2014-cü il m1399485794ayın 5-də Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beşinci Beynəlxalq elmi konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.
BSU-nun akt zalında davam edən tədbirdə AMEA-nın institut və təşkilatlarının, ölkənin ali təhsil müəssisələrinin nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin qabaqcıl universitetlərinin təmsilçiləri iştirak etmişlər.
Konfransın açılış mərasimində təşkilat komitəsinin sədri, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakıda artıq beşinci dəfə keçirilən tədbirin məqsədlərindən, azərbaycanşünaslığın aktual problemlərinin araşdırılması və həlli istiqamətində əhəmiyyətindən, bölmə iclaslarında müzakirə olunacaq mövzuların aktuallığından danışmışdır. K.Abdullayev müstəqil dövlətimizin banisi və qurucusu, ulu öndər Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, onun ən böyük ideyalarından birinin təhsilimizi dünya səviyyəsində inkişaf etdirmək olduğunu, bu gün Ümummilli Liderin ideyalarının, arzularının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, azərbaycanşünaslığın inkişafı, xarici ölkələrdə təbliği və tədqiqi, eləcə də dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi məqsədilə keçirilən Beynəlxalq konfransda Azərbaycan ilə yanaşı, 13 ölkədən, o cümlədən Türkiyə, Ukrayna, Rusiya, Litva, Gürcüstan, Polşa və Bolqarıstandan 40-dək qonaq iştirak edir.
K.Abdullayev konfransın məqsədlərinə nail olacağına əminliyini bildirmiş, onun işinə uğurlar arzulamışdır.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirmişdir ki, Azərbaycanda elmin, təhsilin inkişafında, akademiyanın yenidən qurulmasında və fəaliyyətinin genişləndirilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri vardır.
Konfransın aktual mövzuya həsr olunduğunu vurğulayan akademik İ.Həbibbəyli demişdir ki, bu tədbir elmin və təhsilin ayrılmaz vəhdət təşkil etdiyini bir daha göstərir. Tədbirdə dahi Heydər Əliyev irsinin tədqiqi, təbliği ilə məşğul olan yerli və xarici ölkə alimləri, mütəxəssislər iştirak edirlər. Konfrans azərbaycançılıq məfkurəsinin yaranmasında, möhkəmlənməsində, ümumbəşəri ideyaların həyata keçirilməsində böyük əhəmiyyət kəsb edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası hazırda Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin prioritetlərindəndir.
BSU-nun rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali məktəbin yaranmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır. Rektor qeyd etmişdir ki, Ulu Öndərin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun profili genişləndirilməklə Bakı Slavyan Universiteti yaradılmışdır.
Ölkələr arasında elm, təhsil əlaqələrinin vacibliyini xatırladan A.Hacıyev konfransın müvafiq sahələrdə əməkdaşlığın daha da genişlənməsinə kömək edəcəyinə əminliyini bildirmiş, tədbir çərçivəsində bir sıra ölkələrin qabaqcıl ali məktəbləri ilə müqavilələr imzalanacağını diqqətə çatdırmışdır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən, Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində təhsil sistemində bir sıra önəmli islahatların aparılmasından və böyük uğurların əldə olunmasından danışmışdır.
Ural Federal Universitetinin kafedra müdiri, Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin direktoru, tarix elmləri doktoru Aleksandr Nesterov Bakıda keçirilən beynəlxalq konfransın coğrafiyasının ildən-ilə genişləndiyini, iştirakçıların sayının artdığını vurğulamışdır. Təmsil etdiyi universitetdə Azərbaycan Mərkəzinin təşkilinə göstərilən köməyə görə BSU-nun rəhbərliyinə təşəkkürünü bildirən A.Nesterov tədbir iştirakçılarına elmi uğurlar arzulamışdır.
