İsti bir yay sabahı idi. Belə sabahlar sakitlik sevər. Amma məhlədə bir-birinə qısılılmış balaca evlərdən birinin həyətindən xəncər kimi sıyrılıb çıxan qışqırıq səsləri birbaşa göy üzünə bülənd olurdu.
Yaşına yaraşmayan bir vəhşiliklə gözlərinin içinə qədər qızarmış Mərdəli kişi bağırırdı:
— Mənim adımı dilinə gətirənin dilini çəkib dibindən çıxardaram!!!
— Sən hələ get o gülcamal qızının dərdini çək, əgər ki, çəkib qurtara bilsən… Sənin adın çəkilirsə, ona görə çəkilir, bilginən. — Mərdəli kişinin bir il əvvəl ölmüş oğlu İsrafilin dul qalmış arvadı Səlmə səsini başına atmışdı. İlk dəfə idi ki, qaynatasının sözünün qabağına söz çıxarırdı.
— Mənim adımı çəkənin ağzına… şiş soxaram… — Mərdəli kişi həm səsinin tonunu, həm də dediklərinin kəsərini qaldırmaq üçün hər mənada zilə çıxdı. Onun rəngi-rufu qaçmışdı, əməlli-başlı hirs və qəzəb içində idi, bütün vücudu əsim-əsim əsirdi. Səsə yığışan həyətin qız – gəlininin yanında dedyi sözlərə görə özünə nifrət edirdi, amma ən çox gözünü yumub ağzını Allah yoluna qoymuş Səlməyə nifrət edirdi — ona bu sözləri dedirtdiyinə görə.
Səlmə sakitləşmirdi. Bir əlini elə hey dizinə çırpır, o biri əlini üzünə atır, dırnaqları ilə üzünü cırmaqlayıb qanlı şırımlar açırdı. O qədər qışqırmışdı ki, səsi də batmışdı. Kişi bir deyirdi, bu, boğuq səsilə iki deyirdi:
— Qızın… sənin o qızın var e, vay, vay, vay, vay. Aləmi bir-birinə qatan bax, odu. Tanıyan tanıyır, bilən bilir. Vaxsey… Şaxsey… Onu görüm, vaxsey… şaxsey… onu görüm…
— Məlum oldu. Sən məni qatil eləmək istirsən. Hardasan, ay İsrafil?! Ax… ax…
Su krantının ağzında köhnədən qalmış pilləkən vardı. Onun heç yerə aparmayan və gedib duvara söykənən yalançıq üç-beş pilləsinin dibinə toplanmış həyət adamının “vay-vay” deməkdən savayı əllərindən bir iş gəlmirdi. Pilləkənin ayağında oturmuş Paraliç Niftəli gözləri yaşarmış halda əllərini qaldırıb havada oynadır, nədənsə bir-birini didməyə hazır olan Mərdəli kişi ilə Səlməyə deyil, həyət adamına nə isə başa salmağa çalışırdı. Amma onun ağzından çıxan iniltinin hansı söz olduğunu heç kim aydın şəkildə anlamırdı. Paraliç Niftəli çoxdandı ki, sözləri aydın şəkildə tələffüz edə bilmirdi, səslər onun ağzında dəyirmanda üyüdülən dən kimi bir-birinə qarışıb həftəbecər olurdu.
Səlmə “şaxsey… vaxsey” deyə-deyə özünü didməyində idi. Birdən gözünə Zərnisə arvad sataşdı, ona baxıb özünə həmdərd tapdı:
–Ay sənə qurban olum, barı siz deyin, mən də bilim taxsırımı. Nədi bu mən çəkdiyim?
— Mənim qızımın adını çəkənin… — Mərdəli kişi dörd ətrafını hədəqəsindən çıxmış gözlərilə bir daha qəzəblə süzdü.
— Nədi bu çəkdiyim zülüm?! Ay Allah, necə qıyırsan mənə?! Gecən olmasın, gündüzün olmasın. Bişir, düşür, yu, ütülə. Süpür, təmizlə. Mən… Mən bu evə gələn günə daş düşəydi, daş! Ay İsrafil, ay İsrafil… Şaxsey… Vaxsey…
— Elə demə, ay bacı, elə demə. Ruhuna xoş getməz. Vallah, mənim ürəyim partlayır sizi belə görəndə…– Zərnisə arvad doluxsundu.
Əlqədirin arvadı Elza:
–Məni demirsən… — deyib krantı açdı, stəkanı soyuq su ilə doldurub Səlməyə uzatdı:
— Al iç, ay qız, iç, bir özünə gəl…
— Mənim qızım barədə… — Mərdəli kişi yorğun gözlərini bir qaranlıq küncə dikmişdi, artıq özü özü ilə danışırdı.
— İç, sən Allahın bunu al, iç…
— Nə??? Mən olam bu həyətdə bir qurtum su içəm. Abi zəmzəm ola içmənəm. Qızıl ola — yox! Şaxsey… Vaxsey… — Artıq Səlmənin əlləri üzünə, dizinə çox heysiz bir halda dəyib toxunurdu. — Mən çıxım gedim, bunlar görsün. Uşağı da aparıb gedəcəm, bir də mənim siyapur üzümü heç kim görməsin. Həri, həri, mən axı siyapuram, siz bilmirsiz…
— Cəhənnəmə get, gora get…Elə danışır, elə bil, getməyə yeri var. — Mərdəli kişi saqqalına əl gəzdirib dodaqaltı mızıldandı. Nədənsə bu dəfə heç kimə yox, Paraliç Niftəlinin üzünə təəccüblə baxdı.
