küləyi-dişləyən

Mirmehdinin yaxınlarda çapdan çıxmış “Küləyi dişləyən” adlı romanını birnəfəsə oxudum. Varaqlayırdım ki, oxumayım, çünki başqa bir əsərlə məşğul idim. Daha böyük, daha mürəkkəb və daha ağır roman oxumaqdaydım. Bu, Nəriman Əbdürrəhmanlının “Yolçu” romanı idi. Necə deyərlər, romanı romana qatmaq istəmirdim. Amma qatdım. Bəlkə də belə daha yaxşı oldu. Təsadüf qəribə bir qanunauyğunluq ortaya qoydu. Son dövrün ən mürəkkəb romanı və ən sadə romanı barədə aydın təsəvvürüm oldu. Amma bu ilk baxışda belə göründü. Nərimandakı mürəkkəbliyin arxasında munis bir həzinliyə bürünmüş sadəlik, Mirmehdidə isə sadəliyin arxasındakı möhtəşəm əzəmət məni valeh elədi. “Yolçu” barədə hələ yazmağa, ümid edirəm ki, imkanım olacaq. Oxuyum qurtarım, sonra. “Küləyi dişləyən” isə məni susmağa qoymur.

Bəri başdan deyim ki, mən, əlbəttə ki, tənqidçilik eləmək fikrindən uzağam. Öz təəssüratımı kimin üçün maraqlıdısa, onunla bölüşürəm. Mənə elə gəldi ki, haqqında danışdığım bu həcmcə kiçik roman, əslində, çox böyük mətləblər qaldırır. Elə bil, romanın çəkisi ilə qaldırdığı mətləblərin çəkisi bir-birinə uyğun gəlmir, belə halda pəhləvanları ağırlıq daşlarına yaxın buraxmırlar. Amma roman öz görünüşünün çərçivəsindən çıxıb bu ağırlığı əvvəlcə döşünə ala bilir, sonra da yuxarı qaldırır.

Çox incə və həssas psixoloji bir durum açılır. Mən Azərbaycan ədəbiyyatının başqa bir misalında bunca incə psixoloji məqamla hansısa bir romançının uğraşmasını xatırlamıram. Dünya ədəbiyyatı səviyyəsində! Təxminən, bizim alışdığımız məntiq və dillə desək, quşu açıb qəfəsdən buraxırlar, o isə uçmaq istəmir, yenidən qəfəsə qayıdır. Kiminsə yadına bu gözəl deyimin roman dolumu gəlirmi ədəbiyyatımızda? Mənim yadıma gəlmir. “Küləyi dişləyən”dən sonra bu boşluq da doldu. Nəsə məni axır zamanlar şerimizdə, nəsrimizdə, dramaturgiyamızda özünü aşkar göstərən boşluqlar düşündürür. Salamın doldurduğu boşluq, Etimadın doldurduğu boşluq, Fəxrinin, Aqşinin, Qismətin, Əlişirin Şükürlünün, Kəramətin, Şərifin, Kənanın, daha kimlərin doldurduğu boşluqlar…

 

Nəsr təfəkkürümüzdə bihudə zəhmətlə bağlı nə isə tapmaq bəlkə də mümkün olardı, amma sən nifrət etdiyin bir işlə, səni insanlıqdan çıxaran, zombiyə çevirmək istəyən bir proseslə elə qaynayıb-qarışırsan ki, onun tərkibinə elə çevrilirsən ki, daha bilinmir, sən bu prosesin içindəsən, yoxsa bu proses sənin içində yatıb qalıbmış doğma övlad kimi… Bax bunu tapmaq mümkün deyil. Sən bu prosesi o qədər özləmisən ki, bəlkə də bir məqam gələ bilər, bəlkə də o məqam gəlib,  sən Generala da səni  bu zülmə düçar etdiyi üçün  qəlbində hiss keçirmək bacarığı qalıbsa, hətta ona da sevgi duya bilərsən, ona da minnətdarlıq hiss edərsən.  General qızı da, xoş xəyallar da, isti, rahat gələcək də səni artıq özünə cəlb eləməz, sən Kafkanın Qreqor Zamzasına çevrilmə yolunun lap başlanğıcındasan, özünün bundan xəbərin yox…

Sən nifrət elədiyin bir işlə ləzzətlə uğraşmağa davam edirsən, amma sən qəti mazoxist deyilsən, çıxış yolu bunda deyil səninçün, bu sənin bəraətin deyil.

Roman dəhşətli dərəcədə neytral bir üslubda yazılıb. Müəllif qələmə aldığı hadisələrlə təqdim etdiyi təsvirin ideal tonallığını çox gözəl tapıb. İntonasiya, əsasən pozulmur. Abzaslar səviyyəsində (hə, onu da deyim ki, romandakı bölgülər də adekvat qəbuletməyə xidməti ədəbi ləyaqətlə yerinə yetirir), səni sıxan, əsərin ümumi məngənəsindən itələyib çıxaran moment yoxdur. Oxucu sonadək müəllif tərəfindən salındığı “priyom”dan xilas ola bilmir, əsərin sirli cazibəsindən çıxmır. Uçqundan tələf olan əlyazma müəlifinin (romanın qəhrəmanının) cəsədinin daşların altından çıxmış qolu mənim gözümün qabağından getmir.

Bunu yazdım və düşündüm ki, sonadək səmimi olsam, gərək yazaydım – var elə moment ki, məni düşdüyüm tonallıqdan çıxarır. Bu, müəllifin lüzumsuz özünü sətirlərin arasından kiməsə göstərmək cəhdidir. Bu, tez- tez baş vermir. Amma onlar var. Məni diksindirən vulqarizmləri nəzərdə tuturam. Əzizi-mən, lazım deyil! Sən kiməsə demək istəyirsən ki, dayanın, baxın, mən də sizin kimi cəsarətliyəm. Sənin bu reverans etdiklərin yel olub sənin mətninin yanından da keçə bilməzlər. Sənin belə reveranslara ehtiyacın yoxdur. Pardon, sənin mətninin buna ehtiyacı yoxdur. Qətiyyən yoxdur! Sakit, normal, yeni Azərbaycan nəsri formalaşır, bu vulqarizmlərin hesabına deyil. Etimadda bu yoxdu, Şərifdə bu yoxdu, Uğurluda bu yoxdu, səndə də olmasaydı… Sən unutmamalısan ki, sən təkcə küləkdişləyən deyilsən, sən həm də boşluqdolduransan.

Ağır yükün altına girmisən, qardaş. Nədənsə, mənə elə gəlir ki, bu ağırlığın dərəcə və ən əsası, siqlətinin nə qədərinə, lap elə belə deyəcəyəm, cahanşümul olmasından xəbərin yoxdu. Heç bəlkə o adlarını çəkdiklərimin də özlərinin özlərindən xəbəri yoxdu. Mətnin isə bundan artıq xəbəri var. O Mətn, belə olmasaydı, sənə imkan verməzdi ki, onu bu möhtəşəm hala salasan. Sən Mətnin seçmiş olduğu sirdaşlardansan.

Əlyazmalarla söhbət eləməyə çalışanların sırasında səni də görmək çox xoşdur.