XX əsrin ortalarından dil haqqındakı elmin digər elmlərlə əməkdaşlığı o dərəcədə məhsuldar oldu ki, sistem-struktur araşdırmalar (strukturalizm) tədricən öz mövqelərini multidissiplinar dilçiliyə güzəştə getmək məcburiyyəti altında qaldı. Təbiət, cəmiyyət (ictimai) və texniki elmlərin zəngin spektri ilə get-gedə güclənən həmin əməkdaşlıqda əsas məqsəd dili Ferdinand de Sössür təlimində olduğu kimi, “daxil”dən yox, “xaric”dən izah etməkdir ki, bu, nəticə etibarilə ona (dilə) antroposentrik baxışın tələblərindən irəli gəlir.

Azərbaycan dilçisi, ədəbiyyatşünası və yazıçısı, akademik Kamal Abdulla uzun illərin araşdırmalarının məhsulu olaraq multidissiplinar dilçiliyin yeni bir paradiqmasının – mifolinqvistikanın geniş imkanlarını aşkarladı. Yeni paradiqma müəllifinin fikrincə, “mifolinqvistika mifologiya ilə dilçiliyin sərhədində baş verən mifoloji və linqvistik hadisələr arasındakı toqquşmaların daxili mahiyyətini məqsəd kimi qarşısına qoyan bir elmi istiqamət” olaraq öz predmetinə “tarixilik fonunda” baxır.

Bəşəriyyətin ümumi (universal!) inkişaf tarixini üç “qat”a ayıran müəllif həmin “qat”ları aşağıdakı şəkildə səciyyələndirir:

Birinci qatda – “ən dərin, ilkin, primitiv qatda cəmiyyət üzvü (və yaxud primitiv insan) hər hansı fikir bildirmə ilə müstəqim və birmənalı şəkildə (bu isə hətta o ilkin dövrdə belə real sözlər vasitəsilə həyata keçirilirdi) məşğul olurdu. Cəmiyyət üzvünün ifadə potensialı onun ətrafında olan hər şeyə autentik münasibəti ilə ölçülə bilər, yəni fikir bildirilən, diqqət mərkəzində olan obyektin ancaq özünəməxsus xassələri onun diqqətində olurdu. Bu isə müstəqimlikdən başqa bir şey deyildi”.

İkinci qat – “primitiv insanlar arasında münasibətlərin müstəqimlik qatından sonrakı növbəti mərhələsi müstəqimliyin yeni dərki ilə bağlıdır. Dünən müstəqim şəkildə dərk və qəbul edilən məna tarixin növbəti mərhələsində yeni qat cücərti verərkən artıq metaforik şəkildə anlaşılır. Beləliklə, 2-ci qat metaforik qat adlandırıla bilər.

2-ci qatın (bu artıq həm də mifoloji məkandır) elementlərini isə variantlar kimi ayırmaq mümkündür.

…Qatlar arasındakı bu qarşıdurma (invariant və variantlar) ən müxtəlif dil səviyyələrində özünü göstərir”…

Üçüncü qat – “dilin insan tərəfindən tanınmasından (2-ci qatdan) sonrakı qatdır. Bu zaman ilk olaraq dil daşıyıcısının beynində dilə inamsızlıq yaranır, dünyanı başqa cür görmək istəyi onun ruhuna hakim kəsilir. Beləliklə, poetik təsəvvür ön plana çıxır və artıq heç kim məcazlara (əslində, yalanlara) inanmır.

…Amma orası da var ki, mifoloji təsəvvür bu şəkildə yox olub itmir. O, zaman-zaman dil elementlərində, deyimlərdə, müxtəlif quruluşlarda gizli şəkildə yaşayır, bu yaşama bu gün də davam edir. Və dil daşıyıcısı bəzən bu ifadələrin hansı dərin qatlarda təşəkkül edib hansı qədimlikdən gəldiyinin fərqinə varmır”.

Ümumi (universal!) inkişafın üç qatını müəyyənləşdirən Kamal Abdulla bu dövrləşdirməni, tamamilə təbii (və məntiqi)dir ki, insan dilinin qlobal tarixinin əgər belə demək mümkünsə, epoxaları kimi qəbul edir: 1) invariantlıq epoxası, 2) variantlıq epoxası və 3) məcazlılıq epoxası.

