ka

Daima lazım olan yerdə…

“Sanço dedi: – Qoy allah məni o yerə göndərsin ki, mən orada daha çox lazımam”

“Don Kixot”

Görəsən, daha çox lazım olan yerdəyikmi?

Düma da, Coys da, Haqverdiyev, Mirzə Cəlil, H.Cavid və sonsuz sayda başqa tanınmış ədəbiyyat adamları da məhz lazım olan yerdə olduğundan haqlarında hörmət və rəğbətlə danışılır. Və bu “sonsuz”un sırasına K.Abdullanı da əlavə etmək olar.   “Düma ilə Coys arasında” ədəbi-tənqidi esselər kitabını oxuyandan sonra bir daha əmin olduq ki, o da daha çox lazım olan yerdədir.

O, illər öncəsi şeirlər yazdı. Hətta “şeir tramvayı”nda ona yer olmadığı zamanlarda belə özünə lazım olan yeri tapdı, novatorluq etdi, hər cür “ənənəvi” sızıltılardan ucada dayanan antik qüssəni gətirdi şeirimizə.

Vaxtilə Azərbaycan dilçiliyində bütün yerlərin guya patriarxlar tərəfindən tutulduğunu iddia edənlərdən fərqli olaraq lazımı yerdə olduğunu praktik işi ilə sübut etdi, tabuları dağıtdı – dilin həm öz sınırları daxilində, həm də sınırlarının dışında dil-dil ötdüyünü və hər bir dil şərqisinin dünya dil şərqilərinə necə rahat və ehtirasla qovuşa bildiyini qüdrətli bir semiotik kimi təkzibolunmaz faktlarla ortaya qoydu, hələ özü üçün bir ”Dilçiliyə səyahət” də təşkil edib uğurla başa vurdu bu səyahəti.

Onun dram əsərləri təkcə səhnə üçün deyildi. “Səhnə mizanı” deyilən bumbuz həqiqətə boyun əymədiyindən dram əhvalı onu tərk etdi. Lakin yenə də o, lazım olan yerdədir…

O, “Gizli Dədə Qorqud”u aşkar Dədə Qorquda göstərdi. İkincisi özündə bu qədər gizlinlərin olduğuna heç özü də inanmadı. Çünki Dədə dünyanın hansı yollarından keçib gəldiyinin fərqinə varmamışdı.

K.Abdulla, Fridrix fon Ditslə özü arasındakı ikiyüzillik məsafəni birnəfəsə qət etdi…

O, suyun sonsuz üzünə xırdaca bir daş atdı. Sonrası isə məlumdu: Sonsuz dairəciklər yarandı. Dil bir dairəcikdən digər birisinə atılıb lal, məsum uşaqlıq çağlarına qayıtdı. “Gicinəqulu” çağlarına. O, Dilin həm də bir Zaman olduğunu bəyan etdi: Hər dilin öz zamanı, hər zamanın da öz dili…

K.Abdulla Azərbaycan nəsrini “Təkcənəlik vaxtı”na səslədi: Nə xəbərdi, hara qaçırsınız,  bir az özünüzə dalın! – dedi. Və ilk əvvəl özü Təkcənəliyə endi… Və özünün də Təkcənəlik vaxtına nə qədər gərəkli olduğunu bütün ruhu ilə hiss etdi.

“Yarımçıq əlyazma” “var!” anlamında yoxdur! Çünki “Özün üçün büt düzəltmə!” – deyir. Onun romanı da büt deyil və yarımçıqdır. O, boş qalan arı şanılarını doldurmağı oxucunun ixtiyarına buraxır. Ana arını isə elə dərinlik və gizlinlərə çəkib aparır ki, bu günəcən ondan bir iz, nişanə yoxdur. Və özü də həmin gizlinin dərinliyindədir!

