Bu romanın, necə deyərlər, “Odisseya”sı davam etməkdədir.
Yazıçı Kamal Abdulla Modern.az saytına müsahibə verib:
– “Yarımçıq əlyazma” romanı Azərbaycan nəsrinin yeganə nümunəsidir ki, dünya çapında bu qədər rezonansa səbəb olub. Söhbətimizə elə “Yarımçıq əlyazma”dan başlayaq. Bir çox ölkələrdə çap olunan bu əsər hazırda harada nəşrə hazırlanır?
– Bu romanın, necə deyərlər, “Odisseya”sı davam etməkdədir. Üç ay öncə Amerikada çap olunandan sonra Avstriyada da alman dilində çap edildi. Fransada eyni nəşriyyatda 2-ci nəşri başladı. İngiltərədə, Avstriyada müzakirələr, təqdimatlar keçirmək barədə təkliflər almışam. İtaliyada tərcüməsinə başlayıblar, Portuqaliyada tərcümə etmək istəklərini bildiriblər. Soruşa bilərsiniz, axı roman Braziliyada çap edilib portuqal dilində. Yeni bir tərcüməmi olacaq? Həm “hə”, həm də “yox”. Braziliyadakı portuqal diliylə Portuqaliyadakı portuqal dili fərqlənir. Təxminən, Britaniyadakı və ABŞ-dakı ingilis dili kimi. Portuqaliyalılar onu öz, belə deyək, ləhcələrinə adaptasiya eləmək istəyirlər. Bilirsənmi, mənə artıq “Yarımçıq əlyazma”nı kiməsə təqdim etmək qalır, bundan sonra təkliflər ləngimir. Bədxahlarımdan dönə-dönə üzr istəyirəm.
– “Bəs “Sehirbazlar dərəsi”nin tərcümələri barədə nə demək olar?
– “Sehirbazlar…” da yavaş-yavaş temp yığır. Bu yaxınlarda iki roman bir yerdə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında ikinci dəfə çap edildikdən sonra belə bir xəbər aldım ki, Yaponiyada onun tərcüməsini qurtarıblar və nəşriyyata təqdim ediblər. İngilis dilinə də tərcümə tamamlanıb, indi iki nəşriyyatla danışıqlar aparılır. Biri artıq çap etməyə razılıq verib. Bir məsələni də deməyə bilmirəm. Türkiyədə bu roman icazəli çap ediləndən sonra bir müddətdən sonra icazəsiz şəkildə bir də nəşr edildi. Bunun adına korsan basqı, pirat nəşr deyirlər. Bilmirsən, qəmlənəsən, yoxsa sevinəsən. Arif Acaloğlu mənə dedi ki, o nəşriyyatı məhkəməyə verəcək. Bunu o adamlar üçün deyirəm ki, ah-nalə çəkirlər ki, Türkiyədə bizim yazıçıları oxumurlar. Pirat nəşrin olması, yəqin ki, bu məsələyə də aydınlıq gətirir. Daha harda çıxıb? Hə, Qazaxıstanda da hər iki roman nəşr edilib. Litvada gözəl tərcümə və gözəl bir ön sözlə (xanım Liyone Lapinskene bunu edib) “Sehirbazlar dərəsi”ni çap ediblər və təxminən 3-4 ay əvvəl Vilnüsdə Beynəlxalq kitab Yarmarkasında onun çox möhtəşəm təqdimatı oldu. Fransada “Sehrbazlar dərəsi”nin tərcüməsi başa çatıb və nəşriyyata təqdim edilib. Yadımda olanlar bunlardır. Yenə də bəzi adamlardan üzr istəmək məcburiyyətindəyəm.
– AYB-in təşkil etdiyi müsabiqə sədrliyindən siz imtina etdikdən sonra kütləvi şəkildə istefalar başladı. Bu istefalarla bağlı bilinməyən və heç yerdə deyilməyən səbəbləri bizə açıqlaya bilərsizmi?