Qatlar (və deməli, epoxalar) arasındakı münasibətləri müfəssəl şərh etməyə xüsusi ehtiyac duyan (və maraq göstərən) yeni paradiqma müəllifi, məsələn, birinci qatdan ikinciyə keçid barədə yazır: “…Mifoloji təsəvvür 1-ci qatın funksiyası olan nəyisə olduğu kimi qəbul etməkdən ibarət deyil. Bu müstəqim təsəvvürün içinə 2-ci qatda həm də personifikasiya kimi güclü psixoloji amil daxil olur. İnsana xas xüsusiyyətlərin onun özü tərəfindən fetişləşdirilməsi ona gətirib çıxarır ki, ətrafdakı canlı və cansız aləmin hər bir üzvü bu xüsusiyyətlərdən faydalana bilir, istifadə edə bilir. Dağ yata bilir, söz güləşə bilir, and içilə bilir və s. və i.a.

…Və bu məqamda ilk olaraq sinonimlər yaranacaq. Sinonimlərin yaranması ilə variantlar cilalanacaq, dil insanı öz məngənəsindən buraxacaqdır… Dil onu yox, o, dili idarə etməyə, zəif də olsa, başlayacaqdır”.

Qatları bir-birindən fərqləndirərkən Kamal Abdullanın antik ədəbiyyat tarixi (o tarix ki, italiyalı Danteyə gətirib çıxarır) ilə müqayisəsi nə qədər estetikdirsə, o qədər də mükəmməl ideya-metodoloji əsaslara malikdir. Və bu müqayisənin (analogiyanın) bu və ya digər dərəcədə aydın dərki müəllifin təqdim elədiyi elmi dilçilik sahəsinin parametrlərini təsəvvürdə canlandırmağa imkan verir:

“…Homer Qara dağın həqiqətən yatdığına və nə zamansa oyanacağına inanırdı. Sofokl da bu dağın yatdığına inanırdı, amma onun oyanacağına inanmırdı… Homerlə onun arasında təkcə zamanla ölçülməyən başqa bir mənəvi məsafə vardı. Bu məsafənin personifikasiya edilmiş adı Esxil idi.

…Esxil bütün mənəvi varlığı (yaradıcılığı) ilə Sofoklun, Evripidin gəlişini hazırlayırdı. Amma orası da var ki, cəmiyyətdə mifoloji təsəvvür artıq yavaş- yavaş qocalmağa başlayırdı… Eramızın XIII əsrində Dante artıq bilirdi ki, yeraltı dünya onun xəyalının təzahürüdür”.

Beləliklə, “Homerlə bağlı iddia 1-ci qata, Sofoklla bağlı iddia 2-ci qata, Dante ilə bağlı iddia isə 3-cü qata aid edilə bilər. Esxil bu sıralamada 1-ci qatdan 2- ci qata keçidi təmsil edir”.

Üçüncü qatın səciyyəvi xüsusiyyətləri (ümumən funksional tipologiyası!) barədə bəhs edərkən Kamal Abdulla yenə də dil faktı (forma) ilə təfəkkür faktı (məzmun) arasındakı münasibətlərin çox zərif, başqa sözlə, elastik (sayrışan) məqamlarından birinə toxunaraq yazır:

“Kimi” qoşması, qətiyyətlə demək olar ki, poetik qatın (üçüncü qatın – N.C.) ən böyük ixtirasıdır… O olmasa, biz quru etiraflar əhatəsində qalacaq idik və ecazkar “poeziya nədir?” sualına cavab belə axtarmaq ağlımıza gəlməyəcəkdi. Bütün klassik bədii poetik məkanımız mifologiyanın cəngindən məhz “kimi” və ona bənzər onlarca vasitənin hesabına qurtulur… “Kimi” həm də dünyanı dərk etməyin möhtəşəm vasitəsidir”.

