KAMAL ABDULLA

Onunla 1988-ci ildə Bakıda Sovet-Türk kollokviumu keçirildiyində tanış olduq. Bu, iki bir-birinə qısqanclıqla yanaşan ölkə arasında keçirilən ilk birgə elmi konfrans idi və Türkiyədən illər boyu adını eşidib üzünü görmədiyimiz çox görkəmli elm adamları, təhsil işçiləri həyatlarında ilk dəfə Bakıya gəlirdilər.

Kollokviumun rəsmi üzvləri var idi. Aydın Məmmədov, Tofiq Hacıyev, Tofiq Məlikli ilə bir yerdə mən də kollokviumun rəsmi üzvü idim. Kollokvium «Kitabi-dədə Qorqud»a həsr edilmişdi. Biz qorqudşünasların bir büt kimi baxdığı Orxan Şaik Gögyay va Bahəddin Ögellə birlikdə gənc Türkiyəli alimlər, sonralar bütün dünyada tanınmış, o zaman isə türkolojidə öz dəyərli sözünü yenicə deməyə başlamış Osman Fikri Sərtqaya, Fikrət Türkmən, Saim Sakaoğlu, Tuncər Gülənsoy Bakıya gəlmişdilər. Və onların arasında hələ o zaman öz təmkini, kübar ədası və elmi dərinliyi ilə seçilən Ahmet Bican Ercilasun da var idi. Digər həmkarlarının ona gənc yaşlarından bir ağsaqqal kimi baxdıqları şübhəsiz idi. Bizim sonralar böyük dostluğa və qardaşlığa çevrilən münasibətlərimizin əsası o zaman Bakıda qoyuldu. Mən onun qəlbində Azərbaycana va bütün Türk dünyasına, onun mədəni irsinə, dil və kültür dəyərlərinə böyük bir məhəbbət yaşadığının o zamandan şahidiyəm. Daha sonralar Ankarada, İstanbulda, İzmirdə, Bakıda, müxtəlif ölkələrdə elmi konqrelərdə və toplantılarda görüşdük. Artıq müstəqil Azərbaycanın azad paytaxtı Bakıda «Dədə Qorqud»a həsr edilmiş 2-ci, 3-cü kollokviumları Bakı Slav Universitetində birlikdə keçirdik. Hamankı iştirakçıları (əlbəttə ki, rəhmətlik xocalarımız xaric) bir araya topladıq.

Hər görüşümüzdə mən onun qədim Türk kişilərinə xas cömərdliyinin şahidi olurdum. İstər Qazi Universitetində bölüm başqanlığı yapdığı dövrdə, istər Türk Dil Qurumuna rəhbərlik etdiyi dövrdə biz eyni, dəyişməz, mehriban və istiqanlı Bican xoca ilə qarşılaşdıq.

Diqqətini, münasibətini heç zaman bizlərdən əsirgəmədi. Profesor Rafiq Əliyevlə birgə yazdığımız «Kitabi-dədə Qorqud və qeyri-səlis məntiq» kitabının təqdimatına məxsusi olaraq Ankaradan İstanbula gəldi, dəyərli qeydlərini  etdi. Türkoloji üçün yeni olan bu istiqamətin önəmini dərhal dəstəklədi. Heç şübhəsiz onun qeydləri bu kitabın sonrakı basqılarında öz xeyrini göstərəcəkdir.

Professor Ercilasunun elmi diapazon genişliyi Türkolojinin hər istiqamətində mötəbər söz demək imkanını verir Bu da ondan çox, bizim hamımızın şansıdır, deyə bilərəm. Türk dilləri və xalqları ilə bağlı yazdığı həm mətnşünaslıq, həm dialekt çeşidləri, həm qədim yazılar, deyimlər, adətlər, ənənələr, kültür gələnəkləri Ercilasun qələminin bizi heyran qoyan qələm məhsulları kimi Türkolojinin qızıl fonduna çoxdan daxil olmuşdur. Gələcək nəsillər onların müəllifini şükranlıqla anacaqlar.

Heç zaman unutmaram ki, mənim fəaliyyətimlə bağlı böyük ürək genişliyi ilə «Ərməğan» (Mifolojinin elçisi Kamal Abdulla kitabının hazırlanmasına rəhbərlik etdi. Həm kitabın redaktoru oldu, həm də kitaba haqqımda səmimi bir yazı yazdı.

Bundan əlavə mənim bir sıra digər kitablarıma da önsözlər yazdı. Məni Dədə Qorqudun nəvəsi adlandırdı. Hərdən mənə elə gəlir ki, xocamız məni məndən daha yaxşı tanıyır. Mənim və bir çox digər həmkarlarımın yazdıqlarına çox-çox dərindən nüfuz edirsə, bu onun hər şeydən öncə Türkolojinin hər alanında mötəbər söz demək qüdrətindən xəbər verir.

Dəfələrlə şahidi olmuşam ki, Fransada, Rusiyada, İtaliyada, Almaniyada, Macarıstanda, başqa çeşidli Türkoloji mərkəzlərdə onun adı Türkolojinin mayakı kimi çəkilir. Əlbəttə ki, Azərbaycan da bu baxımdan istisna deyil. Burada ustadın pərəstişkarlarından ibarət bir Türkoloji məktəb var desəm, yanılmaram. Mən özümü bu məktəbin bir üzvü saymaqla bəhtiyaram.

Bu gün dünya Türkoloji alanında bir Ercilasun etalonu, Ercilasun ayarı vardır. Bu. hər şeydən öncə ustadın yazdıqlarının keyfiyyəti ilə bağlı ayardır. Professor Ercilasun bu keyfiyyət göstəricisini, ləyaqət və şərəf dərəcəsini həyatı boyu qazana-qazana gəlmişdir. Onun yazdıqları və yaşadıqları bir-birini üzvi şəkildə tamamlamaqdadır.

Zəngin və mənəvi baxımdan dolğun bir həyat yolu keçmiş va bu həyat yolunu bizlərin hər biri üçün ləyaqət, şərəf dolu bir örnəyə çevirmiş, bundan sonra yazacaqlarını böyük bir səbirsizliklə gözlədiyimiz bu gün qarşımızda duran Ercilasun xocamız mənə elə gəlir ki, Bakıda gördüyüm o dərin məntiqli və enerjili, bildiyini səxavətlə hamı ilə bölüşməyə tələsən, gözlərinin dibində dərin bir məhəbbət yaşadan və bütün Azərbaycanı, bütün Türk aləmini, bütün insanlığı qəlbinə basmağa hazır olan o gǝnc Ahmet Bicandan zərrə qədər də fərqlənmir.

Onun sevgi işığından bu gün də hamımıza böyük bir pay düşür. Ahmet Bican Ercilasun işığı bu gün də bizim Türkoloji amalımızı nura qərq etməkdədir. Bu nur topasının ömrü əbədiyyətdir.

Xocamız Ahmet Bican Ercilasuna böyük məhəbbətlə…