Hər ayın axırıncı cüməsi Aladağ kənd camaatı bir nəfər kimi böyüklü və kiçikli, qocalı və uşaqlı axşam düşənə və zil qaranlıq ətrafı bürüyənə yaxın  kəndin çiyin söykədiyi Ala dağın başına qalxar, buradakı sıldırım qayanın ucuna gəlib bir-birinin ardınca boşluğa tullanar, havadaykən hər biri kürəyindən ağappaq iki qanad çıxarar və quş kimi uçardı. Bu zaman kəndlə göy üzünün arasını qatmaqarışıq bulud tozu tutardı. Aladağ kəndinin başı üstündə belədən belə, elədən elə uçuşan adamlar beləcə aşağıdan baxana bulud tozu kimi görünərdi.

Kənd camaatının səmada uçuşu çox davam eləməzdi. Bir, ya iki saat ancaq çəkərdi. Sonunda hamı öz həyət qapısının önündə, elə bil, paraşütlə, ahəstəcə yerə enər, yuxulular kimi səndələyə-səndələyə özlərini həyət qapısından içəri salardılar. Çiyinlərdən çıxmış qanadlar yenə də öz yerinə çəkilərdi.

Çox-çox illər bundan əvvəl ilk dəfə bu uçuşa camaatı məhərrəmlik zamanı kəndə qonaq gəlmiş bir dərviş alışdırdı. O, bir axşam nə düşündü, nə düşünmədi, adamları başına yığıb kəndin arxasından bir böyük qanad kimi açılıb ucalan Ala dağın başına çıxardı. Adamlar dağın başındakı sıldırım bir qayanın lap ağzına qədər gəldilər. Bir addım da atsaydılar, hellənib boşluğa düşəcəkdilər. Dərviş Dərdəçarə onlara dedi:

—  Bu, çətin bir iş deyil. İstərsəniz əgər, biriminci mən pərvaz edim, siz tamaşa eləyin.

Dünyamalı kənddə hörməti olan, ehtiyat sahibi bir şəxs idi. Hamının əvəzinə o dilləndi:

— Yaxşı olardı. Baxıb öyrənərdik. Biz bunu heç birimiz bacarmırıq. Nə görmüşük, nə də eşitmişik…

Arxadan Kərim kişinin zəif səsi gəldi. Elə bil, öz-özünə dedi:

— Biz uçub göyə qalxsaq, görəsən, dünya dağılmaz ki?!

Kimsə ona etiraz elədi. Söz sözü çəkdi və söz sözə qarışdı:

— Yox, niyə dağılsın…

— Bir başqa adamın bundan xəbəri olmasa daha yaxşıdı…

— Yox, bu baş versə, dünya o saat dağılacaq.

— Axı dünyanın bizimlə nə işi? O niyə dağılmalıdı?

–Baxın, yaxşı-yaxşı baxın… O qədər asandı bu…

Dərviş Dərdəçarə düz sıldırımın ucuna yaxınlaşdı. Ayaqlarını bir-birinə cütlədi. Aşağıda boşluq qaraldıqca qaralırdı. Ala dağın başına isə o biri uzaq dağlar tərəfdən ağ və yumşaq duman gəlirdi.  Dərviş əllərini yana gen açdı, daha bir kəlmə də söyləməyib suya atılan kimi özünü ürəklə boşluğun içinə atdı. Bunun qanadları havadaykən çiyinlərindən çıxdı. Qanad çalıb dərhal yuxarıya şığıdı, yetişmiş dumanın üstü ilə dağın ətrafına  bir geniş dövrə vurdu və yenə də qanad çala-çala dağın başındakı sıldırım qayanın üstünə, bayaq durduğu yerə uçub qayıtdı, ayaqlarını ahəstəcə yerə toxundurdu. Bir müddət sükut içində ancaq zəif külək səsi eşidildi. Nəhayət, heyrətdən quruyub qalmış adamların ağzından qibtədolu  bir yanıqlı “əhsən” sədası çıxdı. Bir balaca tövşüyə-tövşüyə Dərviş bunlara belə dedi:

— Gördüüz? Burda bir çətin iş yoxdu. Əsas olan odu ki, niyyətini doğru-dürüst təyin edə biləsən. Ürəyində inanasan ki, həqqən uçacaqsan. O zaman uçacaqsan.