Müəllif müfoloji diskurs anlayışını digər diskurs anlayışlarından ayırmaqla təqdim etdiyi elmi istiqamətin anlayışlar bazasını həm zənginləşdirmiş, həm də dəqiqləşdirmiş olur: “Bizim təsəvvürümüzdə diskurs informasiya axını zamanı cümlələrlə onların öz arxalarınca implissit olaraq gətirdikləri intellektual potensialın cəmindən ibarətdir. Bunu belə ifadə etmək mümkündür: Diskurs bərabərdir deyilən və mifoloji (hər hansı başqa) əhatə. Bura təkcə cümlə birlikləri daxil edilmir. Bura cümlənin arxasınca (potensialında) gələn bilik də daxildir”.

Göründüyü kimi, mifolinqvistikanın diskurs anlayışı daha çox sintaqmatik yox, paradiqmatik (assosiativ) xarakterlidir. Və onu, bəlkə də, sintaqmatik paradiqmatika və ya assosiativ sintaqmatika kimi qəbul etmək olar.

Odur ki, müəllifin “dil tarixi” barədəki mövcud təsəvvürlərə aydınlıq gətirmək təşəbbüsü də təsadüfi deyil: “Kəskinliklə bunu bildirmək lazımdır ki, dil tarixi sahəsi dil kəsiyinin hər hansı hissəsində hansısa klassikin əsərlərinin öyrənilməsilə bağlı deyil. Hələ sinxron dilçiliyi diaxron dilçilikdən ayırarkən müəyyənləşdirilirdi ki, hansısa uzaq bir zaman nöqtəsində kiminsə dilini öyrənmək diaxron yox, sinxron tədqiqat sayılmalıdır. Diaxroniklik o zaman meydana çıxır ki, müxtəlif tarixi nöqtələr bir-birilə müqayisə edilsinlər. Yenə də müxtəlif mətnlər məsələsi ortaya çıxır. Və əslində, dil tarixi sahəsi mətnə qədərki dövrün tədqiqat alanı ola bilər”.

Əlbəttə, dil tarixi (yaxud uğursuz ifadə ilə, tarixi qrammatika) ilə ədəbi dil tarixi arasında birincinin “sistem”i, ikincinin isə “norma”nı öyrənməsi baxımından, doğrudan da, kəskin fərq vardır: hər şeydən əvvəl ona görə ki, “norma”nın tarixi olduğu halda, “sistem”in tarixi yoxdur… Mifolinqvistikanın təqdim etdiyi “dil tarixi” konsepsiyasına gəldikdə isə bu nəinki “tarixi qrammatika” hüdudlarına sığmır, “dil tarixi” barədəki ən geniş təsəvvürləri belə arxada qoyaraq yeni miqyaslar (və metodologiya!) müəyyənləşdirmiş olur… Lakin yeni paradiqma müəllifinin məsələyə konseptual baxışının prinsiplərindən çıxış etsək, anlamaq çətin deyil ki, onun təqdim etdiyi mifolinqvistik diaxroniyanın özü də sinxron epoxalardan – qatlardan ibarətdir… Ancaq həmin qatların – epoxaların təsəvvürə gətirə biləcəyimiz “mətn”ləri, heç şübhəsiz, ədəbi dil tarixi mətnləri deyil.

XX əsrin ortalarından meydana çıxan hər bir multidissiplinar dilçilik sahəsində “dil və təfəkkür” probleminə maraq ilk növbədə ondan irəli gəlir ki, müasir dövr ümumən elmdə: a) müqayisəli-tarixi və b.) sistem-strukturdan sonra geniş yayılan; c) antroposentrik baxışlar və ya maraqlarla səciyyələnir. Mifolinqvistikaya görə, “dilimiz təfəkkürümüzün solğun inikasıdır… təfəkkürümüz istədiyimizin özüdür, amma dilimiz istədiyimizin özü deyil. Dilimiz təfəkkür kamilliyimizi olduğu kimi təkrarlaya bilmir, itkilər baş verir, boşluqlar yaranır”. Və “təfəkkür qatları ən dərindəki qatla – insanın ətraf mühitdən, digər canlılardan özünü ayırmağa başladığı primitiv qatla başlayır”.

