Gurcustan tedrisAzərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev martın 3-də Tbilisi Dövlət Universitetinin professor, müəllim və tələbələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstan Prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiko Şamanidi, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslər iştirak ediblər.
Universitetin müəllimi, Beynəlxalq Psixolinqvistika Cəmiyyətinin sədri, professor David Qoçolidze müasir dünyada baş verən dini, sosial və siyasi cərəyanlar, mövcud problemlər və onların həllində bir sıra konsepsiyaların, o cümlədən multikulturalizmin rolundan danışıb. Bildirib ki, Tbilisi Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Dövlət müşaviri, tarixi əsərləri, multikulturalizm sahəsində xüsusi biliyi və təcrübəsi ilə dünyada tanınan Kamal Abdullayev multikulturalizmlə bağlı fikirlərini bölüşəcək.
Sonra Kamal Abdullayev Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışıb.
Dövlət müşaviri bildirib ki, Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələri, fərqli etnik qruplar və xalqlar dostluq və qardaşlıq mühitində yaşayıblar. Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilib.
Bildirilib ki, hazırda Azərbaycanın səkkiz universitetində multikulturalizm tədris olunur. Almaniya, İtaliya, Litva, Belarus, Rusiya və Bolqarıstanda da multikulturalizmin tədrisinə xüsusi diqqət yetirilir. Qonşu Gürcüstanda da bu fənnin tədrisi yeni nəslin dünyaya baxışının formalaşmasında, eləcə də ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynayacaq.
Sonra Gürcüstan Prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiko Şamanidi, səfir Azər Hüseyn və başqaları çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrindən, siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın inkişafında multikulturalizmin rolundan bəhs ediblər. Çıxışlarda Azərbaycanda multikulturalizmin inkişafı, bununla əlaqədar beynəlxalq forum, konfrans və digər tədbirlərin keçirilməsi yüksək dəyərləndirilib.
Sonra müəllim və tələbələrin sualları cavablandırılıb.
Professor David Qoçolidze AZƏRTAC-a müsahibəsində deyib: “Multikulturalizm bütün dünyanı maraqlandıran konsepsiyalardan biridir. Biz sovetlər dövründə bir mərkəzdən idarə olunduğumuz üçün bu cür məsələlərə yetərincə diqqət yetirə bilməmişik. Bu gün Azərbaycan multikulturalizm sahəsində böyük işlər görüb. Düşünürəm ki, bu konsepsiyadan Gürcüstanda da istifadə etməliyik. Biz azərbaycanlı alim və mənim yaxın dostum Kamal Abdullayevə müraciət etdik və Azərbaycan tərəfi müraciətimizə müsbət cavab verdi. İnanıram ki, gürcü və azərbaycanlı tələbələr bu konsepsiyanı öyrənəcək və təbliğ edəcəklər”.
D.Qoçolidze bildirib ki, bu gün artıq 32 tələbə multikulturalizm kursuna yazılıb.
Kamal Abdullayev jurnalistlərə açıqlamasında deyib: “Gürcüstan tərəfinin də bu konsepsiyaya maraq göstərməsi çox yaxşı haldır. Multikulturalizm təkcə insanların mədəni inkişafında, milli azlıqların problemlərinin həllində deyil, dövlətlərarası əlaqələrin inkişafında, şəffaflığın təmin olunmasında da mühüm rol oynayır. Biz Gürcüstan tərəfinin müraciətini nəzərə alaraq bu ölkənin universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə razılıq verdik. Bu gün bir universitetdə bu fənn tədris olunacaq, amma gələcəkdə onların sayı daha da artacaq”.

3 mart 2015-ci il