Akademik Kamal Abdullanın bu yaxınlarda çap üzü görən yeni kitabı “Heydər Əliyev və multikultural təhlükəsizlik” adlanır. Müəllif kitabda Ulu öndərin Azərbaycançılıq məfkurəsinin işığında tolerantlığa verdiyi yüksək dəyəri ön plana çəkir, mənəvi-mədəni siyasətinin ayrılmaz tərkib hissəsi saydığı multikultiralizmi şərh edib, onun təhlükəsizlik konsepsiyasının hikmətini açır, detallarla, misallarla oxucunun diqqətinə çatdırır. On bir fəsildən ibarət toplu bütöv və tam əsər təsiri bağışlayır, ayrı-ayrı başlıqlar altında gedən mətnlər pərakəndə xarakter daşımır, üzvi surətdə bağlanır, birləşir və səriştəli müəllifin həqiqətən maraqlı, fundamental, elmi-publisistik, bədii bir kitab üzə çıxartdığını təsdiqləyir.

Bu nəfis kitab sonsuz zəhmətin və axtarışların, dəruni sevginin bəhrəsidir. Sanki əsəri bir neçə müəllif ərsəyə gətirib: dilçi alim Kamal Abdulla, yazıçı-publisist Kamal Abdulla, tarixçi-filosof Kamal Abdulla. Böyük zəhmətin miqyasını və genişliyini təsəvvürə gətirmək üçün alimin baş vurduğu mənbələrə – arxivlərə, əlavə ədəbiyyatlara, tarixi materiallara, müxtəlif saytlara, qəzetlərə nəzər yetirmək kifayətdir. Kamal müəllim fakt xatirinə fakt, sitat xatirinə sitat işlətmir. Hər mətni ustalıqla, peşəkarlıqla hazırlayır, artıq sözə, tələsik cümləyə ehtiyac duymur, fikrini bitirən kimi nöqtə qoyur.

Azərbaycan çoxmillətli dövlətdir, ərazimizdə bir sıra iri xalqların nümayəndələri ilə yanaşı, etnik qruplar, yerli azsaylı xalqlar da yaşayır. Elə kitabın ilk fəslində – “Multikultural təhlükəsizlik konsepsiyası Azərbaycanın dövlət siyasətidir” başlığı altında gedən mətndə Azərbaycanda yaşayan vətəndaşların birliyi diqqət mərkəzinə çevrilir, real həyati epizodlarla bir xalqın hüququnun digərindən üstünlüyünün qanunlara zidd olduğu vurğulanır, hamının bərabər yaşadığı təkzibedilməz dəlillərlə göstərilir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Multikultural təhlükəsizlik məsələlərini ehtiva edən məhşur fikri misal çəkilir: “Multikulturalizm nədir? Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük. Müstəqilliyini bərpa etikdən sonra ölkəmizə multikulturalizm ənənələrinin güclənməsinin dövlət dəstəyi formalaşıb ki, indi bu dəstək özünün çiçəklənmə dövrünü yaşayır”. Kamal Abdulla Prezident İlham Əliyevin bəşəri dəyərlərə söykənən ideyasını Çarlz Teylordan, Pol Dyumoçeldən, Zərdüştün “Avesta”sından çəkdiyi sitatlarla zənginləşdirir. Eləcə də, dahi Nizami Gəncəvidən, Mirzə Fətəli Axundzadədən, Zərdabidən, Əli bəy Hüseynzadədən, Əhməd Ağaoğludan, Mirzə Cəlildən, Mirzə Ələkbər Sabirdən, Nəriman Nərimanovdan, Üzeyir Hacıbəylidən, Hüseyn Caviddən, Cəfər Cabbarlıdan çəkdiyi həyati detalları izah edir, zəkasının süzgəcindən keçirir.

Kitabın ikinci fəslinin adı belədir: “Vətəndaş hüquqlarının qorunmasının təminatçısı”. “Din-əxlaq-mənəviyyat” isə üçüncü fəslin sərlövhəsidir. Birinci bölüm Ulu öndərin ibrətamiz müqəddəs andı ilə başlanır: “Azərbaycan Prezidenti kimi mən dilindən və dinindən asılı olmayaraq, hər bir adamın, hər bir vətəndaşın hüquqlarının təminatçısıyam”. O, ömrünün sonunacan bu ali vədinə sadiq qaldı. Azərbaycanda yaşayan xalqlar arasında dostluq, səmimiyyət yaratmağa çalışdı, ara qarışdıranları haqq-ədalət yoluna çağırdı. Maraqlıdır ki, Kamal Abdulla həm qədim zamanlarda indiki Azərbaycanın ərazisində yaradılmış Aratta dövlətinin sakinləri olmuş kutilərin və lillibeylərin multitkultural mühitindən bəhs edir, həm də eramızdan əvvəl I minillikdə formalaşmış Manna ölkəsinin tayfalarından – hurrilərdən, turikilərdən, urartulardan, onların milli-mənəvi, əxlaqi görüşlərindən dəqiq, konkret faktlar ortaya atır. Azərbaycanın əski tarixi mərhələ-mərhələ multikultural dəyərlər fonunda Cümhuriyyət dövrünəcən araşdırılır.

