İsa Həbibbəyli

Akademik, xalq yazıçısı Kamal Abdullanın çoxcəhətli elmi və ədəbi fəaliyyətində Dədə Qorqud dünyası xüsusi yer tutur. Daha doğrusu, Dədə Qorqud motivi Kamal Abdulla üçün keçici yox, daimi mövzudur. Elmi tədqiqat işinə “Kitabi-Dədə Qorqud”la başlayan Kamal Abdulla sonralar həm elmi fəaliyyətində, həm də bədii yaradıcılığında bu mövzuya fərqli bucaqlardan yanaşmaqla bir-birini təkrar etməyən maraqlı və əhəmiyyətli bədii əsərlər və ciddi monoqrafik tədqiqatlar meydana qoymuşdur. Belə müşahidə olunur ki, Kamal Abdulla özünü  daha çox Dədə Qorqud dünyasında tapmışdır. Və yaxud Kamal Abdulla tərəfdən baxanda Dədə Qorqud dünyasında o qədər yeni, fərqli, cəlbedici, zəruri mövzular görünür ki, onları Kamal Abdulla sayağı yazıb cəmiyyətə çatdırmaq bir-yazıçı alim kimi Kamal Abdullanın missiyasıdır.

Fikrimcə, Dədə Qorqud mövzusunun Kamal Abdullanın yaradıcılığında bir ömürlük doğma motivə çevrilməsinin bir çox səbəbləri vardır:

  1. Kamal Abdulla Dədə Qorqud dünyası ilə hələ uşaq yaşlarında ikən tanış olmaq imkanı qazanmışdır. Belə ki, onu əhatə edən ailə mühitində “Kitabi-Dədə Qorqud” nəinki stolüstü kitab olmuş, Dədə Qorqud söhbətləri hamının gündəlik, daimi mövzusuna çevrilmişdir. Ana tərəfdən Kamal Abdulla ilə yaxın qohumluq əlaqəsi olan görkəmli elm xadimləri Əli Sultanlı (1906-1960) və Məhəmməd Hüseyn Təhmasib (1907-1982) Azərbaycan ədəbiyyatşünaslıq elmində “Kitabi- Dədə Qorqud”un əsas tədqiqatçıları olmuşlar. Filologiya elmləri doktoru, professor Əli Sultanlının 1946-cı ildə çap olunmuş “Dədə Qorqud və yunan eposları” kitabındakı antik dövr Yunanıstan mifologiyasını və Dədə Qorqud boylarındakı mifoloji motivləri, xüsusən Təpəgöz boyunu Kamal Abdulla uşaqlıq illərindən nağıl kimi eşitmişdir. Paralel olaraq Kamal Abdulla filologiya elmlər doktoru, professor Məhəmməd Hüseyn Təhmasibin “Azərbaycan xalqının qəhrəmanlıq eposu” (1941), “Azərbaycan xalq dastanları” (1972) monoqrafiyalarında və həm də bədii yaradıcılıqla məşğul olan Təhmasib müəllimin nağıl-pyeslərində, uşaqlar və gənclər üçün çəkilmiş filmlərindəki Dədə Qorqud motivləri həyatının formalaşma dövrünün bütün mərhələlərində Kamal Abdullanı müşayiət etmiş, çoxcəhətli fəaliyyəti prosesində onun elmi və bədii yaradıcılıq istiqamətlərinin müəyyən olunmasında mühüm rol oynamışdır. Üstəgəl professor Əli Sultanlının professional aktyor səviyyəsində, yüksək natiqlik sənəti məharəti ilə yunan mifologiyası və Azərbaycan Təpəgözündən etdiyi canlı söhbətlər, məşhur dastanşünas Məhəmməd Hüseyn Təhmasibin Dədə Qorqud “qalasının sirləri” haqqında nağılvari danışıqları Kamal Abdullanı həmişəlik Dədə Qorqud dünyasına daxil etmişdir. Kamal Abdulla Dədə Qorqudla nəfəs almış, bu dastanın qəhrəmanları ilə birlikdə böyüyüb inkişaf etmişdir.
  2. Kamal Abdullanın 1973-1976-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin aspiranturasında təhsil alıb, “Dədə Qorqud” dastanlarının dilində sintaktik paralelizm” mövzusunda namizədlik dissertasiyası müdafiə etməsi onun uşaq yaşlarından və gənclik illərindən “qoynunda” böyütdüyü Dədə Qorqud dünyası haqqındakı təsəvvürlərini və biliklərini daha da dərinləşdirib sistemləşdirmiş və möhkəmləndirmişdir. Bu vaxta qədər ailə mühitində dinləyici və ya məktəbyaşlı oxucu kimi Dədə Qorqud dünyası haqqında eşidib müdafiə etdiklərini bu dəfə, həm də ilk dəfə olaraq Kamal Abdulla dərindən və əsaslı şəkildə tədqiq edərək öyrənmiş, nağılvari təsəvvürlərini elmi cəhətdən dərinləşdirərək sistemli bir konsepsiya halına gətirmişdir.

Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”a həsr edilmiş doktorluq dissertasiyası yazıb müdafiə etməsi də bir neçə cəhətdən mühüm və əhəmiyyətlidir.

Əvvəla, Kamal Abdullanın “Dədə Qorqud” dastanlarının dilində sintaktik paralelizm” mövzusunda Moskvada böyük uğurla müdafiə etdiyi namizədlik dissertasiyası alim, görkəmli dilçi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əbdüləzəl Dəmirçizadənin “Kitabi-Dədə Qorqud” dastanlarının dilinə həsr olunmuş sanballı tədqiqatından sonra Azərbaycanda bu möhtəşəm ədəbi abidənin birbaşa dilçilik baxımından araşdırıb öyrənilməsindən bəhs edən, elmi cəhətdən yeni və əhəmiyyətli olan elmi əsərlərdən biridir. Bu dissertasiya işində “Kitabi-Dədə Qorqud”un dilinin sintaktik qatı dərindən və əsaslı şəkildə, bütün incəliklərinə qədər tədqiq edilərək ümumiləşdirilmişdir. Sadə cümlənin quruluşu və təhkiyəsi dilin milli mənsubiyyətinin möhürü olduğu üçün Kamal Abdullanın tədqiqatı Azərbaycan dilinin tarixi və qrammatikası baxımından olduğu kimi, ümumiyyətlə azərbaycançılıq cəhətindən  də mühüm və qiymətli idi. Bu mənada hələ XX əsrin yetmişinci illərində “Kitabi-Dədə Qorqud”un Azərbaycan xalqına mənsubluğunun, mötəbər Azərbaycan dili abidəsi olmasının elmi-nəzəri əsaslarının işlənib hazırlanması vətəndaş dilçi alim kimi Kamal Abdullanın xidmətidir.

İkincisi, Dədə Qorqud dastanlarının dilinə həsr olunmuş dissertasiyanın SSRİ Dilçilik İnstitutu kimi öz dövrünün nüfuzlu elmi-tədqiqat ocağında  müdafiə olunması o zaman üçün çox zəruri olan Moskva elmi-mədəni mühitində azərbaycançılıq faktorunun genişləndirilməsinə, layiq olduğu yüksək səviyyədə təqdim olunmasına daha bir təkan vermişdir. O vaxtlar Moskvadakı müxtəlif ali məktəblərdə və elmi-tədqiqat institutlarında çalışıb, burada Azərbaycan ədəbiyyatı nümunələrini rus dilində tərcümə və nəşr etmək, ölkəmizin klassik və müasir ədəbiyyatına həsr olunmuş tədqiqat əsərləri yazıb çap etdirərək yaymaqla azərbaycançılıq sahəsində ardıcıl olaraq fəaliyyət göstərən tanınmış ədəbiyyatçı elm xadimləri Əziz Şərif, Qəzənfər Əliyev, Əkbər Babayevin sırasına Kamal Abdulla adlı gənc bir dilçi alim də qoşulmuşdur.

Üçüncüsü, Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” dastanlarına həsr olunmuş və uğurla müdafiə olunmuş, özünəməxsus əks-səda doğurmuş dissertasiyası SSRİ Elmlər Akademiyasının humanitar və ictimai elmləri əhatə edən elmi-tədqiqat institutlarında Azərbaycan mövzusuna diqqət və marağı qüvvətləndirmişdir.

Dördüncü, “Dədə Qorqud dastanlarının dilində sintaktik paralelizm” tədqiqatı Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”u dilçi kimi dərindən qavrayıb, ədəbiyyatçı gözü ilə yaradıcı şəkildə araşdırmasının və yazıçı olaraq bədii cəhətdən mənalandıra bilməsinin möhkəm bünövrəsinə çevrilmişdir.

