“Bu roman Laokoona inanan Troya haqqındadır”. Hər halda, “Laokoon… Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanının müəllifi belə deyir. Ona görə də Laokoonun başına gələn “gerçək” yox, gerçək əhvalatı sizə danışmaq istəyirəm.
Günəşin sarı, bənövşəyi, qırmızımtıl şüaları Troya ətrafındakı şeh düşmüş Qortis çəmənliyinə səpələnəndə troyalı əsgərlər çoxdan oyanmış və kəşfiyyata çıxmışdılar. Yunan hərbi düşərgəsi toz-duman içində idi. Bununla belə, troyalı əsgərlər yunanların öz düşərgələrində nəhəng taxta at qoyub getdiklərini gördülər. Bunu eşidən Priam oğulları ilə birgə qala divarlarına dırmaşıb gözlərini əsgərlərin göstərdiyi yerə sarı zillədi. Ata və oğulları heyrət, çaşqınlıq içində idilər. Ətrafa dərin sükut çökdü.
Sükutu münəccim Timoites pozdu:
-Bu, hədiyyədir, Afınaya həsr olunub, onu gətirib İlahənin məbədinə qoyaq.
Bu gözlənilməz təklifə ağsaqqal Kapis hiddətlə cavab verdi:
– Yox, olmaz! Afina həmişə yunanlara arxa-dayaq olub. Gəlin bu atı elə indicə yandıraq. İçərisində nə olduğunu öyrənmək üçün atı həm də hissələrinə bölək.
Priam dilləndi:
– Timoites haqlıdır. Atı taxta təkərlər üstündə bura gətirməliyik. At Troyanın içində olsa, Afınaya verilən bu müqəddəs hədiyyəyə heç kim zərər yetirə bilməz.
Hökmdarın əmri yerinə yetirildi. Atı taxta təkərlərin üstünə qoyub qala qapılarının ağzına qədər gətirdilər. At hündür olduğu üçün qala qapılarından keçmədi. Divarın bir qismini uçurdular. Atı şəhərə salandan sonra divarı yenidən hördülər. Öncəgörən Kassandra divarın içində əsgərlər olduğunu bildirdi. Gənc qadının bu şübhəsi ilə kahin Laokoon da razılaşdı.
-Axmaqlar, – deyə Laokoon ağladı. Hətta bir yunan özü ilə hədiyyə gətirsəydi də, ona heç vaxt etibar etmək olmazdı.
Laokoon atı əlindəki nizə ilə nişan aldı. Nizə taxta atın qarnına toxunan kimi içəridən dəmir səsləri dınqıldadı. Yunan döyüşçülərinin silahları bir-birinə toxundu, amma qışqır-bağır və ətrafı bürüyən küy bu səsi boğdu. Priamın tərəfdarları atı Troyanın şəhər meydanına gətirdilər”.