Biriminci bu işə elə Dünyamalının özü  əl qoydu. O, dərindən bir ah çəkib irəli çıxdı. “Biriminci mən olmasam, o birilər ürəklənməz” düşündü və ehtiyatla sıldırımın lap ucuna ayaq basdı.

— Haqqınızı halal edin. La ilahə illəllah… — Geriyə baxmadan uca səslə söylədi və kəlmeyi-şəhadətini dilinə gətirdi.

… Dünyamalı kişinin ləqəbi vardı. Səyyah. Ticarətlə məşğul olduğundan çox yerlər gəzib dolaşmışdı. Dünyamalı Səyyah dünyanın haralarında olmuşdu, necə qəribə hadisə və vaqeələr görmüşdü, amma belə ləzzətlisini heç harda görməmişdi. Qanadları öz-özünə ağrısız-filansız, rahatlıqla fışıldayıb çiyinlərindən  çıxdı və bu qanadlar eləcə öz-özünə  aşağı, yuxarı həmahəng bir tərzdə hərəkət eləməyə başladı. Göyün üzündə Dünyamalı kişi ağır çəkisinin yox olduğunu, özünün bir quşa döndüyünü hiss edirdi. Ağappaq duman onun vücudu altında bir yumşaq döşəyə dönmüşdü. Sirri Xudamı? Sirri Xuda! O uçurdu. Kişinin bütün bədəni ləzzətli və ehtizazlı bir coşqu içində idi. Başını yana əyib o tərəf, bu tərəfə baxmağa çalışdı. Kənd adamları dərin heyrət içində qayanın başından onun uçuşunu seyr edirdi. Hərdən də Dünyamalı kişi dumana baş vurur, bu zaman adamlar onu gözdən itirir, amma onlar qorxuya düşməyə macal tapmamış Dünyamalını yenə pənbə dumanın üstündə pərvaz edən görürdülər. Güldəstə arvadın əli ağzında qalmışdı.

… Zil qaranlıq Aladağ kəndini mehriban uşaq kimi ağuşuna alandan az sonra  kənd adamları hamılıqla Dünyamalının isti və geniş töyləsində Dərviş Dərdəçarənin başına yığışdı. Həmən gün Dünyamalı Səyyahdan savayı heç kim ürək edib uçmaq üçün özünü qayadan aşağı atmamışdı. Belə olduğu üçün onlar utanırdılar. Susub durmuşdular və deməyə bir kəlmə söz tapammırdılar. Sükutu Dərviş Dərdəçarə pozdu:

— Bu biriminci gün idi, ona görə də çox fikr eləməyin. Məcburiyyətnən olmaz bu iş. Gərəkdir, ürəkdən istəyəsən bunu. Gözəl olan sonrasıdı. Sonra adamın canına illərlə yığışıb qalmış  bütün qaramatı, çirki və pası, bütün nifrini və kini, bütün küdurəti səmada itib gedir. Sən olursan balaca uşaq təkin günahsız və məsum bir bəndə.

Adamlar ağızlarını açıb huş-guşla Dərviş Dərdəçarəyə qulaq tutulmuşdular. Qəfil səslənən sual bəzilərini diksindirdi:

— Nə deyirsiz, sabah axşam bu işi birdəfəlik görüb qurtarmaqçün qalxaqmı dağın başına? Bu gün kimi olmayacaq ki?

Bu sualı dörd tərəfə göz gəzdirib Dünyamalı kişi vermişdi.  Ondan başqa ki, bu axşam dağın başından atılıb səmada uçmağa cəsarət edən olmamışdı deyin, Dünyamalı kişi bəri başdan sabah üçün işini ehtiyatlı tuturdu.

— Bə sən özün uçan zaman nə hiss elədin? — Kərim kişi alçaqdan,  könülsüz-könülsüz soruşdu.

— Heç nə. Yüngülllükdən savayı heç nə. Elə rahat oldum…

Adamlar bir-birinin üzünə baxa-baxa qaldılar. Bəziləri köks ötürdü.

Həmin gecə Dünyamalı kişi yatıb yuxusunda kənardan öz uçuşunu gördü. O özü dağın başında qalmışdı, bir başqa Dünyamalı ətrafındakı dumanlara qarışa-qarışa göy üzündə qanad çalıb pərvaz edirdi. Kişinin ləzzətdən dodaqları qaçdı. Yuxusunda gülümsəməyə başladı, dodaqaltı mızıldandı.