Kamal Abdulla təfəkkürün tarixinin birinci mərhələsini belə təsəvvür edir: “Birinci dediyimiz ən qədim, primitiv qat, əslində, dilin yaranmasının, vahidlərarası münasibətlər qurulmasının ilk qatı, ilk mərhələsidir. Günün başlanmasını şəfəqin (dan yerinin) sökülməsi ilə başlayıb bu mərhələni “dansökülən” mərhələ də adlandıra bilərik. Bu qatda konkret münasibətlər qurulur və müstəqim mənalar formalaşır… Bu qat üçün bir ifadə vasitəsi və bir məna aparıcıdır”… İkinci mərhələyə gəldikdə “eyni məqamın başqa bir təsvir ifadəsi (variantlar) özünü göstərməyə başlayır… Mifoloji təsəvvür formalaşmağa başladığı üçün qədim insan artıq onun köməyindən istifadə edərək ətrafı ilə daha rəngarəng münasibətlər qurur… Belə deyə bilərik ki, dil imkanlarının inkişafı təfəkkürün inkişafından geri qalır, onunla ayaqlaşa bilmir. Təfəkkür yeni anlayışlar ortaya qoyduqca eyni zamanda onlar üçün yeni formalar (adlar) icad etməyi də dildən “tələb” edir. Dil bu funksiyanı bütövlükdə yerinə yetirə bilmir və gülməli səslənsə də, özünü “xəstəliyə vurur”. Özündəki köhnə formaları yeni anlayışların ifadəsi üçün istifadəyə buraxır”.

Nəhayət, dilə münasibətdə təfəkkürün keçdiyi təkamül mərhələləri aşağıdakı şəkildə spektrlənir: “Əgər 1-ci, müstəqim qatda biz ancaq invariantların əhatəsində olan icma üzvündən, primitiv insandan danışa bilirdiksə, 2-ci, mifoloji qat artıq variantların yavaş-yavaş üzə çıxmağı ilə səciyyələnir.

3-cü, üslubi qat isə variantların dominantlığını xarakterizə edir”. Başqa sözlə, “variant əgər müstəqim qatda özünü heç cür göstərmirdisə və meydan invariantların əlində idisə, 2-ci qatda invariantlar gizli dünyaya baş vurub orada gizlənir və səhnə önünə variantlar çıxırlar. 3-cü qatda invariantların axtarılıb tapılması məsələsi daha da müşkülləşir. Meydan tamamilə variantlara verilir”.

Hər hansı yeni elmi istiqamətin əsaslandırılması üçün bu cür ümummetodoloji (deduktiv) mülahizələr hər nə qədər əhəmiyyətli olsa da, müəllif bununla kifayətlənməyib sözügedən elmi istiqamətin, bir növ, induktiv təqdiminə keçir ki, bu, dilin müxtəlif səviyyələrində mifoloji təsəvvürlərin təzahür imkanları, model və texnologiyalarından ibarətdir.

Fonetik-fonoloji səviyyədə mifoloji təzahürün aşkarlanmasına “sinqulyar nöqtə”dən başlanması barədəki müddəa yeni elmi istiqamətin fəlsəfi prinsipləri baxımından heç də qeyri-təbii görünmür. Və müəllifin fikrincə, bu nöqtə elə bir üzvlənməyən səs kompleksidir ki, “hər hansı təhlükənin mövcudluğu ilə bağlı böyük bir informativ xəbərə və yaxud digər qəbilə, icma üzvünün öz yanına dəvətinə və yaxud hansısa hissin bildirilməsinə (etirafa?) və yaxud hər hansı başqa, həyat üçün vacib informasiyanın ötürülməsinə bərabər ola bilərdi”.

Burada da iki qat, yaxud epoxa bir-birindən fərqləndirilir: “Əgər ötürülən informasiyada forma mahiyyətə tam uyğundursa, o zaman biz müstəqimlikdən danışırıq… Əgər ötürülən informasiyaya (yeni bir informasiyaya yox) əlavə yük, yəni “deyəcək” varsa, deməli, biz artıq mifologiya məkanına qədəm qoymuşuq”.

