Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr – “Bilik Günü” münasibətilə tanınmış alimlərin bölgələrdə mühazirələrini təşkil edib.
Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “İlboyu bilik” proqramı çərçivəsində Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbində ikinci dərsi aparıb.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, müavinlər Qasım Qasımov, Gülnisə Ələkbərova, təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, rayon ziyalıları, müəllim və şagirdlər iştirak ediblər.
Akademik Kamal Abdullayevin mühazirəsi məktəblilərin, rayon ictimaiyyəti nümayəndələrinin, o cümlədən ziyalıların böyük marağına səbəb olub.
Azərbaycanın bugünkü tərəqqi yolundan danışan dövlət müşaviri ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına göstərdiyi qayğıdan söz açıb.
Sonda məktəblilərin suallarını cavablandıran K.Abdullayev onlara maraqlı kitablar hədiyyə edib.
Məktəbin direktoru, Bilik Fondunun Şamaxı rayon üzrə nümayəndəsi Gülnurə Babaşova müəllim və şagirdlər adından məktəblilərə göstərdiyi diqqət və qayğıya, eyni zamanda, dolğun mühazirəyə görə akademik Kamal Abdullayevə təşəkkürünü bildirib.
Şərh yoxdur