Beşincisi, “Dədə Qorqud dastanlarının dilində sintaktik paralellər” tədqiqatı dilçiliklə ədəbiyyatşünaslığın qovşağında yaradılmış ilk elmi əsərlərdən biridir. Bu, “Kitabi-Dədə Qorqud” haqqında yazılmış ədəbiyyatşünaslıq cəhətdən də əhəmiyyətli olan dilçilik tədqiqatıdır. Bu mənada “Dədə Qorqud dastanlarının dilində sintaktik paralelizm” Kamal Abdullanın sonrakı dövrlərdə yaradıcılıq yolunun istiqamətini müəyyən edən paralelliklərin əsasını qoymuşdur. Kamal Abdullanın əli ilə yaxın uğurla davam etdirməkdə olduğu çoxcəhətli fəaliyyətində qoşa qanad kimi paralel şəkildə davam etdirdiyi dilçilik və ədəbiyyatşünaslıq formatının möhkəm elmi əsasları “Dədə Qorqud dastanlarının dilində sintaktik paralelizm” dissertasiyası ilə qoyulmuşdur.

Altıncısı, Dədə Qorqud mövzusu dilçi-qorqudşünas Kamal Abdullayevin Dədə Qorqudçu yazıçı-ədəbiyyatşünas Kamal Abdulla səviyyəsini fəth etməsində həlledici amil olmuşdur.

Yeddinci, böyük ənənələri və görkəmli simaları olan Azərbaycanı Dədə Qorqudşünaslığında Kamal Abdullanın fərqli yaradıcısı kimi qəbul edilməsində dilçilikdən, mətnin sintaktik və bədii-poetik qatlarına dərindən nüfuz etməkdən gələn elmi prinsiplərin açdığı yol mühüm yer tutur.

Bütün bunlara görədir ki, xalq yazıçısı Kamal Abdullanın yarım əsrə yaxın davam etməkdə olan elmi və bədii yaradıcılığında Dədə Qorqud mövzusunun məşəli yanmaqda davam edir. Kamal Abdulla hər yeni əsəri ilə «Kitabi-Dədə Qorqud»un naməlum bir qatının və zahirən gözəl görünməyən motivlərinin araşdırılmasına, qorqudşünaslıqda diqqəti az cəlb etmiş epizodik obrazlarla əlaqədar gizli mətləblərin işıqlandırılmasına və ya məlum obrazların fərqli bucaqdan tədqiq edilib aydınlaşdırılmasına nail olmaqla Dədə Qorqud dünyasına təzə nəfəs gətirir. Akademik Kamal Abdulla Azərbaycan elmində və ədəbiyyatında fərqli bir qorqudşünaslıq serialı yaratmış görkəmli elm xadimidir. Müxtəlif illərdə yazılıb nəşr etdirdiyi Dədə Qorqud tədqiqatları və romanları Azərbaycan ədəbiyyatının və qorqudşünaslıq elminin zəngin Kamal Abdulla təzkirəsidir. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan ədəbiyyatında Dədə Qorqudun fərqli “nüsxəsi” səviyyəsində qəbul olunur. “Yarımçıq əlyazma” romanını obrazlı şəkildə Azərbaycan ədəbiyyatında “Kitabi-Dədə Qorqud”un  Kamal Abdulla nüsxəsi adlandırmaq olar. “Sirlərin sərgüzəşti” romanı sanki “Kitabi-Dədə Qorqud” boylarının açması və ya bu boyların yeni toplanmış əlavələridir. “Beyrəyin taleyi” pyesi isə Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”dakı “Bamsı Beyrək” boyu üzərində postmodern gəzişmələrindən yoğrulmuş və ideya etibarilə müasir dövrə doğru istiqamətləndirilmiş orijinal dram əsəridir. 

