Yolla gedən olmasa bilinməz –
Bilinməz ki, gəlir bu Yol, ya gedir.
Öləsən də xatirədən silinməz
Həqiqətdi, bəlkə də əfsanədi.
Bu Yol sənin yolun deyil – bilginən,
Sənin olan addımındı, izindi.
İstəyirsən – ürəyindi döyünən,
İstəyirsən – nəfəsindi, səsindi.
Bu Yolun öz sahibi var – az, çox
Tanıyırıq – Yolu kirə veribdir.
Elə bilmə hərəkət var – yox, yox,
Eyni şeydi, ya get, ya gəl – sirrü sirr.
Üç almayla nağıl sehri açılmaz,
Sehir əgər sehirdisə sirdi.
Yol da elə. Kömək edir az-maz,
Yaşamağa kömək edir. Edirdi.
Şərh yoxdur