Loğman Rəşidzadə

(Xalq yazıçısı Kamal Abdullanın realizmi, modernizmi, postmodernizmi)

Fərhad Qürublu artıq Xeybər babanın üzünü görməsə də, nədənsə əmin idi ki, yağışın altında bu əyri-üyrü küçə ilə axsaya-axsaya, tələsik yol gedən ağ saqqallı deyingən qoca kişi və indi onunla yanaşı bu taxtda oturan, ağır nəfəsini bihuşdarı kimi hiss etdiyi, gözəl təbəssümü ilə onun qaysıları yeməyinə təqdir ilə nəzər yetirən və bu zaman uzun saqqalını sağ əli ilə tumarlayan Xeybər baba eyni adamdır”. Başqa cür ola bilməzdi. Dünyanın məşhur kitabxanalarında rast gəlinməyən belə bir nadir əlyazma Mərdəkanda nə gəzirdi? Əlyazmanın əsl sahibi Səyyahdır. O da Xeybərdir. Demək, əlyazma əsl sahibindədir.

       Bu, paralel dünyalar haqqında təkcə düşüncələr yox, həm də informasiyalardır. Eyni vaxtda bu dünya o dünyaya köç edir, o dünya bütün yır-yığışı, barxanası ilə bu dünyaya gəlir. Dünyaların eyni zaman müstəvisində oturuşu, bir-birinə keçidi ruhi halət, hallünasiya yox, real məntiq daşıyır, fizika hadisəsi kimi təlqin olunur. Paralel dünyaların mövcudluğu, onların bir-birinin içində yaşaması, bir-birini şərtləndirməsi metafizik anlamla reallıq müstəvisində baş tutur. Oxucu paralel dünyaların varlığına inanır, özündə, öz üzərində, öz yaşam fəlsəfəsində, hətta bunu sınayır və dərinə gedib gah o dünyada, gah bu dünyada paralel olaraq öz həyatını qurmaq gücü tapmağa çalışır. Yazıçı, oxucunu kosmik aləmin harmoniyasına cəlb edərək beləcə, mənəvi və ruhi reabilitasiyaya hazırlayır.

       İnsanın ikiləşməsi, paralelləşməsi, yaşam standartlarından kənara çıxması Şah İsmayılın simasında (“Yarımçıq əlyazma”) daha real, cismani, praktik şəkildə çözülür. İlk baxışdan tarixi faktlar deformasiyaya uğramış kimi görünür. Amma bunlar deformasiyadan, təhrifdən daha çox yazıçının bədii fəlsəfəsinə xidmət edən dekonstruksiyadır. Hüseyn bəy Lələnin axtarıb tapdığı Xızır Şah İsmayılın eyni oxşarıdır. Və ilk baxışdan siyasi-mistik səciyyə daşıyan bu akt sonralar yenə də yazıçı idealı olan paralel dünyalar anlayışının predmetinə çevrilir. Şah İsmayıl özü də bu aktı ilk növbədə siyasi gediş kimi izhar edib. Lələyə deyir: “Əsas məqsədimiz mənim eyni zamanda iki başqa-başqa yerdə olmağıma camaatı, saray əhlini, uşaqdan böyüyə hamını inandırmaqdı”. (“Yarımçıq əlyazma”). Siyasi məqsəd müstəvisində deyilən bu sözün özündə də bir insanın eyni zamanda paralel dünyalarda zühur etmək imkanına malik olması ideyası durur. Yazıçının məqsədi də obrazı ikiləşdirməklə paralel dünyalara qovuşdurmaqdır.

       Şah İsmayıl Çaldıran döyüşünün şirin bir çağında Xızırı çadırda, öz əvəzi kimi, qoyub özünü döyüşə vurur və qeyb olur. Son anda səsi gəlir və sevdiklərini qovuşduğu yeni dünyaya səsləyir: “Hamı səni sevənlər, burdadır”, – deyir. On il oxşarı Xızır onu şah kimi əvəz edir. Və sonda Lələ bəy onu tanıyıb yalançı şahı öldürür. Taclı xanımın yuxusunda da bu məna qorunur. Taclı xanım yuxusunu şaha – Xızıra danışır. Deyir ki, yuxuda gördüm sən göyün yeddinci qatından məni çağırırsan. Deyirsən: “Gəəl, gəl bura, bilsən buralar nə qədərinə gözəldir. Hamı səni sevənlər burdadır”. Xızır düşünür ki, əsl şah da qeyb olanda belə çağırmışdı. Və nəsə baş verəcəyini kəsdirir. Eləcə oxucu da bu ovqatda köklənir.