Xalq yazıçısı Kamal Abdullanın ədəbiyyatda özünütəsdiqində də Dədə Qorqud dünyası mövzusunda yazdığı bədii əsərlərinin xüsusi rolu olmuşdur. “Yarımçıq əlyazma” romanının dünya dillərinə tərcümələrinin bir neçə qitəni əhatə etməsi bu romanın Kamal Abdulla imzasının Odisseyasındakı yerini və əhəmiyyətini aydın surətdə əks etdirir. Naxçıvan Dövlət Universitetinin Tələbə teatr studiyasında səhnələşdirilmış “Beyrəyin taleyi” tamaşasının Türkiyədə Bayburt Beynəlxalq Dədə Qorqud festivalının mükafatına layiq görülməsi həm də Kamal Abdulla sənətinə verilmiş qiymətin ifadəsidir.

Elmi əsərlərində isə Kamal Abdulla Dədə Qorqud gizlinlərinin qorqudşünaslığını yaratmışdır. Hələ 1991-ci ildə çap edilmiş “Kitabi-Dədə Qorqud”a həsr olunmuş ilk monoqrafik tədqiqatını “Gizli Dədə Qorqud” adlandırması heç təsadüfi  olmayıb, Kamal Abdullanın qorqudşünaslıqdakı missiyasının ifadəsi kimi meydana çıxmışdır. Kamal Abdulla Azərbaycan ədəbiyyatında və elmində “Kitabi-Dədə Qorqud” gizlinlərinin ədəbi və elmi sərgüzəştlərini yaratmaqda davam edən yazıçı-alimdir.

“Kitabi-Dədə Qorqud”un tədqiqində Kamal Abdullanın yeri böyük müəllimləri Əli Sultanlı ilə Məhəmməd Hüseyn Təhmasibin arasında yeni və fərqli mərhələdir. Kamal Abdullanın Dədə Qorqud tədqiqatları sanki Əli Sultanlının araşdırmalarının yaradıcısı şəkildə davam etdirilməsi və Məhəmməd Hüseyn Təhmasibin fundamental əsərlərinin əvvəlidir. Demək istəyirik ki, “Kitabi-Dədə Qorqud” və dünya dastan süjetləri” mövzusuna münasibətdə Kamal Abdulla həmin istiqamətdə sanballı tədqiqatları olan Əli Sultanlının gəlib çatdığı, durub-dayandığı yerdən başlamış və daha dərinliklərə doğru davam edərək yeni səhifələr açmışdır. Dastan poetikası məsələsində isə Kamal Abdullanın araşdırmaları sanki Məhəmməd Hüseyn Təhmasibin “Azərbaycan xalq dastanları” monoqrafiyasının proloqudur. Belə ki, Məhəmməd Hüseyn Təhmasibin dastan süjetləri və atributlarına həsr edilmiş tədqiqatlarından fərqli olaraq, Kamal Abdulla “Kitabi-Dədə Qorqud”u mətn poetikası baxımından diskurs linqvopoetikası istiqamətində araşdırılıb öyrənməklə sanki ustad qorqudşünas alimi qabaqlamışdır. Bütün hallarda Azərbaycan Dədə Qorqudşünaslıq elmində özünəməxsus yeri olan Əli Sultanlı və Məhəmməd Hüseyn xətti Kamal Abdullanın tam fərqli tədqiqatları ilə daha da dərinləşdirilmiş, yeniliklərlə zənginləşdirilmiş və tamamlanmışdır.