— Meşəyə gedəcəm. Dağ başına, mağaraya gedəcəm. Bircə sənin qızının üzünü görməyim.
— Axı nooldu birdən – birə sizə? Dünən axşam can deyib can eşidirdiz. — Əliqədirin arvadı Elza əlindəki dolu stəkanı qaytarıb krantın daşının üstünə qoydu. — Atamdı demirdin sən bu kişiyə? Bəs sən, ay Mərdəli əmi?!
Suala cavabı tələm-tələsik həyətin o biri kümcündən Rəna verdi:
— Necə demirdi?! Deyirdi, deyirdi. “Atacan” deyirdi. Əmi də buna “qızımsan” deyirdi. Mən — şahid. Dünən elə burda çayı əminin qabağına qoyanda belə dedilər bir-birinə.
Həyətə təzə gəlin gəlmiş Rənanın gözləri qaynayırdı. Evinin aşıq pəncərəsindən həyətdəkilərə acgözlüklə baxır, nə baş verdiyini, nə üçün baş verdiyini öyrənməkdən ötrü sinov gedirdi. Axşam Həsənağaya danışacaqlarını beynində götür-qoy edir, ən maraqlı məqamları əti sümükdən ayıran kimi ayırıb əti bir qaba, sümüyü o biri qaba yığırdı.
— Mən mən olmaram o çoxbilmişə bir-bir əməllərini üzünə saymasam. Nolar?! Görərik. Kim haqlıdı, kim yox, bilinər. Nolar… Şaxsey… Vaxsey…
Səlmənin ağzından çıxan sonuncu “şaxsey-vaxsey” daha çox məsələni qapamaq xətrinə deyildi, bir növ yekun xarakterli idi. Yəni, “Görərsiniz siz! Heç eybi yoxdu! Göstərrəm mən sizə! Şaxsey… Vaxsey…”
Bunları dedi və qəti fikrə gələn adamlar kimi Səlimə qəflətən əlini dizinə basıb gümrah bir tərzdə ayağa qalxdı. Gedib evin qapısını zərblə elə itələdi ki, qapının dalında durub qorxusundan yarpaq kimi əsən beşyaşlı oğlu Orxan az qaldı dalı-dalı çəkilib yıxılsıın. Səlimə indi də onu yamanladı:
— Sən niyə əl-ayağa dolaşırsan, ay yetim?! Keç içəri, keç, hələ bir görüm, — Səlimə uşağın əl-qolunu qamarlayıb evin içinə itələdi və qapını arxasınca var gücü ilə çırpdı. Mərdəli kişi diksindi.
Həyət adamları könülsüz-könülsüz evli evinə dağıldı. Açıq həyət qapısından böyük maraqla içəri boylanaların üzünə qapını Zərnisə arvad bağladı, daha doğrusu, çırpdı, sonra öz-özünə söylənə-söylənə o da gedib komasına girdi.
Eyvanda oturub heykələ dönmüş Mərdəli kişidən başqa həyətdə kimsə qalmadı. Günortacda öz yerini almış günəşin yandırıcı şüaları üstüaçıq həyətə bir az əvvəlki səs-küydən sonra qandonduran bir sakitlik içində, səssiz-səmirsiz halda süzülüb gəlməkdə idi. Elə sonra baş verənlər də belə bir səssizliyin içində baş verdi.
Evin qapısı zərblə açıldı və Səlmə bir əlində sumax rəngli ata evindən gətirdiyi böyük çamadan, o biri əli ilə balaca Orxanın əlindən bərk-bərk tutmuş halda eyvana çıxdı. Elə addımlarını zərblə pilləkənə vurub həyətə enmək istəyirdi ki, birdən ayaq saxladı. Mərdəli kişi arxası ona kətildə oturmuşdu. Səlmə nədənsə gözünü döndərib onun büzüşmüş kürəyinə baxdı. Duruxdu. Kişinin çiyinləri oynayırdı. Mərdəli kişini həqqən hıçqırıq boğurdu. Gözlərindən səssiz-səssiz axan yaş, elə bil, bulaq suyu idi, axıb, axıb qurtarmaq bilirdimi, bilmirdi.
Səlmə bayaq şivən qopardığı yerdəcə quruyub qalmışdı. Addım atmağa taqəti yox idi. Özündən biixtiyar çamadanı əlindən yerə buraxıb sakit-sakit eyvanın taxta döşəməsinə çökdü. Kürəyini Mərdəli kişi oturan kətilin ayaqlarına söykədi. Başı arxadan Mərdəli kişinin kürəyinə dirəndi. Kişi, elə bil, bunu gözləyirdi, çiyinləri titrədikcə titrədi, əsdikcə əsdi. Sonra Səlmə köksünün ən dərin yerindən yanıqlı bir ah çəkdi və ona qısılmış balaca Orxanı qucaqlayıb üzünü-gözünü öpə-öpə səsini bacardığı qədər qısıb için-için ağladı.
SON
Şərh yoxdur