Kamal Abdullanın “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanı məkan və zamanla xarici məna bütövlüyündə birləşir. Roman öz daxilində vahid məna ifadə etmir. Çünki müəllif deyən “sayrışmalar”, “tanış və yad sonsuz lüğət” buna icazə vermir. Amma yox, əslində, verir. Lakin bu, sayrışmanın tanış işıqlı üzünün bətnində gizlənən ən yad, yəni ən doğma və məhrəm mənaları oxuya bilənlərə bəlli olur. Belə olanda romanın hissələri bir-birinə bitişir, yaxud belə deyək, bir-biri ilə ünsiyyət qurur. Amma unutmayaq, romanın xaricində onlar bir-birilərinə yaddırlar. Hətta romanın antiqəhrəmanları Vaqif və Firəngiz kimi, həmçinin “Unutmağa kimsə yox” romanının sakinləri F.Q. və Afaq, Bəhram və Gülsüm kimi. Lakin o da var ki, hansısa paralel zamanda həmin qəhrəmanlar (antiqəhrəmanlar) doğmadırlar. “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanında və bütövlükdə Kamal Abdulla “Xəmsə”sində (“Yarımçıq əlyazma”, “Sehr- bazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Sirlərin sərgüzəşti”, “Laokoon… Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi”) vahid estetik kateqoriyada bütövləşir. “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” əsərində “Şəbəkə” restoranı, Xəzərin sahili və Firəngiz-Vaqif eşqi real təsvirlərlə diqqəti cəlb edir. Bu reallıq qəfildən Firəngizin sürreal yozum və duyumları ilə yer dəyişir. Gerçəkliklə illüziya oxucuda dialektik düşüncə, təəssürat yaradır. İtalo Kalvino, Bertold Brext, Xorxe Luis Borxes və Orxan Pamukun istifadə etdikləri yaradıcılıq metodları Kamal Abdullada dialektik səciyyə daşıyır – sayrışmanın iki tərəfi kimi. Oxucu reallıqdan ağlasığmaz dünyaya keçid edir. Romanın dili qəfildən dəyişir və geniş epik vüsət yaradır. Hər yazıçı, heç olmasa, bir dəfə bədii kəşf etməli, yeni olanın gözəlliyini göstərməlidir. Sayrışmalar estetik kateqoriya kimi Kamal Abdullanın kəşfidir. Kamal Abdullaya görə, sayrışmanın iki tərəfi var: işıqlı və qaranlıq. İşıqlı tərəfin arxasında gizlənən qaranlıq tərəf öz içinə çox işıqlı informativ enerji yığır.
Firəngiz Vaqifdən, Vaqif mövcud olduğu dünyadan şübhələnir. Əslində, ikisi də dastan poetikasından qopub gəlmiş arxetiplərdir. Kamal Abdullanın şübhəçi kahin Laokoon, Vaqif və dastanın paralelində belə qənaətə gəldiyi şübhə doğurmur: sənətlə həyat bir-birini tamamlamır, bəlkə də inkar edir. Lakin mənim, yaxud oxucuların mətnlərinin sayrışmalarında birləşmələri zəruridir.
Kamal Abdullanın öz qəhrəmanları ilə sabit və dinamik əlaqəsi var. Sabit əlaqə sayrışmanın görünən tərəfidir. Dinamik tərəf qaranlıqdan doğan aydınlıqdır. Yazıçının qəhrəmanları ilə əlaqəsinin psixolinqvistik və mifolinqvistik təzahürləri olduğu üçün onu tam şəkildə təhlil edə bilmərik. Yəni romanabənzər “açıq mətn”dir. Düzünü desək, biz bu əlaqə ilə ideal müstəvidə və məna qatında maraqlanırıq. Çünki yazıçı bu ünsiyyətdə öz ruhunu və bioqrafiyasını təcrübədən keçirir; yazı prosesində zaman qəhrəmanları arxetip, hadisələri arxefakt kimi yeniləyir, təkrarlayır. Əsrlər keçsə də, dastan-roman arasındakı zaman intervalı və zamansızlıq “eyni” xarakterləri, hadisələri sayrışmanın iki üzü kimi ifadə edir. Kamal Abdullanın qəhrəmanları ilə indiki zamanda baş verən əlaqəsi haqqında isə danışmaq asandır. Çünki konkretləşən əlaqə, ünsiyyət və şəxsiyyət haqqında söz demək mümkündür.
“Şəhər sakinləri öz aralarında mübahisə edərkən iki troyalı əsgər tərəfindən şəhərə gətirilən yunan Sinonu görəndə heyrətdən yerlərində donub qaldılar. Əslində, Sinon Odisseyin casusu idi. Yunanlarla üzüb getməməyinin yeganə səbəbi troyalılara yalan məlumat vermək idi. Zəncirlənmiş Sinon troyalılara Palamedes adlı yunan əsgərinin “qətli”nin sirrini bildiyi üçün Odisseyin onu öldürməyə çalışdığını söylədi. Döyüşlərdən bezən yunanların aylar əvvəl müharibədən çəkilməyi planlaşdırsalar da, hava yaxşılaşmadığı üçün mühasirəni davam etdirmək məcburiyyətində qaldıqlarını bildirdi. Zəncirlənmiş Sinon üzünü əhaliyə tutub aram-aram dedi:
– Odissey rüşvət qarşılığında məni günah keçisi elan etdi. Amma qəfildən külək əsməyə başladı və hamı gəmilərə minməyə tələsdi, buna görə də qarışıqlıqdan istifadə edib aradan çıxdım.