Kamal Abdulla: “Müharibəni hər an gözləyirdim” - Baku Press Klub

Görkəmli ədəbiyyatşünaslar Əli Sultanlı, Məhəmməd Hüseyn Təhmasib və Kamal Abdullanın tədqiqatları Azərbaycan qorqudşünaslıq elminin triadasıdır. Hər biri orijinal tədqiqat əsərlərindən ibarət olan bu qiymətli elmi-tədqiqat əsərləri silsiləsi Azərbaycan qorqudşünaslığının ayrı-ayrı inkişaf mərhələlərini təşkil edir. Əli Sultanlının “Kitabi-Dədə Qorqud” və qədim yunan dastanları” (1941) kitabı və “Dədə Qorqud” dastanı haqqında qeydlər” adlı iri həcmli elmi əsəri (1958) XX əsrin qırx-əllinci illərinin, Məhəmməd Hüseyn Təhmasibin “Kitabi-Dədə Qorqud”un poetikası haqqındakı nəzəri məqalələri və kitabları ilə altmış-yetmişinci illərin nadir tədqiqatlarıdır. Bu zəmində yetişib formalaşmış Kamal Abdulla isə müstəqillik dövrü Azərbaycan qorqudşünaslıq elminin yeni mərhələsini formalaşdırmışdır. Kamal Abdullanın qorqudşünaslıq tədqiqatları hər hansı bir baryerdən uzaq olub, mümkün olduqca daha dərin qatlara və bir qədər də geniş hüdudlara doğru nüfuz etməklə meydana çıxan, obyektiv və ya subyektiv olmasından asılı olmayaraq, müəllif mövqeyinin üstünlüyü, qabarıqlığı ilə yaranan müstəqil tədqiqatlardır. Əli Sultanlı  dərin müqayisəli tədqiqatlar vasitəsilə “Kitabi-Dədə Qorqud”un dünya dastanları içərisindəki üstün yerini müəyyən etmişdir. Məhəmməd Hüseyn Təhmasib ilk dəfə olaraq bu möhtəşəm ədəbi abidənin poetik sistemini yaratmışdır. Məhəmməd Hüseyn Təhmasibin “Azərbaycan xalq dastanları (orta əsrlər) monoqrafiyası folklorşünaslıq elmində özünün orijinallığına və yüksək nəzəri səviyyəsinə görə məşhur eposşünas, akademik Viktor Jirmunskinin “Oğuz qəhrəmanlıq eposu” əsəri ilə müqayisə oluna bilər. Professor Məhəmməd Hüseyn Təhmasib milli folklorşünaslıq elminin atası, Azərbaycan qorqudşünaslığının Jirmunskisidir. Fərqliliyi daha aydın şəkildə göstərmək üçün obrazlı şəkildə deyə bilərik ki, yunan mifologiyasının real həyati Troya qatını aşkara çıxarmış məşhur arxeoloq Şlimanın və mətnşünaslığın əsaslarını yaratmış lotmanın gördüyü işi Azərbaycan qorqudşünaslıq elmində Kamal Abdulla “Kitabi-Dədə Qorqud”un linqvopoetikasına həsr edilmiş orijinal tədqiqatları ilə həyata keçirərək, özünəməxsus yeni dünya kəşf etməyə doğru addımlamışdır.

Akademik Kamal Abdulla Azərbaycan qorqudşünaslığında ilk trilogiyasının müəllifidir. “Gizli Dədə Qorqud” monoqrafiyası (1991) Kamal Abdulla  qorqudşünaslığının birinci hissəsi, “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud” (1999) ikinci hissə, “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” (200() üçüncü hissəsidir. “Gizli Dədə Qorqud” Kamal Abdulla  qorqudşünaslığının gövdəsi, “Sirr içində dastan” və “Mifdən yazıya” iri budaqlarıdır. Fikrimcə, “Kitabi-Dədə Qorqud» poetikasına giriş” monoqrafiyası (2017) Kamal Abdulla Qorqudnaməsinin ümumiləşdirilmiş obrazıdır.

Kamal Abdullanın Dədə Qorquda həsr olunmuş elmi  tədqiqatları ilə bədii əsərləri biri-digərini dərinləşdirir və tamamlayır. Kamal Abdulla “Kitabi-Dədə Qorqud” motivləri və qəhrəmanları ilə əlaqədar tədqiqatlarında deməyi münasib hesab etmədiyi məsələləri bədii əsərlərində səciyyəvi hadisələrin təsviri, bənzər və ya fərqli obrazların dili ilə mənalandırmışdır. Bu mənada Kamal Abdullanın elmi və bədii əsərindən ibarət olan kitablarını birlikdə möhtəşəm bir “Gizli Dədə Qorqud” epopeyası adlandırmaq olar. “Yarımçıq» əlyazma” romanı Kamal Abdulla  “Gizli Dədə Qorqud” epopeyasının proloqu, “Sirlərin sərgüzəşti” romanı isə epiloqu funksiyasını yerinə yetirə bilər. Dədə Qorqud mövzusuna müxtəlif aspektlərdən yanaşma əsasında yaradılan və bir-birini təkrar etməyən bu elmi və bədii əsərlər Kamal Abdulla  Dədə Qorqudnaməsinin üzvü tərkib hissələri, çoxcildlik külliyatıdır.

