Restoranın geniş və rahat xüsusi zalında oturub böyük bir şövqlə yeyib-içən bu adamların keyfləri kök, damağları çağ idi. Deyib gülməklərinin ardı-arası kəsilmirdi. Sağlıq deyir, qədəh qədəhə toqquşdurur, içkilərini içir, içəndən sonra da ləzzətlə öpüşürdülər.
Zalın bir küncündə milli musiqi alətlərini səsləndirən trio oturmuşdu. «Qarabağ şikəstəsi»ndən «Segah – zabul»a, ordan da «Çırpınırdı Qara dəniz»ə qədər çalırdılar. Oxuyan nədənsə gəlib çıxmamışdı. Ona görə də sözxaric musiqi özünü hara gəldi dürtürdü. Tost deyənlərə hətta tarla kamança astadan züy tuturdu, hərdən bu züyə balaban da qoşulurdu. Məclis məmnun idi.
Məclisin sahibi Əhməd müəllim idi. O, özünün beş nəfər ən yaxın iş yoldaşını Qarabağ müharibəsi zəfərlə bitəndən sonra cəbhədən qayıtmış uzaq qohumu cavan leytenantın görüşünə yığmışdı. Qonaqlıq cavan leytenantın şərəfinə verilirdi. Bu, son səkkiz gün ərzində onun üçün təşkil edilmiş üçüncü qonaqlıq idi. Digər cəbhə dostları da eyni vəziyyətdə idilər. Qohumlar, dostlar, qonşular cəbhəyə könüllü getmiş və zəfərlə qayıtmış bu utancaq, məclisdəki hər hərəkətlərindən ehtiyatsızlıq və peşmançılıq yağan cavan zabit və əsgərlərin şərəfinə qonaqlıqlar verməyi özlərinə müqəddəs borc bilirdi. Məclislər də ki… təbii olaraq, hamısı bir-birinə oxşayırdı – eyni sözlər, eyni baxışlar, eyni hisslər…
On günə yaxın olardı ki, cavan leytenant və onun cəbhə yoldaşları – bu gənclərə səngər dostları da demək olardı – doğma şəhərlərinə geri dönmüşdülər. Onların bir-birini görmək üçün burunlarının ucu göynəyirdi, amma hələ vaxt eləyib görüşə bilməmişdilər. O biri müharibə qaliblərinin də şərəfinə ardı-arası kəsilməyən məclislər düzənlənməkdə idi.
…Əhməd müəllim ayaq üstə tost deyirdi. Kamançanın səsi onu astadan müşaiyət etməyə başladı. Bu səs bəzən zar-zar ağlayan və inləyən insan səsinə yaxınlaşır, sonra ondan uzaqlaşır, amansız və ötkəm əmrlər verən tamam başqa bir səs olurdu. Bu səsi dinlədikcə kamançadan gözünü ayıra bilməyən cavan leytenantın gözlərindən axan yaş yanaqlarındaca iki çaya çevrilmişdi və çənəsinin hər iki tərəfi ilə axıb damla-damla birbaşa süfrəyə tökülməyə başlamışdı. Cavan leytenantın ürəyi sıxıldıqca sıxılır, az qala hövr eləyirdi. Özü də bilmirdi niyə, amma elə bil, onu dərin bir quyuya salmışdılar, oradan çıxa bilmirdi. Birdən o, sərt bir şəkildə əli ilə stolun üstündəki qab-qacağı, badələri stolun bir tərəfinə itələdi. Əllərini eynən səngərdəki kimi daraqlayıb başını əlləri arasına aldı və alnını çirkli süfrəyə dayadı. Hıçqırıq onu boğurdu.
