Yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı haqqında
Tural Cəfərli

Ronsara məxsus belə bir söz var: “Əfsus!”… Gedən vaxt deyil, bizik…” Biz isə bəzən getdiyimiz yolun tən ortasında dönüb arxaya baxırıq. Bu zaman xəlvəti kövrəlib, içimizdə baş qaldıran suallarla təkbətək qalırıq. Belə vaxtda köməyimizə çatan oxuduqlarımız, gördüklərimiz, eşitdiklərimiz olur… Xilas yolu axtarırıq… Suallardan, sirrlərdən, günahlardan xilas yolunu… Axtarışımız bizi özümüzə, lap əvvələ qaytarır. Biz, Platonun “Dialoqlar”ında iştirak edirik, Volterin ” Kandid”ində üsyankar oluruq, Aidin yeraltı səltənətindəki ölüm və qaranlığa düşürük…İndi oxuyub bitirdiyim, yəqin ki nə vaxtsa yenidən qayıdacağım “Unutmağa kimsə yox” romanı mənə yazıçının əzabını, zəhmətini güzgü kimi göstərdi. Əvəllər oxuduğum bir çox əsərlər mənə rahatlıq verirdisə, bu roman məni narahat etdi. Çünki mən yazıçının sirr axtarışına qoşulmuşdum. Bu nə sirr idi? Bu nə axtarış idi? Ümumiyyətlə bu sirrə, bu axtarışa ehtiyac var idimi? Bunu deyə bilmərəm. Onu deyə bilərəm ki, romanda axtarışlar qəliz və mürəkkəb vəziyyətdə aparılır. “Unutmağa kimsə yox” romanında Vəng dağında sirli yazı bir mağarada üzə çıxır. Mağara bu sirrin əsas hissədir. Sirli yazının oxunmaması işləri bir qədər də çətinləşdirir. Romanın lap başlanğıcında oxucu düşüncəsində azmalar, sayıqlamalar başlayır. İtmək qorxusu və bu qorxunun bir daha bitməmək ehtimalı çoxdur. Həmin sirli yazını isə nəyin bahasına olursa olsun oxumaq lazımdır… Necə deyərlər başqa yol yoxdur… Romanda sirli yazının əsl sirrini isə oxuduqca açmağa başlayırsan. Burada isə belə bir xəbərdarlıq da var: “sirri açan-mətni oxuyan ölümə məhkumdur.” Belə xəbərdarlıqlar istər tarixdə, istrəsdə də gündəlik həyatımızda çox olub. Amma bu xəbərdarlığın özünəməxsusluğu onun vacibliyi ilə əlaqədardı. Yazıçının estetik pintiliyi, sözlə oynaması, manevrləri oxucunu heyrətləndirməyə bilməz… Gələcəyi deyil, keçmişi, onun sirrini axtarmaq, bütün bunların sonunda isə böyük bir sual işarəsi ilə qarşılaşmaq ehtimalı bizi çaşdırır. Buna həm də “sonu olmayan başlanğıc” da deyə bilərik. Fəlsəfi anlamda romanda asketizm, dünya nemətlərindən imtina, tərki-dünyalıq elementlərinə rast gəlmək mümkündür.İstər yunan mifologiyasında, istərsə də şərq əfsanə və nağıllarında hadisələr qaranlıq və sirli mağaralarda baş verir. İnsanlığın və bəşəriyyətin ayaq açdığı mağaradan… Hələ çox uzağa getmədən alman fəlsəfəsində Fixtenin, Şillerin fəlsəfi düşüncələrində insanlığın və bəşəriyyətin qət etdiyi yol və bu yolun başlanğıcı xüsusu qeyd olunur. “Unutmağa kimsə yox” romanı xatirələri, saf və ülvi hisslərin yaşandığı hadisələri oxucunun içində kəpənək kimi uçurtmağı bacarır. Oxucu romanın adı ilə düşünməyə başlayır: “Unutmağa kimsə yoxmu? Və ya unutduqlarımdan başqa xatırlamağa necə kimsə varmı?” Bu suallar əvvəlcə naməlum şəkildə düşünməyə, daha sonra isə oxucunu işığa doğru addım atmağa vadar edir.Romanda Moskvada qar altında Afaqı gözləyən və həmişə olduğu kimi gecikən xanımlara ünvanlanan F.Q-nin ” Mən heç Merlin Manronu da bu qədər gözləməzdim” sözlərini təbəssüm və kinayə ilə qarşılayırıq. Kişi və qadın münasibətlərində olan eqoizm və ehtiras, qadının varlığında olan əlçatmazlıq iddiası bu fikirlər vasitəsilə ilə oxucunun təhtəlşüuruna ötürülür. Maraqlı məqam isə burada yazıçının hər iki surətin arasında neytral qalmasıdı. F.Q daha on beş dəqiqə gözləyir, Afaq isə daha on beş dəqiqə yubanır… Oxucu sevgi və bu sevgidən doğan saf hisslərin ahuşuna düşür. Sanki buludların arxasından Sevgi günəşi boylanır. Sanki bütün kədərli və üzücü hadisələrdən sonra sevgi rəngində göyqurşağı çıxır.Və bütün bunlar oxucunun qazancıdır. Oxucunun qəlbinin dərinliyində dola bilməyən sevgi boşluğunun dolmasıdır. Bu boşluğu yazıçı üç oxşar surətlərlə doldurmağa çalışır: yazını mağarada ilk dəfə görən qoca Bəhram kişi ilə, sovet sədri ahıl Mübarizlə və gənc alim F.Q ilə. Romanda qələmə alınan dialoqlar obrazların dilində böyük ustalıqla və incəliklə qurulur. Bu dialoqların əksəriyyətində hər üç obraz, həm qoca Bəhram, həm sovet sədri ahıl Mübariz, həm də gənc alim F.Q sirrin açılmasına çalışırlar. Bu sirr qəribədir ki, yalnız kişilərə agah ola bilər. Nədənsə, burada da yazıçı sirrin açılmasında qadının rolunu görmür, onun iştirakını vacib saymır… Bəlkə bu, dünya fəlsəfəsində təlqin olunan sirrin açılmasının yalnız və yalnız kişilərə aid olması ilə əlaqədardır, ruhi yüksəlişin Nirvana mərhələsində olduğu kimi. Şərq peripatetiklərinin həyat tərzi kimi…Buna həmdə sirrə aparan yol, İlahi yol da demək olar.Romanda təsvir olunan maraqlı detallardan biri də əyalətlə, kəndlə bağlı təsvirlərdir. Belə ki, romanda təsvir olunan kənd özünəməsusdur, canlıdır, təbiidir, daha gerçəkdir. Yaşadığımız, gördüyümüz, bildiyimiz kimidir. Arıların dostluq sirri, pətəklərin nizamı, şahmat kimi, çəpəki düzülüşü, çay süfrəsi, samovarın istisi, otların, çiçəklərin təzəyə qarışan ətrini duymaq olur. “Unutmağa kimsə yox” romanında bir oxucu kimi çox şeyləri demək olar, çox detalları da demək olmaz. Çünki bunu demək çətindir. Romanı sanki hər yaşda fərqli şəkildə anlamaq, izah etmək və başa düşmək olar. Bu da özü-özlüyündə romanın marağını artıran cəhətlərdəndir. Xüsusən də Moskva, metro vaqonunda Afaq və F.Q-nin dialoqu, hüznlü Moskva xatirələri…