Slavyan Unvde gorusFevralın 26-da Bakı Slavyan Universiteti (BSU) ilə Almaniyanın Auqsburq Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev müqavilənin mahiyyəti və rəhbərlik etdiyi ali məktəbdə yeni fəaliyyətə başlamış Germanşünaslıq İnstitutu barədə danışıb. Rektor BSU-da alman filologiyası üzrə kadr hazırlığı, universitetdə yeni açılan multikulturalizm kafedrası, Almaniyada, o cümlədən Azərbaycanda keçirilən elmi seminarlar barədə məlumat verib.
BSU-nun fəxri professoru Ziqlinde Hartmann çıxışında uzun illərdən bəri əməkdaşlıq etdiyi bu ali təhsil ocağı barədə xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Z.Hartmann Azərbaycana ezam olunduğu üçün Alman Akademik Mübadilə Xidmətinə (DAAD) dərin minnətdarlığını bildirib. O qeyd edib ki, Almaniya ilə Azərbaycan arasında elm sahəsində əlaqələr gündən-günə möhkəmlənir. Düşünürəm ki, elmin yüksək səviyyədə inkişafı məhz qloballaşmadadır.
Tədbirdə Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger, Auqsburq Universitetinin professoru Klaus Volf iki ölkənin siyasi, iqtisadi, mədəni əlaqələrindən danışıblar. Qonaqlar Bakı və Auqsburq şəhərlərini tarixi, həmçinin elmi aspektdən müqayisə edib, hər iki şəhərin təhsil sahəsində inkişafını yüksək qiymətləndiriblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev BSU-nun Almaniya ilə yeddi il ərzində davam etdirdiyi əməkdaşlığın əhəmiyyətindən danışıb. Dövlət müşaviri çıxışında “Nibelunqlar nəğməsi” və “Kitabi-Dədə Qorqud” dastanının müştərək tədqiqindən söz açıb, alman xalqı ilə Azərbaycan xalqının multikulturalizminin ortaq yöndə olduğunu vurğulayıb. Akademik, eyni zamanda, Xocalı faciəsini bir daha yad edib, almaniyalı qonaqlara soyqırımında ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri, professor Azad Məmmədov xarici universitetlərdə multikulturalizmin ayrıca fənn kimi tədrisi barədə qonaqlara məlumat verib. O, eyni zamanda qeyd edib ki, BSU ilə Auqsburq Universiteti arasında yaradılan əməkdaşlıq multikulturalizmin Almaniyanın bu ali təhsil müəssisəsində tədrisinə şərait yaradacaq.