Sinonun Troyaya sığınmaq istəyən əsir olduğuna inanan Priam onun azad edilməsinə göstəriş verdi. Daha sonra incə, zərif əda və bu ədanın arxasında gizlənən hiyləgərliklə soruşdu:
– Bəs bu at nədir belə? Niyə bu qədər böyükdür?
Sinon su istədi. Suyu içib bir qədər toxtayandan sonra Priamın sualına birnəfəsə belə cavab verdi:
-Onu Troyaya apara bilməyəsiniz deyə. Bu müqəddəs hədiyyəni xor görəsiniz, Afina da şəhəri yerlə-yeksan etsin deyə Odissey belə bir tədbir gördü. Bu məntiq Priam və ətrafındakı troyalıları qane etdi.
Amma bir nəfər bu məntiqi qəbul etmədi. Laokoon qışqırdı. Elə qışqırdı ki, dağlar, daşlar, şəhərlər, kəndlər lərzəyə gəldi. Hətta Taxta atın içindəki əsgərlər belə həyəcandan titrədilər.
-Yalandır, hamısı yalandır, – Laokoon od püskürürdü, Bunlar Odisseyin bədnam əməlləridir. Yalvarıram, Priam, ona inanma. Bu atı Poseydona qurban verək. Onda bu taxta at külə dönəcək. Troyaya zərər gəlməyəcək. Poseydon buna imkan verməyəcək.
Troyalılar Laokoona inanmadılar”.
Amma Kamal Abdulla deyir ki, bu roman Laokoona inanan Troya haqqındadır. Haradadır o Troya? Bu Troya mövcud olsa, dünya ədəbiyyatı və hətta tarixi hansı istiqamətə üz tutacaqdı? Kamal Abdullayamı inanaq, yoxsa Homerǝmi?!
Vaqif epik qəhrəmandır, Firəngiz lirik. Vaqif sarkazmı, Firəngiz yumoru təmsil edir. Vaqif avtoportretdir, Firəngiz obyektiv xarakter. Vaqif və Firəngiz estetik hadisədirlər. Çünki vahid, yeganə yaddaş estetik hadisə ola bilməz. Estetika bütöv və paralel sistem, ruh və vücud sayəsində tamamlanır. Qəhrəmanlar arasında ziddiyyətli fərqlər ortaya çıxanda isə etik hadisə baş verir.
“Kitabi-Dədə Qorqud” dastanı, Çaldıran döyüşü, Vaqif-Firəngiz xətti, romanın “gerçək” yazılma tarixçəsi ilə bağlı polemikalar, manifestlər, ittihamlar, təriflər, minnətdarlıq və etiraflar etik kateqoriyalara daxildir. Kamal Abdulla nəsri XXI əsrdə Azərbaycan ədəbiyyatşünaslığında ən çox polemika aparılan mövzulardan olub.
