda ağacın gövdəsində oyulmuş ayaq yerləri unudulmamışdı, təpəsinə qədər dəfələrlə dırmaşdığı qarağacın, tanış gövdəsini qucaqlayıb ən etibarlı dost kimi üzünü onun qabarlarına dayadı, soyuqdan əsim-əsim əsən barmaqlarını əvvəlcə ağacın gövdəsinə sürtüb-sürtüb tumarladıqca yanağına, barmaqlarına istilik gəldiyini hiss elədi, qanı qaynadı. Qarağac dərin bir yuxuda idi, elə yuxudaca mürgülü-mürgülü xışıldadı.Yasin dərindən bir köks ötürüb aramla, yavaş-yavaş, çətinliklə də olsa, ayaqlarını haman deşiklərin birinin içinə salıb o birindən çıxara-çıxara pışıyk balasına tərəf yuxarı dırmaşmağa başladı. Bu zaman pişik balası zarımağını kəsib diqqətlə ona baxdı.
“Bu ola bilməz, bu, mən deyiləm, bu, mən ola bilmərəm. Axı, mən canlı olan hər şeyə nifrət edirəmsə, hər şeydən bezmişəmsə, hansı ağılla bu iyrənc pişiyin dalınca…”
Pişik balasının qısılıb büzüşdüyü budağa çatmağa lap az qalırdı. Ayağının birini ağacın gövdəsindən ayırıb yaxındakı budağın üstünə qoydu, yenə “ah” çəkib nəfəsini dərəndən sonra ağırlığını salıb o biri ayağını da bu birisinin yanına gətirmək istəyirdi ki, soyuqdan buz kimi olmuş budağın üstündə ayağı xapdan sürüşdü. Qeyri-ixtiyari əlini üçrəng pişik balasına sarı atdı. Amma yox. Bu dəfə ayağıyla hövlnak, kor-koranə axtardığı hansısa quru budaq şaqqıltıyla ayağının altındaca qırıldı və o,göz açıb yummağa macal tapmamış içi dolu un tayı kimi “gup”, arxası üstə yerə, qarağacın altına yıxıldı. Heç bir ağrı hiss eləmədi. Yerə yıxılmağıyla Yasinin canını tapşırmağı bir oldu. Üçrəng pişik balası cınqırını da çıxarmadı, ona elə gəldi ki, bütün bunlar əvvəlcədən elə bu cür də nəzərdə tutulub.
Sonrası heç kimin yadında deyil.
Şərh yoxdur