kitab bbmmBakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda I virtual “dəyirmi masa” materiallarının kitabçasını nəşr edib. Kitabça Azərbaycan, rus və ingilis dillərində çap olunub, ön və son səhifələrində dünya dinlərinin simvolları əks olunub.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, virtual “dəyirmi masa” ötən ilin oktyabr ayında keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti tərəfindən təşkil edilib. “Dəyirmi masa”nın iştirakçıları AMEA-nın həqiqi üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Braziliyanın Paraiba Dövlət Universitetinin professoru Sudha Svarnakar, İtaliyanın Romualdo Del Bianko Fondunun prezidenti, memar Paolo Del Bianko, Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri Aleksandr Nesterov, Almaniyanın Ostvald fon-Volkenştayn- Qezelşaft Fondunun Prezidenti Ziqlinde Hartman, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut, italiyalı politoloq və naşir Sandro Tetti, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov olub. Kitabçada “virtual dəyirmi masa” iştirakçılarının mövzu ətrafında apardıqları geniş fikir mübadiləsi öz əksini tapıb.
Mütəxəssislər Azərbaycanın multikultural bir cəmiyyət olduğunu və multikulturalizmin azərbaycanlıların həyat tərzinə çevrildiyini vurğulayıblar. “Dəyirmi masa”nın sonunda müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafının xalqımızın mənəvi sıçrayışı fonunda baş verdiyi nəticəsinə gəlinib. Bildirilib ki, Azərbaycanda mənəvi dəyərlər sosial-iqtisadi inkişafın təsiri ilə daha da yüksələrək onu həm müşayiət edir, həm də əsas səbəblərindən biri kimi çıxış edir.
Kitabçada AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadənin və Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru Əlikram Abdullayevin rəyləri yer alıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov bildirib ki, kitabça “Azərbaycan multikulturalizmi” fənninin tədrisində dərs vəsaiti kimi istifadə edilə bilər.

7 aprel 2015-ci il