Prezident İlham Əliyev Azərbaycanın mədəni-dini abidələrinin qorunmasına, bərpasına, daha da gözəlləşməsinə xüsusi diqqət yetirir. Biz hər gün bunun şahidi oluruq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Zaqatala rayonunun Əliabad qəsəbəsindəki XVII əsrə aid məscidin bərpasına başlanılması münasibətilə keçirilən mərasim zamanı jurnalistlərə müsahibəsində deyib.
“Maraqlı cəhət odur ki, ziyarətgah məscidin bərpasına vəsait ayırır. Bakının Şüvəlan qəsəbəsindəki Mir Möhsüm Ağa ziyarətgahı öz mənəvi və maddi imkanlarını bu məscidin bərpasına yönəldir. Bu, Azərbaycanda olan multikultural mühitin təzahürü, həmçinin məzhəb ayrı-seçkiliyinin olmamasının daha bir dəlilidir”, – deyə K.Abdullayev vurğulayıb.
Dövlət müşaviri deyib: “Azərbaycan klassik müsəlman ənənələrinə layiq və sədaqətli bir ölkə, bütöv müsəlmançılıq əqidəsini özündə, qəlbində yaşadan bir xalq kimi, bu gün bu əməllərin sahibi olduğunu bütün dünyaya bəyan edir. Azərbaycandakı multikultural cəmiyyət əhval-ruhiyyəsinin bir təzahürü də ziyarətgahın məscidə, məscidin insanlara kömək etməsi, xalqla birləşməsi, xalqın qəlbində Tanrı eşqinin daha da yüksəlməsi, möhkəmlənməsidir. Mənə elə gəlir ki, bu, çox böyük bir şərtdir və bizim ideoloji həyatımızın son dərəcə vacib məqamlarından biridir”
14 aprel 2015-ci il
Şərh yoxdur