2014-cü il iyunun 23 -də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bərdə şəhərində ziyalılar, din xadimləri və ağsaqqallarla görüş keçirmişdir.
AzərTAc xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətlər göstərmiş Ulu Öndərin abidəsi önünə çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmiş, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olmuşlar.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılmış, ölkəmizdə tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın tarixi inkişaf xüsusiyyətləri, əlverişli coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və digər amillər burada bir sıra dinlərin mövcudluğuna şərait yaratmışdır. Tarixin müəyyən dövrlərində ölkəmizdə bütpərəstlik, zərdüştlük, iudizm, xristianlıq, islam və s. din və cərəyanlar yayılmış və bir-birinə qarşılıqlı təsir göstərmişdir.
Dövlət müşaviri Kamal Abdullayev xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyət və layihələrdən, multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışmışdır.
Bərdə Cümə məscidinin axundu Hacı Ramazan Hüseynov, ağsaqqallar adından Adil Hüseynov və başqaları çıxış edərək bildirmişlər ki, ölkəmizdə milli-mənəvi dəyərlərə, tarixi-dini abidələrə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə yüksək qayğı göstərilir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradılmışdır. Qeyd olunmuşdur ki, bu şəraitdən sui-istifadə edən bəzi radikal dini cərəyan və təriqətlər gənclərin mənəvi duyğularını istismar etməklə onlardan müxtəlif məqsədlərlə istifadə olunmasına çalışırlar. Bunun qarşısının alınması üçün hamılıqla mübarizə aparmalıdır. Hər şeydən əvvəl cəmiyyətdə dini maarifləndirmə işi gücləndirilməlidir. Bu işdə ağsaqqalların, dindarların və ziyalıların üzərinə mühüm vəzifələr düşür.
Səmimi dialoq şəraitində keçən görüşdə rayon ziyalıları müxtəlif təkliflər irəli sürmüşlər.
Sonra dövlət müşaviri Bərdə şəhər məscidində və İmamzadə ziyarətgahında olmuş, din xadimləri ilə söhbətlər aparmışdır.
Şərh yoxdur