Bu gün Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir.
Oxu.Az xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla deyib.
O qeyd edib ki, bu gün Azərbaycan multikulturalizmi dünyanın bir sıra aparıcı universitetlərində tədris olunur.
Onun sözlərinə görə, xarici universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələrin ildə iki dəfə ölkəmizə səfərləri təşkil edilir.
“Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir. Biz multikulturalizmin bu gününə və sabahına inanırıq. Azərbaycan prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib.
Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Azərbaycan bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib. Biz bu gün fəxrlə Azərbaycan modelini bütün dünyada təbliğ edirik”, – deyə K.Abdulla əlavə edib.
Şərh yoxdur