Əhməd müəllim necə ki stolun başında ayaq üstə durmişdu, eləcə də durduğu yerdə donub qaldı. «Mən nə dedim ki, bu adam belə bir hala düşdü?! Bunun birdən-birə belə dəyişməyi nə deməkdir?!» – Əhməd müəllim düşündü. Amma o səhv edirdi. Cavan leytenantı bu halsız duruma salan Əhməd müəllimin sözləri deyildi. Bu sözlər məclisdə hamının ürəyindən gələn sözlər idi: müzəffər ordumuz, igid əsgərlərimiz, zabitlərimiz, qalib Baş komandanımız, düşmən əsarətindən, nəhayət, qurtulmuş vətən torpaqlarımız, şəhidlərimiz, qazilərimiz, arxa cəbhə, Azərbaycan tarixi, ədəbiyyatı… Və daha nələr, daha kimlər…
Əhməd müəllim şövqlə danışdıqca zaldakı musiqiçilər tarda, balabanda, xüsusilə də, kamançada ona züy tutmaqlarında idi. Cavan leytenant da elə bu zaman yanaqlarından biixtiyar axan göz yaşlarını saxlaya bilməmişdi. Kamança sanki tarla mübahisəsini bir tərəfə atıb unutmuşdu, o, daha Əhməd müəllimə də züy tutmurdu, kamança cavan leytenantın gözlərindən axıb gələn damlalara süfrəyə düşmələri üçün qısa yol göstərirdi.
Kamança çaldıqca cavan leytenantın yumulu, qaranlıq gözləri içində tamam başqa bir mənzərə canlanırdı. O səngərdədir, adətkərdə şəkildə başını əlləri arasına alıb gizlətməyə çalışır. Səngərin üstü ilə sağdan sola, soldan sağa mərmilər uçur. Ətrafda bombalar partlayır. Qulağına yenə də haman səngərdəki səs gəlir: «Yat yerə, başını çıxarma. Yenə atacaqlar. Gir səngərə. Hələ tezdi. Əmri gözlə. Əmr olsun, o zaman. Tələsmə. Heç tələsmə!..»
…Kamança yanıqlı-yanıqlı çalmağında idi. Eynən adam səsi idi kamançanın səsi. Özü də səngərdəki səs idi. Başqa səs deyildi. Cavan leytenant buna təəcüb etmədi. O artıq bilirdi ki, ətrafdakı səsləri səngərdəki səslə tutuşdurmağa başlayıb. Dünən də evdə on iki yaşlı bacısının səsinə oxşatmışdı səngərdəki səsi. Və bu tutuşdurma, cavan leytenant bunu da bilirdi, həyatının sonuna qədər onu rahat buraxmayacaqdı, səngərdəki səs onu artıq həyatının sonuna qədər müşaiyət edəcəkdi.
Məclisə isə sükut çökmüşdü. Hamı səmimi bir nigarançılıq içində, mat-məəttəl halda bir-birinin üzünə baxmaqda davam edirdi. Hamının beynindən bir sual keçirdi: «Biz nə etdik?! Biz nə etməli idik, etmədik?! Əhməd müəllim!..» Əhməd müəllim ona ünvanlanmış lal sualları duyur və məclisdəkiləri qaş-gözünün yalnız onun özünə bəlli işarələri ilə sakit eləməyə çalışırdı.
…Sağ da sol da insan cəsədi idi. Artıq ayırmaq olmurdu düşməninki hansıdı, bizimkininki hansıdı. Bir-birinə oxşayan əllər, ayaqlar, başlar, bədənlər ayrı-ayrılıqda göyə uçur, yerə dəyir, sonra yenidən göyə qalxır, göydə uçuşlarını davam edirdilər. Əzalar hamısı bir-birinə qarışmışdı. Onları yenidən birləşdirə bilən, bir-birindən ayrı düşmüş bu əzalara yenidən «yaşa!» əmrini verə bilən bir qüvvə olsaydı, onların belə qatmaqarışıq birləşməsindən yeni, amma bu dəfə tamam başqa, bir-birinin qəsdinə durmaq istəməyən adamlar yarana bilərdimi?! Cavan leytenant hıçqırığını boğub acı-acı gülümsədi.
Səslər isə kəsilmişdi. Nə mərmi, nə bomba səsi var idi, nə də səngərdən səs gəlirdi. Hər şey səssiz kinodakı kimiydi. Ancaq ayrı-ayrı qollar, ayaqlar, təəccüb dolu iri gözlərin yapışdığı başlar havada ora-bura uçuşurdu. Səngərdən baxanda adama elə gəlirdi ki, onların hər biri havada uça-uça öz doğma əzasını axtarır. Çünki onlar da qorxurdular ki, kimsə onlara «yaşa» əmrini verə bilər. Və onlar ayrı-ayrı cəsədlərə məxsus müxtəlif əzaların birləşərək yarada biləcəyi adam olmaq istəmirdilər.
