Ruh gözün baxdığı yerdə,
Cisim gözün özündədi.
Qəlb ulduz axdığı yerdə,
Tənha göyün üzündədi.
Sardı cismimi vahimə,
Getdim o dünyanı gördüm.
Ruhum ilişdi tilsimə,
Öləcəyim anı gördüm.
Gördüm göylər yerə enir,
Buludlardan ölüm düşür.
Gördüm mələklər deyinir,
Gördüm şeytanlar gülüşür.
Bir də gördüm, bu sən idin…
Ruh gözün baxdığı yerdə.
Sən yenə məni səslədin,
Mən də səsinə səs verdim.
Ruh gözün baxdığı yerdə,
Cisim gözün özündədi.
Nəsə qırıldı sehirdə,
“Qayıt geri” səsin dedi.
Mən qayıtdım əzab dolu,
Kədər dolu bu torpağa.
Unutdum getdiyim yolu,
Məhkum idim unutmağa.