Nəhayət baxışın mənə dəyəndə,
Nəhayət tanıdıq bir-birimizi.
O uzaq dənizin dibsizliyində
Sən su pərisiydin, su pərisi.
Artıq yorulmuşuq çevrilmələrdən,
Sən də mənim kimi göylər gəzmisən.
Sonsuz ölmələrdən, dirilmələrdən
Bezmişəm. Əlbəttə, sən də bezmisən.
Bax neçənci dəfə yenə öləndə
Unutduq dünyanın hər bir şeyini.
Ancaq unutmadıq sən də, mən də
O uzaq dənizin yosun iyini.
Səni tanıyan tək xatırladım mən
İlk dəfə dənizdən çıxdığım anı.
Dəniz arxamdaydı, hənirtisindən
Duyurdum mən onun həyəcanını.
Nə idi dünyanın o vaxtkı adı,
Unutdum sehr idi bu, tilsim idi?!
Sən su pərisiydin, bu yadımdadı,
Sən su pərisiydin, bəs mən kim idim?!
Sən su pərisiydin, bəs mən kim idim…