Kamal Abdulla “Unutmağa kimsə yox” romanında “bir dünya ilə kifayətlənmə” tendensiyası ortaya qoyur, bu anlayış mətndə əsas, semantik mərkəz təşkil edir. Alim-yazıçının bu cür ədəbi qənaətini həm də nəsrimizdə yeni axtarış mündəricəsinin ilkin və əsaslı səhifəsi kimi qiymətləndirmək olar. Anar nəsrində psixoloji-intellektual keyfiyyətlər kimi təzahür edən, Sabir Əhmədli yaradıcılığında müəyyən axtarışlara səbəb olan, Yusif Səmədoğlu qələmində püxtələşən müasirlik və intellektuallıq Kamal Abdullanın “Unutmağa kimsə yox” romanında bədii-intellektual, elmi-virtual məna kəsb edir. Yazıçı gündəlik həyatımızda təkrarlanan, müşahidə etdiyimiz fiziki hadisə və qanunları, tozlanmış, unudulmuş mifik yaddaşı, elmi təfəkkürü bədii mətnin süzgəcindən keçirir. Mətndəki “paralel dünyalar”, “hadisələrin üfüqü”, “çiçəkli yazı”, “mağaranın ruhu” kimi anlayışlar təkrarlanan mifik qatda özünə yer edən, arxaikləşən məişətimizlə daim, sürətlə yenilənən müasir, virtual-intellektual həyatımızın tərkib hissələridir. Sənətkar bu həyat elementlərini müəyyən termin və istilahlarla romana daxil edir, mətnin intellekt yönünü mənalandırır. Sadaladığımız keyfiyyətlər nəsrimizdə yenidir və bu xüsusiyyətlər mətnə ağırlıq gətirmir, əksinə, əsəri maraqlı, oxunaqlı edir. Yaxud göydən dəvələrin yağması, şirlərin üsyanı, Molla Güləlinin nəql etdiyi əsatirlər real (alternativ) dünyamızda mümkünsüz görünsə də, ən azından virtual dünyada mümkünlüyün, zaman amilinə fərqli baxışın, donmuş, statik həyat tərzinə etirazın və “paralel dünyalar”ın təminatıdır. Möhtəşəm ahəng, hadisələrin üfüqü kimi təbiət hadisələri isə qəhrəmanların hərəkətində əridilib.
Vurğun Əyyub möhtəşəm ahəngi daxili harmoniya kimi izah edir. “Postmodernistlər təbiətdə nizam olduğunu, insan ağlının bu nizamı anlayaraq xoşbəxtliyə yönəldəcəyi barədə inamı rədd edirlər. Əvvəldə də demişdik, postmodernistlərdə xaos düşüncəsi hakimdir. Kamalın Abdullanın romanında da insanlar, xüsusən F.Q. qarşısıalınmaz istəklə möhtəşəm ahəngə qovuşmaq həsrəti ilə çırpınırlar. Tənqidçilərin də tez-tez vurğuladığı “möhtəşəm ahəng” əsərdə, əslində, yoxdur” [85 | səh. 21]. Vurğun Əyyub bir qədər səhv qənaətə gəlir. Əvvəla, postmodernizmin qavrayıb qəbul etdiyi xaos kosmik plandadır. Yəni təkin, azın yox, çoxluğun qəbul olunmasıdır. Xüsusən XX əsrdə iki dünya müharibəsinin olması, alman və italyan faşizmi, yəhudi qırğınları nəticəsində postmodernizm mütləq həqiqəti inkar etdi. Xaos dedikdə çoxluq, kəmiyyət və bütöv yanaşma, eləcə də dünyagörüşü nəzərdə tutulur. Həqiqətin bəzən harmoniyada yox, xaosda ola biləcəyinə eyham vurulur. “Unutmağa kimsə yox” romanındakı möhtəşəm ahəng isə fiziki qanundur. F.Q. çiçəkli yazı ilə bəşəriyyətin, insanlığın keçmişini yazıdan mifə, mifdən yazıya çevrilən möhtəşəm ahəngi axtarır. Romanın yaratdığı alternativ reallıq ən azı virtual olaraq oxucunu öz poetik enejisi içinə alır. “Bu gerçək dünya güc sahiblərinin qərarları, insanların gündəlik ehtiyacları ilə yox, mərkəzində Qarağacın olduğu sonsuz dünyanın Böyük Ahəng qanununa görə olmaqdadır. Bu roman kainat miqyasında MƏKANI (kosmosu) nizamlamağa çalışır” [7 | səh. 15]. Həmin harmoniya axtarışında çiçəkli yazının böyük rolu var. Ölkənin tanınmış alimləri çiçəkli yazını böyük tarixi abidə və mədəniyyət hadisəsi kimi araşdırırlar. Nəhayətdə, çiçəkli yazı sevgi məktubu kimi ortaya çıxır. Romanın çoxsəsli ideyasından biri də aydınlaşır. Bəlkə də, bəşəriyyətin xilası sevgi məktubundadır. İlkin mədəniyyət də o sevgidən başlayır. Alternativ fikir, düşüncə yaradılır. Markesin romanında isə bu cür intellektual keçidlər, informasiya bolluğu yoxdur
Şərh yoxdur