Və mifolinqvistikanın nəinki fonetik səviyyədə, əslində, bütün dil səviyyələri üçün keçərli olan universal bir mülahizəsi yenə də məhz müqayisə üsulu ilə ortaya çıxır: “Sinqulyar nöqtə öz içindən kainatı doğura bildiyi kimi dil səviyyəsində (fonetik səviyyədə) belə bir nöqtə (metaforik anlamda) öz içindən normal dildə mətn boyda görükə biləcək informasiyanı doğa bilər”. Həmin müqayisənin davamı olaraq belə bir mühüm müddəa gəlir ki, “normal (ənənəvi) yanaşmada ən kiçik vahid kimi səsdən başlayıb ən yüksək vahid kimi qəbul edilən mətnə (mürəkkəb sintaktik bütövə, diskursa, mikromətnə…) doğru dil fəaliyyəti böyük bir yol keçib gedirsə, dilin qədim, primitiv dövründə (hələ ayrıca sözün, cümlənin formalaşdığı bir dövrdə) – mifoloji məkanla dil məkanının birləşdiyi bir dövrdə əvvəl ilə (sinqulyar səs ilə) axır (mətn) bir-birinin içindəymiş kimi təzahür edir”.

Səs-siqnalda variantların meydana gəlməsi və invariant-variant münasibətləri mifolinqvistikanın fonetik səviyyədəki zühurunda mühüm yer tutur. Səs-siqnal özünün ilkin vəziyyətində “çatdırılması vacib olan çağırış-modeldir”, başqa sözlə, “məqsədli şəkildə yaradılan informasiya modelidir” ki, ondan “səs- siqnalın variantları yaranır və inkişaf edir”. Mifolinqvistika müəllifi “variant” ilə “üslub”u sözügedən kontekstdə “eyni mənşəli anlayışlar” sayaraq yazır: “Üslubun canı variantların peyda olması ilə güc yığmağa başlayır. Amma üslubun ilkin (primitiv) çıxış vəziyyəti invariantların iştirakı ilə müəyyənləşir”. Və belə bir müqayisə də mifolinqvistikanın müvafiq anlayışlarını daha da dəqiqləşdirmək baxımından az əhəmiyyətli deyil ki, “invariantlarla variantların sonrakı münasibəti yunan miflərindəki titanlarla yeni allahların münasibətinə bənzəyir. Nəhayətdə, dil müstəvisində də variantlar (yeni allahlar) qalib gəlir və invariantın hakimi- mütləqliyinə son qoyulur”. Həmin müddəa, bir tərəfdən, invariant – variant münasibətlərinin “dialektika”sını təsbit edirsə, digər tərəfdən, miflə dilin funksiyalarındakı semiotik paralellik barədə müəyyən məlumat verir.

Leksika, görünür, mifoloji təsəvvürlərin ehtivası üçün ən münbit, zəngin və müxtəlif mənaların “iyerarxiya” mürəkkəbliyi ilə səciyyələnən dil səviyyəsidir.  Hər şeydən əvvəl ona görə ki, burada söhbət dilin ən mütəhərrik, çevik vahidi olan sözdən gedir… Ümumi qanunauyğunluq bundan ibarətdir ki, invariantdan variantlara keçmə prosesində “özünü xəstəliyə vuran”, yaxud özü özünə xəsislik edən dil “yeni leksik vahid “icad” etmək istəmir, onun hələlik sonlu lüğəti (bizim anladığımız “sonsuz lüğət” dil inkişafının sonrakı mərhələlərində formalaşır) bu hal üçün yeniliyin üzünə qapalıdır. O, köhnə formadan istifadə etməyə üstünlük verir”. Və bu zaman dilin leksik-semantik səviyyəsində, yaxud sferasında biri digərinə əks olan iki tendensiya üzə çıxır: birincisi odur ki, söz mifoloji təsəvvürün təsirindən uzaqlaşır; ikincisi isə odur ki, mifoloji təsəvvür onu heç cür sərbəst buraxmaq istəmir. Və beləliklə, söz “dərin qatlarında öz ilkin ruhunu (mifin xatirəsini) bu gün də qoruyub saxlayır”.