      Şah İsmayılın Çaldıranda qeybə çəkilməsi faktında mistika ilə məntiq iç-içədir. Doğrudan da tarixi faktlara əsasən, Çaldırandan sonrakı Şah İsmayıl nə xaraktercə, nə davranışca, nə psixoloji durumunca əvvəlki Şah İsmayıl olmamışdır. Sanki mistik bir röyada yaşayan şah yalnız şeir yazıb istirahət edirmiş. (Eləcə, “Yarımçıq əlyazma”da da Şah İsmayıl yox, Xızır şair kimi göstərilir). Bəs 14 ilə 14 məmləkət fəth etmiş şah hara getmişdir? Yazıçı burada da paralel dünyalar anlayışı ilə həqiqi, real dünyanın məntiqi mənalarını bədii cəhətdən yozmağı ustalıqla bacarmışdır.

     “Qərar” hekayəsində cəllad Məmmədqulu mistik mənada deyil, praktik, real ikiləşmə yaşayır. Anasını və onun aşnasını öldürəndən sonra könüllü olaraq şahın cəlladı işləyən Məmmədqulu sanki kəsdiyi başlarla öz kəm taleyini ovundurmuş, hamıdan, hətta özündən də intiqam almağa başlamışdır. Sonra isə sevir – əvvəlcə Şahverəni, sonra Pərnisəni. Məhəbbət onu tamam başqa adam edir, onda ikinci mən yaradır, bundan sonra əli cəllad baltasına da yatmır. “…Kənardan baxan olsaydı belə anlardı, elə bilərdi ki, cəllad Məmmədqulu deyil bu sözlərin sahibi, kimdisə, nəçidirsə Məmmədqulunun içində oturan başqa adamdı…”.

       Yazıçının “Son gəliş”, “Çil-çil toyuq”, “Mənə uçmağı öyrət”, “Labirint”, “Kölgə”, “Platon deyəsən xəstələnib” və başqa əsərlərində də eyni əhval-ruhiyyə hakimdir.

“Korneliusun ölümü”ndə də belə olur. Müxtəlif zaman, məkan, fərqli şərait… Lakin eyni proseslər. Real aləmin sərt ab-havası və metafizikanın cəlbedici kəhkəşanları… Korneliusun həyatı göstərir ki, dünyaya həmişə elə insanlar lazımdır ki, tarixin küt, yeknəsəq özünütəkrarında da bir məna tapa bilsin, ilahi müdrikliyə mənəviyyatla yüksəlsin, əxlaqi adi davranış normalarına çevirmək üçün nadanların qaba zorakılığından da bəşəriyyətin xeyrinə istifadə edə bilsin. Qədim inancı xatırlasaq deyə bilərik ki, belələri öləndə də başqa bir paralel dünyaya köç edir, başqa sözlə, dünyasını dəyişir. Hekayədə deyildiyi kimi: “Səhv, yanlış… Dərindən baxanda bu, nədir? Başqa paralel dünyaya getməyin yeganə yolu… Axı həyat təkcə bu dünyadan ibarət deyil”. Və sonda ölmüş Kornelius Hacı Mirzə Həsən ağa Səyyah cildində başqa bir paralel dünyaya üz tutur: “…Evdən bir adam çıxıb yağan qar lopalarının arxasıyla qəribə bir yerişlə, dövrə vura-vura uzaqlaşır və gözdən itir. Bu, səyyahdır...”. Dövrə vurmaq… Bu da əbədiliyin işarətlərindəndir. Bəşəri və dünyəvi energetika, atomların Kvant Dolanıqlığı, əbədi hərəkətin spiralvari şəkli və s…. Ümumiyyətlə, kainatda düz birxətli hərəkət və sürət yoxdur… Ən adicə, avtomobilin təkərləri fırlanaraq sürət yığır…