“Yarımçıq əlyazma” haqqında yazılan hər bir mətnin özü də yarımçıqdır. Təhkiyə labirintində “şüurlu” şəkildə “yolunu azmış” oxucu qırx oynaşlı Boğazca Fatmanın qırx birinci “dostu”na çevrilir. Çünki oxucu harada daha çox “lazım olduğunu” əla bilir. Lap Dədəmiz Qorqud kimi…

 

O, “Unutmağa kimsə yox”-dedi! Deməli, hamı unudulub! Bütün unudulmuşlardan sonra özünün də unudulacağını bilirdi. Bəs onu kim unudacaq? Təhkiyəçi romanda onu unudacaq adamın axtarışına çıxıb. O, Hadisələrin Üfüqündən Möhtəşəm Ahəngə qarışıb itən Bəhram kişini görür. Məhz Bəhram kişinin müəllifi unutmağa tam haqqı vardır. Ona görə də müəllif ona daha çox lazım olacaq Bəhram kişinin yanındadır…

Və qısası, K.Abdulla daha çox harada lazım olduğunu heyrətamiz şəkildə əla bilir. …

 

METAMORFOZLAR

 

“Don Kixot etiraz etdi: – Vicdanla desək, Eney heç də Vergilinin təsvir etdiyi kimi mömin olmayıbdır. Odissey isə heç də Homerin təqdim etdiyi qədər fəndgir deyilmiş”

 

Bundan xeyli əvvəl etiraf eləmişdim: Əgər K.Abdullanın esselərini əvvəl oxusaydım, hekayə və romanları haqqında bu qədər “rahat” yaza bilməzdim. Onlarla tanışlıqdan sonra elə bilirəm ki, kimsə göz qoyur, qarabaqara izləyir məni. Yazı prosesində bu, çox dəhşətli bir şeydi…

Dünyada elə bir böyük sənətkar tapmaq olmaz ki, esse yazmasın. Borxes, Kamyu, Eko, Cübran, Hesse, Eliot, Renar və başqaları bu janrda misilsiz nümunələr yaratmışlar.

İndi gəlin açıq danışaq: Bu sırada görmək istədiyimiz bir Azərbaycan yazarının adını çəkə bilərikmi? Razılaşıram, adda-budda gözəl nümunələrə rast gəlirik. Lakin bunlar o qədər mozaikdir ki, hələ “Azərbaycan esseistikası” terminini tam doluluqla ehtiva edə bilmir. Bunlar freska kimi heç ədəbi cameəmizə yetmir.  Həm də problemin qoyuluşu və həlli baxımından esselərimizdə, başlıcası, zamansızlıq və dünyəvilik çatmır. Mümkündür, bunlarla yalnız öz şəxsi tavanlarımızı bəzəyə bilərik…

Amma sevinməyə dəyər!

Nəhayət, sevinməyə dəyər!

Azərbaycan esseistikası K.Abdulla qələmi ilə dünyaya çıxır…

Bu cümləyə bir qədər də obrazlılıq qatsaq, belə alınar:

Esse yüklü ədəbi gəmimiz artıq dünya sularında görünməyə başlayır…

Bəs niyə sevinmirsiniz?!

Zənnimizcə, sevinməyənlərin də sevinmə vaxtları gəlib çatıb. Esse yüklü “Düma ilə Coys arasında” tədricən ədəbi limanımızdan ayrılıb sürət yığmaqdadır…

Əslində Düma ilə Coysun “ara”sı yoxdu. Hər iki anlamda – həm ara, nəsafə,  həm də şəxsi münasibət anlamında. K.Abdulla bu “ara”nı özü tapıb. Çünki  özünüifadə üçün ona sonsuz lüğət bəxş edir. Kitabı “Esselərdən ibarət roman” adlandıran akademik İ.Həbibbəyli haqlıdır. Bu, belədir! Bəs roman özü haradadır? Düma, yoxsa Coysun yanında? Müəllif heç bir zaman kimin yanında olduğunu demir. Həm də deyir. Yazıçını sözarası, cümləarası, mətnarası sükutda axtarmağı “məsləhət görür” Biz isə onu başqa yerdə axtarmağa cəhd edəcəyik. Məhz cəhd!

Özüm üçün belə bir ad uydurdum: “Birun ilə Əndərun arasında” Necədir? Xoşunuza gəlirmi? Amma kitab müəllifləri öncədən bizə heç bir zaman xoş nəsə “vəd edə bilmirlər” İllah da, o müəllif K.Abdulla ola. Özü də etiraf edir: “Doğrudur, bu gün Birun da, Əndərun da zahirən yox kimidir. Amma zehnimizdə, dərin düşüncəmizdə onların yeri yenə də ayrı-ayrıdır” Birunsuz Əndərun bir heçdir, Əndərunsuz da Birun natamam olardı. Bunların hər iksi həyatımızı, sosial status və gün-güzəranımızı simvolizə edir.