Nəhayət, kamança iztirablı bir «ah» çəkib susdu. Cavan leytenant o uzaq səngərdən restoran zalına qayıtdı. Başı hələ də əlləri arasında idi. Oğrun-oğrun ətrafa göz gəzdirdi. Gördü ki, hamı məclisdəkilər ona maraq və təəccüblə, bir az da qorxa-qorxa baxmaqdadırlar. Başını yenə də eynən səngərdə olan kimi son dərəcə ehtiyatla əlləri arasından çıxarıb qaldırdı. Üzünə günahkar təbəssümə bənzər ifadə qondu. Məclisdəkilər bunu gözləyirmiş kimi rahat nəfəs aldılar. «İçkidəndi. Eyb eləməz, indi havaya çıxarıq, keçib gedər» Əhməd müəllim yanında durmuş həmkarının qulağına pıçıldadı.
– Azərbaycan əsgərinin şərəfinə! Ura! – Nəhayət, Əhməd müəllim natamam qalmış sağlığının məntiqli və layiqli sonluğunu tapdı, cibindən çıxardığı yaşıl dəsmalla «uf!..» eləyib alnının tərini sildi. Ətrafdakılar tez onun sözünün ahəngini tutdular:
– Azərbaycanın şərəfinə!..
– Vətən sağ olsun!..
– Yaşasın ordumuz!..
Məclisdəkilər hər biri öz bildiyi kimi sağlığın sonunu dəyişdirib sözləri sözlərə, qədəhləri qədəhlərə vuraraq araqlarını başlarına çəkdilər. Cavan leytenant stol üstündəki qarışıqlıqda öz qədəhini birtəhər tapıb – kimsə onu tələsik araqla doldurdu – başına çəkməzdən əvvəl hamıya qoşulub o da nəsə demək istədi. Bunu hiss edən məclis əhli anındaca susdu. Cavan leytenant sifətində həmən qondarma təbəssüm sərxoş-sərxoş məclisdəkilərin üzünə baxa-baxa:
– İçək… içək… Gəlin bunu da içək…
Kamançaçı niyə axı elə bildi ki, o elə məhz bu zaman öz iniltili səsi ilə cavan leytenantın sözlərinə müdaxilə etməlidir?! Kamança dillənən kimi cavan leytenant yenə də harda olduğunu unutdu. İçdiyi içkinin təsiri bir anda uçub getdi və o özünün son dərəcə ayıq halına qayıtdı. Gözlərini kamançanın pərdəsinə dikib ayıq səslə:
– İçək! – deyə təkrar etdi. Bir anlıq ləngidi, sonra əlindəki qədəhi başına çəkdi.
Cavan leytenant sakitcə yerinə oturdu. Cürbəcür içki şüşələrinin arxasında yenə də eynən səngərdə olan kimi başını əlləri arasında gizlətdi.
İndi yalnız kamançanın səsi idi gəlirdi və bu səs kamançanın içindən yanıqlı-yanıqlı çıxaraq yenə də haman səngərdəki səsə qarışırdı:
– Dayan, tələsmə! Hələ tezdi. Çıxarma başını. Qoy əmr olsun, sonra! Tələsməyin. Sakit olun! Əmr! Əmri eşidin! Hazır ol! Əmr gəldi… gəldi. Azərbaycan əsgəri! Əmri dinlə! İrəli! Hücum! Vətən uğrunda, irəli!!!
Cavan leytenant özünü səngərdən bayıra necə atdığını və «İrəli!» bağıra-bağıra, əlindəki avtomatı sinəsinə sıxaraq düşmən səngərinə tərəf necə sürətlə götürüldüyünü hiss eləmədi.
…Məclisdəkilər təəccüb və maraqla ona baxırdılar.
Şərh yoxdur