– Müsabiqədə Komissiya sədri kimi iştirak mənlik deyilmiş. Mən bezdim. Usandım. Sidqim sıyrıldı. Biz, müsabiqə komissiyasının digər üzvləri, hamımız dostbazlıq etməyə çalışdıq, kimdəsə alındı, kimdəsə — yox. Məndə alınmadı. Əsassız iddialarla üzbəüz qaldım. Və istəmədim, mənimlə kimlərinsə arasında dartılıb tarıma çəkilmiş pərdələr cırılsın. Sevdiyim adamların qarşısında mən cəsarətsiz ola bilirəm. Getdim. Məğlubiyyətdimi — sanmıram. Məndən sonra müsabiqəni tərk edənləri anlayıram. Onlar mənə inanmışdılar. Mən onların inamını doğrultmadım. Müsabiqədən əvvəl mənə demişdilər ki, öz seçimində azad olacaqsan. Bu, belə olmadı. Heç bir müsabiqə öz seçimində azad deyil, ola bilməz. Mənə bir daha əyan oldu ki, mən müsabiqə adamı deyiləm. Ümumiyyətlə, ədəbi müsabiqələr, onların qurulması çox zaman düzgün aparılmır. Elə bil, at cıdırına çıxırlar. Cürbəcür dedi-qodular, intriqalar… Məncə, heç bir komissiya yaratmaq lazım deyil. Təşkilat özü müzakirəsiz-filansız layiq bildiyi adamları qalib élan edib mükafatı onlara verməlidir. Mən yaradıcılıq Fondunun (əski Mədəniyyət Fondu) sədriyəm. Allah qoysa, belə bir üsulla mükafatı nə zamansa təqdim edəcəyik. Yoxsa ki, kimə lazımmış bu “uzun siyahı”, “qısa siyahı”?! Uşaq oyunlarıdır.
– Müsabiqəni tərk etməyinizdə Tofiq Məlikli və Əsəd Cahangir faktoru nə dərəcədə rol oynayıb?
– Dərəcəsini demək istəməzdim, amma rol oynayıb. Onların mükafat almasının mən əleyhinə olmuşam. Nə üçün? Bu, bir başqa söhbətin mövzusudur. Və artıq mənimçün kifayət dərəcədə köhnəlib, mümkünsə onu qurtdalamayaq. Artıq maraqlı deyil. Bu qədər.
– Ədəbi mühitdə yaşlı və gənc nəsil arasındakı gərginliyin səbəbini nədə görürsüz?
-Onların bir-birini yaxşı tanımamasında. Nə gənclər yaşlıları kifayət qədər tanıyır, nə də yaşlılar gəncləri. Onlara elə gəlir ki, bir-birini tanıyırlar. Tanımırlar! Və təbii ki, burdan da qiymətləndirmə məqamı faciəvi şəkildə baş qaldırır. Bunların hər ikisinə “likbez” lazımdır. Bunu isə özləri etməməlidir. Özləri etsələr, belə bir təhlükə var ki, ədəbiyyatımızın mürgüyə getmiş (yatmamış!) mədhiyyə növü ayılsın. Bu, böyük bir vulkanın ayılmasına bənzəyər və heç kimə, özəlliklə də ədəbiyyata fayda gətirməz. Bəs o zaman kim və ya kimlər bunu etməlidir?! Bunu özünü tənqidçi adlandıran, amma ayrı-ayrı ədəbi simalar barədə portret yazılar çərçivəsindən kənara çıxa bilməyən tənqidçilər etməlidirlər. Edə bilirlərmi? Edə bilmirlər. Mən bunu necə təsəvvür edirəm?! Ədəbi proses canlanmalıdır. Dediyim kimi portretlər, ayrıca adamlar, kitablar haqda “Tənqidi məqalələr”, ya da esselər yazmaqla ədəbi prosesi “saxlamaq” olmaz, mümkün deyil. Bu, yatmış gözəli diriltmək üçün atılan lüzumsuz addımlardır – hər şey var, bircə ən vacib olan öpüşdən başqa. Ədəbi proses “müqayisə” adlanan möhtəşəm priyomun üzərində qurulmalıdır. Müqayisə isə (ən azından bizim ədəbiyyat çərçivəsində) gərək təhlilin canında olsun. Ayrı-ayrı romanlar barədə müzakirələr açmaq … bu da lazımdır, amma son məqsəd olmamalıdır. Tənqidçi unutmalıdır ki, o HÖKMƏN əsərdə mənfi bir məqam tapmalıdır. Təhlil nəyi gətirir, onu da gətirməlidir. Yoxsa ki, istedadı ilə istedadsızlığı bilinməyənlər bir də görürsən az qala özləri icad etdikləri zərrəbinlə tərif, təqdir və inkarlarının dərəcəsini hətta ölçə bilirlər. Özünü tənqidçi missiyasında görənlər (duyanlar!) müxtəlif yaş və estetikaların nümayəndələrini bir kontekstdə alıb, belə bir termini işlətmək istəyirəm, komparativist təhlil aparmaq cəhdini nümayiş etməlidirlər.