Əvvəlki mətnlərində olduğu kimi K.Abdulla yenə də öz oyununu oynayır, zahirən özünü elə aparır ki, guya Coysun yanındadır. O Coysun ki, Borxes onun “Uliss” romanı haqqında deyir: “İnanmıram ki, kimsə onu ilk səhifəsindən sonuncu səhifəsinə qədər oxusun” Bəs nə baş verir? Adların şərtiliyini qəbul etsək, konkret  deyə bilərikmi ki, o, Birunun və yaxud Əndərunun yanındadır? Cavab çox absurd olacaq. Bizə qalsa, o, heç birinin yanında deyildir. Əlimizdə olan kitab özünün etiraf elədiyi kimi, mətn haqqında mətndir. Əgər bu mətnin güzgüsündən o ilk mətni görə bilmiriksə, vay halımıza! Heç bizə Ariadna ipi də kömək edə bilməyəcək.

Bu kitab gözə görünməyən başqa bir kitab haqqındadır. Burdakı işarətlərlə o kitabı təsəvvür edə bilərik. Məsələnin qəlizliyi ondadır ki, o kitab hələ yazılmayıb. Yazıçı, beyninin Əndərun kamerasında illərlə yığılan “gizlinləri” Biruna ötürür. Gizlinlər dağıdıcı potensial enerjiyə malikdir. Buna görə də Əndərun zəlzələnin episenteri sayıla bilər. Birun isə oxucunun gözləmə otağıdır. Qarma-qarışıq gizlinlər o qədər çoxdur ki, onları birdəfəlik sahmana salmaq mümkün deyildir. Digər tərəfdən, hər ötürülmədə sanki Birunlar da çoxalır. Di gəl, Birundan Biruna “atılıb” mətni yığ… Baxın, cəmi bircə fəsildə müəllif mətni necə “dağıdır”: Əvvəl Birun və Əndərun oyunlarından danışır. Araya Cahandar ağa “girir” Ardınca ailə “standartlarımız”. Sonra mətn poetikasının xeyrinə işləyən məqamlardan söhbət açılır. Sonra “Biri vardı, bi yox – bu iniversal ikigözlu xurcunumuz” diaqonistik qiymətləndirilmədən keçirilir, Füzuliyə keçid baş tutur, arxasınca labirintli ricət,  sonra kriminal ricət, lirik ricət, yunan “Mnemozina və Leta”sı və s. və ilaxır. Başgicəlləndirici Birun-Əndərun oyunları…

Oxucu harada dayanmalıdır ki, fasiləsiz fırlanan fəlsəfi düşüncələr karuselini ən azından öz qədərincə müşahidə edə bilsin? Kitabda yoxdu o yer. Ona görə də kitab oxucunu ağıllı şəkildə “itələyir” Təbii ki, Əndəruna tərəf…

Özümə sual verirəm: Cəhdim alındımı? “Düma ilə Coys” arasında müəllifin qərar tutduğu yeri göstərə bildimmi?  Yox! O, burada deyil! Öz labirintvari stilistikasının yanındadır.

“Gizli Dədə Qorqud” “Gizli Kamal Abdulla”ya çevrilir…

 

“Sanço dedi: – Əgər biz hər sözün ucundan yapışası olsaq, onda söhbətimizi ömür-billah qurtara bilmərik”

 

 

APOKALİPSIS – HƏQİQƏTİN ÖLÜMÜDÜR…

 

“Don Kixot dedi: – Tarix nə isə müqəddəs şeydir, çünki o, doğruçu olmalıdır, həqiqət isə haradadırsa, allah da oradadır, çünki allah özü həqiqətdir; bununla belə adamlar tapılır ki, birucdan kökə kimi kitab bişirib tökürlər”

Kitabı oxuya-oxuya düşünürəm: Həqiqət bunca sadə imiş! O, allah kimi hər yerdə – bir sadə sözdə, bir səsdə, hərfdə, cümlə və mətndə imiş. Heç həqiqət axtarışına çıxmağa da ehtiyac yox imiş, o, lap yaxında – səndə, sənin mətnində imiş. Əlimizdəki qələmlə onu perikdirib uçurdan bizik. Özümüz də bilmədən qələm əlimizdə bir qəddar qamçıya dönürmüş. Bəs necə edək ki, qələm əlimizdə elə qələm olsun?! Sualdakı yalançı kütləvi pafosu sezdinizmi? Deyəsən, həqiqəti – gözəlim allahı mətnimizdən “qovan” da elə bu qeyri-səmimi saxta pafosdur…

