Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Almaniyada çap olunub.
Kulis.az xəbər verir ki, kitabın tərcüməçisi və ön sözün müəllifi Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Arasın verdiyi məlumata görə, yeni nəşr “PEM” nəşriyyatında işıq üzü görüb.
Orhan Aras ön sözdə qeyd edib ki, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi xüsusilə yapon alimlərinin bu mövzuda apardıqları araşdırmalar və mühəndislik təcrübələri sayəsində gündən-günə təkamül edir. Bu gün Lütfi Zadənin hazırladığı bu qeyri-səlis məntiq bir çox texniki cihazların əsasını təşkil edir. Metrolar, süni intellekt, ən müasir qabyuyan maşınlar, müxtəlif sahələrdə idarəetmə sistemləri və alqoritmlər bu ideya üzərində qurulmuş və Lütfi Zadənin əsasını qoymuşdur:
“Azərbaycan alimi Lütfi Zadənin bu tezisi əsasında Azərbaycanın iki mühüm alimi Kamal Abdulla və Rafiq Əliyev bu tezisi məşhur türk dastanı Dədə Qorquda tətbiq etməyə çalışıblar.
Kamal Abdulla və Rafiq Əliyev illərin biliklərindən, bu dəfə “Qeyri-səlis məntiq tezisindən” istifadə edərək Dədə Qorqud dastanını təhlil edir və mövzu ilə bağlı müxtəlif tezislər irəli sürürlər. İnanıram ki, bu tədqiqat qeyri-səlis məntiqdən istifadə edərək ədəbi mətnləri anlamaq və təhlil etmək üçün gələcək səylərə böyük kömək edəcək. Bu sahədə ilk araşdırma olan bu əsəri alman alimlərinə təqdim etməyi ilk addım kimi görürük”.
Qeyd edək ki, qeyri-səlis düşüncə tərzi qeyri-səlis məntiq adlı elmi istiqamətdə birləşmiş və əslində, ona qədər şüurumuzu idarə edən Aristotelin formal məntiqinə qarşılıq kimi yaranmışdır. Bu məntiq kateqoriallıqdan uzaq, insana, onun dünyanı dərk və qəbul etmə prinsiplərinə yaxın bir düşüncə tərzidir.
Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb.
Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir. Məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur.
Dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşım tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrənmişlər. Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyil, məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün olmuşdur.
Kitab “Amazon”, “Booklooker”, “Epubli” kimi böyük kitab satış saytlarında yayımlanıb.
Şərh yoxdur