– Komparativist təhlil?
– Bəli, komparativist təhlil. Təkcə müqayisə ilə kifayətlənmədən müqayisə edə-edə tarixə getmək, bədii əsərin və əsərlərin, müəlliflərin qədim geneoloji anavariantlarını (invariantlarını) müəyyənləşdirmək cəhdi. Cavanları ayrı-ayrılıqda, özü də əlahiddə şəkildə deyil, “qocalarla” bir yerdə təhlil “qazanı”na salmaq və oxucunu hara, hansı dünya dəyərlərinə, milli dəyərlərə gedib dirəndiyini açmaq üsulu! Deyəcəksiniz, hər şey Dədə Qorqud kitabına gedib dirənəcək ən yaxşı halda. Olsun. Bunu, bu gedişi, onun əzablı, əzabsız yolunu mən öz gözlərimlə görməliyəm, görmək istəyirəm. Ədəbi proses də canlanar, nəsillər arasındakı anlaşmazlıq da aradan qalxar. Bu adamlar görərlər ki, sən demə, onlar ruhən bir-birinə necə də yaxındırlar. Yoxsa ki, ayrı-ayrılıqda “çevir tatı, vur tatı”… Nə qədər olar?!
– “Yarımçıq əlyazma”nın qəhrəmanlarından biri o birindən soruşur: “Tək əldən səs çıxarmı?” Cavab verir: “Çıxar, sükutun səsi çıxar.”
– Bəli. Tək əsərlə, yaxud tək yazıçı ilə “əlləşmək” sükutun səsini çıxarmaq deməkdir. Ədəbi prosesdən sükutun səsi gəlir.
– Hansı tənqidçilər yuxarıda dediyiniz missiyanı boyunlarına götürə bilər?
– İlk növbbədə Tehranın adını çəkə bilərəm. O, bunu edə bilər və “Yazı” dərgisində nisbətən edir. Əlbəttə ki, Cavanşir Yusiflinin potensialı kifayət qədərdir. Cavanşir, dediyim “portret” yazmaq mübtəlasını öz içindəki zəngin elmi və faktoloji materialla əvəzləyə, daha doğrusu, uzlaşdıra bilsə, ədəbiyyatımız üçün çox böyük xeyri ola bilər. Hissiyatı ilə intellektinin yanlış istiqamətlərə “qanad açıb uçmasını” cilovlaya bilsə Əsəd Cahangir bunu edə bilər. Mentorluq ədasından xilas ola bilsə, İradə Musayeva bunu edə bilər. Elnarə Tofiqqızı var, Elnarə Akimova var, Rəhim Əliyev var, Rüstəm Kamal var…
Bircə istəməzdim ki, adını çəkdiyim və çəkmədiyim tənqidçilərdən kimsə desin ki, bax, mənim filan məqaləmdə bunlar var. Ola bilər. Məqamlar ola bilər. Bu isə kifayət deyil. Mən adda-budda, pərakəndə yanaşmanın tərəfdarı deyiləm. Mən sistemli yanaşmanın tərəfdarıyam. Bu isə bir qədər başqa parametrlərin mövcudluğunu tələb edir. Əsas olan sistemdir, yerdə qalan — təfərrüatdır.
