kitab teqdimatBakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan “Azərbaycanşünaslığa giriş” kitabının təqdimatı olub.
BSU-dan AzərTAc-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Asif Hacıyev azərbaycançılıq ideyasının təbliğində və azərbaycanşünaslıq elminin inkişafında BSU-nun rolundan danışıb. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan BSU-da artıq 10 ildən çoxdur fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin yaradılması strateji əhəmiyyəti daşıyır. Yarandığı gündən BSU-nun xarici ölkə universitetləri ilə əlaqələrinin əsasında Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə, azərbaycanşünaslığın təbliği dayanır. Ümummilli Liderin yaratdığı azərbaycançılıq məfkurəsinin milli birliyə, xaricdə ölkəmizin təbliğinə yönəldiyini deyən rektor bu gün həmin məfkurənin Prezident İlham Əliyev tərəfindən dövlət siyasətinin əsası kimi inkişaf etdirildiyini vurğulayıb. A.Hacıyev kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin böyük xidmətini qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov Azərbaycandakı və xaricdəki universitetlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisinə başlanıldığını qeyd edərək bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Multikulturalizmə aid fənlərin tədrisində “Azərbaycanşünaslığa giriş” kitabı dərs vəsaiti kimi xüsusi əhəmiyyət kəsb edir. İnanırıq ki, oxucu bu kitab vasitəsilə Vətənimizi daha yaxşı tanıyacaq və sevəcək.
Digər çıxış edənlər də kitabla bağlı təəssüratlarını bölüşüb, kitabın elektron variantının yaradılmasına və universitetin təhsil portalında yerləşdirilməsinə ehtiyac olduğunu vurğulayıblar. Eyni zamanda, kitabın xarici dillərə tərcümə olunması təklifi də irəli sürülüb.
Bildirilib ki, kitabda azərbaycanşünaslıq ixtisası üzrə təhsil alan tələbələr, Azərbaycan dilini, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və coğrafiyasını öyrənmək arzusunda olan əcnəbilər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş oçerklər toplanıb. Kitaba “Ön söz”ü akademik Kamal Abdullayev yazıb.
“Azərbaycanşünaslığa giriş” kitabı Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən dərs vəsaiti kimi təsdiq edilib.

6 fevral 2015-ci il