Azərbaycanda ən mühüm mədəni proses multikulturalizm hərəkatıdır. Multikulturalizm Azərbaycan xalqı üçün tarixən məxsusi xüsusiyyət olub.

Kult.az xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində «Multikulturalizm — cəmiyyətdə sabitliyin əsas faktoru» mövzusunda çıxışı zamanı deyib.

K.Abdulla bu gün multikulturalizmin dövlət siyasəti olduğunu və bunu dəfələrlə cənab Prezident İlham Əliyevin dilə gətirdiyini bildirib.

“Azərbaycanda multikultural düşüncənin dövlət səviyyəsində qorunması multikultural təhlükəsizliyinin qorunması ilə bağlıdır. Hər bir ölkənin multikultural təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizliyi qoruyan ölkə potensial kataklizmləri qorumaq imkanına malik olur. Azərbaycan Prezidentinin son illər müxtəlif dinlərə olan münasibətinə sənədlərin gözü ilə baxsaq, ölkəmizdə heç bir dinin başqa dindən yüksək səviyyədə tutulmadığını müşahidə edirik. Bu sənədlərə baxanda ölkə prezidentinin dil, milli, dini müxtəlifliklərə bərabər baxışını müşahidə edirik. Azərbaycanda yaşayan heç bir milli azlıq nümayəndəsi digərlərindən fərqi müşahidə etmir”.

K.Abdulla multikulturalizmin Avropada özünü doğrultmadığını deyib:

“Azərbaycanda isə multikulturalizmin nikbin qütbü təntənə çaldı. Bu da Azərbaycanda dil, milli və dini ayrı-seçkiliyin olmamasından irəli gəlir”.