“Din-əxlaq-mənəviyyat” bölümü olduqca ciddi baxış bucağı, məsələyə incə münasibət tələb edir. Çünki din mənəviyyatdır, hər bir xalqın necə deyərlər, yaralı yeridir. Məzhəb birliyindən bir xalq barlana da bilər, gözümçıxdıya salınıb, tapdağa da dönə bilər. Müəllif təsdiq etməyi bacarır ki, hələ islamdan əvvəl Azərbaycanda məskunlaşan xalqların başqa inancları olmuşdur: kimisi büdpərəstliyə, kimisi xristianlığa sitayiş edib. Ancaq heç kəs islam dini yayılandan sonra təzyiqə məruz qalmayıb. Qədim kilsələr, monastırlar dağıdılmayıb, xoşbəxtlikdən bunun izləri görünməkdədir. Kəlbəcərdə, Qəbələdə, Qaxda (Qumda), Zaqatalada müxtəlif məbədlər indiyəcən salamat qalıb.

“Milli müxtəliflik – Azərbaycanın sərvəti”, “Azərbaycançılıq – xalqın özül daşı”, “Dilin tarixi – xalqın tarixi”, “Mədəni yüksəliş milli ideologiyanın əsasıdır”, “Ölkəmiz qlobal dünya siyasətində”, “Varislik”, “Azərbaycan diasporu, lobbisi”, “Davamlı, əbədi inkişaf” fəsillərində də Kamal Abdulla orijinal yazı üsuluna, dəst-xəttinə sadiq qalır, müxtəlif başlıqlı mövzuların təhlili işığında dahi Heydər Əliyevin əzəmətli obrazını canlandırır.

Bildiyimiz kimi, respublikamızın şimal bölgəsində, yəni indiki Quba-Xaçmaz regionunda ləzgilər, tatlar, tabasaranlar, qırızlar, kumıklar, avarlar və digər xalqlar Azərbaycan türkləri ilə daim qardaşlıq, doğmalıq, qohumluq şəraitində birgə yaşamışlar. Dağlıq Quba rayonunda hətta, Xınalıq adlı unikal bir kənd mövcuddur və bu obanın fərqli dili var. Bu dil heç bir digər dilə bənzəmir və oxşarı deyil. Həmin etnik qrupun dili bu gün qorunur, xınalıqlar qədim Alban mədəniyyətinə mənşəcə bağlı etnik xalq kimi kəndlərini sevir, onu inkişaf etdirir, yad təhlükə, qara-qorxu görmürlər. Çünki qüdrətli Azərbaycan dövləti Xınalıq yaşayış mərkəzinin arxasındadır. Həmçinin, Qubanın Qırmızı qəsəbə adlanan ərazisində məskunlaşan dağ yəhudilərinin də dili eləcə.

Kitabında daha bir zərif milli məsələyə toxunan Kamal Abdulla ermənilərin Azərbaycan ərazisində zorla yerləşdirilməsinə də özünəməxsus münasibətini bildirir, XIX yüzillikdə kütləvi surətdə və məqsədli şəkildə köçürülənlərin “ölkəmizdə dominant etnos olmamaları, torpaqlarımıza gəlmə adlandırıldıqları, Azərbaycan multikulturalizminə rəng qatmadıqları” sətirbəsətir, cümləbəcümlə etiraf edilir. Onlar oturduqları gündən “multikultural mühiti pozmuş, ona yalnız süni çalarlar calamış, torpaq idiaları ilə tarixi münaqişələr törətmiş, min cür fitnə-fəsada rəvac vermişlər”.

