2014-cü il iyulun 4-də Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev iyulun 4-də Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında rayon ziyalıları və dindarlarla görüşmüşdür.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Rayonun rəhbər işçilərinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, təhsil işçilərinin, dindarların və ictimaiyyətin təmsilçilərinin iştirak etdiyi görüşdə Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə çıxış edən Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını vurğulamış, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələri, müxtəlif etnik qruplar və xalqlar birgə, qardaşlıq və dostluq mühitində yaşamışlar. Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilmişdir.
Azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər ümummilli lider Heydər Əliyevdən bizə miras qalmışdır və bu prinsiplər dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, ölkə başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Bilik Fondunun bu sahədə həyata keçirəcəyi layihələr bütün regionları əhatə edəcəkdir.
Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılmışdır.
Görüş başa çatdıqdan sonra Dövlət müşaviri Kamal Abdullayev Cəlilabad şəhərindəki Cümə məscidində dindarlarla görüşüb söhbət etmişdir.
Çıxış edənlər Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılmış yeni xidmətin dövlətimizin başçısının dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz nümunəsi olduğunu qeyd edərək ölkəmizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradıldığını diqqətə çatdırmışlar.
Dövlət müşaviri “Xütbə nümunələri”, “Azərbaycan və əhli beyt irsi” kitablarını məscidin axunduna hədiyyə etmişdir.
Şərh yoxdur