– Siz bir dəfə “Azadlıq” radiosunun “Oxu zalı”nı təxribat yuvası adlandırmışdınız…
– Ədəbi təxribat yuvası adlandırmışdım. Sübut eləməyə həmişə hazıram. Elə belə-belə işlərinə görə, adamları adamlara qarşı qoymaq siyasəti apardığına görə, naşıcasına ədəbi prosesə xeyir əvəzinə ziyan gətirdiyinə görə. Bütövlükdə nəcib bir missiyaya – Ədəbiyyatın təbliğinə xidmət etsə də ayrı-ayrı intellektualların fəaliyyətini çıxsaq, buradakı nəticə dediklərimə gətirib gəlir. Üsullar düzgün qurulmur.
– Bakı Slavyan Universitetində yeni ədəbi mühit formalaşdırmısız. Burada Yaradıcılıq fakültəsi fəaliyyət göstərir. Sizcə bu addım AYB-dəki durğunluğa bir cavab idimi?
– Yaxşı ki, elə bir vaxt gəldi yetişdi ki, bu suala bir kəlmə ilə cavab vermək artıq mümkün deyil. BSU-nun Yaradıcılıq fakültəsi virtual bir fakültədir. Bu fakültə də, onun iş prosesi də, təhsil alanlar və məzunlarıyla bir yerdə bir böyük söhbətin mövzusudur. Artıq bu suala cavab da təkcə mənim verəcəyim cavab olmamalıdır. Maşallah, ordakıların hər biri bir əjdəhadır. Hələ müəllimləri demirəm. Məzunlardan Qismətin, Rəbiqənin, Feyziyyənin, Günelin, Yetim Qacarın, Sərdar Aminin, Seyid Raminin və bir çox başqalarının adı, elə bilirəm ki, çox şey deyir. Müəllimlərdən Elnarənin, Tehranın, Niyazinin, Etimadın, Salamın, Rüstəmin, Səlimin, sadiq bəndənizin də adları az şey demir.
– Gənclərdən kimləri fərqləndirərdiniz?
– Yuxarıda bəzi adları çəkdim. Bunlar bu gün, elə bilirəm, ədəbi cameənin ən az yaşı olan nümayəndələridir. Bir də var qocalmış gənclər. Məsələn, Rasim Qaraca, Həmid Herisçi, Murad Köhnəqala… Əvvəl-əvvəl maraqlı idilər. Yavaş-yavaş artıq ilkin “bakirəliklərini” itirdilər. Soruşa bilərsən ki, necə yəni, o ya var, ya da yoxdur, bakirəliyi də yavaş-yavaş itirmək olar? Ədəbiyyat zəminində, məncə, olar. Fikir vermisən, bəzən alma ağacında bir alma yetişir-yetişir, amma dərilmir, elə ağacin üstündəcə başlayır yavaş-yavaş büzüşüb qocalmağa. Bunlar da belə oldular. Birini hirsi – hikkəsi qocaltdı, birini əsassız iddiaları, o biri özü-özünü elə bil zorla aparıb böyük ədəbiyyatdan o tərəfdə gizlətməyə çalışdı…
Bu yaxınlarda mənə bir neçə gənc öz kitabını bağışlamışdı. Oxumağa tələsmirdim. Açığını desəm, əlimdə yazı-pozum vardı, diqqətimi başqa yerə verə bilmirəm belə olanda. Bir az da ərinirdim. Amma oxumağa başladım və… əlimdən qoymaq istəmədim. Bu, Rəbiqənin və Feyziyyənin kitabları idi. Həqiqətən, xeyli istedadlı gənclərdir. Rəbiqədə məni valeh edən sözlə ağayana (xanımyana?) rəftar oldu. Feyziyyədə isə tənhalıqdan qaçmaq ehtirası. Nə demək istəyirəm?! Baxmayaraq ki, tənhalığın adı çəkilmir, baxmayaraq ki, mövzu, tutalım ki, yaxın dövrün müharibəsindəndir, tənhalıqdan qaçmaq cəhdi hər cümlədə, hər misrada, hər abzasda özünü göstərir. Bilirsənmi, sən əgər əlinə qələm alıb yazmağa başlayırsansa, artıq tənhasan. Misran tənhadır, cümlən tənhadır… Feyziyyədə dialoq – kiminləsə real və virtual söhbətə canatım güclüdür. Mətni içində o tək qalmır, elə bil, bundan qorxur. Kiminləsə söhbətə, mübahisəyə girişir, kiminləsə razılaşır, razılaşmır və bütün bunların içindən Əlahəzrət polifonizm zühur edir, onun rüşeymləri görsənir. Bu iki yazar məni məcbur elədi ki, götürüm bir neçə şairi yenidən oxuyum. Mənə maraqlı idi, mən onların “ədəbi arxeologiyalarını” qura biləcəyəm, ya yox?
