Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev 2014-cü il aprelin 7-də Nardaran məscid-ziyarətgah kompleksini, “Mir Möhsüm Ağa” ziyarətgahını və Maştağa Cümə məscidini ziyarət edərək yerli dini icma üzvləri və ruhanilərlə görüşmüşdür.
Dövlət müşavirliyi xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşlərdə ölkədə dövlət-din münasibətlərinin mövcud durumu, dövlətin bu sahədə həyata keçirdiyi siyasət və bir sıra aktual məsələlər müzakirə edilmişdir. Dindarlar Azərbaycanda yüz illər boyu mövcud olan ənənəvi islamın, dinlərarası və məzhəblərarası əmin-amanlığın qorunub saxlanması və daha da inkişaf etdirilməsinin zəruriliyini bildirmişlər. Eyni zamanda, yad dini ideologiya və radikal təriqətçiliyə qarşı mübarizənin vacibliyini, dövlətə hərtərəfli dəstəklərini ifadə etmiş, dövlətimizin başçısına dini məsələyə göstərdiyi diqqətə görə səmimi minnətdarlıqlarını bildirmişlər.