… O gün, bu gün kənd əhli göydə uçmağın sirrini  Dərviş Dərdəçarədən yadigar kimi qəbul edib bu günə qədər yaşatdı.  Həftədə bir dəfə bu nəcib işlə məşğul olmağa başladı.

Kənd adamlarının bu cürə göydə uçmaqları ancaq kənd əhlinə əyan idi. Kəndə bir kənar adam gəlib bunun şahidi olurdusa əyyami-qədimdən belə qurulmuşdu ki, o adam kənddən çıxıb gedən kimi gördükləri büsbütün huşundan, hafizəsindən silinirdi. Kəndin sirri kəndin içində qalırdı, qırağa çıxmırdı.

Göyə ayaq açandan, əslində, qanad açandan sonra kənddə evlərin qapısı daha açıq qalırdı, həyət qapılarının üstündə qıfıl olmurdu. Kənd adamları bir-biri ilə kimi qardaş-bacı, kimi də mehriban sevgili kimi idi, qocanın qoca yeri vardı, cahılın cahıl yeri. Hamı bir-birinə can deyib, can eşitməsə də, kimsə kimsənin dalınca danışmaz, qiybətini etməzdi. Adamlar bir-birinin üzünə gülümsəməyə başlamışdılar, qaşqabaqlı baxışlar əriyib getmişdi. Könüllərə xoş bir ahəng gəlmişdi. Amma yavaş-yavaş zaman keçdi, vədə dolandı. Yenə yavaş-yavaş göylərin rəngi, adamların huyu dəyişdi. Artıq göyə pərvaz edənlərin çoxu uçmaq, yüngülləşmək, təmizlənmək naminə yox, itirdiklərini axtarmaq, başqa həyətlərdə nə baş verdiyini görmək, özünə dəxli olmayan şeylərdən hali olmaq üçün uçurdu. Adamlar uçmaqla uçmamaq arasındakı fərqi artıq hiss etməyirdilər. Amma adətkərdə olmuşdular, uçmağı tərk də edə bilmirdilər.

Həmən hadisə belə axşamların birində baş verdi.

Növbəti uçuş zamanı idi. Adamlar göydən yerə baxa-baxa gözlərilə nəsə axtarırdı. Mürsəl əmi əlini gözünə durbin kimi tutmuşdu, o həyət sənin, bu həyət mənim, baxışlarıyla yer deşirdi. Axtardığı çil toyuq neçə gün idi, evdən fərar düşmüşdü. Mürsəl əmi onu Canavar Həşimin dal həyətindəki təndirəsərdə gördü. Yazıq toyuq hövlnak ora-bura vurnuxur, amma heç cür yol tapıb dörd tərəfi bağlı təndirəsərin içindən bayıra çıxa bilmirdi.

Mürsəl əmi qıy vurub ley kimi təndirəsərə tərəf şığıdı. Heç ayaqları ilə yerə dəymədən əyilib çil toyuğu qamarlamağı və təzədən göyə ucalmağı bir oldu. Çil toyuq Mürsəl əminin qoynuna eləcə doğma balası qısılan kimi qısılıb qalmışdı, cınqırını da çıxarmadı. Boş təndirəsər çil toyuğun dalınca baxa-baxa qaldı.

Həmən axşam Məşdəli dadaşın oğlu məktəbli Məmiş hamı ilə bir yerdə göyə uçmağa getmədi, çünki xəstələnmişdi. Rəngi-rufu saralmış, gözləri, elə bil, yol çəkirdi. Anası Mələk oğlunun əlacsız və çarəsiz eşq xəstəliyinə düçar olduğunu billirdi. Ana ah çəkib iki kömbə çörəklə bir sini qatığı mizin üstünə qoydu, mizi də çəkib gətirdi çarpayının baş tərəfinə.

— Mən istəmirəm evdə tək qalmağı. İstəmirəm, istəmirəm…

Məmiş elə zarıdı ki, anasının ürəyi sıxıldı.

— Sən bir az döz, mənim ağıllı oğlum. Biz tez qayıdıb gəllik.

–Ana, ay ana… — Məmiş dilinin ucuna gələn sözü udqunub demədi, susdu, ancaq anasına nəsə qəribə bir həsrətlə baxdı.