“Gizli Dədə Qorqud” silsiləsinin əsas missiyası adından da göründüyü kimi, “Kitabi-Dədə Qorqud”un naməlum gizli qatlarını açıb tapmaq və elmi cəhətdən tədqiq edib qiymətləndirməkdən ibarətdir. İlk dəfə olaraq Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanına paralel olaraq mövcud olan aşkar və gizli mifoloji motivlərin və süjetlərin qarşılıqlı əlaqəsi və sintezi nöqteyi-nəzərindən yanaşaraq, bu möhtəşəm eposun ictimai-bədii dəyərini onların harmoniyası, vəhdəti, bir çox hallarda isə ilkin ibtidai qatları, fərqli xüsusiyyətləri ilə müəyyən etmişdir. Kamal Abdulla dastandakı əsatirlər aləminə və oğuz cəmiyyətinə aid motivlərin və süjetlərin təhlili vasitəsilə “Kitabi-Dədə Qorqud”da insanlığın mifoloji dünyadan tayfa birliklərinə qədərki keçdiyi təkamül proseslərini izləyərək, hər mərhələnin gedişatını təqdim etmiş və özünəməxsus elmi qiymətini vermişdir. Kamal Abdulla belə bir nəzəri qənaətə gəlmişdir ki, “Kitabi-Dədə Qorqud” həmin keçidi həyata keçirən, onu reallaşdıran körpüdür. Kamal Abdulla bütün paralel xətlər, istiqamətlər üzrə cəmiyyəti Mifdən Yazıya keçirən bu möhtəşəm körpünün elmi abidəsini yaratmışdır. Bu anlamda Kamal Abdullaya görə Dastan indi təsəvvür ediləndən çox-çox qədim bir dövrün məhsuludur və heç şübhəsiz ki, yaradılan Dastanla yazılan Dastan bir-birinin eyni deyildir: “Yazılan Dastanda yaradılan Dastanın ancaq bəzi əlamətləri qala bilərdi və onlar var. Yaradılan Dastan son dərəcə beynəlmiləl ruha malik idi və onun qədim yunan mifləri, əsatirləri ilə səsləşməsi də belə bir ruhun göstəricisi kimi son dərəcə təbii idi. Burada məntiq adidən adidi: geri getdikcə, təbiətə qayıtdıqca, bütün insanlar doğma və qardaş olurlar. Məxəz birdir və o bir olan məxəzdən bəzən növbə gözləyə-gözləyə, bəzən səbirsizliklə, itələşərək çıxan tayfalar, qəbilələr bir-birindən zaman keçdikcə yavaş-yavaş fərqlənirlər”[1]. Bu elmi qənaət mahiyyət etibarilə oğuz cəmiyyətində Dədə Qorqudun “qayibdən dürlü xəbərlər” verməsindən onun Qalın Oğuz Elinin müşküllərini həll etməsinə qədərki gözəgörünməz böyük bir epoxanın bütün qatları ilə birlikdə elmi obrazını yaratması deməkdir.

Məlumdur ki, Kamal Abdullaya qədərki Azərbaycan qorqudşünaslığı “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz boyu ilə antik yunan ədəbiyyatındakı Homerin məşhur “Odisseya” dastanındakı Polifem motivinin oxşar və fərqli cəhətlərini təhlil edib, oğuz siklopunun daha qədim və mükəmməl olduğunu müəyyənləşdirmişdir. Kamal Abdulla isə ilk dəfə olaraq “Kitabi-Dədə Qorqud” boyları ilə Homerin “İliada” və “Odisseya” dastanları ilə müqayisənin meydanını daha da genişləndirərək digər obrazları da təhlilə cəlb etmişdir. Lakin o, bununla da kifayətlənməyərək Dədə Qorqud araşdırmalarını yunan mifologiyası ilə müqayisə etməyə doğru dərinləşdirmişdir. Beləliklə, ilk dəfə olaraq qədim ümumtürk mifologiyası ilə, xüsusən “Dədə Qorqud” miflərilə antik yunan mifologiyasının müqayisəsini aparan Kamal Abdulla nəticə etibarilə fərqli bir üsulla, dünya ədəbiyyatındakı paralelliklər və uyğunluqların bənzərlikləri və fərqləri vasitəsilə Dədə Qorqud dünyası haqqındakı təsəvvürləri daha da genişləndirmişdir: “Dastanda yunan miflərilə uyğunluq (paralellik) eyni-xassəli deyil. Bu paralellər aşkar (güclü) və gizli (zəif) şəkildədir. Əgər “Odissey – Polifem” və “Basat-Təpəgöz”, “Odissey-Penelopa” və “Beyrək-Banıçiçək”, “Admet-Herakl-Basat” və “Dəli Domrul – Əzrayıl” paralelləri aşkar şəkildə özünü göstərirsə, “Edip-Lay-Lokasta” və “Buğac-Dirsə xan – arvadı”, “Paris-Gözəl Yelena” və “Qanturalı – Sarı donlu Selcan xatun”, “Aqamemnon – Salur Qazan” xətləri və başqa uyğunluqlar daha gizli qatdadırlar. Bəlkə də aşkar görünənləri paralellər, gizlindəkiləri isə uyğunluqlar adlandırmaq daha münasib olardı. Hər iki halda (həm paralellər, həm də uyğunluqlar) Mifin gücü eyni zamanda ona işarə edir ki, Mif “ərazisi”nin komponentləri universal mahiyyətlidirlər. Elə buna görə də bu müqayisələrin sərhədi açıqdır, bizim digər mifoloji (yarımmifoloji) mətnlərə çıxmaq imkanımız var. …Əlbəttə ki, digər mətnlər də bu paralellərə və yaxud uyğunluqlara çox şey verə bilər. Müqayisələrin coğrafiyası genişlənməlidir. Mif müstəvisinin universallığı buna imkan verir”.[2] Akademik Kamal Abdulla “Kitabi-Dədə Qorqud”a bu qədər genişlikdə və dərinlikdə yanaşmanın nümunəsini göstərmişdir.

“Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud” monoqrafiyasında miflərin və obrazların müqayisə edilməsinin mahiyyəti və əhəmiyyəti haqqındakı aşağıdakı sual və cavabı bütövlükdə Azərbaycan ədəbiyyatşünaslıq elminin, o cümlədən də Kamal Abdullanın özünün çoxillik axtarışlarını elmi qayəsi və nəticəsi hesab etmək olar: “İndiki halda isə ortaya labüd şəkildə çıxan belə bir sualla qarşılaşırıq: – Tədqiqə cəlb edilən paralellər və yaxud uyğunluqlar bizə nə verir?

Bu sualdan doğan mahiyyəti belə ümumiləşdirmək olar. Birinci onu qeyd etmək olardı ki, paralellər (uyğunluqlar) aşkar və gizli şəkildədir. İkinci onu qeyd etmək vacibdir ki, paralel və uyğunluqlar təkcə Homerin dastanları ilə deyil (Odissey – Polifem), eyni zamanda, daha geniş yunan mif sistemi ilə bağlıdır (Edip – Lay və s.)”[3]

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci il tarixli Sərəncamının həyata keçirilməsi sahəsində dövlət başçımızın Multukulturalizm millətlərarası münasibətlər və dini məsələlər üzrə müşaviri kimi Kamala Abdulla geniş təşkilatçılıq işi aparmış, bu mühüm tarixi hadisənin yüksək səviyyədə keçirilməsi üçün bütün səyləri səfərbər etmişdir. “Kitabi-Dədə Qorqud”un alma şərqşünası Henrix Fridrix fon Dits tərəfindən 1815-ci ildə alman dilinə tərcümə edilərək nəşr edilmiş “Basatın Təpəgözü öldürdüyü boy”un “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş oğuz siklopu” adlı müqəddimə ilə birlikdə 25 dildə ayrı-ayrı kitablar şəklində çap etdirilməsinə nail olması Kamal Abdullanın Qorqudşünaslığa daha bir xidmətidir.

