2014-cü il sentyabrın 23-dəAzərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev Azərbaycanın dostları olan Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin professoru Klaus Volfla görüşüb.
AZƏRTAC xəbər verir ki, Kamal Abdullayev qonaqları Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Dövlət Müşavirlik Xidmətinin fəaliyyəti ilə tanış edib, hazırda formalaşmaqda olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gələcəkdə Azərbaycan və alman xalqlarının mədəni və intellektual səviyyələrdə daha sıx münasibətlərinin qurulacağına xüsusi töhfə verəcəyini vurğulayıb.
Dövlət müşaviri və qonaqlar ölkəmizdə keçiriləcək IV Beynəlxalq Humanitar Forumu çərçivəsində “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar nəğməsi”nin müqayisəli təhlilinə həsr olunacaq xüsusi bölmənin işi ilə bağlı fikir mübadiləsi aparıblar.
Kamal Abdullayev Almaniyada Azərbaycan milli mənəvi irsini, Azərbaycan mədəniyyətini təbliğ etdiyinə görə almaniyalı professorlara təşəkkürünü bildirib, bu işlərin gələcəkdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xətti ilə daha da genişlənəcəyini qeyd edib.
Qonaqlar yenidən Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə ediblər və Azərbaycan mədəniyyətinin Almaniyada təbliği istiqamətində həm Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə qarşılıqlı əlaqələrə hazır olduqlarını bildiriblər.
Şərh yoxdur