2014-cü il iyunun 3-də  Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzində “Dövlət və din” mövzusuna həsr olunmuş geniş müşavirə keçirilmişdir.
AzərTAc xəbər verir ki, müşavirədə rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, ağsaqqallar, din xadimləri, ziyalılar iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov açmışdır.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxış edərək diqqəti müasir qloballaşma dövründə millətlərarası münasibətlərin, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsinin, “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinin yerinə yetirilməsinin vacibliyinə yönəltmişdir.
Məruzə və çıxışlarda dərin razılıq hissi ilə qeyd olunmuşdur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız milli-mənəvi dəyərlərinə yenidən qovuşmuşdur. Xüsusən ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətləri – məscid və ziyarətgahların, kilsə və məbədlərin bərpa olunması, din xadimlərinə və dindarlara həssas münasibəti minnətdarlıq hissi ilə xatırlanmışdır. Vurğulanmışdır ki, dinlərarası dialoqun gücləndirilməsi, dövlət-din münasibətlərinin sivil qaydada tənzimlənməsi Ulu Öndərin misilsiz xidmətlərindəndir. Ümummilli lider Heydər Əliyevin milli və dini tolerantlığın daha da möhkəmləndirilməsinə xidmət edən bu siyasəti müasir dövrdə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir və zənginləşdirilir.
Müşavirədə həmçinin belə bir zərurət ifadə olunmuşdur ki, İslam dininin yad təsirlərdən və zərərli meyllərdən qorunması daim diqqət mərkəzində saxlanmalı, bu işdə ziyalıların və din xadimlərinin fəal köməyindən istifadə olunmalıdır.
Dövlət müşaviri Kamal Abdullayev daha sonra rayon ərazisindəki “Cümə” və “İmam Rza” məscidlərinə gedərək dindarlarla görüşmüşdür. Görüşlər zamanı yaradılmış yeni xidmət dövlətimizin başçısının dövlət-din münasibətlərinin, milli-mənəvi dəyərlərimizin inkişafına göstərdiyi diqqətin daha bir nümunəsi kimi dəyərləndirilmişdir.