Onlar məni əvvəlcə Səlim Babullaoğluna, Mahir Qarayevə apardı, sonra Ramiz Rövşənə, sonra Əli Kərimə… Əhvali – ruhiyyə, nəfəs, intonasiya oxşarlığı, intellekt yetərliyi (Sözlə davranış!), məncə, kifayətdir ki, “Ədəbi Ağac” geneologiyasında ləyaqətli sələflərin ləyaqətli davamçılarından danışaq. Onu da deyim ki, Rəbiqəni oxuyandan sonra mənim daha şer yazmağa az-çox həvəsim belə qalmadı. Mənə elə gəldi ki, mənim yaza biləcəklərimi o artıq yazıb. “Dua” şeiri nə qədər gözəldir:
Allah, mənə bir az bəxt ver
Bir az da vaxt, yaşayım…
Öz duyumu, ritmikası ilə, ruhən mənə çox yaxındır bu qız. Əlbəttə ki, haqqında danışa biləcəyim başqaları da var. Mən təəccüblənməyi sevən və gözləyən adamam. Deyim ki, Qismət məni həmişə mətninin intellektual dərinliyi ilə sözün həqiqi mənasında təəccübləndirib və sevindirib. O, artıq püxtələşmiş bir yazardır. Kəramət, Ayxan son dərəcə istedadlı qələm sahibləridir. Feysbukda özləri-özlərini batırmasalar, onların ədəbi gələcəkləri şübhəsizdir. Əsəd Qaraqaplandan, belə deyək, sidqim sıyrılsa da istedadlıdır, amma özü- özünü məhv etməkdədir. Beləcə mənim və digər dostlarımızın gözü qabağında Natiq Səfərov özü-özünü məhv eləmişdi, Elçin Səlcuq özü-özünü məhv elədi. Mən bunu deməyə bilmərəm.
– Bəzi tənqidçilər sizin dilinizi, üslubunuzu qəbul etmir. Həqiqətənmi bizim tənqidçilər orijinal yazı üslubunu dəyərləndirməyə hazır deyillər?
– Düz tutmusan. Hazır deyillər. Necə olur ki, Tofiq Hacıyev kimi müqtədir və qocaman dilçi alim bunu nəinki “tutur”, hətta bu istiqamətin prinsiplərini müəyyənləşdirir, amma bəzi nisbətən gənc alim-tənqidçilər bunu bacarmır?! Mənim bədii dilimdə min bir günah axtarır?! Müəmmamı? Müəmma! Sirri-xudamı? Sirri-xuda!
Əslində, təcrübə göstərdi ki, bu məsələ ilə bağlı hər hansı yeniliyə yenə də yaşlı nəsil hazırdır. Cavanların “mentor” ədası onlara bir çox məsələni müvəffəqiyyətlə həll etmələri üçün mane olur.
Məsələnin mahiyyəti ondadır ki, mən bir zaman belə demişəm: mən Azərbaycan dilində yazmıram, mən Azərbaycan dilinin potensialında yazıram. Bununla nə demək istəmişəm, onu da açıb ortaya qoymuşam. Kəramətlə “Ulduz” jurnalındakı intervümü diqqətlə oxumaq kifayətdir ki, mənim nə demək istədiyim anlaşılsın. İndi bəziləri bu sözün ucundan tutub ucuzluğa getməyi üstün tuturlar, çünki məsələnin qoyuluşunun estetik oyun gözəlliyini duya bilmirlər. Belədə isə təqsir, əlbəttə ki, məndə olmayacaq. Mənim dediklərimi təhrif, yaxud yarımçıq bir halda ortaya çıxarmaq lazım deyil. Sadəcə, çalışıb mahiyyətə varmaq lazımdır. Bu isə hamıya müyəssər olmur. İndi başlayacaqlar məni özümdən razılıqda ittiham etməyə, özümü başqalarından ayırmaqda günahlandırmağa. Olsun. Hər şeyi, hər kəsi adıyla çağırmaqda fayda var. Ağıllı adamlar deyirlərsə ki, bunda nəsə var, onları anlamağa çalışmaq lazımdır. Tofiq Hacıyevin “Unutmağa kimsə yox…” romanı haqda yazdığı məqalənin bircə adına diqqət vermək kifayətdir. O ad hər şeyi açıb deyir. Budur o ad: “Unudulmayan bir də onu öz üslubudur”. Mən müəllimimin mənə verdiyi qiymətlə fəxr edirəm.
