Bütün zamanların çox ədalətli və dəqiq bir qanunu var – tarazlıq qanunu.

Bu tarazlıq qanunu, demək olar ki, hər şeyi tənzim eləyir. İşdə bəxtin gətirmir, evdə xoşbəxtsən, evdə günün qaradır, camaat arasında hörmətin var.

Yaza bilmirsən, bülbül kimi ötürsən, danışa bilmirsən, yazırsan.

Şeir alınmır, nəsrə keçirsən. Nəsr alınmır, pyesə keçirsən. Heç biri də alınmayanda – memuara. Elə buna görə də bizdə memuar ədəbiyyatı yox kimidir. Çünki memuara gətirən yolu sonadək keçən olmur. Kimi şeirdə ilişib qalır, kimi nəsrdə, kimi də pyesdə.

Hər bir sənətkar öz yaradıcılığında bəzən bilərəkdən, bəzən də sövq-təbii bu tarazlığı gözləyir. Elə bil, adam ikiləşir. Əvvəl sən onu bir cür tanıyırdın, indi o başqa bir istiqamətdən görünməyə başlayır.

Gözəl şeirlər yazırdı, indi komediya yazır. Lirik-romantik nəsr ustasıydı, indi satirik ruhlu povestlər quraşdırır.

Kənd həyatının incə bilicisiydi, başlayır şəhər həyatına kobud müdaxilələr etməyə.

Elə bil bir paltarda axıradək görünməyə səbri çatmır. Elə bil, ağırlıq mərkəzini bir ayağından o biri ayağına keçirir. Təbiət dahilərin övladlarında dincələn kimi, gözəl şairlərimiz də hırıltıya gələn komediyalar yaza-yaza sanki nəfəslərini dərirlər.

Yazıçılar lirik-romantik üslubdan qroteskə, satiraya keçən zaman, elə bil, rahatlaşırlar, nədir?!

Elə bil iki Vaqif Səmədoğlu var.

Elə bil iki Əkrəm Əylisli var.

Elə bil iki Mövlud Süleymanlı var.

Mənim üçün bir tərəfdə “Tənha narın nağılı” durur, “Kür qırağının meşələri” durur ki, insanın ən dəruni nöqtələrinə qədər nüfuz edən yazıçı qələminin məhsullarıdır. O biri tərəfdə “Buzbulaq” silsiləsi durur…

Mənim üçün bir tərəfdə Vaqif Səmədoğlunun fəlsəfi-romantik poeziyası durur, o biri tərəfdə “Bəxt üzüyü” pyesi…

Mənim üçün bir tərəfdə “Dəyirman”, “Köç” və “Şeytan” kimi ciddi ictimai və fəlsəfi problemlər qaldıran əsərlər durur. O biri tərəfdə rüşvətxorlara qarşı yazılmış “Səs” romanı…

Görünür, Yolu birnəfəsə keçmək olmur. Dünyada bütün zamanların böyük bir tarazlıq qanunu var – özündən də xəbərsiz özün-özünü tənzim edirsən.

https://kulis.az/xeber/kamal-abdulla/retro/tarazliq-kamal-abdullanin-essesi-52742