Kamal Abdulla sanballı, yığcım kitabında dönə-dönə qeyd edir ki, Ulu öndər Heydər Əliyevin tolerantlıq, milli birlik və multikultural təhlükəsizlik konsepsiyasının əsas ideoloji mayasında Azərbaycançılıq dayanır. “Azərbaycançılıq sözünün altında çoxşaxəli mətləblər var və milli məfkurə səviyyəsində etnik qrupların, xalqların bir-birinə münasibətində bu ideya körpü rolunu oynayır. “Hətta, milli ehtirasların qızışdığı bir məqamda o, parlaq ağlı və istedadı ilə (Heydər Əliyev) Azərbaycanın ictimai-siyasi həyatını bu ideyanıın işığında aydın rola yönəltdi”. Bəsit, dar düşüncəlilərə, yolundan sapan əldəqayırma siyasətçilərə cavab olaraq 2001-ci ilin noyabr ayında milli birlik, sabitlik naminə Bakıda Dünya Azərbaycanlılarının I qurultayını keçirdi. Məşhur çıxışındakı bir neçə məqam dərhal zərb-məsələ çevrildi, yaddaşlarda, ürəklərdə yuva qurdu: “Hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Müəllif Azərbaycançılıq ideologiyasını və konsepsiyasını geniş şərh edərkən, yeri düşdükcə bədii təsvir vasitələrindən, dilin alt qatının təsirli laylarından obrazlı şəkildə, dürüst istifadə edir, fikrini qüvvətləndirir: “Azərbaycançılıq Azərbaycan sözünün bətnindən çıxmış, bu ifadədən törəmiş bir deyimdir, sosial, siyasi məna daşıyan, mədəni, mənəvi məzmun kəsb edən bir termindir… Azərbaycan torpaqdır, dağlardır, dəniz və çaylardır, ucsuz-bucaqsız çöllərdir. Azərbaycan Kiçik və Böyük Qafqaz sıra dağlarıdır. Şah dağıdır, Baba dağıdır, Talış dağlarıdır, Muğan, Mil, Şirvan düzləridir. Kür-Araz çaylarıdır, Xəzər dənizidir, Göygöldür, Kəpəzdir, Murovdur…” Deməli, məmləkətimiz burada yaşayan xalqların adını cəm şəklində ifadə eləməklə yığcamlaşdırılmış, dürüstləşdirilmiş, dolğun hikmətə minmək üçün dəqiqləşdirilmişdir.

Əlbəttə, hər bir dilin tarixi xalqın tarixidir. Kamal Abdulla Azərbaycan dilinin gözəlliyini, zənginliyini hələ ta XIX əsrdə Cənubi Qaqazda oynadığı rolu, ünsiyyət vasitəsi kimi ecazkarlığını, cazibədarlığını, bənzərsizliyini multikultural dəyərlər fonunda açır, alim-yazıçı, filosof məntiqi ilə Heydər Əliyevin dil siyasətini təqdir edir. Həqiqət isə budur, fransız yazıçısı və səyyahı Aleksandr Düma söyləmişkən, fransız dili Avropada nə deməkdir, Azərbaycan dili də Cənubi qafqazda o deməkdir. Bunu mütəfəkkir maarifçi-yazıçı Bestüjev-Marlinski də açıb-ağardıb, Puşkin, Lermontov, Tolstoy kimi və nəhəng ədiblərin dilimizə münasibəti, rəğbəti olub ki, haqqında müsbət rəy formalaşdırıblar. Eyni sözləri: “Mədəni yüksəliş milli ideologiyanın əsasıdır” və “Ölkəmiz qlobal dünya siyasətində fəsilləri barədə də demək olar”. Azərbaycanın klassik, mədəni irsinə, ədəbiyyatına, folkloruna, incəsənətinə, təsviri sənətinə böyük önəm verən və rəğbət bəsləyən Heydər Əlirza oğlu istər sovet dönəmində, istərsə də müstəqililk dövründə dünya şöhrətli yazçıların, müğənnilərin, bəstəkarların, rəssamların yubileylərini təntənəli surətə keçirmiş, adlarını əbədiləşdirmiş, yaradıcılıqlarının çiçəklənməsinə daim şərait yaratmışdır.

Bu gün Ümummilli lider Heydər Əliyevin multikultural siyasətinin gələcəyə daşıyıcısı, çağdaş Azərbaycanın yeni qurucusu, Ulu öndərin davamçısı, yeni Azərbaycanın qurucusu, Prezident İlham Əliyevdir. Torpaqlarımızı düşmən işğalından azad edən, Ermənistan üzərində 44 günlük savaş müddətində qələbə çalan sədaqətli VARİS bu gün ən yüksək şan-şöhrətə və hörmətə malikdir. Təkcə Azərbaycandamı? Yox! İlham Heydər oğlu indi dünya şöhrətli siyasətçidir, Cənubi Qafqazda bir lider dövlətin başçısıdır. O, əməlləri ilə özünə ürəklərdə əbədi qala qurmuşdur, xalqınn etibarını və inamını qazanmışdır. Ata vəsiyyətini yerinə yetirən İlham Əliyevin yeri ən uca mərtəbədədir və Müzəffər Ali Baş Komandan Prezident kimi hələ xalqına, Azərbaycanına çox töhfələr verəcək.

Kamal Abdullanın “Heydər Əliyev və mulitkultural təhlükəsizlik” kitabının məziyyətləri haqqında çox danışmaq olar. Onu da etiraf edək ki, bu nəfis şəkildə hazırlanmış mübarək toplunun elmi redaktorları – filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universiteti Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analtika şöbəsinin müdiri Rəşad İlyasovdur. Hər iki redaktorun xidməti, səyi, səriştəsi dərslik qədər vacib sayıla biləcək bir kitabın çapında özünü göstərmişdir.