– Bu gün AMEA-ın Nizami adına Ədəbiyyat İnsitutunun fəaliyyətini necə qiymətləndirirsiz? İnstitut ədəbi proseslərin inkişaf etdirilməsində öz işini lazımınca görə bilirmi?
– Nə AMEA-nın Nizami adına Ədəbiyyat institutu, nə də digər institutları (Folklor, Əlyazmalar, Şərqşünaslıq, Dilçilik, Fəlsəfə və başqaları) ədəbi prosesi canlandırmaq missiyasını bütövlükdə öhdəsinə götürə bilər. Bu, bir spontan hərəkatdır. Öz-özünə yaranar, canlanar, sönər… Amma o institutlardakı ayrı-ayrı alimlər bunu edə bilərlər, o spontan hərəkatı hərəkətə gətirə bilərlər. Qeyri-ciddi ədəbiyyat nə zaman başını qaldırır, adamın üstünə elə gəlir ki, elə bil, alçaq dağları bu yaradıb?! O zaman ki ciddi ədəbiyyat susur. Ona görə də ciddi ədəbiyyatın təqdiri, ciddi ədəbiyyatın qaldırılması eyni zamanda ölçü meyarını (“planka”nı) başqası üçün əlçatmaz yüksəkliyə qaldırmaq deməkdir. Pisə pis deməklə biz, əslində, heç nə etmirik. Yaxşıya yaxşı deməklə pisin pis olduğu işarətini göndərmiş oluruq. Bu, bir qiymətləndirmə meyarıdır, bəlkə yüz meyardan biridir, hər halda işlək ola bilər.
– Ədəbiyyatçı alimlər konkret nə etməlidirlər?
– Ocağı bir neçə yerdən yandırmaq, bir neçə yerdən füləmək lazımdır. Ədəbi prosesi dəstəkləyən qəzetlər yox kimidir. “525-ci qəzet”dən başqa. Bu yükü çiyinlərinə “bə qədri-qüvvə” saytlar götürüb. Onlara, əlbəttə ki, təşəkkür düşür. Xüsusilə, “Kulis”, “Kult.az” saytlarına. Ədəbiyyatçı alımləri soruşdun ki, nə etməlidirlər?! Onlar bu gün, təəssüf ki, bəzi saytların əlində oyuncaq kimi qalıblar. Sifarişə, özü də çox zaman ədəbiyyatın zərərinə işləyən, yazarları, tənqidçiləri, mədəniyyatşünasları üz-üzə qoyan cahilvari sifarışə işləyirlər. Bəzən də ədəbi prosesi bilərəkdən “fil xəstəliyi”nə yoluxduran düşünülmüş, məkrli siyasətin qurbanı olurlar. Ədəbi təxribat dediyim elə budur.