K.Abdulla öz kitabı ilə bizə əsl master-klass keçir. Bunun başqa adı yoxdur. Kitab bizimlə əsrarəngiz bir dildə – indiyəcən eşitmədiyimiz çəkici, işvəkar, şirəli bir dildə, “Azərbaycan dilinin potensialında” danışır. Ədəbi cameəmizdə bu günəcən beləsi olmayıb. Dilimizin bu qədər diapazonlu, çoxqatlı, çoxmaşstablı, semantik-semiotik qatlarla zəngin olduğunu sezməmişdik.

Ədəbi-tənqidi esselərin meditativ bir tonda olması əsl möcüzədir. Dil səndəki aqressiyanı götürür. Heç kimin qəlbini qırmadan tənqid etmək! Əslində müəllif dilin qəlbini qırmır… Sevginin içərisində tənqid, tənqidin içərisində sevgi…

K.Abdulla sanki on ballıq zəlzələ dağıntıları altından çıxarılıb xilas olmuş bir uşaq kimidir. Belə görünür ki, zaman-zaman Əndərunda yığılan və partlayış həddinə çatan gizlinləri dışa – Biruna yansıtmaqla o, rahat nəfəs ala bilər. Fəqət zahirdə belədir. Çünki mətn haqqında daha sirli konsentrasiyalı bir mətn (Üstəgəl, ilk mətn bizə tam bəlli deyil!) bizə yalnız ipucları verir. Niyə “yalnız”? Daha nə verməlidir ki? Məgər müəllifin digər mətnləri bizə bundan “artığını” veribmi? Sadəcə, o, oxucunun düşdüyü qəliz situasiyanı bir qədər də qəlizləşdirir. Çünki ipucları işıq gələn tərəfə aparır, ithürən tərəfə yox. Olsun ki, oxucu sadə variant kimi birincisini seçsin. Ədəbiyyatda krizis o zaman baş verir ki, yazıçı bildiyi şeylərdən yazır. Folknerin fikridir. Biz isə oxucu krizisini nəzərdə tuturuq…

K.Abdulla Əndərundakı səssiz, Birundakı səsli ədəbi didişmələr və təlatümlər dövründə məhəbbətlə dolu bir kitab qoydu ortaya. Burada hər şey məhəbbət dadır. Hər şey məhəbbətin cazibəsindədir. Epoxalar və qısa zaman kəsikləri, sələflər və xələflər, qocalar və cavanlar, qocalar və “qocalmış cavanlar”, bir sözlə, bütün ədəbi şəcərələr və bunlar arasında əsən soyuq və isti küləklərin dəyişkənliyi və sürəti flyuqer dəqiqliyi ilə göstərilir. Keçidlər ustad cərrah tərəfindən yaraya qoyulan tikişlər kimi bir damcı da nəzərə çarpmır…

K.Abdulla ədəbiyyatda səmimiyyəti “ciddi” qəbul etməsə də, çox səmimi görünür. Xüsusən, avtobioqrafik səciyyə daşıyan mozaik parçalarda.

Ustadı heç bir kitabında bu qədər sevdalı, sakit, arın-arxayın, təmkinli “görməmişdik” Tənqidimizin patriarxı Yaşar Qarayevin bu sözləri yada düşür: “Tənqid – ədəbiyyata məhəbbətin adıdır”

Yaşar Qarayevə ölüm aman vermədi ki, öz məhəbbətini sonacan izhar edə bilsin. Həm də ona mane olan çox nəsnələr vardı: Uydurulmuş “canlı” klassiklər, ölü bütlər, avtoritar rejim və başlıcası, sosrealizm… K.Abdulla öz kitabı ilə uşaq qədər saf və məsum olan Y.Qarayevin az qala təklənmiş, tənhalaşmış həqiqətinin yanına qaçdı…

 

“Don Kixot dedi:  – İndi allah məni başa düşür, mən də susuram”