Ədəbiyyat hər bir xalqın tale yazısı, ömür dastanı, mübarizələrinin, döyüş və mücadilələrinin güzgüsü, mənəvi-psixoloji yaşantılarının salnaməsidir. Burada xalqın formalaşması, yaşam tərzi, tarixən keçdiyi yol, mübarizələri geniş əks olunur. Bu mənada çeçenlər heç də müstəsnalıq təşkil etmir. Çeçenlər digər xalqlar arasında milli kimliklərini qorumaqda tarixən çox böyük sınaqlardan çıxıb, döyüşkən, qorxmaz və azadlıqsevər bir xalq kimi tanınıb. Tarixin ağır mərhələlərini keçməkdə, bir millət kimi formalaşmaqda, xalqın mənəvi bütövlüyünü qoruyub saxlamaqda və əlbəttə, çeçenlərin həyatında ədəbiyyatın da rolu az olmayıb. Ədəbiyyat çeçen xalqının birliyi, birgəliyi, dözümü, mübariz əhval-ruhiyyəsinin formalaşması, ayaqda qalması, sabaha inamı üçün eliksirə çevrilib. Eləcə də ədəbiyyatda xalqın özgürlüyü, geniş panoramda, müxtəlif şaxəliliklə, rəngarəng ədəbi janrlarda öz əksini tapıb.
Xalqın taleyi eynilə ədəbiyyatın taleyidir. Çeçen İçkeriya ədəbiyyatı mənsub olduğu xalqla eyni taleyi yaşayıb, dəfələrlə repressiyalarla üz-üzə qalıb, lakin sınmayıb, tarix səhnəsini tərk etməyib, çətinliklərdən keçərək, sınaqlardan çıxaraq öz bədii mövcudluğunu qoruyub saxlamağı bacarıb, xalqın taleyini, özünəməxsus mədəniyyətini bugünümüzə daşıyıb.
İnsanın formalaşmasında yaşadığı mühitin, doğulduğu, böyüyüb boy atdığı təbii şəraitin, coğrafi arealın rolu böyükdür. Çeçenlər qayada, dağ başında doğulur, sıldırımlarda yaşayır, öləndə də qartallar tək uca zirvədə bu dünyadan köçürlər. Bu xüsusiyyət onların ədəbiyyatından, poeziya və nəsr nümunələrindən də leytmotiv olaraq keçir. Belə ədəbi qaynaqların hər sətrində, hər misrasında Qafqaz dağlarının əzəməti, saflığı və yenilməzliyi boy göstərir. Bu əsərlərdə qəhrəmanlıqlarla yanaşı, sevgi də var – həyata, yaşamağa, mübarizəyə, azadlığa, doğma dağlara, doğulduğu aula əbədi sevgi…
Çeçenlərin qədim, həm də keşməkeşli bir tarixi vardır. Ərəb yürüşlərindən tutmuş, monqol, Teymur istilalarına qədər bütün işğalları yaşamış çeçenlər XVI əsrdə Şimali Qafqazda hökmranlıq uğrunda mücadilə aparmış Osmanlı və Səfəvi dövlətlərinin təzyiqləri ilə də üz-üzə qalıb. Sonralar bu bölgəyə əl qoymuş çar Rusiyası ilə uzun və yorucu mübarizələr dövrü başlanıb. Rus işğalına qarşı İmam Mansurun qaldırdığı bayrağı sonralar Qazı Məhəmməd, Həmzət bəy və Şeyx Şamil ləyaqətlə daşıyıb. Kiçik bir xalq illər boyunca böyük bir imperiyaya meydan oxuyub. Lakin bütün bunlara baxmayaraq, 1864-cü ildən sonra çeçenlər rus basqısına məruz qalıb, yüz minlərlə insan təqib olunub, sürgün edilib, bölgə əsrlər boyunca siyasi, etnik, dini və mədəni krizis yaşayıb. Repressiyalar sovet dönəmində də davam edib, bölgənin xalqları çeçen-inquş və qaraçay-balkarlar davamlı şəkildə həbs olunub, Sibirə, Orta Asiyaya, Qazaxıstana sürgün ediliblər. Bununla belə, ədəbiyyat öz inkişafını dayandırmayıb, kitablar, ədəbi dərgilər çap edilib, baş verən neqativ, qanlı hadisələr ədəbiyyatda rəngarəng mövzuların yer almasına stimul yaradıb.
1937-1939-cu illərin Sovet repressiyası çeçen ədəbiyyat xadimlərindən də yan keçməyib. Onların bəziləri güllələnib, bir çoxu uzun müddətə həbsxanalara atılıb, Sibirə, Qazaxıstan çöllərinə sürülüb. 1944-cü ildə ərəbcə və ərəb əlifbası ilə yazılmış bütün kitablar Qroznının mərkəzi meydanında yandırılıb.
Əlifba islahatları da bu ədəbi repressiyaların tərkib hissəsi olub. Çeçenistanda ərəb əlifbasından latın qrafikasına, sonra isə kirilə (eynilə bizdəki kimi) keçilib. Bu da ədəbi nəsillər arasında əlaqələrin qırılmasına, ənənələrin pozulmasına gətirib çıxarıb. Ən böyük zərbə də söz sənətinə, ədəbiyyata dəyib.
“Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbi cameəsinə həsr olunmuş bu sayında təqdim olunan klassik və müasir nümunələrdə çeçen həyatı, xalqın quruculuq və mübarizə tarixi boy göstərir. Bu yazılarda çeçen xarakteri, xalqın gələnəklərini ortaya qoyan qəhrəmanlıq motivləri, çeçenlərin bugünkü həyatı öz əksini tapıb. Məryəm İsayevanın, Məhəmməd-Salah Qadayevin, Xasməhəmməd Ədilovun, Vahid İtayevin, Ruslan Yusifovun, Şərif Suruyevin, Sulim Məhəmmədovun, Lyuba Arsaliyevanın poetik nümunələrində, Səidbəy Arsanovun, Xalid Oşayevin, Səid Baduyevin, Məhəmməd Mamakayevin, Musa Mutayevin və təqdim olunan onlarla başqa müəllifin nəsr əsərlərində çeçen xalqının milli-mənəvi keyfiyyətləri aşkar görünür. Sözləri Abuzər Aydəmirova, bəstəsi Əli Dimoyevə məxsus Çeçen İçkeriya Respublikasının Dövlət Himni belə adlanır: “Ya müstəqillik, ya da ki ölüm!” Bu məğrur tendensiya dərgidə təqdim olunan bütün nümunələrin ruhuna hakimdir.
Qafqaz dağlarıtək məğrur çeçen ədəbiyyatının Azərbaycan oxucusuna təqdim edilməsi çox əlamətdar mədəni hadisədir.
Şərh yoxdur