Anası daha otaqda durmadı, nəmlənmiş gözlərini əlinin dalı ilə silib, evdən çıxdı. Məşdəli həyətdə gözləyirdi. O da pərişan idi. Evin pəncərəsindən içəri məlul-məlul baxıb hər ikisi səssiz-səmirsiz Ala dağın başına yol aldılar.

Mələk ilə Məşdəli yan-yana uçurdular. Çox ucadan uçurdular. Məşdəli fikirli idi. Mələk arvad ürəyində niyyət eləyib belə düşünürdü. “Allahım, mən ki, indi sənə bu göyün üzündə yerdəkindən bu qədər yaxınam, mənim diləyimi yerinə yetir. Qoyma mənim balam bu xəstəliyin əlində naçar qalsın. Qoyma ki, bu kişi uşağın xəstəliyini ürəyinə salıb dərd eləsin. Sənə pənah gətirdim, ey bir olan Allah…”

… Hər ikisinin bir gözü evlərində, həyətlərində idi. Qəflətən Məşdəlinin gözünə həyətdə bir kölgə dəydi. Qaranlıq düşürdü deyin, yaxşı-yaxşı seçib ayırammadı. Məşdəli uçuşunun səmtini dəyişdi, bir az aşağı endi və qarnı üstünə çöndü. Bu dəfə daha diqqətlə baxıb Məşdəli bu kölgəni tanıdı. Ürəyi sıxılmadımı, sıxıldı.

— Nədi, nə gördüyündü?

— Heç, elə bil… gözümə dəydi, nəydi, biləmmədim. Elə bil, Həlimə idi, həyətə girmişdi.

— Sən Allah, boşla görək. O hələ hardan gəlib beyninə düşdü sənin?

Bu zaman Kərim əmi onların yanından sağa dönürdü, bir anlıq qanadlarını havada açıb saxladı, göydəcə tərpənməz qaldı.

— Siz də gördüüz? — Nəfəsi təntiyə-təntiyə soruşdu. — Həlimə sizin həyətə girdi.

Daha bundan sonra bu ikisinin şəkk-şübhəsi qalmadı  həyətə girən adamın Həlimə olmasına.

Bir anın içində əyrisinə çevrə vurub aşağı enmək, evə qayıtmaq  istədilər. Amma hardansa peyda olan Şahsənəm qarıyla düz burun-buruna gəldilər. Qarı arvadın gözləri axıb gedir, dünya-aləmi fərq eləmirdi.

— Ölürəm, ay Məşdəli, mənə imdad…

Şahsənəm qarı ancaq bu sözləri heysiz dilinə gətirə bildi. Sonra da qanadları sustaldı, heysiz qaldı və arvad daş kimi torpağa düşməyə başladı.

Öz dərdlərini unutdular. Bir tərəfdən Məşdəli, bir tərəfdən də Mələk şahin kimi şığıyıb Şahsənəm qarının yanına özlərini yetirdilər. Onunla bir yerdə uça-uça aşağı alçalmağa başladılar. Məşdəli sağ çiynini, Mələk isə sol çiynini arvadın qarnına dayaq kimi dayadı. Şahsənəmin qanadları eləcənə heysiz bir yük kimi çiyinlərindən sallanırdı. Onların ətrafında biçarə Kərim kişi gah bu, gah o tərəfdən uçur və bilmirdi ki, bu özü nə eləsin. Beləcə, bunlar bir-birinə kömək edə-edə, yavaş-yavaş aşağı enə bildilər.

Torpağa bu dəfə bərk dəydilər. Şahsənəmgilin həyət qapısının ağzında Məşdəli və Mələk hərəsi bunun bir qolundan yapışıb yıxılmağa qoymadı. Bu ikisi və arxadan Kərim kişi qarının əndamlı vücudunu az qala sürütdəyə-sürütdəyə birtəhər gətirib həyətə saldılar. Sonra da arvadı həyətin ortasındakı qollu-budaqlı Qarağacın altındakı uzun skamyaya yanpörtü oturtdular. Kərim kişi quyunun ağzındakı vedrədən bir parç su gətirdi.

Şahsənəm qarı özünə gəlib gözlərini açanacan və dərindən “ah” çəkənəcən bir az  zaman keçdi. Kərim kişi, nəhayət, Məşdəliyə dedi:

— Siz narahatsız, bilirəm. Çıxın gedin, mən burdayam. İndi, elə bil, nəfəsi aramla gedib gəlir. Bir qorxusu yoxdu daha.