***

      “Yatmış divi oyatma” – deyirlər. Hər bir yuxu özü də yatmış div timsallıdır. Yuxu reallığın deformasiyaya uğramış interpritasiyasıdır. İnsan şüurunun təhrif olunmuş, yaxud da arzulara, paralel dünyalara köklənmiş vasitəsidir. (Bəlkə də, daha dəqiq proyeksiyasıdır?). Başqa sözlə, yuxu əslində insan həyatının paralel dünyalar trayektoriyalarında fırlanan peykdir. Biz öz yuxularımızda yaşamağa məhkum olduğumuz qədər həyatımızın da ondan kənarda yarımçıq və natamamlığını daim hiss edirik. Biz yuxularımıza bağlıyıq, möhtacıq. Yuxular bizim ikinci parçamız, paralel dünyalara aparan bələdçimizdir. Yuxularımızda daha çox müdrikik, daha çox cəsarətliyik, çoxcəhətliyik və çoxplanlıyıq, daha çox “Möhtəşəm Ahəng”in içindəyik. Bir anca aləmləri dolaşır, bir dünyadan başqa dünyaya uçur, müxtəlif cildlərə, formalara girə bilirik. Başqa svilizasiyalara səyahət edir, sifətdən-sifətə, şəkildən-şəklə dəyişirik, bir sözlə, bütöv harmoniyada tam azad yaşaya bilirik. Bu, bizim rasional dünyada arzuladığımız, lakin ritminə düşə bilmədiyimiz kvant ahənginin virtual yaşantısıdır. (Və yəqin ki, insanlar nə vaxtsa inkişafın müəyyən mərhələsində bunu öz rasional həyatlarında da sınaqdan çıxara biləcəkdir. Çünki yuxularımızda zamanın sürətini alır, onun içində oluruq. Zamanın sürətinə uyğunlaşma əslində paralel dünyalara girə bilmə anıdır). Bundan başqa, yuxularımızda, görünür beynimizin imkanlarından da daha intensiv və məhsuldar istifadə edə bilirik. Odur ki, yuxuda seyri-aləm kifayət qədər adiləşir,

yuxu paralel dünya anlayışının ən real simptomlarından biridir. Və Kamal Abdulla yaradıcılığında yazıçı məqsədinin bəyanı üçün bu anlam çox ciddi bədii vasitəyə çevrilir.

       Dədə Qorqudun yuxuları bu mənada çox önəmli tutalqa verir. Dədə öz fövqəladə yuxusunu Xana danışır. Bəkil ovda ayağını əzib evdə ölümcül yatdığı zaman Qara Təkur fürsətdən istifadə edib Diş Oğuza basqın edir. Bəkilin sütül oğlu İmrancıq məcburiyyət üzündən düşmənə yeriyir. İmranın Qara Təkur önündə yendiyini hiss edən, hətta açıq-aşkar görən ana – Sürməlicə Çeşmə xatun Dədə Qorqudu haraylayır, oğlunun dadına yetməyə səsləyir. Dədə Qorqud bütün bunları öz yuxusunda görür. Yuxu apaydın reallıq təəssüratı yaradır. Dədə nəql edir: “Xanım, elə uyqunun içindəcə mən bu xatunun gözlərinə görünən vaqeəni seyr etməyə başladım. Bəkilin gənc oğlu İmrancığı Qara Təkurun qabağında diz üstündə çökmüş gördüm. Oğlanın başı sinəsinə enmiş, Təkurun qılıncı sıyrılıb göyə qalxmış gördüm. Bir onu bildim, şəfqət damarım qeynədi, könlümü – üzümü Nur daşına tutdum: “Ey Nur daşı, daşların əqillisi, daşların sevgilisi, sən sən ol, ol kafirin niyyətini dayandır, oğlanı həlak etmək dilər, qoyma, oğlana möhlət ver, vaqeəni dondur”. Bunu dediyimi gördüm. Anındaca həqqən vaqeə donmuş durdu. Qara Təkurun ancaq gözləri ora-bura fırlaya-fırlaya təəccüb içində qaldı, əl-ayağı tamam dondu. Qılınc da necə qalxıb durmuşdu oğlancığın başı üzərində, eləcə tərpənməz oldu…” (“Yarımçıq əlyazma”).