Müəllifin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı dissertasiyaları, monoqrafiyaları, məqalələri və esseləri potensial qəhrəmana ehtiyac duymayan dövrün – postnormal zamanların ədəbiyyatında idraki xarakter daşıyır. Bir sözlə, idraki, yaxud təqsimi ədəbiyyat hadisəsidir. Kamal Abdulla başqa bir romanı – “Unutmağa kimsə yox”da hətta öz dissertasiyasını belə mətnin içərisinə daxil etmək istəyir; o potensialda olan “açıq mətn” konsepsiyası ilə çıxış edir. Klassik romanlardan, məsələn, “Madam Bovari”dən hansısa qəhrəmanı çıxarsaq, romanın bütün strukturu dağılar. Kafka ilə başlanan yeni roman estetikasında isə hətta baş qəhrəmanı belə (məsələn, “Qəsr” romanının qəhrəmanı K.-nı) əsərdən çıxarsaq, heç nə dəyişməz. Eləcə də “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” postnormal zamanların mətni olduğu üçün Firəngiz, hətta Vaqif obrazını mətndən çıxarsaq, roman öz mövcudluğundan, üslubundan nəsə itirməyəcək. Bununla yanaşı onu da unutmayaq ki, müəllif hansısa romanın (Güman edirik ki, bu, “Yarımçıq əlyazma”dır) yazılmasının “gerçək” tarixçəsini həm təqdim edir, həm də əslində, təqdim etmir. Bütün müəmmalar və sirlər sadə dırnaq işarəsindədir. Müəllif romanının adındaki “gerçək” sözünü özü dırnaq içində verib və bununla romanı romanabənzərə, oradakıları isə fantoma çevirə bilib. Olduğu və yaxud olmadığı bilinmir. Bunun özü də yeni estetikadır.
Banuçiçəyin gözəlliyi və başqa zamanda, yəni paralel zaman və məkanda Firəngizin mətnin (eposun) gerçək (dırnaqsız) oxucusuna çevrilməsi ədəbiyyat tarixində, metatəhkiyə texnologiyasında ilkdir. Firəngiz işıqlı və qaranlıq tərəfləri görə bilir. Mətni oxuyur. Məsələn, onun Banuçiçəyi sevən kişilər haqda məlumat verməsi Vaqifi əməlli-başlı heyrətləndirir. Mətnin idraki qavrayış prosesi hissi emosional intellektlə əvəzlənir. Əslində, Vaqif mətnə aşinadır, mətni daha yaxşı bilir. Amma Firəngiz mətni daha yaxşı duyur. Burada roman yeni təhlil metoduna təkan verir və Rene Jirarı xatırlamamaq olmur. Vaqif, Firəngiz və eposun arasında “üçbucaq arzu” estetikası yaranır.
Vaqif Firəngizə fiziki və intellektual yöndən təsir göstərir. Firəngiz Vaqifə emosional, metafiziki sayrışmalarla dolu təlqinlər bəxş edir. Bütün idraki yanaşmalar sıfırlanır. Qadın bədəninin (həm də ruhunun) zərifliyi həm romanın, həm də dastanın ən əsas estetik kateqoriyası kimi təzahür edir. Bəs üçbucaq arzu formalaşarkən, ədəbi mətndə mən və digəri tezisi ilk dəfə Kamal Abdullanın romanlarında təzahür edərkən müəllifin özü harada dayanır? Kamal Abdullanın bioqrafiyası ilə “Yarımçıq əlyazma”, “Unutmağa kimsə yox” və “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanları arasında “üçbucaq arzu” yaranır, daha doğrusu, mövcuddur. Və Kamal Abdullanı burada axtarmaq lazımdır.
Bioqrafiyanın zənginliyi Umberto Ekonun empirik təhkiyəçi adlandırdığı şəxsiyyətin, ilahi təhkiyəçinin və mətnin alternativ dünyasının gerçək sakininin yaranmasına səbəb olur. Gerçək demişkən, “romanabənzər”in adında keçən “gerçək” kəlməsi real dünya ilə ondan daha real olan alternativ mətn dünyası arasındakı sərhədləri müəyyənləşdirir. Romanabənzər hələ çap edilməmişdən əvvəl mətnin əlyazması fərqli ədəbi təmayülləri təmsil edən mütəxəssislər tərəfindən müzakirə olundu. Daha çox postmodern ədəbiyyata aid intertekstuallıq, dekonstruksiya, dekanonizasiya, poststrukturallıq, metafiksiya kimi terminlərlə təhlilə cəlb edildi. Roman daha çox postmodern epoxanın mətni kimi ələ alındı. Lakin mətnin gerçəkliyi “gerçək” sözünün dırnaqlı və dırnaqsız versiyalarını özünə daxil etməsi unuduldu. Əsas olan da budur.
