13920820_1087959914629547_8296658891062129452_n

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Fondun  Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin əməkdaşlarla görüşü olub.

Fondunun İnformasiya  Təminatı sektorundanHafta.az-a verilən məlumata görə, tədbirdə bir-sıra məsələlər müzakirə olunub, ilin sonuna qədər həyata keçiriləcək layihələrin, görüləcək işlərin planına əlavələr edilib.

Akademik diqqətə çatdırıb ki, bu gün Fondun əsas fəaliyyət istiqamətlərindən biri “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı maarifləndirici tədbirlərin təşkilidir: “Əhalinin müxtəlif  təbəqələrinə qarşıdakı referendumun mahiyyətini, bu tədbirdə iştirak etməyin vacibliyini izah etmək, onları maarifləndirmək Bilik Fondunun vəzifəsidir”.

Sonra Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsindən danışan Fondun Himayəçilik Şurasının üzvü bu layihəni davam etdirmək barədə tövsiyyələrini də verib. Diqqətə çatdırılıb ki, bu layihənin miqyası getdikcə daha da genişləndirilməli, beynəlxalq səviyyədə daha çox məktəbləri əhatə etməlidir.

Akademik Bilik Fondunun ölkənin müxtəlif bölgələrində, xüsusilə Bilik evlərində təşkil etdiyi təlim kurslarının fəaliyyəti ilə maraqlanıb, bu istiqamətdə görüləcək işlərin genişləndirilməsinin, xüsusilə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün dil kurslarının təşkilinin vacib olduğunu bildirib.

Kamal Abdullayev qarşıdan gələn Bilik günü ilə bağlı da Bilik Fondunun görəcəyi işlərlə maraqlanıb, bununla bağlı fikir və təkliflərini kollektivlə bölüşüb.