Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən seminar-müşavirəsi oktyabrın 29-da öz işini davam etdirib.
AzərTAc xəbər verir ki, seminar-müşavirənin ikinci günündə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, səhiyyə naziri Oqtay Şirəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məruzələrlə çıxış ediblər.
Tədbirdə Azərbaycanda tolerantlıq və multikulturalizm mühitinin qorunması, mədəniyyət, turizm, səhiyyə sahələri, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi, ölkənin ictimai-siyasi həyatı və s. məsələlər ətrafında müzakirələr aparılıb.
Seminar-müşavirənin iştirakçıları Dövlət Bayrağı Meydanı Kompleksi, Bakının rəmzlərindən biri, dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Xalça Muzeyinin yeni binası ilə tanış olub, Beynəlxalq Muğam Mərkəzində konsertə və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseyn Cavidin “Əmir Teymur” pyesi əsasında hazırlanan tamaşaya baxıblar.
Seminar-müşavirə oktyabrın 30-da öz işini başa çatdıracaq.
29 oktyabr 2014-cü il
Şərh yoxdur