Sənin sualına konkret cavabı isə belə verərdim. Cəmiyyəti düşündürən, özü də bayağıca yox, dərindən düşündürən problemlər var ki, onları diskusiya obyektinə çevirmək lazımdır. Ən vaciblərindən biri dil məsələsidir. Küçədəki dil, kitabdakı dil, evdəki dil, dərslikdəki dil, məktəbdəki dil və biz. Bu müxtəlif müstəvilərdə dil ilə bir yerdə biz də dəyişirik, ya yox?! Dəyişiriksə, ədəbiyyat bunu fiksə edirmi?! Biz sevgi izhar edən yerdə, biz rəsmi görüşdə, biz küçədə, biz başqa bir maşının sürücüsü ilə söyüşdüyümüz yerdə, biz vəzifəcə özümüzdən böyüklə və vəzifəcə özümüzdən kiçiklə danışdığımız zaman, biz eyni mətləbi xarici ilə və özümüzünkü ilə ünsiyyət zamanı fərqindəmiyik ki, dəyişməməliyik?! Dəyişiriksə, bu bizdən asılı olaraq baş verir, yoxsa asılı olmadan?! Dil faktoru, görürsənmi bizi hansı müstəvidən hansı dərinliklərə apara bilər?! İndi isə bütün gücünü topla və elə bir fantastic təsəvvür sahibinə çevril ki, belə bir mənzərəni gözün önündə canlandıra biləsən. Bu dediklərim ədəbi problem kimi “Ədəbiyyat” qəzetində (gülmə, gülmə – “Ədəbiyyat” qəzetində) müzakirə edilir və cəmiyyətin ən müxtəlif təbəqələrinin üzvləri bu qəzetin səhifələrində nömrədən-nömrəyə bir-birinə aman vermədən, yaxud aman verə-verə bu çox dərin və faydalı mətləbləri aydınlaşdırır, fikir paylaşır. Sən bunu təsəvvür edə bilərsən? Nə qədər güclü fantaziya sahibi olsan belə – Yox! Amma axı ədəbi-ictimai alovu füləmək lazımdır. Ədəbi prosesi, məncə belə bir “demonik” öpüş dirildə bilər. Kim etməlidir bunu? “Ədəbiyyat qəzeti” etməlidir bunu. Edirmi? Etmir! Məlumat üçün deyim ki, Akademiyada Humanitar və ictimai elmləri əhatə edən bölmədə bir seminar yaradılıb. O, hələlik kövrək addımlarını atır. Məqsəd ictimai rezonansa səbəb ola biləcək mətləbləri, özü də nəzəri-metodoloji mətləbləri gündəmə daxil etmək, cəmiyyətin yaddaşında ədəbi, ictimai, psixoloji, mənəvi-arxeoloji qatları oyatmaq, hərəkətə gətirməkdir. Seminarın rəhbəri görkəmli filosof-alım Zümrüd Quluzadədir və mənim onun fəaliyyətinə böyük ümidim var. Ədəbi prosesin canlanmasına bir təkan da buradan ola bilər, düşünürəm.
– Mənə elə gəlir ki, siz AYB-dən bir az soyumuş kimisiz. Əgər belədirsə, AYB-dən soyumanızın səbəbi nədir?
– Bir dəfə bir Leninqradlı türkoloqun onun həmşəhərlisi olan başqa bir türkoloq barədə nə düşündüyünü öyrənmək istədim. Cavan idim. Elm aləmində bu adamların hər birinin öz sambalı vardı. Mənə elə gəlirdi ki, onlar həyatda da dost olmalıdırlar. Ən azı eyni şəhərdə yaşadıqları üçün. Fikrini soruşduğum adam mənə belə cavab verdi: “Bizim gözəl münasibətlərimiz var. Çünki heç bir münasibətimiz yoxdur.”
Təxmini də olsa mənimlə AYB-nin münasibətləri bu cür qiymətləndirilə bilər. Böyük bir təşkilatdır. Çox iş görür, amma daha çox iş də görə bilər. İndi hərdən kimsə küsür, kimsə cığallıq, kimsə yekəbaşlıq edir, olsun. Amma orası da var ki, AYB-nin özünün də ədəbiyyat qarşısında etibarı get-gedə azalmaqdadır. AYB-dəkilər Anarı da pis durumda qoymaqdadırlar. “İçəridə nə baş verir?” — bu gün ədəbiyyat cameəsini bu sual əməlli-başlı silkələyir. “Örtülü bazar dostluğu pozar” prinsipi işləməyə başlayıb. Ümumiyyətlə, bir çox suallar vardır ki, mənim o suallara cavabım yoxdur. İnanmaq istəyirəm ki, Anarın o suallara cavabı var.
