Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev 2014-cü il aprelin 9-da Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinatoru Vladimir Fekete ilə görüşmüşdür.

Dövlət müşavirliyi xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhərindəki iki sinaqoqda və Müqəddəs Məryəm Ana katolik kilsəsində baş tutan görüşlər zamanı Dövlət müşaviri icmadaxili vəziyyətlə yaxından tanış olmuş, ölkədə dövlət-din münasibətləri və etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, bu gün, haqlı olaraq, bütün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan, tarixən müxtəlif xalqların və dinlərin mehriban dostluq və qardaşlıq münasibətləri şəraitində yaşadığı və fəaliyyət göstərdiyi nadir məkandır. Dövlət müşaviri sivilizasiyalararası və mədəniyyətlərarası dialoq sahəsində, eyni zamanda, cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin qorunub saxlanmasında Azərbaycanın zəngin təcrübəyə malik olduğunu vurğulamışdır. Kamal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli dövləti fəaliyyəti barədə danışmışdır. O, dövlət başçısının himayəsi ilə son illər ənənəvi olaraq Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumların xalqlar və dinlər arasında sülhün, qarşılıqlı etimadın və mədəni-mənəvi əməkdaşlığın yaradılması işində əhəmiyyətindən bəhs etmişdir.

Dini icma rəhbərləri Azərbaycanda etiqad və vicdan azadlığının beynəlxalq normalara uyğun təmin olunduğunu bildirmiş, dindarlar üçün yaradılmış hüquqi-mənəvi şəraitə, mövcud ictimai-siyasi sabitliyə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə səmimi minnətdarlıq hisslərini ifadə etmişlər.