Əbülfət Mədətoğlu

“Mənim Füzulim” kitabının işığında

Yeni ilin ilk iş günündə “Ədalət”in baş redaktoru məni iş otağına dəvət edib bir kitab verdi. Elə otaqdaca kitabın adını oxudum və…

Bu kitabdakı esseləri mətbuatda, xüsusilə “Ədəbiyyat” qəzetində oxumuşdum, xəbərim var idi. Amma istənilən əsəri hissə-hissə deyil, bütövlükdə oxuyanda hadisələrin axarına uyğun olaraq əvvəldən axıra kimi müəllifin və elə o əsərin ruhunun da yol-yoldaşına çevrilirsən. Bax, bu mənada mən Füzuli ilə əsrlərə bərabər bir yolun başlanğıcından bu gününə qədər çox ləngərli, çox tutumlu, hətta mən deyərdim bəzən də dizlərimi titrədib, ayağımı büdrədən bir yolçuluq edəsi oldum. Bu yol- yoldaşlığı tam səmimi deyirəm, mənə, düşüncələrimə, illah da ki, yurdsuz ürəyimə baha başa gəldi. Amma ağrılara, fikir yükünün basqılarına baxmayaraq, oxudum Füzulini. Özü də öncə adi oxucu kimi, sonra bir addım adilikdən çıxıb dərk etməyə cəhd göstərən, sözə könül verən kimi. Oxudum Kamal Abdullanın Füzulisini! Oxuduqca da Füzulini bu qədər az tanıdığıma, Füzulidən bu qədər az bildiyimə üzüldüm. Çünki…

Düşünürəm ki, müdriklərin dediyi “bilməmək eyib deyil, öyrənməmək eyibdi” kəlamı indi mənim əlimdən tutacaq. Və bu kəlam məni həm də dərindən bilmədiyim Füzuli dünyasına doğru yönəldəcək. Baxıb görəcəm ki, öndə bir ADAM gedir. Həmin şəxs Füzulini söz-söz, misra-misra vərəqləyir. Vərəqlər o qədər səssiz, o qədər ustalıqla çevrilir ki, onu oxumaq, onu izləmək mümkündür. Hələ üstəlik, o çevrilən vərəqlərdə Füzulinin bütövlüyü işığa bürünür. O işıq da Füzuli ruhuyla, cismiylə, sözüylə birlikdə görünür. Göründükcə də sanki ətə-qana dolur… dil açır… və başlayır danışmağa. Danışdıqca da özünü ifadə edir… özünü sərgiləyir… yaddaşa hopdurur… ruha sintez edir… canında Füzuli yenidən dünyaya gəlir…

Bəlkə də sizə qəribə gələcək. Hardasa məni qınayanlar da olacaq. Amma necə deyərlər, vecimə də deyil. Çünki mən ilk dəfə “Deyildim mən sənə mail…” fəlsəfəsini Kamal Abdullanın yozumunda bütünlüklə həzm elədim. Anladım ki, mənim, yəni Füzulinin “sənə mail deyiləm” etirafı adi şeir misrası deyil, adi qəzəl misrası kimi yaddaşa yazılmır. Burda neçə qat dərinlik var… burda neçə qat əlçatmazlıq var… Və mail olmayanın yerlə göy arasında nəhayət ki, tapdığı bir nöqtə var. Ona görə də o, Füzuli fövqüylə, Füzuli hayqırtısıyla çox rahat şəkildə pıçıldayır. Siz o pıçıltıya fikir verin… Deyildim mən sənə mail…

Eşidə bildinizmi? Əgər eşitdinizsə, onda akademik Kamal Abdullayla, daha doğrusu, onun şərhiylə həmfikir olacaqsınız. Necə ki, mən bu pıçıltıdan doğulan, boy göstərən Füzulini bütöv halda gördüm, dinlədim. Həmin o işığın içində bir ağ yol da var idi. Orada hər kəsin getmək istədiyi, amma gedə bilmədiyi, hər kəsin olmaq istədiyi, amma ola bilmədiyi ilahi bir aşiqlik var. O aşiqlik akademik Kamal Abdullanın şərhindən sonra mənə Füzulini ruh kimi göstərdi. Hamıya nüfuz edə bilən, amma hamıda zərrələri olan ruh kimi. Düşündüm və inandım ki, akademik Kamal Abdullanın Füzulini Allah bəndəsi – insan kimi deyil, yerlə göyün arasındakı ruh kimi görməsi ən böyük tapıntıdı. Özü də elə bir tapıntı ki, heç kəsin gedib dönmədiyi, qayıtmadığı fəzadakı boşluqdan da Füzulinin ruhu bizə qayıdıb bizimlə ola bilir. Digər tərəfdən, bu ruh heç kimi usandırmır. Hətta bir aşiq olaraq cəfadan da bezmir, yorulmur. Ona görə ki, o ruhun nəfəsi də, cismi də, yerişi, duruşu, nüfuz etmək qüdrəti də sevgidi!

“Mənim Füzulim”in bir nüansı da mənim yaxamı buraxmır. O da akademik Kamal Abdullanın məni inandırdığı bir gerçəkdi. O gerçəyin adı Füzulinin Səyyah olmasıdır. Elə bir səyyah ki, hər yerə gedə bilir… hər məqamı dəyərləndirməyi bacarır… hər mənzərəni özünə və özünü də ona köçürməyi diqqətindən yayındırmır… Eyni zamanda, bu Səyyah dayanmır, yatmır, dincəlmir. Həyatın özünü də özündə görür. Ona “tən eyləyən” qafili də, onun “əqlini zair” edəni də tanıyır. Bunların heç birinə isə iynə ucu boyda da olsun təpki gəlmir, acı münasibət göstərmir. Çünki o, Füzulidi! İnsan kimi, bəndə kimi çoxdan Yer üzündən köçmüş, amma şeyx kimi, ruh kimi, ŞAİR kimi bütün zamanları keçib gələn və getməkdə də davam edən Füzuli!

Akademik Kamal Abdullanın “Mənim Füzulim” kitabındakı “Deyildim mən sənə mail” essesini oxuyarkən içimdən belə bir fikir gəlib keçdi. Hörmətli Kamal müəllim bu esseni yazarkən həkimlərin istifadə etdikləri maqqaşdan istifadə edib. Sözü, fikri bir-bir, yorulmadan, usanmadan seçib, sıralayıb. Necə ki, sovet dönəmində mətbəələrdə çap sexində hərfləri, durğu işarələrini bir-bir axtarırdılar, seçirdilər. Sonra sıraya düzüb söz, cümlə yaradırdılar. Bax, bu essenin dünyaya gəlişi də mənə o anları xatırlatdı. Çünki mən hər sözdə, hər bir vurğunun altında Füzuli işığını gördüm…

Bəli, bu mənim bir oxucu olaraq Kamal Abdullanın “Mənim Füzulim” kitabındakı ilk esse barəsində yaşantılarımdı. Və vurğulamaq istəyirəm ki, hər gün təkrar-təkrar oxuduğum bu esselərin digərləri barəsində də yaşantılarımı oxucularımla bölüşəcəm.

http://www.adalet.az/w179465/details/#.XlTV7FQzaM8