Məşdəli və Mələk həyət qapısından çıxa-çıxda Şahsənəm qarının zəif səsi onları haqladı:

— Sonra mənə deyərsiz bu qancığın qızı nəyə gəlmişdi…

Onlar evdə nə Məmişi, nə də Həliməni tapdılar. Həyətdə və tövlədə də həmçinin. İkisi də ilim-ilim itmişdi.

— Mən bilirdim, bu, belə qutaracaq. Uşağı başdan eləyib aparacaq bu hayasız. Mən bilirdim…

— Gərək elə əvvəldən bunu yaxın buraxmayaydıq.

— Doğma qızımız kimi saxladıq, hər arzusunu, istəyini əlüstü yerinə gətirdik… eh…

— İndi bu işin sonrası necə olacaq? Gədə də bunun xəstəsi…

— Gədə də bunun xəstəsi… — Məşdəli arvadının sözlərini təkrar elədi. — Çətin məsələdi. Qız bundan əl çəkən deyil. Təzədən qayıdıb gəlibsə, bu da bununla gedibsə… Ax, Həlimə, Həlimə…

Həlimə kəndə müxbir olduğu qəzet tərəfindən göndərilmişdi. Məqalə yazası idi. Məktəbdən yazacaqdı. Məktəbin qarovulçusu Məşdəli Dadaşın evini seçib qalmağı da bu üzdən idi. Məlumatları bir də iç tərəfdən yoxlamaq istəyirdi.

Məşdəli Dadaş və arvadı Mələk onu öz evlərində həqiqətən doğma bir adam kimi qəbul etdilər. Həlimə cavan, ətli-canlı, gənc və qüvvətli əndamından gözəgörünməz və istiqaməti bilinməz şüalar saçan, sağlarını üz-gözündən güclə yığıb yığışdıran, işindən danışan zaman xam baxan gözlərinin hər birindən yüz tərəfə az qala qığılcımlar çıxan bəstəboy bir qız idi. Nə gözəl idi, nə də çirkin. Belələri də olur. Ancaq onda bir çoxlarında olmayan qəribə bir cazibə var idi. Məşdəli deyirdi ki, bu qız traktoru da baxışları ilə arxasınca süründürə bilər. Bir məqaləni yazmaq üçün kənddə görüşmədiyi adam qalmadı. Məktəbdə girmədiyi dəlmə – deçik qalmadı. O qədər gic-gic sual verdi ki (bəlkə də özünü gicliyə qoyurdu), Şahsənəm qarı axırda təngə gəlib bunu həyətindən qovdu. Ondan  soruşmuşdu ki, sən öz ilk məhəbbətini xatırlayırsan? Kəndin sirri barədə duyuq düşdü və camaatın dalınca Ala dağa çıxdı. Uçuşu görəndən sonra az qaldı özünü adamların dalıyca qayadan atsın aşağı, Məşdəli tutub qoymadı, yoxsa qız un çuvalı kimi gedib düz dərənin dibinə nə zaman çatıb dəyəcəkdi yerə, bunu bir Allah bilirdi. Qərəz, Şahsənəm qarı demişkən, Aladağ kəndi Aladağ kəndi olalı belə zülüm görməmişdi. Bu, bir Allah bəlası idi. Kimdənsə eşitmişdi ki, buraları tərk edib gedəndən sonra o, bütün gördüklərini ünüdacaq. Bunu biləndən sonra başlamışdı cürbəcür üsullara əl atmağa. İndi də yazı yazırdı, mikrofona danışırdı. Hardansa fotoapparat tapıb şəkillər çəkirdi. Kənddən də çıxıb getmirdi ki, getmirdi.

— Bilirsən, Məşdəli dadaş, mən bu uçuş barəsində yazmalıyam. Elə bilirsən, bu, mənə lazımdı? — Həlimənin xam baxan gözləri bic-bic qıyıldı. — Yox, xeyir, bir daha xeyir. Bu, kəndə lazımdı. Axı siz Azərbaycanı bütün dünyada məşhur edə bilərsiz. Başa düşmürsüz?.. Bütün dünya tökülüşüb gələr bura. Heç bilirsən nələr olar?! Kəndə yollar çəkilər, evlər, otellər, teatrlar tikilər. Yeni iş yerləri açılar. Məncə, aeroport da tikərlər. Azərbaycanın mənəvi paytaxtı olar bura. “Aladağ kəndi və səmanın sirləri…”

Sanki yazacağı məqalənin adını da artıq müəyyənləşdirmişdi. Son sözləri xüsusi sirli bir pafosla dedi.