Leksikada mifoloji təsəvvürlərin əksi hər bir xalqın ad vermə (adlandırma) ənənələrində aydın şəkildə görünür. “Kitabi-Dədə Qorqud”un görkəmli tədqiqatçısı olan Kamal Abdullanın istər həmin mövzunun, istərsə də təqdim etdiyi elmin başqa mövzularının şərhində ardıcıl olaraq eposa istinad etməsi ona görə də həm təsadüfi deyil, həm də son dərəcə informativ, məzmunlu və məhsuldardır. Məsələn, “adlandırmanın mənşəyi” belə izah edilir: “… Dərindən düşünsək görərik ki, Dədə Qorqud adı səssiz işarələr vasitəsilə də yaradıb verə bilərdi. Deməli, adlandırmanın, bir növ, əsasında səsli dil dayanır. Və ilk növbədə adlandırma gəncin gördüyü işin, əməlin birbaşa əks-sədası kimi səslənir. Buğaya qalib gəlmisənsə Buğac adlanacaqsan. Ciyərli, beyrəklisənsə (o qədim zamanlarda qorxmazlıq nümunəsi kimi “beyrəkli” sözü daha işlək idi) adın Beyrək olacaq”.

“Ad”la bağlı frazeoloji birləşmələrin bütöv sistemini misal gətirən müəllif haqlı olaraq göstərir ki, “bütün bu birləşmələr müstəqimlik rejimində işləyir, onları biz o feillərin birbaşa mənaları ilə bir qavrayırıq. Onlar bir-birilə təmasa girdikdən sonra müstəqimlik qazanır, ilkin mənalarında isə personəedilmiş şəkildə çıxış edirlər”… Və nəticə etibarilə, “daş atmaq” dövrünü “ox atmaq” dövrü əvəzləyir…

Qeyd etmək lazımdır ki, bu məqamda mifolinqvistikanın qənaətləri praqmalinqvistikanın, xüsusilə onun inkişafında bu və ya digər dərəcədə yeni mərhələ olan nitq aktları nəzəriyyəsinin (Con Ostinin) məşhur müddəaları ilə səsləşir. Və bu özünü, ilk növbədə, “söz-hərəkət (iş)” münasibətlərinin məntiqi- linqvistik şərhində göstərir. Əsas fərq isə ondadır ki, nitq aktları nəzəriyyəsi məsələyə sinxron, mifolinqvistika isə diaxron yanaşma təcrübəsi nümayiş etdirir… Bu cür ideya-metodoloji səsləşmənin bir sıra nümunələri də mifolinqvistika ilə etnolinqvistika arasında müşahidə olunur…

Ümumiyyətlə, multidissiplinar dilçilik sahələri arasındakı mövqeyinin möhkəmliyinin, əsaslılığının nəticəsidir ki, mifolinqvistika həmin sahələrlə kifayət qədər kəsişən mövzu, metod-üsul və problemlərə malikdir.

Dilin sintaktik səviyyəsinə gəldikdə isə o, “mifologiyaya digər dil səviyyələrindən daha açıq məkandır. Çünki məhz burada sinonimiya özünün maksimal həddinə çatır”. Cəsarətlə demək olar ki, mifolinqvistika bir çox sintaktik hadisə, təzahür və texnologiyaların kommunikativ-stilistik mahiyyətini aydınlaşdırmaq üçün etibarlı metodoloji potensialdan xəbər verir. Məsələn, dildə “təkrar” adlandırılan hadisənin “fəlsəfə”si barədə deyilir ki, “primitiv insanın istədiyini edə bilməsi, edə bilməyəndə anındaca unutması o uzaq cəngəlliklər dövründə qaldı. Cəngəllikdən (Təbiətdən) Mədəniyyətə keçid o zaman başladı ki, istədiyini edə bilməyən insan onu anındaca unutmadı. Edə bilmədiyi onun psixolojisini sarsıtdı… O, unutmadığını kinə, nifrətə, hirsə, bəlkə də sevgi cücərtilərinə çevirdi və təkrar olaraq unutmadığını (artıq unuda bilmədiyini!) yenidən reallaşdırmağa çalışdı. Təkrar, əslində, edə bilmədiyini yenidən etmək cəhdi oldu ki, nəticədə, o (təkrar) həm həyatda, həm də dil qatında aparıcı yer tutmağa başladı. İnsan təcrübəsizliyi təkrarın anası kimi özünü göstərdi. Çünki təcrübəli olsaydı, o, zatən təkrara ehtiyac duymazdı”. Və şübhəsiz, “cümlə səviyyəsində düşünülmədən edilən və avtomatik təkrar halına uyğun gələn məqam mifoloji dönəmin güclü əks-sədası kimi özünü göstərir. Təkrar edilən əvvəlki cümlənin “hüsni-camal”ına vurulub onu təkrar etmək həvəsi isə çox-çox sonralar, artıq 3-cü – üslubi qatda baş verir”.

