Hamı bir-birinə oxşayır necə,
Sözlər də, üzlər də eynən həməndir.
Necə də səhərə oxşayır gecə,
Necə də göy üzü həmən həməndir.
Ləpirlər yol boyu eyni ölçüdə,
Qəbirlər qazılır yenə torpağa.
Yenə güc qalmayıb bircə əlçim də,
Yenə ümid qaçıb gedib uzağa.
Yenə o göy üzü, yenə o səma,
Səmaya dikilən baxışlar eyni.
Yenə gəldi izim çıxdı qarşıma,
İz ləpirdən əvvəl qabaqda neynir?!
Hamı bir-birinə oxşayır necə,
Arzular eyni, diləklər eyni…
Hər şey təzədən başlayır necə,
Ruhlar eyni, ürəklər eyni…
Necə göy üzü qabar-qabardır,
Min il, milyon ildi həməndir həmən.
Göy üzündə yenə həmən quşlardır,
Həmənki yağışdır yerə tökülən.
İz ləpirdən əvvəl qabaqda neynir?!
Kimə lazım idi əyri rəsmimiz?!
Yenə qoca Allah göydə deyinir,
Yenə sözəbaxmaz uşaqlarıq biz.