Məşdəli kişi fikirli-fikirli başını buladı. Mələk arvad şirin səslə:

— Gəl, a bala, çayın soyudu. Çayını iç, çörəyini ye… — deyə onu süfrəyə çağırdı.

Bir adam Həlimə vəcdə gəlib danışdıqca, əli ağzında onun dediklərinə qulaq kəsilirdisə, o da Məmiş idi.

Məktəbin son sinfində oxuyan Məmiş bir könüldən min könülə vurulmuşdu özündən yaşca xeyli böyük olan Həliməyə. Məşdəli dadaş bundan duyuq düşmüşdü.  Gecə yerinə girib yataqda o tərəf bu tərəfə qurcuxandan sonra arvadına pıçıltıyla :

— Bu gədənin yaxşı sevgilisi vardı. Şahsənəmin nəvəsi… adı nəydi? – demişdi.

— Gülsüm…

— Hə, Gülsüm. Bu gədə mən gördüyümü görmüşdüm, Gülsümə vurğundu. Tam əmin-amanlıqla deyirəm ha… Həlimə necə elədisə, soxdu güclə özünü bunun qəlbinə… Güclə.  Bizimki də ki, əfəlin biri… İndi baxıb görürsən. Bir-birindən göz çəkə bilmirlər. Bu nə yaşda, o nə yaşda…

O biri otağın açıq qapısı arxasında hərəsi bir divara söykənmiş qonşu çarpayılar arasında şirin-şirin pıçıldaşmalar gedirdi. Birdən Məmiş də, Həlimə də pıqqıldaşdılar.

Bir gün sonra Məşdəli kişi dişini dişinə tutub qızın əşyalarını çantasına yığdırıb aldı əlinə və qabağına salıb gətirdi avtobus stansiyasına. Özü biletini aldı, avtobusa mindirdi və şəhərə yola saldı. Nə o, nə də bu yol boyu bir kəlmə kəsib danışmadılar.

… Məmiş evlərinə ancaq bir həftədən sonra axşamüstü qayıdıb gəldi. Sağalmışdı. Rəngi-rufu açılmışdı.

Keçib şəstlə stolun başında atası ilə üzbəüz oturdu. Məşdəli başını qovzayıb zənlə bunun üzünə baxdı, amma bir söz demədi. Anası yemək hazırlayırdı. Ortalığa sükut çökdü.

İki gün əvvəl Həlimənin qəzetdə çıxan məqaləsi kənddə əldən ələ gəzmişdi. Adamlar məqaləni dördgözlə oxuyurdular. Həlimənin məqaləsinin adı belə idi: “Aladağ kəndinin məktəbinin bu günü və sabahı”. Məqalədə ancaq məktəbdən, onun təmirindən, məktəbin qarovulçusu Məşdəli kişinin nəinki müəllimlər, bütün şagirdlər tərəfindən necə sevilməsindən, olmazın hörmətindən, kənd uşaqlarının dərslik ehtiyacından, kompüter çatışmazlığından və bir də yuxarı sinif şagirdlərindən iki nəfərin — Məmişlə Gülsümün gələcək arzularından söhbət gedirdi. Məqalədə kənd camaatının göyə uçuşu barədə bir kəlmə belə yox idi. Uzaqdan uzağa buna eyham belə vurulmamışdı. Məşdəli kişi mat-məəttəl qalmışdı. Çünki ürəyinə dammışdı ki, bu qız onların uçuşu barədə bilıdiyini və gördüyünü kənddən çıxıb getsə də yadından çıxarmayıb. Məmişi sonradan qayıdıb yanınca aparması nahaqdan deyildi. Ona görə də Məmişin indi yemək zamanı birdən-birə, elə bil ki, öz-özünə dediyi sözlər Məşdəli kişiyə heç də yad gəlmədi:

— Hər şey onun yadında qalmışdı. Hər kəsin uçuşunu yada salıb danışıb gülürdü. Şəkillər də yaxşı çıxmışdı. Mən ona heç nə demədim. Özü. Şəkilləri də cırdı, atdı, sonra…

Məşdəli kişi ağır-ağır ayağa durub otaqdan həyətə çıxdı.