Ədəbiyyatda yaşanmamış həyatın ilğımı ədəbi qəhrəmanlardan kimlərin gözünə nə cür görükür desək, mənim ağlıma  ilk olaraq Leyli və İbn Salam cütlüyü gələr.

Onlar  Məcnunsuz bir dünyada yaşasaydılar nələr ola bilərdi?!

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

Nuhun gəmisinə imkan edib minə bilməyən o biri heyvanlar və həşəratların taleyindən bir xəbər varmı?

Minənlər canının qurtardı, minə bilməyənlər hamısımı o dəhşətli tufanın qurbanı oldular?

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

Prometey insanlara od gətirdi və buna görə də insanlar onu indiyənə qədər unutmayıblar. Bunu demək çox asandı. Əslində, Prometey insanlara Olimpdən od gətirməyinə görə unudulmur. Onun unudulmaması daha dərin və daha əsaslı səbəb üzündən baş verir.

Prometey yunan mifologiyasında mənası adında da həkk olunduğu kimi “öncəgör” idi. O, irəlini görə bilirdi. Eynən bizim Dədə Qorqud kimi “haqtaala onun könlünə ilham edər, o da qaibdən dürlü xəbərlər söylərdi.” Qədim Elladada buna orakul deyərdilər.

Onun qardaşı var idi. Tam əksi idi. Adı da Epimetey idi. Epimetey keçmişi aydın şəkildə görə bilirdi.

Baxın, ipucu öz-özünə gəldi. Adın etimologiyası bizə Prometeyin insanların qəlbində və yaddaşında nə üçün tarix boyu yaşadığını aşkar şəkildə nümayiş  edir.

Məhz bu əməli, niyyəti həyata keçirəndən sonra onu gələcəkdə nələr gözlədiyini bir öncəgör kimi bilib, amma yenə də niyyətindən əl çəkməməsi Prometeyi əsl qəhrəman edir. Məhrumiyyət və əziyyətlərə düçar olacağı onu qorxutmur. Zevsin qəzəblənəcəyini, özünün Qaf dağına zəncirlənəcəyini, qartalın uçaraq gəlib hər gün onun ciyərini parça-parça edəcəyini bilə-bilə Prometey yenə də bu yolu seçir.  Bu yol isə, əslində, insanlığı təbiət müstəvisindən mədəniyyət müstəvisinə keçirən yol idi.

Prometeyi niyə unuda bilmirik sualının cavabı onun odu sadəcə götürüb insanlara gətirməsi deyil. Bu yolda nələr çəkəcəyini bilən birinin hərəkətidir. Gələcəyindən qorxmayan birinin addımıdır. Məsələnin bu məqamı eyni zamanda mifologiyadan da ədəbiyyata yol açmaqda idi…

 

“””””””””””””””””””””””””””””””””

Kontekst olanda tekst dərinləşir.

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

“Kulis” hekayə müsabiqəsi keçirdi. Mirzə Cəlil hekayələri yenə də birinci oldu. Bundan qəmlənənlər var. Qəribə məntiq, daha doğrusu, məntiqsizlik nümayiş etdirirlər. Təxminən, belə bir cəfəngiyyatı dilə gətirirlər: “Ən yaxşı hekayə Mirzə Cəlilindirsə, deməli, ədəbiyyatımız inkişaf etməyib.”

Əzizi-mənlər! Bu günə qədər dünyada ən yaxşı roman “Don Kixot”dursa, deməli, dünya ədəbiyyatı 5-ci əsrdir ki, yerində sayır və ədəbiyyatda bu illər, əsrlər arasında heç nə yaranmayıb.

Sizin dediklərinizin məntiqi davamı budur və başqa bir şey deyil. Bircə nəfər xarici düşünən adam taparsınızmı belə bir kifsəmiş analogiya aparsın?!

Deyəsən, axı Mirzə Cəlilin də daşı ağır oldu…

Daşlar öz yerində, məmləkətdə başlar var, başlar…

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^