AMEA2014-cü il iyulun 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri ilə görüş keçirilib.

AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə akademiyanın prezidenti, akademik Akif Əlizadə fondun yaradılmasının təşəbbüskarı olan Prezident İlham Əliyevə alimlər adından minnətdarlığını bildirib. O, ölkədə elmin, ictimai fikrin inkişafından danışıb, gənclərlə aparılan işlərin vacibliyini vurğulayıb. Akademik elmi diasporla işin təşkilinin əhəmiyyətindən danışıb və qeyd edib ki, xaricdə xeyli azərbaycanlı alim çalışır. Təkcə riyaziyyat sahəsində onların sayı 150-dən çoxdur. AMEA-nın prezidenti həmin alimləri Azərbaycanda elmin inkişafına cəlb etməyin zəruri olduğunu söyləyib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev fondun fəaliyyətinin əsas istiqamətlərindən söz açıb. Bildirib ki, elmin bütün ölkə ərazisində populyarlaşdırılması, o cümlədən gənclər arasında savadlanma və maariflənmənin artırılması, xarici ölkələrdəki elmi nailiyyətlərin respublikanın ən ucqar kəndlərinə belə yayılması fondun fəaliyyətinin əsas istiqamətləri olacaqdır.

Bilik Fondunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Səmədov qurumun fəaliyyətinin təşkili çərçivəsində indiyədək görülmüş işlərdən danışıb. Vurğulayıb ki, fondun struktur bölmələri və ştat cədvəli təsdiq olunub, inzibati binası informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib.