İnsan başda insan olaraq bütün canlılara ev sahibliyi edən təbiətin bir parçasıdır. Təbiətdə mövcudluğunu tapan insan ekosistemin bir hissəsi, təbii təkamülün davamıdır. İnsan təbiətlə müntəzəm şəkildə qarşılıqlı təsirdədir, onunla cismən və ruhən bütövlük təşkil edir. Həm mənəvi rahatlıq, həm də cismani sağlamlıq baxımından insan məhz təbiətdə xoşbəxt olur. İnsan üçün hüzur, səadət təbiətdədir, hansı ki, özü də onun ayrılmaz bir parçasıdır. Təbiətin bir hissəsi olan insan ətraf mühitdən asılıdır. İnsan fizioloji xüsusiyyətləri ilə yanaşı, mənəvi ehtiyacları üçün də təbiətin çəkdiyi sərhədlərdən kənara çıxmağı bacaran zəkaya malikdir. İnsan bəşər tarixinin ilk dövrlərində təbiətin qoyduğu sərhədlərdən kənara ayaq basmadan həyatını davam etdirsə də, zaman keçdikcə zəkası ilə qismən təbiətə hökm etməyi bacarmışdır. Ətraf mühitlə daim qarşılıqlı əlaqədə olan insan övladı ətraf mühitə uyğunlaşmaqla yanaşı, onu öz ehtiyaclarına uyğun dəyişdirmişdir. Bəşəriyyətə xidmət edən bu dəyişiklik insan zəkasının nəticəsi olsa da, kainatda elə bir tarazlıq və ahəng mövcuddur ki, onun insan ağlı və məntiqi ilə qavranılması mümkünsüzdür.
Möhtəşəm tarazlıq və ahəngin mövcud olduğu kainatda qüsursuz bir sənət, təbiətin ahəngi və simmetriyası vardır. İstər canlı və cansız maddələrdən təşəkkül tapan varlıq, başqa sözlə, təbiət olsun, istərsə də kosmosdakı hər şeyi ehtiva edən kainat, hər ikisində ayrı-ayrılıqda və bir-biri arasında nizamlı və bütöv bir harmoniya mövcuddur. Günəşin hər gün Şərqdən doğub Qərbdə batması, gecə ilə gündüzün bir-birini izləməsi, dünyanın öz oxu ətrafında fırlanması, mövsümlərin müəyyən qayda ilə dəyişməsi, yağışın və qarın əmələ gəlməsi, insan bədənindəki orqanların bir-birilə harmonik şəkildə işləməsi, kəpənəyin qanadlarındakı eyni rəngdə naxışların simmetrik olması, dəvənin qızmar səhra şəraitinə uyğun yaradılması kainatda mövcud nizamı göstərən hadisələrə nümunədir. Yer üzündə, göy üzündə və hər ikisi arasındakı harmonik fəaliyyət özbaşına, öz-özünə mümkün deyildir. Bütün bu harmoniya fövqəlqüdrət sahibi Allahın qüsursuz yaratmasının əksidir. Fəaliyyəti və harmoniyası ilə insanı heyrətə gətirən bu sistem Yaradanın əsəri kimi izah oluna bilər.
Möhtəşəm ahəng anlayışı ümumbəşəri harmoniyanın bir təzahürü şəklində Kamal Abdullanın həyata baxışının məhsulu kimi “Unutmağa kimsə yox” romanında canlı cizgiləri ilə əksini tapır. Kamal Abdulla bu məfhuma romanın əsas personajı F.Q. vasitəsilə aydınlıq gətirir. İnsan və kainat arasında əlaqə haqda daima baş yoran F.Q. əksər insanlardan fərqli olaraq, təbiətin mahiyyətini başa düşür, ona bir məna verir və təbiətdəki qeyri-adi ahəngin fərqinə varmağı bacarır. İnstitutda keçirilən iclasda Çiçəkli Yazını oxumaq üçün kəndə kimin göndərilməsi müzakirə edilərkən F.Q. də çıxış edir və onun çıxışının mahiyyətini məhz möhtəşəm ahəng təşkil edir. O, iddia edir ki, açar sözü ancaq yazının tapıldığı mağaranı, mağaranın yerləşdiyi dağı və dağın ətəyindəki kəndi bir bütöv kimi araşdıraraq tapmaq mümkündür. Onun fikrincə, bunların hamısı ümumbəşəri möhtəşəm ahəngin içindədir və yazı ilə bunların əlaqələrini araşdırmaq lazımdır. F.Q.-yə görə, “Çiçəkli yazı bu ahəngin bir həlqəsi idi” (UKY: 255). F.Q.-nin möhtəşəm ahəng mövzusundakı fikirləri Patriarxa da inandırıcı gəlir. O da açar sözün möhtəşəm ahəngdə axtarışını məntiqli hesab edir.