AYB-dən isə nə soyumuşam, nə də soyumamışam. Sadəcə, o elə bir təşkilata dönüb ki, get-gedə maraqsızlaşıb. Mən AYB-də neyləyə bilərəm ki? Düz-əməlli bir ədəbi orqanı yoxdur ki, çap olunmaq istəyim, mükafat verməyəcəklər, təqaüdə düşmə şansım və arzum sıfır… Maraqlı, ədəbiyyatı, cəmiyyəti sarsıdan, həyəcana gətirən polemikaları, diskussiyaları yox… Mənim üçün AYB-nin bir qiymətli dəyəri var ki, o da Anarın özüdür.
– Bəs dostunuz Çingiz Abdullayev?
– Çingiz bəyəm AYB-də işləyir? Mən elə bilirdim, o PEN klubun prezidentidir…
– Ən çox sevdiyiniz kitab və kitablar… Sevdiyiniz yazıçılar… Nəyi və kimi oxuyursunuz?
– Bütün zamanların kitabı olan “Don Kixot”. Amma bu o demək deyil ki, bütün zamanların başqa möhtəşəm kitabları yoxdur. Mən demişəm və deyəcəyəm. Ədəbi diletantı (onlar isə zəmanəmizdə baş alıb və baş aparıb gedirlər) başqasından, belə deyək, diletant olmayandan fərqləndirən ən vacib məqam budur. Bunun yaxşı, bunun isə pis olmasını təkidlə, ağzı köpüklənə-köpüklənə (hətta yazıda da belə bu köpüyü görməmək mümkün deyil) israr etməsidir. Bu, mənim romanımdır, ona görə də mən bunu yaxşı hesab edirəm, deyə bilməməsidir. Başqası da o biri romanı ən yaxşı hesab edə bilər, bu da onun romanıdır, fikrini ağlına belə gətirə bilməməsidir. Çünki insan başqasına da seçim yeri qoymalıdır. Öz sevdiyi yeməyi hökmən başqasının boğazına dürtüşdürməyin mədəniyyətdən kənar hərəkət olmasından xəbəri olmalıdır.
Soruşa bilərsiniz ki, sevdiyin kitab sənin üçün nə deməkdir?! O deməkdir ki, mən onu oxumağa dönə-dönə qayıdıram. Bu mənada mənim, əlbəttə ki, sevdiyim yazıçılar da var. Haqverdiyev, Mirzə Cəlil, Bulqakov, Platonov, Trifonov… Sabir, Cavid, adekvat qiymətini hələ də almayan Hadi, qiymətini həddindən çox alan Nazim Hikmət (hətta bu belə mənə onu sevməyə mane ola bilmir), Əli Kərim, Ramiz Rövşən, Qüdsi Özçıraq…
Fiziklər haqqında, fizikanın qızıl dövrü haqqında, atom nəzəriyyəsi, kvant psixologiyası barədə oxumağı, təbii ki, qavraya biləcəyim səviyyədə oxumağı sevirəm. Gibbonu oxuyuram. Roma imperiyasının tənəzzülü, bu zaman tarix arenasında görünməyə başlayan xalqların taleyi, ilk xristianlıq mühiti, merovinqlərin aqibəti, karolinqlərin taleyi, həqiqi dünya tarixi və bu günün o uzaq zamanlardakı ürkək siluyetini göstərən əsərləri sevirəm. Daha hansı kitabları sevirəm?! Dönə-dönə oxuyuram?! Bu barədə gələn səfər.
– Kamal müəllim, çəkdiyiniz adların hamısı mənə tanışdı. Birindən başqa. Qüdsi Özçıraq kimdir?
– XVII əsrin böyük müdriklərindən biri Hacı Mir Həsən ağa Səyyahın müridi olub. Fəzilət əhlidir. Divanı var. Müasir dövrdə, 20-ci əsrin ortalarında öz adı ilə bir daha doğulub. Məndən 5 il əvvəl filololoji fakültəni bitirib. Son zamanlara qədər “Azərnəşr”də işləyirdi… Bilirsən, nə var, əzizim?! Əsas olan mətndir. Yerdə qalan təfərrüatdır.
Elmin NURİ
Şərh yoxdur