Əslində, mətnin ifadə və struktur baxımından kamilliyi bütün “izm”ləri üstələyir.. Lakin “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” əsəri, ilk növbədə, struktural mütaliə üçün başqa “izmləri və estetik təmayülləri ehtiva etsə də, bu romanabənzər postnormal zamanların ədəbi əsəridir. Metatəhkiyə “gerçəklik” əsasında formalaşır. Romanabənzərdəki sayrışmalar mətnin müxtəlif yazılma versiyalarını və qaranlıq məqamlarını ifadə edir. Oxucu üçün alternativ oxuma-mütaliə prosesi başlayır. Kamal Abdullanın yazdıqları daha çox elitar ədəbiyyat hadisəsidir. Buna görə də bütün mətnləri təbii olaraq adekvat oxucu tələb edir. Umberto Eko demişkən, “Bu romanları çimərlikdə oxumaq olmaz”. “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” əsəri, ilk növbədə, struktural mütaliə üçün münbit zaman, məkan və qəhrəman polifoniyası hazırlayır. Mətn içində mətn, dünya daxilində paralel dünya, müasir həyat, Xəzərin, Bakının real təsvirləri ilə yanaşı dayanan epos dialektikası bu polifoniyanın tərkib hissələridir.
Nəticədə, Kamal Abdullanın romanabənzəri niyə postnormal dövrün mətni hesab edilir? Artıq bütün dünyada bir çox elm adamları və filosoflar 2005-ci ildən bu günə kimi olan mərhələni postnormal zamanlar, yaxud postnormal dövr adlandırırlar. Birdən çox gələcək və zaman anlayışı olduğu üçün postnormal zamanlar ifadəsi daha çox işlənir. Əslində, bu yanaşma Kamal Abdullanın “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” və “Sirlərin sərgüzəşti” romanlarındakı qeyri-müəyyənlik və paralel zaman konsepsiyaları ilə də səsləşir. Postnormal zamanların romanı, sənəti birbaşa iddia ilə çıxış etmir; romanabənzər kimi. Silvio Funtoviç, Cerom Ravets bu dövrün elm və sənətini gözlənilməzlik, qeyri-müəyyənlik, hiperreallıq, natamam nəzarət, qanuni perspektivlik kontekstində izah edirlər.
Bu dövrdə məna və ifadə estetikası, həyata baxış postmodern epoxadan da kəskin şəkildə fərqlənir. Məsələn, klassik dövrdə – düşünmək, modern çağda – irəli getmək, postmodern epoxada alış-veriş etmək, postnormal zamanlarda isə paylaşım etmək aparıcıdır. Postnormal dövrün romanlarında həqiqət postmodernizmdəki kimi plüralistik deyil, ziddiyyətlidir. Mətnin strukturu açıq və qəliz olmaqdan çıxıb, daha çox açıq, bir-biri ilə əlaqəli, mürəkkəb, xaotikdir. Dünyanın nizam və harmoniyası çoxqütblüdür. Romanabənzər Villov Vilsonun “Görünməyən Əlif” romanı kimi müəyyənin, sayrışmanın işıqlı tərəfinin arxa qatında olan qaranlığı, qeyri-müəyyəni də yeni bədii sözlə gözəlləşdirir. Bu, postnormal elm və sənətin etik, estetik kateqoriyasıdır. Hamımıza məlumdur ki, Troya lənətlənmiş kahin Laokoona inanmadı.
Laokoonun və oğlanlarının taleyi acınacaqlı oldu. Elə Troyanın da. Bəs Troya Laokoona inansa, nə baş verərdi?! Kamal Abdulla bizi Xəzər sahilindən, indi iz-tozu qalmayan “Şəbəkə” restoranından, qədim dastanın künc-bucağından, sevənlərin qısqanclığından, qısqananların sevgisindən, işığın və qaranlığın sirli dialoqundan keçirərək bu sualın cavabını axtarır.
Şərh yoxdur