Türkiyənin Anadolu Universitetinin rektoru, professor Davut Aydın bildirmişdir ki, Azərbaycan hazırda regionda və dünyada böyük nüfuzu olan bir ölkədir. Azərbaycanın bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri və zəhməti vardır. O, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının dəyərli övladlarından, əvəzolunmaz liderlərindən biridir. Anadolu Universitetində ötən il Heydər Əliyev Araşdırma-Məlumat Mərkəzinin yaradıldığını diqqətə çatdıran D.Aydın bu dahi şəxsiyyətin adı ilə bağlı tədbirə dəvət olunduğuna görə minnətdarlığını bildirmişdir.
Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru, professor Anatoli Nestulya ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş konfransın əhəmiyyətindən, Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında Ümummilli Liderin rolundan söz açmışdır.
İngiltərədə fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyətinin mətbuat katibi Nil Vatson bu qurumun Avropada Azərbaycan mədəniyyətini, milli mənəvi dəyərlərini təbliğ etmək məqsədilə beş il əvvəl yarandığını vurğulamışdır. Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyətindən, gördüyü işlərdən söz açan N.Vatson Cəmiyyətin mərkəzinin Londonda yerləşdiyini, Paris, Berlin və digər şəhərlərdə şöbələrinin olduğunu diqqətə çatdırmışdır.
Belarus Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru, professor Vladimir Xmelnitski BSU-da təşkil edilmiş konfransın Azərbaycan üçün əhəmiyyətini vurğulamışdır. Belaruslu qonaq ölkələrarası əlaqələrin genişlənməsində böyük rol oynayan bu cür tədbirlərin tez-tez keçirilməsinin zəruriliyini qeyd etmişdir.
Almaniyanın Yohannes Qutenberq Universitetinin professoru Haynrix Buşoten, Polşadakı Aleksandr Geyştor adına Akademiyanın rektoru, professor Adam Koseski ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən təhsil və mədəniyyət sahələrində qurulmuş əlaqələrin əhəmiyyətindən, bu əlaqələrin Azərbaycan ilə əməkdaşlığın möhkəmləndirilməsində və xalqlarımız arasında qarşılıqlı anlaşmada mühüm rol oynamasından danışmışlar.
Tədbirdə Bolqarıstanın Rusiya və MDB ölkələri ilə Dostluq Federasiyasının sədri, “Slavyanlar” Fondunun prezidenti, professor Zaxari Zaxariyev, Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze, Litva Edukologiya Universiteti filologiya fakültəsinin dekanı, professor Gintautas Kundrotas, İvan Çavaxişvili adına Tbilisi Dövlət Universiteti Arnold Çikobava adına Linqvistika İnstitutunun böyük elmi işçisi, professor Məryəm Mancqaladze, italiyalı jurnalist Sandro Teti, digər alim və mütəxəssislər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən söz açmışlar. Azərbaycan ilə xarici ölkələr arasında əlaqələrin qurulmasında və möhkəmləndirilməsində Ulu Öndərin böyük rolu xüsusi qeyd edilmişdir.
Çıxış edənlər müstəqillik illərində Azərbaycanın dinamik inkişaf etdiyini bildirmişlər. Müasir dünyada elmin, təhsilin önəmli rolunu qeyd edən natiqlər, eyni zamanda, beynəlxalq konfrans barədə fikirlərini bildirmiş, onun əhəmiyyətini vurğulamışlar.
Plenar iclasdan sonra qonaqlar BSU ilə yaxından tanış olmuşlar.
Sonra konfransın işi “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, “Azərbaycanın tarixi və mədəniyyəti”, “Azərbaycan dili və ədəbiyyatı” bölmələrində davam etmişdir.
Tədbir çərçivəsində xarici qonaqların iştirakı ilə bir sıra ustad dərsləri, “dəyirmi masa” təşkil ediləcəkdir. Həmçinin “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beşinci Beynəlxalq elmi konfransın nəticələrinə dair mətbuat konfransı keçiriləcəkdir.
Konfrans mayın 7-dək davam edəcəkdir.