Morfologiyanı (dilin qrammatik formasını) sintaksis (dilin funksional- kommunikativ təcrübəsi) doğurduğuna görədir ki, “morfoloji səviyyənin elementləri, xüsusilə morfonoloji elementlər mifologiyanın sanki boşluğa açılmış ağzıdır (xaos- ?) . Onlar daha çox mifoloji məxluqları – kentavrları, təpəgözləri, sfinksləri, simurq quşlarını xatırladır”. Sintaksisin morfoloji “reliktləri” barədəki qənaət isə mifolinqvistikanın çoxsaylı kəşflərindən biridir desək, yəqin ki, yanılmarıq: “Morfoloji elementlər olan nidalar, təqlidlər, əvəzliklər və başqaları çox asanlıqla fonoloji və fəlsəfi element (əslində, fenomen! – N.C.) olan sinqulyar səsi xatırladır”.

Mifolinqvistika, ilkin olaraq, belə bir nəticəyə gəlir: “Mifoloji səsdən mifoloji şəkilçiyə, mifoloji şəkilçidən mifoloji sözə, mifoloji sözdən mifoloji cümləyə və mifoloji cümlədən mifoloji mətnə! Yuvarlaqlaşdırsaq, mifoloji səsdən mifoloji mətnə! Aydındır ki, bu müxtəlif vahidlərin hamısını özünəaid diskurs müşayiət edəcək. Bütün dilçilik çabaları, bütün dil fəaliyyəti bunların arasında! Amma deməmək mümkün deyil ki, sinqulyar səs də, sonsuz lüğət də, sonsuz mətn də, mifoloji aspektdən diqqətlə baxdıqda, adamın gözünə eyni cür görükür – eyni biçimdə, eyni gücdə və eyni missiyada!”. Bu isə o deməkdir ki, “dilimiz olmasa, mifologiya olmaz; mifologiya olmasa, dilimiz ayaq üstə dura bilməz”.

Yeni yaranmış bir multidissiplinar dilçilik sahəsinin mövcud (və əlaqədar) sahələrlə münasibətlərini tənzimləməsi cəhdləri bir də ona görə tamamilə təbiidir ki, həmin cəhdlər yeni sahənin özünəməxsus mövzu-problemlərinin hüdudlarını müəyyənləşdirməklə, onun müstəqil yaşamaq hüququnu təmin etmiş olur. Və əlbəttə, mifologiya “dil bilgimizin canına özü ilə bərabər psixoloji, sosioloji, fəlsəfi, tarixi düşüncələrin konkret məqamla bağlı kvintesensiyasını uyğun anlayışları və uyğun ritorikanı gətirə biləcək”.

Multidissiplinar dilçilikdə yeni paradiqma müəllifinin üslubu da olduqca kəsərlidir: suallar qoyulur, cavablar verilir, özünəməxsus polemik ovqat, mühit yaradılmaqla hər bir yeni anlayışın məzmun-mündərəcəsi mümkün qədər dəqiqləşdirilir. Və nəticə etibarilə, doğrudan da, müstəqil bir elm sahəsinin həm müasir hüdudları, həm də gələcək perspektivləri müəyyənləşdirilir.

https://edebiyyatqazeti.az/news/sience/9708-multidissiplinar-dilcilikde-yeni-paradiqma-ve-ya-mifolinqvistika