      Sonra İmran Dədənin, Nur daşının köməyi, ana xeyir-duaları ilə düşməni yenir. Paralel dünyalar… Onların virtual yaşantıları… Arzuların gerçəkləşməsi… Uzaqdan idarəetmə… Bu gün də müasir ekstrasenslər, gözbağlayıcılar, sehrbazlar belə seanslar icra edir, maraqlı proseslər ortaya qoya bilirlər. Bu, qeyd etdiyimiz kimi insanın sonsuz potensialından, imkanlarından nə həddə istifadəsinə bağlıdır. Maraqlısı budur ki, Qorqud vaqeəni oğlanın anasının gözlərində görür. Bu, əslində ana qəlbindən, ana şüurundan ötürülən işıq şəklində reallaşan paralel dünyanın konfiqurasiyasıdır. Ana ruhu, belə çıxır ki, övladla bağlı istənilən paralel dünyaları daha dolğun və aydın əks etdirir.

       Qorqud baş verən real hadisələri vaqeədə, yuxuda idarə edir. Qorqud məqamında vaqeənin donunu açır. Onun duası ilə Nur daşından bir zolaq ayrılıb Qara Təkurun gözlərini qamaşdırır. Qara Təkur sövq-təbii qılıncını atıb ikiəlli gözlərini qapadır. İmran yerə düşmüş qılıncını götürüb cəld kafirin başını kəsir.

       Yuxunun mistik-teoloji estetikası, elmi fəlsəfəsi barədə zaman-zaman fikirlər yürüdülüb, müəyyən hipotezlər söylənilib. Yuxunu kiçik ölüm də adlandıranlar olub, ona insan şüurunun təhrif olunmuş interpritasiyası da deyilib, o, reallıqdan qaçmanın real vasitəsi də hesab olunub. Bütövlükdə götürdükdə isə yuxu sirri-xuda, yaxud sirri-zəmanə olaraq qalıb ki, qalıb. Əsrlər boyu yuxulardan çox yozulan nəsnə olmayıb və onun qədər sirrini gizləyib, yeni düşüncə və duyğulara aparan başqa bir şey də olmayıb. Onun dərkinə say-seçmə intellektuallar da, geniş kütlə də can atıb. Bütövlükdə onu mücərrəd şəkildə qavrayan insanlar, heç cür şərh edə bilməyib. İstisnasız olaraq, duyumsal və antropomorf şəkildə qəbul edilən bu substansiya çox vaxt təhtəlşüur təhlilə tuş gəlib. Hər bir halda yuxularımızın mahiyyəti qaranlıq bir küncdə gizlənərək hələ də sirr dağarcığı olaraq qalır. Bircə şey həqiqətə yaxındır ki, biz, ola bilsin, kvant dalğalarına yuxularımızda daha fəal və intensiv qoşula bilirik. Odur ki, bir anın içində kürreyi-ərzi dolaşıb paralel dünyaları seyrə çıxırıq. Real həyatımızda zamanın sürətindən çox-çox geri qalırıq, daha doğrusu, kvant dalğalanması sferasında olsaq da bu həyatı yaşaya bilmirik. Ətrafımızda gözlə görünə bilməyən o qədər cisimlər, əşyalar, canlı-cansız varlıqlar var ki, biz onları nə görə bilir, nə də onlarla ünsiyyətə girə bilirik. Amma yuxularımızda biz bu aləmləri yaşayır, həm özümüzdən kiçik, həm də azman qüvvələrlə təmas qura bilirik. Görünür, yuxularımızda biz beynimizin imkanlarından daha çox istifadə etdiyimizdən uzaqdan idarə edir, bir anın içində seyri-aləmə çıxa bilirik, Qalaktikanın bizdən çox-çox uzaqda olan məkanlarına səyahət edirik.