Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördüncü cildi işıq üzü görüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, kitab müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsərlərindən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalqlarının eposları ilə müqayisəli şəkildə bəhs edən “Gizli “Dədə Qorqud”, yaxud Mifdən Yazıya” kitabı, dastanın poetik özəlliklərini elmi əsaslarla şərh edən fundamental “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası, azərbaycanşünaslığın “Dədə Qorqud” dastanında təzahürünü tapmış sosial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edən “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti və dastanla bağlı elmi-publisistik məqalələri, oçerkləri daxil edilib.

Bu cilddə müəllifin qorqudşünaslıqla bağlı həyata keçirdiyi geniş miqyaslı işlərin və araşdırmaların, o cümlədən “Gizli “Dədə Qorqud” silsiləsinin yalnız bir qismi daxil edilib. Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası dünya kulturoloji fikrinin kontekstində yazılmış bir əsər kimi bu cilddə xüsusi yer tutur.

Kamal Abdullanın ADA Universitetində tələbələrə oxuduğu “Azərbaycanşünaslıq” mühazirələrinin əsasında hazırlanmış “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti IV cildin xüsusi bir bölməsini təşkil edir. “Dədə Qorqud” dastanında bəhs edilən Oğuz cəmiyyətinin sosial, iqtisadi, etnik, dini, milli, siyasi durumu və dövlətçilik düşüncəsi müstəqil Azərbaycanın əsas ideologiyası olan azərbaycançılıq kontekstində təhlil edilir. Ulu öndər Heydər Əliyevin xalqımızın sahib olduğu qədim adət-ənənələr üzərində yaratdığı və bu gün dünyada olan bütün azərbaycanlıları birləşdirən azərbaycançılıq ideologiyasının ilkin rüşeymləri dastan mətnindən hasil edilir və oxucuya təqdim olunur.

Bu cildin son bölümünü təşkil edən məqalələr də birbaşa “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı Kamal Abdullanın müxtəlif illərdə yazıb ölkəmizdə və xaricdə çap etdirdiyi dastan mətninin ayrı-ayrı problemlərindən bəhs edən elmi və elmi-populyar tədqiqlərdir. Bura, həmçinin “Kitabi-Dədə Qorqud” ensiklopediyası”nda Kamal Abdullanın müəllifi olduğu ensiklopedik oçerklər də daxil edilib. Hər bir oçerk dastan mətnində olan və ya mətni anlamaqda oxucuya kömək edən anlayışların əhatəli izahına həsr edilib.

Akademik Kamal Abdulla 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı xüsusi Sərəncamdan irəli gələn tədbirlərin icrasına rəhbərlik edib. Bu cildin məqalələr hissəsində verilən yazı da məhz alman diplomatı və şərqşünası Fridrix fon Ditsin türk dünyası üçün gördüyü misilsiz fəaliyyətə müəllifin minnətdarlığının ifadəsidir.

https://azertag.az/xeber/Xalq_yazichisi_Kamal_Abdullanin_Sechilmis_eserlerinin_dorduncu_cildi_nesr_olunub-1645027