F.Q. möhtəşəm ahəng adlı bir bütövün, sistemin var olduğuna inanır. Bu inamda, bəlkə də, sehrli auraya bürünən dağın, mağaranın, kəndin təsiri də vardır. F.Q.-yə görə, möhtəşəm ahəng kainatın uzaq ulduzlarından üzü ləkəli Aya, Qarağaca, vızıltıyla uçan arıya qədər hər şeyi ehtiva edir. F.Q. insanları bu ahəngdən kənarda görür: “Niyə, niyə adamdan kənarda nə varsa hər şey bu boyda ahəngin içində var ola bilir? Bəs biz, biz nə üçün bu ahəngdən kənardayıq, niyə, görəsən, ona qovuşa bilmirik!” (UKY: 42) O, hər zaman özünü bu Möhtəşəm Ahəngin içində hiss etməyə çalışsa da, buna yalnız bir dəfə, Çiçəkli Yazının tapıldığı mağarada müvəffəq olur. “F.Q. həyatında ilk dəfə idi ki, girdiyi bu qaranlıq mağarada özünü möhtəşəm ahəngin bir həlqəsi kimi hiss etdi. Ondan sonra ancaq boşluq vardı. Bu boşluğu doldurmaq, bu zalım yazını hökmən çözmək lazımdır. Açar söz! İndi ən vacib olan budur” (UKY: 179).
F.Q. Bəhram əmi ilə eyni qəribə yuxunu gördükdən sonra ona elə gəlir ki, dünyanın o günədək var olan nizamında nələrsə pozuldu. O, bu nizamsızlıqda möhtəşəm ahəngi günahlandırır; “möhtəşəm ahəng bəs hara baxır, belə bir tənasübsüzlüyə necə yol verir, nəhayət, necə dözür! Bu da ahəng!” (UKY: 408) F.Q. kəndə gələndən bəri buradakı yağışların, sanki aşağıdan yuxarı doğru yağdığını hiss etsə də, buna bir məna verə bilmir. Bəhram əminin ölümündən sonra yağış yuxarıdan aşağıya doğru yağmağa başlayır. F.Q. bunu möhtəşəm ahəngin “mərifəti” hesab edir: “möhtəşəm ahəng, nəhayət ki, hər şeyi yerli-yerində düzmüşdü. Yağış bu gecə yuxarıdan aşağı yağırdı” (UKY: 483). F.Q. ətrafında cərəyan edən ahəng və ahəngsizliyə, nizam və nizamsızlığa görə möhtəşəm ahəngin məsuliyyət daşıdığını düşünür. Vəng kəndindən qayıtdıqdan sonra da F.Q.-nin fikri-zikri orada olanlarda qalır. Bu ziddiyyətli düşüncələr onun fikirlərini alt-üst edərək fərqli nəticələrə aparıb çıxarır:
Su, yazı, dağ, mağara, ağac, köpək və qadın. Onların hamısı bir-birinin yanında, bir-birinin içində, bir-birinin cəmi kimi hərdən mənə möhtəşəm ahəngi xatırladır, hərdən də yox. Möhtəşəm ahəng!.. Onu axtarmaq əbəs imiş. Özünü sənin yuxuna, xəyalına sala bilər – bu qədər! Öz varlığını, bütün hər şeyin cəmi olduğunu iddia edə bilər – amma! Her şey necə də sadədən sadə imiş. O qədər sadə ki, gözə də görünmür. Gözə görünməyənsə, deməli, yoxdur! Mənsə ona inanmışdım. İndi artıq mən dəqiq bilirəm: Möhtəşəm ahəng məni aldadıb (UKY: 514).
Bir vaxtlar varlığına inandığı möhtəşəm ahəng F.Q.-ni aldatmışdı. O, sonda möhtəşəm ahəngi axtarmağın mənasız olduğunu, möhtəşəm ahəngin yalnız insanın yuxusuna, xəyalına girdiyi, həqiqətdə isə olmadığı nəticəsinə gəlir. Əsərin sonunda F.Q.-nin gündəliyindən aydın olur ki, hər şeyi əhatə edən, hər şeyin kompleksi kimi görülən və F.Q.-nin kəşfi sayılan möhtəşəm ahəng F.Q.-nin xəyalları imiş.
Şərh yoxdur