Dia1Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin ideya və təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun rəhbər kadrların fasiləsiz təhsil mərkəzində “Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusunda qısamüddətli kurslara başlanılıb.
Azərbaycan multikulturalizminin ölkə daxilində və xaricdə təbliği ideyasına xidmət edən bu kursun əsas məqsədi ölkəmizdə icra hakimiyyəti orqanlarında və müxtəlif qurumlarda çalışan işçilərə Azərbaycan multikulturalizmi və ölkəmizdəki multikultural mühitin və tolerantlığın mənəvi və hüquqi təminatı ilə bağlı sistemli bilgilər verməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan kursun açılışında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev məruzə ilə çıxış edib. “Ümummilli lider Heydər Əliyev siyasi multikulturalizmin banisi kimi” mövzusunda dinləyicilər qarşısında çıxış edən Kamal Abdullayev ölkəmizdə mövcud multikultural və tolerant mühit, bu mühitin yaradılmasında Ulu Öndərin böyük uzaqgörənliklə atdığı addımlar, Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmi modelini dünyaya xalqımızın sahib olduğu sərvət kimi təqdim etməsi və dünyanı Azərbaycan nümunəsindən faydalanmağa dəvət etməsi, həmçinin ölkəmizdəki multikultural mühitin hüquqi və siyasi bünövrəsi haqqında dinləyicilərə geniş bilgilər verib.
Martın 13-dək davam edəcək kursun növbəti günlərində DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, həmçinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Dövlət İdarəçilik Akademiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin digər əməkdaşları mühazirələr oxuyacaqlar.

10 mart 2015-ci il