Fikrimizcə, artıq akademik Kamal Abdulla “Kitabi-Dədə Qorqud”la əlaqədar tədqiqatlarının “Gizli Dədə Qorqud” dövrünü başa çatdırmışdır. Kamal Abdullanın Dədə Qorqudla bağlı tədqiqatlarının yeni dövrü poetika mərhələsi adlandırıla bilər. Doğrudur, Azərbaycan ədəbiyyatşünaslıq elmində “Kitabi-Dədə Qorqud”un poetikası ilə əlaqədar tədqiqatlar vardır. Lakin etiraf etmək lazımdır ki, Dədə Qorqud»un poetikası problemi hələ də özünün sistemli tədqiqatını gözləyir. Bu mənada Kamal Abdullanın 2017-ci ildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”un poetikası» monoqrafiyası bu ədəbi abidənin poetik sisteminin dərindən və əsaslı şəkildə araşdırılmasına həsr olunmuş ciddi elmi tədqiqatdır. Bu, “Kitabi-Dədə Qorqud”un mətnlərindən çıxış etməklə yaradılmış bədii-poetik şəbəkənin elmi ifadəsi olan mükəmməl nəzəri araşdırmadır. Kamal Abdullanın özünün açar söz kimi formalaşdırdığı “Dəşti müstəqimiyyə” və “Dəşti məcaziyyə”, əgər belə demək mümkündürsə, “Kitabi-Dədə Qorqud”un bədii poetik sisteminin nəzəri cəhətdən açılması üçün düşünülüb tapılmış elmi ixtiradır. Eyni zamanda, “Kitabi-Dədə Qorqud”un mifoloji qatının arxitektonik karkasının qurulması və şərhi abidənin poetik sisteminin dərin qatlarının açılmasına xidmət edən nəzəri model kimi mühüm əhəmiyyətə malikdir.

Bədii mətnin daxili qatlarından təhkiyəyə və təsvir vasitələrinə doğru təkamül proseslərinin, bədii-poetik enerjinin təzahür formalarının izlənilməsi “Kitabi-Dədə Qorqud”un poetikasının tədqiqində yeni mərhələdir, Kamal Abdullanın sözləri ilə desək, “dansökülən”dir. Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da “kimi” qoşmasının metamarfozası, “məgər” sahmanlayıcı ünsürü, təkrarlar-bədii poetik vasitə kimi istiqamətlərində apardığı dəqiq araşdırmalar, seçdiyi yaddaqalan nümunələr və etdiyi təhlillər vasitəsilə çıxardığı nəticələr Dədə Qorqud boylamaları və soylamalarının bənzərsiz sistemini müəyyən etməyə imkan yaradır. Nəhayət, Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”u janr baxımından «tarixi roman» hesab etməsi, Dədə Qorquddan bəzən yaradıcı müəllif kimi söz açması bu abidənin timsalında mifdən yazıya doğru inkişafın  folklordan əlyazmaya deyil, şifahi ədəbiyyatdan yazılı ədəbiyyata keçid proseslərinə qədərki təkamülü haqqında düşünməyə əsas verir. Mifoloji qata aid etməklə kifayətlənsə də Kamal Abdullanın Dədə Qorqudun müəllifliyi haqqındakı aşağıdakı fikirləri dastanın “kitaba” çevrilməsi proseslərinə işıq salır: “Müəllif Dədə Qorqud faktiki olaraq “Kitabi-Dədə Qorqud”da özünün daha qədim funksiyasını – mif nüvəsindən xətti neqativ müstəviyə keçidi təmin edir və eyni zamanda “Kitabi-Dədə Qorqud”un artıq süjetə malik ümumi  quruluşun təminatçısı kimi çıxış edir…[4]

Ən nəhayət, Dədə Qorqud obrazını ümumiyyətlə Dədə Qorqudların cəmi, yəni “prinsip” kimi dəyərləndirilməsi də Kamal Abdullaya məxsus elmi baxışdır: “Bizim bildiyimiz və qəbul etdiyimiz Dədə Qorqud Dədə Qorqudların cəmi, bir növ invariantıdır. Bütün hallarda Dədə Qorqud ayrıca götürülmüş, ancaq bir konkret zaman kəsiyində yaşamış və yaratmış bir şəxsiyyət deyil. O, Dədə Qorqudlardır və o Dədə Qorqud adlı bir prinsidir. Bu prinsipi yaradan dünyagörüşüdür, siyasətdir, yaşam tərzidir, əxlaqi-mənəvi kodekslər məcmuyudur”.[5]

Nəticə olaraq deyə bilərik ki, Kamal Abdullanın Dədə Qorqud monoqrafiyalar və romanlar silsiləsi Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin Dədə Qorqud dünyasının elmi-ədəbi cəhətdən orijinal,  fərqli və yaddaqalan serialıdır. Azərbaycan ədəbiyyatının və elminin uğuru olan bu elmi-ədəbi serial səviyyəsi və iddiası ilə ümumiyyətlə beynəlxalq miqyasa malik olan Dədə Qorqud dünyasına ciddi bir girişdir.

https://edebiyyatqazeti.az/news/sience/6600